ATASINI GÖRMƏYİ ARZULAYAN QOCA  

 

Millətimiz istedadlıdır və qətiyyən şübhə yoxdur ki, səhnəmizdə də zamanaşırı yeni-yeni parlaqlar yaranacaq, böyük yollar elə o yollara, həmin yollardan keçmiş azmanlara yaraşan biçimdə davam etdiriləcək. Ancaq hər zirvə təkrarsız olduğu kimi, daha heç vaxt heç kəs Ağasadıq yeriyən yerişi təkrar edə, Gəraybəyli fəth edən yüksəkliklərə çatmağı bacarmayacaq.

"Sevil" ilk dəfə Azərbaycan səhnəsinə gələndə 1931-ci il idi və Balaşı Ağasadıq Gəraybəyli oynayırdı. Teatrımız ömrünü sürürdü, müxtəlif onillərdə "Sevil" gah repertuardan çıxırdı, gah yeni quruluşlarda təzədən qayıdırdı və Ağasadıq yenə Balaş idi, başqa Balaşlar da gəlirdi, gedirdi. Amma 47 il keçdi, çatdı 1978-ci il. "Sevil" növbəti dəfə səhnəyə gəlirdi və Ağasadıq Gəraybəyli artıq cavan deyildi, 81 yaşını tamamlayıb 82-yə keçmişdi, ancaq təzədən qayıdan "Sevil"də yenə vardı. Doğrudur, Balaş deyildi, indi Atakişini oynayırdı, lakin hər halda yenə "Sevil"də idi. Hansı aktyordur ki, bu qədər uzun müddətcə ayaqda qalsın, tələb olunan, arzulanan, axtarılan olsun?!

1959-cu ildə Azərbaycan teatrı insanlarımızı "Əliqulu evlənir" tamaşası ilə sevindirdi. Baş rolda Ağasadıq Gəraybəyli idi. 1960-cı illərdə mən uşaq idim, məktəbli idim. O zaman "Əliqulu evlənir"i Dram Teatrından translyasiya ilə lentə almışdılar, televiziya ilə göstərirdilər. Ağasadıq Gəraybəylinin misilsiz Əliqulusu o vaxtdan yaddaşıma həkk olundu. Üstündən 21 il keçdi. 1980-ci ildə Sabit Rəhmanın (1910-1970) övladı Emin Sabitoğlunun (1937-2000) təşəbbüsü və səyləri ilə yenidən "Əliqulu evlənir" səhnəyə qayıtdı. Yenə baş rolda Ağasadıq Gəraybəyli idi. Arxada qalan müddətdə xeyli yeni və yaxşı aktyorlarımız yetişmişdi, ancaq 84 yaşına qədəm basmış sənətkar yenə bu rolda özündən ikiqat cavanlardan daha cazibəli görünürdü ki, yenə onu seçmişdilər. Yenə 21 il əvvəlki səhnədə idi, yenə 21 il əvvəlki sayaq möcüzə yaradırdı. Yox, möcüzə yalnız onun sənətkar ustalığı deyildi, əsl möcüzə, həm də daha artıq heyrət doğuran möcüzə ən əvvəl onun özünün varlığı, sənət uzunömürlülüyü və sabit sevimliliyi idi.

Eyni rekordu qıran başqa hansı aktyorumuz var?

...Bir dəfə unudulmaz aktyorumuz, səhnədəki bütün surətlərini sadəcə istedadla oynamayan, hər bir rola bütün olar-olmazını qoyan, hətta bəzi ifalarında ifasındakı hərarətdən səhnədə ürəyinin dayanacağından belə adamın ehtiyat etdiyi Mikayıl Mirzə (1947-2006) ilə Milli Dram Teatrımızdakı nəsillər nisbətindən danışırdıq, artıq 1980-ci illərin ortaları idi, bir çox korifeylər getmişdilərsə də, yaşayan və hələ teatrdan ayrılmayan qocamanlar çox olmasalar da, hər halda vardılar. Mikayıl qayıtdı ki, biz xoşbəxtik ki, qismətimizə bu insanları görmək, onları dinləmək düşdü, bizim nəsilçün İncəsənət İnstitutundan daha artıq biliyi, səriştəni teatrda belə şəxsiyyətlərlə təmaslar verdi. Əlavə də etdi ki, yaşlıların da arasında Ağasadıq müəllim bizim Piri babamızdır, keçmişin lap adları indi çoxlarının yadında olmayan aktyorlarından hansını xəbər alsan, elə hekayətlər danışmağa başlayır, həm elə xırda, maraqlı təfərrüatlaracan yerli-yataqlı söhbət edir ki, elə zənn edirik ki, elə uşağıq, babamız bizə nağıl söyləyir, kişi əsl canlı ensiklopediyadır, amma ensiklopediyaların yazdığı quruca xəbərlər olur, ancaq teatr Gəraybəylinin canına elə hopub ki, adicə xatirəsinin öz dramatizmi var...

Doğru deyirdi Mikayıl. Ağasadıq Gəraybəyli, Şəmsi Bədəlbəyli (1911-1987) mənə yaxın dost olduqları Cəfər Cabbarlı (1899-1934) ilə bağlı xatirələrini söyləyəndə elə bu hekayətləri əlçatmaz günlərdən qopub gələn nağıllar kimi qavrayırdım və özümü elə həmin günlərin, illərin gərdişində hiss edirdim. Vaxt elə gətirmişdi ki, XX yüzilin son çərəyində Cəfərlə ünsiyyətdə olmuş, onu görmüşlərdən həyatda olanlar vardı, onların da Cabbarlı haqqında söhbətlərini eşitmişdim. Ancaq onlar söyləyənlər hara, Ağasadıq müəllim, Şəmsi müəllim danışanlar hara.

Ağasadıq ustad bədii səssiz kinomuz dövründə çəkiliş meydanında görünən tək-tək teatr aktyorlarımızın ilklərindən biri olmuşdusa, bunun da əsas səbəbkarı onun uşaqlıq dostu Cəfər idi. 1929-cu ildə "Sevil" çəkiləndə Balaşın ona etibar edilməsini məhz Cəfər istəmişdi. Rəsmən quruluşçu rejissoru Amo-Aleksandr Beknazarov (1892-1965) olsa da, Ağasadıq müəllimin söyləməsincə, Cəfər yalnız ssenari müəlliflərindən biri kimi yox, elə əsas rejissora bərabər səviyyədə həmin filmin çəkilişlərində iştirak edir, aktyorlara məsləhətlər verir, kinoəsərin daha gözəl alınması üçün bacardığını əsirgəmirdi. Ağasadıq müəllim nağıl edirdi ki, sınaq çəkilişlərində bir çox aktyorları yoxlayırdılar, Balaş roluna Rza Təhmasib (1894-1980), Rza Əfqanlı (1899-1973) və neçə nəfər başqası nəzərdən keçirilirmiş. O günlərdə Ağasadıq teatrın kollektivi ilə birgə Tiflisdə qastrolda imiş. Bir axşam Bakıdan - kinostudiyadan teleqram alır ki, Balaş roluna təsdiq olunmusunuz.

Şübhəsiz, ömür vəfa etsəydi, Cəfər Cabbarlının həyatdan ayrılması bunca insafsızca erkən baş verməsəydi, o, Ağasadığın gələcək yüksəlişlərində də çox əhəmiyyətli izlərini qoyacaq, elə, sözsüz ki, araya-ərsəyə gətirəcəyi yeni-yeni filmlərdə də Ağasadığa rollar verəcəkdi. Qocaman aktyor "Sevil"lə bağlı bunu da unutmamışdı ki, 1929-cu ilədək qadın azadlığı istiqamətində respublikada çox işlər görülmüşdüsə, ciddi irəliləyişlər vardısa da, səhnədə, kinoda qadın qıtlığı yenə qalırdı, filmə çəkiləsi qızı tapmaq da asan başa gələsi iş deyildi. Sevil roluna oynayası aktrisanın seçilməsi üçün aparılan axtarışların macəralı təfərrüatları haqqında deyirdi ki, Cəfər bir yaxın həmdəm kimi hər dərd-sərini mənimlə bölüşərdi və Sevili axtarmaq üçün onunla birgə getməyi də məndən rica etdi. Başladıq qız axtarışına. Bir neçə gündən sonra, nəhayət, gəlib çatdıq qızların nisbətən bol yerinə, gendən görüb seçmək fürsətinin daha çox olduğu Bakı Dövlət Universitetinə. Cəfərin təklifi ilə universitetin qapısının ağzında xeyli gözlədik, axırda bir dəstə qız dərslərini başa vurub evə getmək üçün binadan çıxdı. Cəfər onlardan birini gözaltı elədi. Düşdük həmin qızın dalınca. Cəfər mənə pıçıldadı: "Əsl Sevildir ki, var". Qız getdi, biz getdik. Hərdən qız dönüb bizə baxır və yenə yolunu davam etdirirdi. Yəqin düşünürdü ki, görəsən, bu kişilər niyə mənim ardımca düşüblər, güdürlər, amma yaxınlaşmır, dinib-danışmırlar. Nəhayət, qız bir evə yaxınlaşıb qapını döydü, yaşlı kişi açdı, onu mehribanlıqla qarşıladı və biz də həmin darvazanı yadda saxlayıb aralandıq. Ertəsi gün yenə ikilikdə gəldik, həmin qapını döydük, dünənki yaşlı kişi açdı. Cəfər ona haradan və nə üçün gəldiyimizi dedi. Kişi bizi xeyli nəzakətlə içəri dəvət elədi, söhbətimizin axırında dedi ki, şəxsən mən qızımın kinoda çəkilməsinə etiraz eləmirəm, ancaq onun nişanlısı var, yaxşı olardı ki, oğlanla özünüz danışıb razılığını alasınız. Biz soraqlaşıb qızın nişanlısını tapdıq, ondan nişanlısının Sevil rolunda çəkilməsinə icazə aldıq. Və həmin anlarda Cəfərin sevincinin həddi-hüdudu yox idi.

Ağasadıq müəllim iftixar edirdi ki, sonralar Azərbaycanın məşhur alimlərindən birinə çevrilmiş Sevilin - akademik İzzət Orucovanın (1909-1983) ilk parlayışında onun da payı olub.

Şimşək çaxışı kimi qısa ömür sürmüş parlaq Cəfər Cabbarlı həm də çox hazırcavab, incə yumor hissli, iti sözlü imiş və unudulmaz ədibin o məziyyətindən soraq verən bu dostyana zarafatı, Ağasadıq olmasaydı, kim bu günə çatdırardı? Söyləyirdi ki, mən danışığımda tez-tez "gərək" sözünü işlədərdim. Cəfər də şəbədə qoşmaqda pərgar idi. O vərdişimə xəfif, şux eyham vuraraq məni "Gəraybəyov" yox, "Gərəkbəyov" çağırardı, ya da bəzən "bəyov"u da atardı, məni elə "Gərək" deyə səslərdi.

Tale Ağasadıq müəllimi Azərbaycan sənət tarixinin bir sıra unudulmaz hadisələrinin şahidinə çevirmişdi və həmin olmuşlardan 40, 50, 60 il ötəndən sonra da güclü hafizəsi sayəsində ayrıntıları ilə yeni nəsillərə ötürə bildiyi o yaddaşlar Gəraybəylini daha da nadirləşdirirdi.

Doxsanının astanasında olduğu vaxtlarda arada Ağasadıq müəllim bərk naxoşlayıbmış. Ancaq yay mövsümünə təsadüf etdiyindən, teatr da istirahətdə olduğundan bundan yoldaşların əksəri heç xəbər tutmayıbmış. Sentyabrdır, Ağasadıq müəllim günortadan sonra teatra gəlibmiş. Ovaxtkı direktor, dostlarla nahar fasiləsindən qayıdan, görünür, boğazlarını yaşladıqlarından kefi də kök olan Xalq artisti Əlabbas Qədirov (1946-2006) gendən Gəraybəylini görüncə sevinclə: "Yallah, Ağasadıq müəllim, necəsiniz?" - soruşur. Ağasadıq müəllim də zəif səslə dillənir ki, "ay Əlabbas, necə olacam, bu yay gedib o dünyanı görüb gəldim". Öz aləmində olan Əlabbas Gəraybəylinin dediyini adda-budda eşidir, tez deyir: "Həmişə gəzməkdə, Ağasadıq müəllim, yaxşı eləyib gedibsənmiş, adama gəzmək qalacaq".

Sonra bu hadisə Dram Teatrında dillərdə dolaşan lətifəyə çevrilmişdi, ancaq indi, iştirakçılarının ikisini də, təəssüflər ki, itirdiyimiz bir vaxtda həmin məzəli əhvalatı xatırlayarkən onda sürrealist bir qat da görürəm. İndiki ağlımla Ağasadıq müəllimin bir zamanlar digərlərinə və mənə söylədiyi keçmişli yaddaşlar barədə düşünürəm və məndə belə təsəvvür oyanır ki, elə bil bu müstəsna sənətkar elə həqiqətən o dünyaya, minbir tellə bağlı olduğu əski həmkarlarının bulunduğu ruh aləminə uçaraq oradan qayıtmaq gücündəymiş. Oralara qanadlanıb geriyə dönə bilmək qüdrəti olmasaydı, Ağasadıq müəllimin keçmişli söhbətləri heç o cür təzə, həmin söhbətlərdəki hiss-həyəcan o təhər yaxın olardımı?

Azərbaycan teatrının şanlı səhifələrində pozulmaz imzası olan, köhnə nəsil sənətkarların əksərinin məhəbbətlə xatırladığı Aleksandr Aleksandroviç Tuqanovla (1871-1960) bağlı Ağasadıq müəllim başqalarından eşidilməsi mümkünsüz elə söhbətlər açırdı ki, hərəsi şirin bir hekayət və hamısında da yadda saxlamalı ibrət.

Stanislavski sistemini Azərbaycan teatrına ilk dəfə tətbiq edənlərdən olan Tuqanovun həm də çox səliqəli, dəqiq, intizamlı olduğunu, bu keyfiyyətləri aktyorlarda da görməyi həmişə arzuladığını deyən Ağasadıq müəllim nağıl edirdi ki, Tuqanov, səbəbindən asılı olmayaraq, artistlərin məşqə və tamaşaya gecikməsini heç xoşlamaz, eləcə də istər öz quruluş verdiyi əsərlər olsun, istərsə də başqa rejissorun qoyduğu tamaşalar, bir qayda olaraq, hamısına əvvəldən axıra kimi baxardı; fikirləşərdik, görən, niyə belə edir, ancaq sonralar anladıq ki, o, yalnız tamaşaların bədii səviyyəsinə nəzər yetirmir, həm də ayrı-ayrı aktyorların yaradıcılıq imkanları və inkişafını izləyir, hər dəfə aktyorun yeni məziyyətini aşkara çıxararaq sonra bunun cilalanmasına köməyini göstərir.

Təsadüf elə gətirir ki, bir kərə Balzakın (1799-1850) "Ögey ana" tamaşasının məşqinə Ağasadıq 15 dəqiqə gecikir. Deyirdi ki, teatrın qapısına çatanda baxdım aktyorlar toplaşıb, əllərində gül dəstəsi məni gözləyirlər, Tuqanov da onların yanında. Məni görən kimi hamı əl çaldı, donub qalmışdım, baş çıxarmırdım bu nə məsələdir. Sonra Tuqanov hamımızı teatrın bufetinə dəvət elədi, əyləşdik, hərəmizə bir kakao, iki dənə də qutab sifariş elədi. Mən özümü saxlaya bilmədim. Soruşdum ki, "Aleksandr Aleksandroviç, bu qonaqlıq nə münasibətlədir belə?" Qayıtdı ki, "darıxma, bilərsən". Nə isə, yedik-içdik, birdən Tuqanov saatına baxdı, dedi ki, hə, düz 15 dəqiqə keçdi, qalxaq, elə yoldaş Gəraybəyli də məşqə 15 dəqiqə yubanmışdı, bizim buradakı 15 dəqiqəlik xərcimizi də həmin ləngimənin cəriməsi olaraq o ödəsin.

Bu əhvalat baş vermişdi 1930-cu illərin əvvəllərində və ondan sonra Ağasadıq Gəraybəyli 50 ildən artıq bir vaxtda teatr ömrü yaşadı. Ən ixtiyar çağlarına qədər - 90-ına çatanda da hər tamaşadan xeyli əvvəl iki-üç, bəzənsə lap dörd saat öncə məbəddə - teatrda olmasının səbəbi aldığı tərbiyədə, böyük ustadlardan gördüyü bu cür öyüdverici "qulaqburmalar"da idi.

Söyləyirdi ki, Tuqanovun quruluşu ilə göstərilən "Otello"da Yaqo, "Müfəttiş"də şəhər rəisi, "Romeo və Cülyetta"da Lavrenti, "Sevil"də Balaş, "Od gəlini"ndə Altunbay, Balzakın "Ögey ana" əsərində General de Granşan, "İki yetim"ində Jak və s. rollarda çıxış etmişəm, böyük müəllimimi həmişə minnətdarlıq hissi ilə xatırlayıram və həmişə də, artıq Tuqanovun dünyadan çoxdan köçdüyü vaxtlarda da köhnə yaddaşla mənə elə gəlir ki, məşqdə də, tamaşada da San Sanıç oturub gendən baxır, özümü bir az da yığışdırıram...

Bu, Ağasadıq müəllimin təkrarlamağı xoşladığı ifadə idi və 1970-1980-ci illərdə dəvət elədiyim bir neçə radio verilişində - "Teatrımızın həyatı ilə əlaqədar elə böyük sənətkarlar olub ki, onlarsız Əzizbəyov teatrının tarixini təsəvvür eləmək mümkün deyil", - söyləyərək söhbətini belə başlayandan sonra həqiqətən əvəzedilməzlər zümrəsindən olan növbəti bir teatr fədaimiz haqqında elə xatirələri bölüşərdi ki, inanardın haqq sözdür, onlar olmasaydı, doğrudan da, Milli Dram Teatrımız bu gözəllik və möhtəşəmliyi qazanmazdı.

Onun nəzərincə, belə əvəzolunmazlardan biri Xalq artisti Əli Qurbanov (1898-1962) idi. Deyirdi ki, mən onunla 1930-cu illərin əvvəllərindən şəxsən tanış olmuşam. O vaxta qədər Əli Qurbanovun adını eşidib, üzünü görməmişdim. Əli Qurbanov o zaman Zaqafqaziyada Azərbaycan teatr sənətinin ikinci mərkəzi sayılan Tiflis şəhərində səhnəyə gəlmiş və burada gözəl bir aktyor kimi şöhrət tapmışdı. Biz - Bakı teatrının artistləri tiflisli həmkarlarımızın sənət aləmindəki müvəffəqiyyətlərini eşidib sevinərdik. Əli Qurbanov 1930-cu illərin birinci yarısında Tiflisdən Bakıya köçərək Əzizbəyov teatrında işə başlayanda Cəlil Məmmədquluzadənin (1886-1932) "Ölülər"i yeni quruluşda tamaşaya hazırlanırdı. Mən Kefli İsgəndər rolunda çıxış edəcəkdim, İsgəndərin atası Hacı Həsən rolu isə Əli Qurbanova tapşırılmışdı. İlk tamaşamız çox böyük müvəffəqiyyətlə keçdi. Mən elə birinci tamaşadanca Əli Qurbanovun necə güclü aktyor məharətinə sahib olmasını şəxsən ən yaxın məsafədən hiss etdim. Lermontovun (1814-1841) "İki qardaş", Cəfər Cabbarlının "Almaz" və "1905-ci ildə", Səməd Vurğunun (1906-1956) "Vaqif", "Xanlar", "Fərhad və Şirin" və bir sıra başqa tamaşalarda onunla tərəf-i müqabil olduqca, bir sıra filmlərdə bərabər çəkildikcə hər dəfə onun sənətkar böyüklüyünü daha artıq görürdüm. Ancaq o qədər böyüklüyü ilə də son dərəcə sadə idi. Həyatda da, rollarında da elə idi ki, istər-istəməz onu doğma bir insan kimi qavrayırdın.

Ağasadıq Gəraybəylinin Azərbaycan teatrının bütövlükdə inkişaf yoluna, ayrı-ayrı tamaşalara, səhnəmizin tanınmış aktyorlarına verdiyi qiymət bəzən ən güclü sənətşünasların, teatrşünasların dəyərləndirməsindən də sərrast, dəqiq və ədalətli olurdu. Çünki o, miqyasda baxa, əsrin əvvəlindən yüzilin sonlarınadək olan yolu bütün iştirakçılarıyla seyr edə, tutuşdura bilirdi.

Kazım Ziyanı (1896-1956) çox sevirdi və bəyəndiyi, illərcə səhnə bölüşdüyü bu aktyorun nadirliyini, sənətkar qüdrətini ürəyinə yatan kimi çatdıra bilməkdən ötrü elə müqayisə aparırdı ki, bunu Ağasadıq Gəraybəyli kimi bir başqası heç vəchlə edə bilməzdi. O, uzun illər "Ölülər"də Kefli İsgəndəri oynamışdı və qarşısından onillər ərzində çox Şeyx Nəsrullahlar, Şeyx Əhmədlər, Hacı Həsənlər... keçmişdi. Ona görə ən müxtəlif illərin aktyorlarını, ifaçılarını müqayisə edərək nəticə çıxarmaq üçün onun hansısa mənbəyə baxmağa, hansısa sənədi qaldırmağa, hansısa şahiddən nəsə soruşmağa ehtiyacı yox idi - ən etibarlı mənbə də, qaynaq, şahid də özü idi!

Söyləyirdi ki, mən Kefli İsgəndəri oynayarkən bir neçə mahir aktyorun ifasında Şeyx Nəsrullahları görmüşəm. Kazımın Şeyx Nəsrullahını heç birisi ilə müqayisə etmək olmaz. O, ərəb və fars dillərinə mükəmməl bələd olduğundan o dillərdə olan ibarələri bir çox başqalarından fərqli olaraq təhriflə deyil, xüsusi bəlağət və ahənglə ifa etməsiylə rolu daha da gözəlləşdirirdi. Ağasadıq müəllim vaxtilə direktoru olduğu teatr texnikumunda Kazım Ziyanın da müəllimlik etməsini yada salaraq bunu da dəqiqləşdirirdi ki, o, dərin bilikli, savadlı aktyorlardan idi, sənətdə lirik rollara meyl göstərdiyi kimi, həyatda da həssas, incə duyğulu bir insan idi...

Ağasadıq Gəraybəylinin aktyor kimi yetkinlik çağlarının ömrünün iri parçası görkəmli rejissor Adil İsgəndərovla (1910-1978) bağlı idi. Söyləyirdi ki, Adil nizam-intizamı sevən rejissorlardan idi və aktyorlardan bunu tələb edərdi. Aktyorlar arasında onun nüfuzu böyük idi. Odur ki, aktyorlar onun quruluşunda hazırladıqları rollara olduqca ciddi və məsuliyyətli yanaşırdılar. Deyir, yaxşı yadımdadır, Adil İsgəndərov bizdən tələb edərdi ki, ədəbi materialdan başqa həyatı da öyrənək, yaratdığımız surətləri həyat materialı ilə zənginləşdirək; mən Mirzə İbrahimovun (1911-1993) "Həyat" pyesində Məşədi Hüseyn rolunu ifa edirdim, o, bir qolçomaq idi və həyatda həmin tip insanlara az rast gəlmədiyimdən, müşahidə etdiyim ayrı-ayrı keyfiyyətləri bu surəti yaradarkən cəmləyərək istifadə etməyimdən Adil İsgəndərovun xoşu gəlmişdi. O da, Tuqanov kimi, istər öz quruluşu olsun, istərsə də başqa rejissorların əsərləri, bir qayda olaraq əvvəldən-axıradək tamaşalara baxardı.

...Tanrının Ağasadıq Gəraybəyliyə qismət etdiyi uzun ömür ona hər sənətkara nəsib olmayan bir başqa xoşbəxtliyi də bağışlamışdı. Azərbaycan səhnəsində onunla birgə zəngin surətlər qalereyası yaratmış Məmmədəli Vəlixanlı (1899-1969) ilə həyada da sirdaş, ailəvi dost idilər. Ağasadıq müəllim söyləyirdi ki, bizim hətta Pirşağıda bağlarımız da bir-birinin yaxınlığında idi, yalnız şəhərdə deyil, orada bağa köçəndən sonra da get-gəllərimiz davam edirdi, uşaqlarımız bir yerdə böyüyürdülər. Vəlixanlının aktyorluq özünəməxsusluğundan danışarkən bunu da söyləyirdi ki, onun danışıq tərzi aydın və çox təsirli idi, səsində məxsusi güc vardı, belə ki, onun səhnədə lap astadan dediyi söz salonun axırıncı sıralarında da rahatca eşidilirdi. Azərbaycan səhnəsində Şekspirin (1564-1616) "On ikinci gecə"sində Ağasadıq Ser Tobbini oynamışdı, Vəlixanlı Ser Andrini, "Əliqulu evlənir"də Ağasadıq Əliqulu olmuşdu, Vəlixanlı Xəlil və daha neçə tamaşada bu cür tərəf-i müqabil idilər, amma uzun ömrün bəxş etdiyi ayrı bir səadət də o idi ki, qismət oldu Məmmədəlinin oğlu Aqşinlə də Ağasadıq Gəraybəyli eyni səhnəyə çıxdı. Ata Vəlixanlı ilə Sabit Rəhmanın "Əliqulu evlənir"ində tərəfdaş olmuşdular, indi, yeni zamanda Ağasadıq yenə Əliqulu idi, Xəlil rolunda çıxış edənsə oğul Vəlixanlı.

Elə eyni şəkildə Sadıq Salehlə (1907-1977) uzun illər Dram Teatrının səhnəsində qoşa çıxış etdilər. Qoqolun (1809-1852) "Müfəttiş"ində Ağasadıq Gəraybəyli şəhər rəisi rolunda idi, Sadıq Saleh Dobçinskini oynayırdı. "Ölülər"də Ağasadıq İsgəndər idi, Sadıq Saleh Hacı Baxşəli. Onunla da, elə Məmmədəli Vəlixanlı kimi, Pirşağıda bağ qonşusu idilər, ailəvi yaxın idilər. Dövr dəyişmişdi, Sadıq Salehin oğlu səhnəyə gəlmişdi. Bir vaxtlar "Əliqulu evlənir"də Ağasadıq Sadıq Salehlə üz-üzə idi, indi həmin komediyada Əliqulu həminki Ağasadıq idi, tərəfdaşı isə artıq Sadıq Salehin oğlu Pərviz idi - Əliqulunun qızının nişanlısı rolunda.

Ya Hamlet Qurbanov (1938-1995). Onun atası Ağadadaş Qurbanovla (1911-1965) da zamanında Ağasadıq Gəraybəyli qarşı-qarşıya idi, eyni tamaşalarda çıxış edirdilər. Zaman sovuşdu, Hamlet Qurbanov səhnəyə gəldi və Ağasadıq bir zaman onun atası ilə nə qədər uğurla çıxış edirdisə, bəlkə də daha artıq müvəffəqiyyətlə oğulla oynayırdı. Onillər uçub gedirdi, aktyorlar sırası dəyişir, təzələnirdi, Ağasadıq yerində idi, sanki zamanın onunla işi yoxdu.

Hələ bu harasıdır?! Hətta bir zamanlar atası Ağadadaşla eyni tamaşalarda eyni rollarda əvəzedici olduqları kimi, indi bəzi pyeslərdə oğul Qurbanovla - Hamletlə dublyor idilər. Ağasadıq müəllim gizlətmədiyi məmnunluqla, xoşhallanaraq deyirdi ki, Hamletlə mən "Xanuma" əsərində Knyaz rolunda, yaxud "Əliquli evlənir"də Əliqulu surətində eyni quruluşda hazırlanmış tamaşalarda çıxış edirdik, bəzi günlərdə mən oynayırdım, bəzənsə o.

...2023-cü ilin martında Ağasadıq Gəraybəylini yad etmək, çəkilişlər aparmaqçün məhz onun ikinci (bəlkə əslində də elə əsas, birinci evi) Milli Dram Teatrında bir neçə aktyorla görüş təyin etmişdim. Teatrın işləmədiyi günü seçmişdik ki, həm səhnə, həm foye boş olsun, bizə maneçilik törədəcək kənar səs-küy gəlməsin. Teatrın bədi rəhbəri - baş rejissoru və direktoru, köhnə dostum Azərpaşa Neymətovdan (1947-2023) xahiş etmişdim ki, səhnənin işıqlarını yandırıb tənzimləmək, pərdəni açıb-bağlamaq və digər belə-belə tapşırıqları yerinə yetirməkçün həmin gün texniki heyətdən bir neçə nəfər işə çıxsın. Həmin günü düşünürkən ürəyimdən bir sızıltı keçir. Nə vaxt keçib ki! Artıq nə Azər həyatdadır, nə də həmin gün deyə-gülə Ağasadıq müəllimi yad edənlərdən olan Xalq artisti Ramiz Məlikov (1943-2023).

...Xalq artisti Rafiq Əzimovla (1938) teatrın tarix dolu tanış pillələri ilə qalxırdıq və həmin pillələr özləri vadar edirdi ki, tarixə qayıdaq, dünənləri anaq. Rafiq deyirdi ki, Dram Teatrında 1959-cu ildən, Həsən Məmmədovla (1938-2003) birgə hələ tələbə ikən, Məhərrəm Haşımovun (1912-1969) kursunda oxuyanda xırda rollar oynamağa başlayıb.

"Onda ikinci kursdaydıq. O il Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyü keçiriləcəkdi. Kursumuzdakı 22 nəfərdən, demək olar ki, yarısını kütləvi səhnələrdə iştirak etməkçün Moskvaya apardılar. Qayıdandan sonra Həsənlə ikimiz Azdramada bidəfəlik çıxışlar etməkçün müraciət etdik. O vaxt Dram Teatrı hələ indiki Musiqili Teatrın binasında yerləşirdi. 10 tamaşa oynayırdıq, hər çıxışımıza 80 qəpik pul verirdilər, aya 8 manat alırdıq, tələbə baba idik, bizimçün böyük pul idi. Amma bundan qat-qat vacib olan hər gün nəhəngləri görməyimiz idi.

Orada Ağasadıq Gəraybəylinin "Xanlar"dakı Kobasını, "Xoşbəxtlər"dəki Nəsirovunu görürdüm, Mirzağa Əliyevin (1883-1954) Mirzə Salmanını, Bərbərzadəsini seyr edirdim, gah Gəraybəylinin, gah Vəlixanlının Mindillisinə heyran kəsilirdim. Başqalaşmaq sənəti Ağasadıq Gəraybəylidə çox qüvvətli idi. Hər aktyor başqalaşa bilmir. O, ömrü boyu həmişə öz üzərində bir aktyor kimi dayanmadan işləyib ki, oynadığı rollar bir-birindən fərqli olsun".

Elə Ramiz Məlikov da o gün sözünü Ağasadıq Gəraybəylinin təkrarsızlığından başlamışdı. Demişdi ki, Azərbaycan teatrı tarixində onun qədər unikal, onun qədər təcrübəli, onun qədər müxtəlif səpkili rolların ifaçısı ikinci bir aktyoru mən nəzərimə gətirmirəm. Bu qənaətinə bəlkə də kiminsə şərik çıxmayacağını da göz önündə tutaraq əlavə də etmişdi: "Bu, mənim şəxsi fikrimdir".

Ancaq Ramizin bəlkə də qəti səslənən belə qiymətləndirməyə görə ethiyatlanması əbəs idi. Ağasadıq Gəraybəyliyə münasibətdə çoxlarının elə bu fikirdə olmasını dəfələrlə eşitmişəm.

Ramiz mülahizəsinin təsdiqi üçün misal da çəkirdi. Deyirdi ki, Gəraybəylinin heç bir rolunu o birisi ilə müqayisə eləmək olmur - tamamilə başqa-başqa rənglər, fərqli təqdimatlardır.

"Mən 1967-ci ildə teatra gələndə "Bağ qonşuları" tamaşasında Əzizi oynadım və Gəraybəyli o pyesdə atam idi. Elə ilk təmasdan ona elə ata, bir böyüyümüz, ağsaqqalımız kimi isinişdik. Həmin tamaşa ilə biz yalnız Bakıda deyil, Azərbaycanın az qala bütün rayonlarında çıxış etdik. Hər yerdə sevgiylə qarşılanırdıq. Gəraybəyliyə biz "Ağasadıq dayı" deyirdik və doğrudan da, o bizə dayı kimi yaxın idi. Gəncləri çox sevirdi. Bizi həmişə ilhamlandırırdı, ürək-dirək verirdi, qayğı göstərirdi, müdafiə edirdi. Onun yaşı artdıqca, biz özümüz asta-asta yaşlandıqca onun qədrini daha artlq bilir, ona daha artıq nəvaziş göstərirdik. İlyas Əfəndiyevin (1914-1996) "Natəvan" əsərində mən ikinci rejissor idim, Telman Adıgözəlov (1953-2010) da həmin tamaşada Natəvanın qulluqçusu Daşdəmiri oynayırdı. Artıq gözləri görməyən Ağasadıq müəllim o tamaşadakı rolunu oynamaqçün hər dəfə teatra gələndə mən də, Telman da əvvəldən-axıracan sözün əsl mənasında onun qulluqçusuna çevrilirdik, ona doğmamız, bir ata kimi, baba kimi nəvaziş göstərirdik, bundan da zövq alırdıq".

Əminə xanım Babayeva (1950) Milli Dram Teatrına 18 yaşında, Lütfi Məmmədbəyovun (1927-2004) rəhbərlik etdiyi xalq teatrından gəlib. Deyir ki, 14 yaşından artıq səhnəyə uzaqdan-uzağa vurğun idim, o çağlar televiziyada Dram Teatrında qoyulan ayrı-ayrı tamaşaları lentə alıb göstərərdilər və mən də heyranlıqla baxardım, Ağasadıq Gəraybəyli isə mənimçün bir əfsanə idi.

İş elə gətirir ki teatra gəlincə ilk rol aldığı tamaşada əfsanə ilə bərabər çıxış edir. Hay Vahidin "Bağ qonşuları" pyesində ona əsərin qəhrəmanı Əzizin - Ramiz Məlikin sevgilisi Rəmziyyə rolu tapşırılmışdı. Rəmziyyənin atası Əlağa Ağayev (1913-1983) idi, Əzizin atası isə Ağasadıq Gəraybəyli. "Hər dəfə səhnədən pərdə arxasına qayıdan kimi soruşurdum ki, "Ağasadıq müəllim, necə idi?" "Yaxşıdı, yaxşıdı. Yaxşıdı, qızım, yaxşı oynayırsan", - deyirdi. Bir dəfə də mənə institutdan dublyor gətirmişdilər. Ağasadıq müəllim dərhal etiraz elədi ki, "Neynirsiz bu dublyoru? Qız oynayır da, uşaq lap yaxşı oynayır, dublyoru nahaq gətirmisiniz". Ağasadıq Gəraybəyli bir məktəb idi, məktəb! Biz cavanlara onun hər obrazı ayrı-ayrılıqda bir dərs idi. Həmişə otururduq zalda, məşqlərə, tamaşalara baxırdıq. Elə bil ki, sinifdəyik, auditoriyadayıq. Mən onları görə-görə elə bir sənət akademiyasını qurtardım".

Xalq artisti Nurəddin Mehdixanlı (1956) "Əliqulu evlənir"də Ağasadıq Gəraybəyliylə səhnədə tərəfdaş olanda 23 yaşında idi, Gəraybəyli 80-i arxada qoymuşdu. Ancaq Nurəddin "inan" deyərək yada salır ki, qocaman sənətkar onlarla məşq vaxtı da, səhnədə də elə həmyaş kimi rəftar edirdi.

"Onların böyüklüyü bunda idi. Onlarda yalançı böyüklük yox idi. Onlarda təbii böyüklükdü, onlar böyük sənət yaratmağa qadir olduqları kimi, ağsaqqallıq eləməyi də bacarırdılar. Adamı hiss edirdilər, hayan ola bilirdilər".

Onillər ötüb, indi Nurəddin özü teatrımızın ağsaqqallarındandır, indi o özü də cavanlara nəsihət verənlərdən, yolgöstərənlərdəndir. Deyir ki, gənclərlə söhbət edəndə hər dəfə söyləyirəm, kaş siz görəydiniz o zirvələr teatrın qapısından içəri necə keçirlər. Fikir verirdim, Ağasadıq müəllim teatrın qapısından girməmişdən qabaq mütləq şəkildə ayaq saxlayırdı, baxırdı, içəriyə məbədə daxil olan kimi girirdi. Elə o cür dayanmağından, baxmağından hiss olunurdu ki, burada işləməsiylə, buranın bir parçası olması ilə fəxr edir.

Deyir, böyük Adil İsgəndərov hər dərsinin axırında tələbələrinə söylərmiş ki, "Qada, yadınızda saxlayın, böyük sənəti ancaq böyük şəxsiyyətlər, böyük kişilər yarada bilər!" Bunu hər dərsim sonunda yenə deyərmiş, uşaqlar da təəccüblənərmiş ki, axı bunu keçən dəfə, o biri dərsdə, ondan əvvəlki məşğələmizin də bitəcəyində demişdi, niyə öz-özünü təkrarlayır?

Adil İsgəndəovun həmin ifadəsini dönə-dönə eşitmiş tələbələrindən olan Nurəddin Mehdixanlı etiraf edir: "Teatra gələndən sonra gördüm ki, böyük sənət sahibləri, həqiqətən də, böyük kişilərdir və böyük şəxsiyyətlərdir. Ağasadıq Gəraybəylilərdir!"

1987-ci ilin 15 martında Azərbaycanın teatr həyatında unudulmaz gün idi. Milli Dram Teatrının fəaliyyətdə olan, bu sinnində də səhnədə rollar ifa edən aktyoru Ağasadıq Gəraybəylinin 90 yaşı tamam olurdu. Yalnız bütöv Azərbaycan teatrının deyil, bütünlüklə mədəniyyətimizin bu fərəhli hadisəsini, təbii ki, Akademik Milli Dram Teatrı əziz bayram kimi qeyd etməyə bilməzdi. Etdilər də! Və həminki gündə, bütün kollektivin qatıldığı bayramda teatr məhəbbətlə dolu idi. Və o gün tamaşa zalında həmin sevgi o qədər bariz, elə gur idi ki, uzun səhnə yaşamı boyunca saysız alqışlar, təbriklər, çiçəklər, minnətdarlıqlar görmüş, şöhrətin, şərəfləndirmələrin, mükafatların hər şirinliyini dadmış Ağasadıq Gəraybəyli mütəəssir idi. Beləsi ömrü boyu olmamışdı.

Bir neçə saat boyunca Ağasadıq Gəraybəylinin səksən ilə çatan müddətdə bu xalqa etdiyi fədakar xidmətlərin müqabilində onun ünvanına layiq olduğu ən səmimi təriflər söylənirdi və neçə-neçə başqa yubileylərdən, bundan da qat-qat təntənəli ildönümlərdəkindən fərqli olaraq, o gün söylənənlərin içərisində bircə qəlp, ürəyin dibindən qopub gəlməyən kəlmə yox idi. Və yetişmişdi məclisin son dəqiqələri. Ağasadıq Gəraybəyli yenə səhnədə idi, ayaq üstə idi və gənc, ahıl həmkarları onu əhatələmişdilər, bu gün üçün qoşduqları, ustada həsr etdikləri nəğməni hamılıqla oxuyurdular:

 

Doxsan yaşı vurub keçdin,

Yüz yaşa çat, Gəraybəyli!

Ömrə ömür qat, yenə də

Yaşa-yarat, Gəraybəyli,

Millətini candan sevən,

Millətinin sevilmlisi,

Səhnədə Şah Gəraybəyli.

 

Bütün zal ayaq üstə idi. Alqışlar kəsilmək bilmirdi. 3 dəqiqəmi çəkdi, 5 dəqiqəmi, ya daha çox? O alqışlar həmin dəqiqələrdə Ağasadıq Gəraybəyli üçün əbədiyyət uzunluqlu idi. O, aktyor idi, Azərbaycanda artıq heç kəsdə olmayacaq qədər uzun sənət təcrübəsi olan artist idi, səhnədə özünü hissə qapılmadan idarə etməyin mahir ustası idi. Amma indi bu boyda məhəbbətin, bir ömür verib qazandığı bu şiddətdəki xalq məhəbbətinin müqabilində içərisindəki duyğular fırtınasını gizlədə bilmirdi. Biixtiyar ağlayırdı. Uşaq kimi ağlayırdı. Nəsə demək istəyirdi, axan göz yaşı, boğazını yandıran qəhər imkan vermirdi ki, o andakı aşıb-daşan duyğularını sözə çevirsin. İllər öncə qolundan tutub sənətin çətin yolları ilə addımlarına dayaq olduğu gənc sənət yoldaşları sağdan, soldan qoluna girmişdilər, elə bil bir az toxtayan kimi oldu. Bircə cümlə deyə bildi.

Dedi və yenə ağladı: "Kaş atam bu günü görəydi!.."

Zənginlikdən uzaq, qənaətcil, xüsusi təminatı olmayan, amma bəxtəvər ömür yaşamışdı. Əsilzadəlik, zadəganlıq, kübarlıq damarında, qanında idi - bəy nəslindən idi, Gəraybəyli idi. O, indi dayandığı bu səhnədə şah da olmuşdu, xaqan da, sultan da. Ancaq onlar hamısı başqa qələmlərin yazdığı surətlər idi, ayrı ömürlər idi. İndi özü gəlib çatmışdı ömrün zirvəsinə və ona "Şah" deyirdilər.

Bu, daha rol deyildi, bu, artıq məcaz deyildi, həmin anlarda, gəlib yetişdiyi bu mərtəbədə o, gerçəkdən də şah idi. Ona "Şah" deyənlər sadə adamlar deyildilər, sənətdəki taxt-tacın bu ucalığına yetişməkçün Ağasadıq Gəraybəyli səkkiz onilə sığan çətin yol adlamışdı. Ona görə də artıq çoxdanın babası olan Ağasadığın ürəyindən keçirdi ki, həyatının ən məsud olan bu anlarında zamanın çarxı geriyə dönsün, atası onun şahlıq taxtındakı bu xoşbəxt gününü görsün, balası ilə iftixar eləsin...

 

31 mart 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.-  2024.- 6 aprel,№ 60.- S.14-15.