Kinonun ədəbiyyatla
vəhdəti
Ədəbiyyatın kinoya təsiri
Müasir dövrdə kino ilə ədəbiyyatın
itmiş əlaqəsi mövzusu müxtəlif səviyyələrdə
ara-sıra müzakirə olunsa da, məsələ praktiki həllini
tapmır. Və bu suallar hələ də açıq
qalır: kinematoqrafiya ilə ədəbiyyat arasında
qırılmış bağların bərpası
üçün nə etmək lazımdır? Bu
bağların bərpası kinomuza nə qazandıra bilər?
Kinorejissorlarımızın ədəbiyyat bilgisi hansı səviyyədədir?
Yaxud müasir dövrün yazıçıları ssenari
texnikasına nə qədər bələddirlər?
Sovet dönəmində ədəbiyyatın kinoya əhəmiyyətli
təsiri vardı. Məsələn, Azərbaycan kinosunun ilk
dövrü məhz Cəfər Cabbarlının
yaradıcılığı və şəxsiyyəti ilə
sıx bağlıydı. C.Cabbarlı "Sevil" pyesi əsasında
ssenarinin yazılmasında nəinki yaxından iştirak
etmişdi, hətta filmin vizual dilinin tapılmasında da rolu
böyük idi. "Sevil" filminin
rejissorlarından biri Beknazarov da bunu etiraf edirdi:
"Filmin elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı
orada mənimlə birgə işləməsin. Biz çox
vaxt çəkəcəyimiz kadrların daha canlı və
inandırıcı çıxması üçün
saatlarla düşünərdik. C.Cabbarlının kino sənəti
sahəsində az müddət çalışmasına
baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək
qabiliyyəti məni doğrudan da heyran edirdi".
C.Cabbarlı yaxşı ssenarist olmaqla yanaşı,
bir rejissor üçün vacib olan xüsusiyyəti - təsvir
duyumu da vardı. Ona görə "Almaz" pyesinə özü quruluş vermək istəyirdi;
ssenarini yazır, yaradıcı heyəti
formalaşdırır, aktyorları seçir, sınaq çəkilişləri
aparır, amma qəfil ölüm istəyini
reallaşdırmağa mane olur. Ümumiyyətlə,
C.Cabbarlının kino işinin təşkilində xidmətləri
əvəzsiz idi. Bu mənada indiyə qədər "Azərbaycanfilm"
kinostudiyasının məhz ədəbiyyatçı Cəfər
Cabbarlının adını daşıması da təsadüfi
deyil...
Sonrakı dövrlərdə də
yazıçıların və ədəbiyyatın kinoya əhəmiyyətli
təsiri oldu. 1930-cu illərdə
ssenaristlərin əksəriyyəti qeyri-millətlərin
nümayəndələri idi. Amma 1940-cı illərdən
başlayaraq ssenari sahəsinə milli kadrlar gəlməyə
başladı. Bu faktorun önə çıxmasında, ədəbiyyatla
kinonun sıx təmasının yaranmasında ayrı-ayrı
vaxtlarda kinostudiyaya rəhbərlik etmiş nasir-şairlərin
əməyi danılmaz idi: Şəmsəddin Abbasov (1939-41),
Rəsul Rza (1942-44, daha sonra - 1946-49-cu illərdə Azərbaycanın
kinematoqrafiya naziri), Mehdi Hüseyn (1944), Cəmil Əlibəyov (1974-84)...
Kinoşünas Aydın Kazımzadə bir
araşdırmasında yazır:
"Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə,
ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin
keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında,
müharibədən sonrakı film qıtlığı
dövründə kino istehsalının qaydaya
salınmasında, kinostudiyanın maddi-texniki bazasının
möhkəmləndirilməsində böyük zəhmət
çəkmişdir. 1946-cı ildə onun sədrliyi ilə
neft mövzusunda ədəbi ssenarilərin respublika müsabiqəsi
keçirilmişdir".
Beləliklə, bu sahədə
yazıçıların fəaliyyəti nəticəsində
kinomuzun çox maraqlı nümunələri ortaya
çıxdı: "Səbuhi" (Mikayıl Rəfili),
"İnsan məskən salır" (İmran Qasımov),
"Bir ailə" (Mir Cəlal),
"Fətəli xan" (Mehdi Hüseyn, Ənvər Məmmədxanlı),
"O olmasın, bu olsun" (Sabit Rəhman), "Yenilməz
batalyon" (Qılman İlkin), "Bir qalanın sirri" (Məmmədhüseyn
Təhmasib), "Axırıncı aşırım" (Fərman
Kərimzadə) və digərləri.
...Kino sintetik sənət olsa da, onun başlıca
komponenti təsvirdir. Başqa cür desək, hər şey -
musiqi də, ssenari də təsvirə tabe olmalı, onun diliylə
danışmalıdır və bunun üçün
ssenaristin kinoestetikanı dərindən dərki vacibdir. Bu mənada
hər istedadlı, peşəkar yazıçı
yaxşı ssenarist ola bilmir. Məşhur Amerika
yazıçısı Frensis Skott Fitscerald Hollivudda ssenarist
kimi uğur qazana bilməmişdi, onun yazdığı
ssenarilər prodüserlər və rejissorlar tərəfindən
yenidən işlənirdi. Ssenari işi üzrə mütəxəssis,
amerikalı Sid Fild, Fitsceraldın nümunəsində problemi
belə izah edir: "Universitetdə ingilisdilli ədəbiyyatı
öyrənəndə bir seminar üçün
Fitsceraldın "Gecə zərifdir" romanının birinci
və ikinci nəşrini oxudum. Süjetə görə,
psixiatr öz pasiyentilə evlənir, qadın
sağaldığı müddətdə kişini tükədərək,
bütün həyat enerjisini əlindən alır. Əsərin
birinci hissəsi Rozmerinin gözündən göstərilir və
o, Dayverlər ailəsini ideal, xoşbəxt hesab edir. Əsərin
ikinci hissəsində isə Rozmerinin gördüyü ideal
ailənin, əslində, ciddi problemləri olduğunu oxuyuruq.
Birinci nəşr satılmayanda Fitscerald Hollivuddakı təcrübəsinə
əsaslanaraq, uğursuzluğunun səbəbini romanda Dayverlər
ailəsini gec təqdim etməsində görür. Ona görə
kitabı yenidən işləyir və Dayverlər ailəsinin
həyatını ilk hissəyə salır. Amma roman yenə
populyarlaşmır. Məni isə Fitsceraldın bir şeyi
görməməsi heyrətləndirir: romanın Rozmerinin
Dayverlər ailəsini müşahidəsi ilə
başlaması ədəbiyyatdan çox kinoya yaxın idi.
Kinematoqrafik baxımdan bu, möhtəşəm
başlanğıc idi - baş qəhrəmanları digərlərini
necə görməsi. Fikrimcə, Fitsceraldın ssenarist kimi
özünəinamı olmadığından o, belə bir
gözəl başlanğıcı dəyişir".
Sovet dövründə kinonun dilini yaxşı mənimsəmək
üçün bir qisim yazıçı ssenari üzrə
təhsili almışdılar. Ənvər Məmmədxanlı,
Mehdi Hüseyn, İmran Qasımov, Fərman Kərimzadə
Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunu bitirmişdilər.
Daha sonra Anar, Ramiz Rövşən Moskva Ali ssenari
kurslarında təhsil almışdılar ki, onların fəaliyyəti
kinomuza bir növ fərqli nəfəs gətirdi: "Gün
keçdi", "Dədə Qorqud" "Dantenin
yubileyi" (Anar), "Babamın babasının
babası", "Özgə vaxt", "Süd dişinin
ağrısı" (Ramiz Rövşən).
Lakin peşəkar ssenari təhsili almayan
yazıçıların da rejissorlarla işbirliyi nəticəsində
keyfiyyətli ekran əsərləri yaranırdı: "Nəsimi",
"Tütək səsi" (İsa Hüseynov), "Yeddi
oğul istərəm" (Yusif Səmədoğlu),
"Arxadan vurulan zərbə", "Bağ
mövsümü", "Milli bomba" (Elçin), "Gümüşgöl əfsanəsi",
"Kişi sözü" (İsi Məlikzadə),
"Fransız" (Əmir Pəhələvan), "Yaşa,
qızıl balıq" (Natiq Rəsulzadə). Bu əməkdaşlığın
uğurlu alınmasında ssenaristlə rejissorun bir-birini
anlaması, zövq, fikir və dünyagörüşlərinin
ortaq nöqtədə kəsişməsi mühüm rol
oynayırdı.
Yazıçılar təkcə müstəqil
ssenarilər yazmırdılar, eyni zamanda ədəbi əsərlərin
və ya populyar romanların, hekayələrin
ekranlaşdırılması, kinoya adaptasiyası da sovet
dönəmində yayılmış tendensiya idi.
...Maraqlı bir faktı deyim ki, Azərbaycan kinosuna
yeni mövzular və obrazlar gətirən Həsən Seyidbəyli
kinoya məhz ədəbiyyatdan gəlmişdi. İlk filmini isə
41 yaşında çəkmişdi. Yazıçı kimi fəaliyyətə
başlasa da, o, kinonun vizual mahiyyətini başa
düşmüşdü, təsviri hiss edirdi. Hətta Həsən
Seyidbəyli "raskadrovkaları" belə özü
edirdi.
Təbii ki, yazıçıların ssenarist kimi
rejissorlarla əməkdaşlığının nəticəsi
həmişə uğurlu olmayıb. Ortaya çox zəif,
uğursuz işlər də
çıxırdı. Bəzən də yazıçı
öz əsərinin kino dilinə uyğunlaşdırmaqda
çətinlik çəkirdi. Süleyman Rəhimovun
"Mehman" əsəri əsasında Muxtar Dadaşovun
çəkdiyi "Qanun naminə"
maraqlı təsvir həlləri baxımından yaxşı
filmlərimizdən biridir. Ssenarini əvvəlcə
Süleyman Rəhimov Firudin Aşurovla birgə yazsa da, "Azərbaycanfilm"in
rəhbərliyi tərəfindən bu versiya qəbul
olunmamışdı. Səbəb
- kino dilinin yoxluğu, bütöv epizodların ssenariyə
köçürülməsiydi. Çünki film bədii mətndən
asılı olmamalı, illüstrasiya xarakteri
daşımamalı və tam müstəqil əsər kimi
çəkilməlidir. Sonradan ssenarini Muxtar Dadaşov
moskvalı Maro Erzinkyanla birgə işləyir. Bır sıra
epizodlar ixtisara salınaraq, süjet yığcam hala gətirilir.
Eldar Quliyevin ekranlaşdırdığı "Babək"
filmini isə əslində Həsən Seyidbəyli çəkməliydi.
H.Seyidbəylinin "Babək" filmindən
imtinasının səbəblərindən biri ssenarist Ənvər
Məmmədxanlı ilə arasındakı fikir
ayrılığıydı. Çünki H.Seyidbəylinin
mövzuyla bağlı öz baxışı, konsepsiyası
vardı və o, ssenarini dəyişdirməyə
çalışıb.
Rejissor Ziya Şıxlinskinin sözlərinə
görə, H.Seyidbəyli "Babək"in ssenarisində
ilk epizodu fərqli işləmişdi: "İlk səhnə
Babəkin uşaqlığından başlayır, onda nə
islam, nə xristianlıq dini qəbul edilmişdi. Zədrüştlüklə
bağlı hansısa bayram keçirilir. Bu zaman ərəblər
hücuma keçərək vəhşilik törədir,
kişiləri göldə boğur və Babək bunun
şahidi olur. Yəni ondan sonra o, Babək olur, mübarizə
aparır".
Lakin Mərkəzi Komitənin mədəniyyət
şöbəsinin müdiri Azad Şərifov H.Seyidbəyliyə
ssenarinin strukturunun dəyişdirilməsinə icazə verməyib.
Bununla belə, "Babək" milli kinomuzun ən
uğurlu filmlərindən biridir. Amma hər halda H.Seyidbəyli
kimi peşəkarın gözlərindən də Babəkin həyatını,
şəxsiyyətini görmək maraqlı olardı.
Ssenaristlərlə rejissorların konflikti məsələsinə
böyük rus rejissoru Andrey Tarkovski bu rakursdan
yanaşırdı: "Yazıçı ilə rejissorun
estetik meylləri bir-birindən fərqlənəndə
heç cür kompromisə gəlmək olmur. Bu isə
quruluş ideyasını yerlə bir edir. Film, sadəcə,
alınmır. Müəlliflə rejissor arasında bənzər
konflikt yaşananda bircə çıxış yolu qalır
- ədəbi ssenarinin yeni quruluşa köçürülməsi...
Ssenaristin ədəbiyyata dəxli yoxdur, o ya kinonu yaxşı
bilən yazıçı, ya da yazmaq qabiliyyətinə malik
rejissordur".
Rüstəm İbrahimbəyov da kinoda əsas müəllif
kimi rejissoru qəbul edirdi: "...Başa düşmək
lazımdır ki, filmdə əsas sima rejissordur. Əgər
kimsə özünü ədəbiyyatda lazımınca ifadə
etmək istəyirsə, nəsr, pyes yazmalıdır. Mən
məhz bununla məşğulam".
Rüstəm İbrahimbəyovdan söz
düşmüşkən... Təəssüf ki, kinomuzda
Rüstəm İbrahimbəyov kimi dünya miqyasında
ssenarist yetişmədi və bu, başqa bir məqəlanin
mövzusudur... Azərbaycan
kinosunda, Rüstəm ibrahimbəyovdan başqa, əsasən
ssenari işi, kinodramaturgiya ilə peşəkarcasına məşğul
olan, intellektual, kinoyla yanaşı, ədəbiyyatı da bilən,
duyan digər ssenaristlər yetişdi: Ramiz Fətəliyev
("Burulğan", "Aşkarsızlıq şəraitində"),
Maqsud İbrahimbəyov ("Uşaqlığın son gecəsi",
"Bizim Cəbiş müəllim"), Eldəniz Quliyev
("Cansıxıcı əhvalat", "Pirverdinin
xoruzu"), Alla Axundova ("Şərikli çörək",
"Bizi bağışlayın")...
İndi isə elə vəziyyət yaranıb ki,
rejissorlar ədəbiyyatdan, yazıçılar kinoda gedən
proseslərdən məlumatlı deyllər. Rejissorlar və
yazıçılar arasında yadlaşmanı aradan
qaldırmaq məqsədilə
Azərbaycan Kinematoqrafçılar İttifaqı belə
bir layihə üzərində işləyir: Azərbaycan
nasirlərinin kinoya asanlıqla adaptasiya oluna bilən, kinodilinə
yararlı hekayələrinin silsilə şəklində nəşri.
Hərçənd, bu işbirliyini intensivləşdirmək
üçün digər addımlar da atılmalıdır.
Əlbəttə ki, kino məmurları,
prodüserlər ədəbiyyatımızda
baş verən proseslərlə, yeni əsərlərlə
maraqlanmalı, onları diqqətdə saxlamalı, ssenari
işinə yazıçıları cəlb etməli, sseanri
texnikası istiqamətində emalatxanalar təşkil
olunmalıdır. Kino Agentliyi rəsmi qurumdan çox,
yaradıcı şəxslərin - rəssamların,
yazıçıların, bəstəkarların,
rejissorların ünsiyyət məkanına, doğma təmas
yerinə çevrilməlidir. Çünki yaradıcı sahələrin
əlaqəsi, ünsiyyəti, fikir mübadiləsi kinoda yenilənmə,
fərqli fikirlər, obrazlar, mövzular, yeni imzalar deməkdir.
Sovet dönəmindən fərqli olaraq, müasir kinoda
yazıçıların əsərlərinin
ekranlaşdırılması barmaqla sayılacaq qədərdir.
Lakin kinoyla ədəbiyyatın təması təkcə ona
görə vacib deyil ki, hansısa yazıçının ədəbi
əsəri ekranlaşdırsılsın. Həm də ona görə vacibdir
ki, rejissor yazıçının əsərini
ekranlaşdırmasa belə, hansısa motivindən bəhrələnə,
yaxud bu, ona nəsə bir ideya verə bilər.
Fransız rejissoru Jan Lyuk Qodar kino təcrübəsi
ilə bağlı belə bir fikri bölüşür:
"Bir kinematoqraf üçün əsas başlıca cəhətlərdən
biri fikir mübadiləsi apara biləcəyi adamları öz
çevrəsinə toplaya bilmək bacarığıdır.
Sartırn yazdıqları belə, qırx-əlli adamla
aparılan müzakirə və mübahisələrin nəticəsiydi.
O, əsərlərini təkbaşına otaqda
yaratmamışdı. Ən yaxşı filmlər
qarşılıqlı fikir mübadiləsi nəticəsində
ortaya çıxan filmlərdir".
Yaxud "Nəsimi" filminin yaranmasında İsa
Hüseynovla Həsən Seyidbəylinin dostluğunun,
uzunmüddətli müzakirələrinin payı xüsusidir.
Və ya gənc rejissor Amil Amalın müharibədən
bəhs edən "Titrəmə" adlı
qısametrajlı bədii filmi şair Aqşin Evrenlə
söhbətləri sayəsində yaranıb...
Bu il Azərbaycan Kinematoqrafçılar
İttifaqının layihəsi çərçivəsində
Şahmar Ələkbərovun Elçinin "Toyuğun diri
qalması" povesti əsasında çəkdiyi film
nümayiş olundu. "Sahilsiz gecə" təsirli ifadə
vasitələri, kino dili, bədii yozumu baxımından keyfiyyətli
ekranlaşdırmadır. Tədbirə dəvət olunan
filmin ssenari müəllifi Elçinə öz təcrübəsindən
çıxış edərək, kino ilə ədəbiyyatın
əlaqəsinin yenidən bərpası üçün nələr
etmək lazımdır sualını ünvanladım. Bu
yazına da elə onun cavabı ilə bitirmək istəyirəm: "Hər şeyi istedad həll
edir. İstedadlar bir-birini tapmalıdır. Tapırsa,
yaxşı kino yaranacaq. Rejissorun daxili aləmi ssenaristin daxili
aləmi, estetik duyumu üst-üstə düşməyəcəksə,
onda heç nə yaranmayacaq. Amma nə etmək lazmdır ki,
bunlar üst-üstə düşsün? Cəmiyyətdə
bu gün müasir milli mədəniyyətimiz
özünü axtarır. Geniş mənada deyirəm,
özünüaxtarış gedir. Mütləq
özünüaxtarış o istedadların bir-birini
tapması ilə yekunlaşacaq. Başqa cür mümkün
deyil. Bu gün niyə belə deyil? Səbəbləri
çoxdur. Axıra qədər belə davam edə bilməz".
Sevda SULTANOVA
525-ci qəzet.- 2024.- 6
aprel,¹ 60.- S.10;11.