Naxçıvanın
elmi, ədəbi və mədəni mühiti:
aktuallığını itirməyən tədqiqat obyekti
(Əvvəli ötən sayımızda)
"Naxçıvanın elmi, ədəbi və mədəni
mühiti: tədqiqlər" seriyasından
dördüncü kitabın "Ədəbiyyatşünaslıq
və əlyazmaşünaslıq" adlı II bölməsində
Azərbaycan ədəbiyyatı, mətbuatı və
teatrı tarixində özünəməxsus yeri olan, mollanəsrəddinçi
ədəbi məktəbinin tanınmış siması
Əliqulu Qəmküsar, onun mollanəsrəddinçi
publisistik, ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumatlar
maraq doğurur. "Fəhlə şair" məqaləsində
çilingər Hüseyn Fərəcoğlunun həvəskar
şair kimi uğurlarından, satirik poetik
yaradıcılığından bəhs olunur. "Mirzə Cəlil
Şürbinin bəzi qəzəllərinin əlyazma
variantları" məqaləsi isə Şürbi təxəllüsü
ilə şeirlər yazan müəllim Mirzə Cəlil Mirzəyevin
(1874-1915) yaradıcılığı haqqındadır.
Müəllif şairin Müzəffər Nəsirlinin arxivində
saxlanılan qəzəllərini əsl əlyazmaşünas
kimi tədqiq edir, əlyazma nüsxələləri
arasındakı uyğunsuzluqları ortaya çıxarır.
Şəxsi elmi təcrübəsinə söykənərək
isnad edilən mənbəyə sərbəstliklə
yanaşmanın mətnşünaslıqda qəbuledilməz
olduğunu qeyd edir ki, bu da ədəbiyyatşünaslıqda
və əlyazmaşünaslıqda xüsusi diqqət yetiriləcək
məsələdir. Şair-publisist Müzəffər Nəsirli
və akademik İ.Həbibbəylinin elmi əsərlərində
Şürbi yaradıcılığından nümunə
verdikləri beytlərlə Ağa Ağayevin üzünü
köçürdüyü nüsxələr arasında
maraqlı müqayisələr apararaq şairin poetik
yaradıcılığı, ədəbi əsərlərin
orijinalı ilə bağlı düzgün elmi qənaət
ortaya qoyur.
Kitabda əlyazmaşünaslıq, mətnşünaslıq
baxımından arxeoqrafik sənəd (qədim dövrə
aid müxtəlif fərmanlar, əmrlər, hökmlər, qəbalələr
(alqı-satqı sənədləri), şəhadətnamələr
və digər sənədlər) anlayışı
haqqında ilk dəfə geniş elmi məlumat verilir,
Əlyazmalar Fondunda mühafizə olunan arxeoqrafik sənədlərin
naxçıvançünaslıq üçün, müxtəlif
elm sahələrinin mütəxəssisləri
üçün ən etibarlı ilkin mənbə kimi
mühüm əhəmiyyətə malik olduğu diqqətə
çatdırılır. Əlyazmlar Fondunda mühafizə
olunan qədim ərəbdilli əlyazmalar haqqında da kitabda
ayrıca bəhs edilir. Müəllif 500 il bundan əvvələ
aid, Qurani Kərimin bəzi ayələri və məşhur
dua nümunələri toplanan kiçik kitabça kimi ən
qədim əlyazmadan tutmuş fondda qorunub saxlanılan 600-dən
artıq qədim əlyazma və çap kitabları,
onların kataloqlaşdırılması, tədqiqi və nəşri
haqqında da müfəssəl məlumat verir ki, bu mənada
yeni nəşri həm də AMEA Naxçıvan Bölməsi
və onun Əlyazmalar Fondunun uğurlu elmi hesabatı kimi də
xarakterizə etmək olar.
"Naxçıvan ədəbi mühitində
gündəlik və xatirə janları" adlı məqalədə
Azərbaycan memuar ədəbiyyatının qiymətli
nümunələrindən olan, görkəmli ədəbiyyatşünas,
professor Əziz Şərifin, maarifpərvər ziyalılardan
Mirzə Bağır Əliyevin, Lətif Hüseynzadənin,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
tarix elmləri namizədi, dosent Əli Əliyevin, Əli Səbrinin,
akademik Məmməd Cəfər Cəfərovun, professor Yavuz Axundlunun bu janrlarda
yazdıqları əsərlər elmi-ədəbi təhlilə
cəlb olunub. Təkcə ayrı-ayrı şəxslərə
məxsus gündəlik və xatirələr deyil,
Naxçıvan ədəbi mühitinin tanınmış
nümayəndəsi olan şair və
yazıçılarımızla bağlı xatirələrin
kitab şəklində toplu halında nəşr olunması,
mühüm elmi, ictimai-mədəni əhəmiyyətə
malik Naxçıvan Dövlət Universiteti, "Şərq
qapısı" qəzeti, Naxçıvan teatrı
haqqında da xatirələr toplusu formalaşdığı
diqqətə çatdırılır. Müəllif bu qənaətə
gəlir ki, XIX əsrin 90-cı illərindən bu günədək
olan dövrü əhatə edən bu gündəlik və
xatirələr, ümumilikdə, Naxçıvan elmi, ədəbi,
mədəni mühitinin güzgüsüdür, xüsusilə
də bunların əksəriyyəti 1918-20-ci illərdə
erməni daşnaklarının Naxçıvanda törətdiyi
faciələri, naxçıvanlıların onlara
qarşı qəhramancasına mübarizə apararaq doğma
yurdlarını vətənpərvərliklə
qorumasını əks etdirmək baxımından
Naxçıvanın hərtərəfli öyrənilməsi
üçün əhəmiyyət kəsb edir. Bu bölmədə
1925-1937-ci illər arasında Naxçıvan diyarının
müxtəlif ərazilərində aparılan arxeoloji
qazıntılar və ekspedisiyalar haqqında ətraflı məlumat
verən ölkəşünas Mirbağır Mirheydərzadənin
əlyazmasının elmi-tarixi əhəmiyyəti, görkəmli
şair-dramaturq, publisist və tərcüməçi
Hüseyn Razinin "Gündəlik"lərinin makina
variantları və əlyazma nüsxələrinin müqayisəli
təhlili, orijinal xüsusiyyətləri də oxucuların
diqqətinə çatdırılır. Bu bölmədə
memuar ədədbiyyatı janrında yazılan publisistik
nümunələr məzmun və formasına, ideya və
üslubuna görə təhlil olunur, müasir dövrdə də
memuar ədəbiyyatının ictimai-elmi
aktuallığını səciyyələndirir, eyni zamanda
bir-biri ilə sıx bağlı olan bu nümunələr
janr xüsusiyyətlərinə görə bir-birindən dəqiqlik
və incəliklə ayrılaraq təhlil süzgəcindən
keçirilir.
"Mətbuat, maarif və mədəniyyət"
bölməsi Şərqin ilk satirik mətbu orqanı olan
"Molla Nəsrəddin" jurnalı ilə
Naxçıvanın 100 ildən artıq tarixə malik
"Şərq qapısı" qəzetinin ədəbi əlaqələri,
"Molla Nəsrəddin"in Naxçıvandakı
ictimai-siyasi proseslər, baş verən hadisələr ilə
məhz "Şərq qapısı" vasitəsi ilə xəbərdar
olub informasiya mənbəyi kimi bu qəzetə istinad etməsi,
"Şərq qapısı" qəzetinin "Molla Nəsrəddin"
vasitəsilə daha geniş coğrafi arealda tanınması və
sevilməsi kimi elmi yenilikləri ilə xüsusi maraq
doğurur. Ustad Mirzə Cəlil və "Molla Nəsrəddin"
jurnalı zəngin təcrübəsi ilə "Şərq
qapısı"na jurnalist sənətkarlığı, tərtibat, operativlik və obyektivlik, ziyalı
mövqeyinə və əqidəsinə ehtiram örnəyi
olub. Tədqiqatdan öyrənirik ki, "Şərq
qapısı" qəzetində də satirik janrda publisistik
yazılar, felyetonlar dərc olunub, "Poçt qutusu"
rubrikasının ənənələrindən də məharətlə
bəhrələnilib. Mollanəsrəddinçi
karikaturaçı rəssam Oskar Şmerlinqin müəllif tərəfindən
ilk dəfə olaraq aşkar edilən, "Şərq
qapısı"nda dərc olunan iki karikaturası haqqında
məlumat da xüsusi maraq doğurur. Araşdırmalardan bu elmi
qənaətə gəlmək olar ki, mollanəsrəddinçi
ədəbi məktəbi "Şərq qapısı"na
yaradıcı təsiri ilə də özünü
doğruldub. Bu bölmədəki digər məqalədə
müəllif "Şərq qapısı" qəzetinin nəşri
tarixi, baş redaktorları, redaksiya heyəti, fəaliyyət
istiqamətləri ilə bağlı elmi faktlar vasitəsilə
sübut edir ki, "Şərq qapısı" sovet
ideologiyasının təbliği məqsədilə
yaradılsa da, rejimin imkanları çərçivəsində
zəngin maarifçilik ənənələrini davam etdirən,
milli-mənəvi dəyərlərimizi yaşadan və təbliğ
edən mətbu orqan olub. Bu elmi qənaətə gəlinir
ki, qəzet nəşrinin ilk illərində xüsusilə
ciddi dövlət nəzarəti altında fəaliyyət
göstərmiş, qəzetin təşəkkül və
inkişaf yolu çox çətin, keşməkeşli
olmuşdu. Yeni nəşrin bu bölməsində ustad pedaqoq,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Həsən Axund Molla Xəlil oğlu Qazıyev haqqında tərcümeyi-hal
xarakterli yeni elmi faktlar da təqdim edilir ki, bu da milli pedaqogika
tariximizin araşdırılmasına töhfələr verə
biləcək yeni elmi-tədqiqat mövzularının ərsəyə
gəlməsinə səbəb olacaq. Seyid Səbrinin 1968-ci
ildə qələmə aldığı, yazılandan 50 il
sonra müəllif tərəfindən aşkar edilərək
çap olunan "Qansoranlar" pyesinin siyasi dramaturgiya
nümunəsi kimi elmi-ədəbi təhlili də diqqəti
cəlb edir. Pyes ötən əsrin 70-ci illərində
Naxçıvan ədəbi mühitində meydana
çıxan, qonşu ölkənin siyasi tarixinə
münasibət bildirən dəyərli əsər kimi qiymətləndirilməyə
layiqdir.
"Müsahibə, rəy və təəssüratlar"
adlanan sonuncu bölmədə müəllifin
Naxçıvanda fəaliyyət göstərən Tədqiq
və Tətəbbö Cəmiyyətindən bəhs edən
"Naxçıvanı öyrənən elmi cəmiyyət"
kitabı ilə bağlı Naxçıvan Dövlət
Televiziyasına verdiyi müsahibə, Əməkdar mədəniyyət
işçisi Sübhi Kəngərli, İkinci Dünya
müharibəsi qəhrəmanlarından Əqil Qazıyev
haqqında olan portret oçerklər, müəllifin şəxsi
"Gündəliy"indən 1976-cı ilin oktyabr ayında
Xalq şairi Səməd Vurğunun 70 illik yubleyinin
Naxçıvanda geniş şəkildə qeyd olunması,
şairin oğlu Vaqif Səmədoğlunun yubileydəki
çıxışı ilə bağlı xatirələri,
"Ədəbiyyat dərslərində təsadüf olunan
çətin sözlərin izahlı lüğəti"nin
müəllifi Quşdan Bağırova açıq məktubu
filologiya elmləri doktoru Fərman Xəlilovun elmi-ədəbi
ictimaiyyətdə baş verənlərə
vaxtaşırı fəal vətəndaş və ziyalı
mövqeyi bildirməsi baxımından maraq doğurur.
Elmi redaktoru AMEA-nın müxbir üzvü
Əbülfəz Quliyev, rəyçisi filologiya elmləri
doktoru, professor İslam Qəribli olan,
"Naxçıvanın elmi, ədəbi və mədəni
mühiti: tədqiqlər" seriyasından oxuculara təqdim
edilən dördüncü kitab, ümumilikdə, bir daha bu qənaətə
gəlməyə əsas verir ki, Naxçıvan tarixən
maarifçilik hərəkatının beşiyi, siyasi ideya məxəzi,
milli şuurun pərvəriş tapdığı mərkəz
olduğu kimi, Azərbaycan elmi, mədəni və ədəbi
mühitinin də əsas inkişaf mənbəyidir. Bu qədim
diyarda elmi, ədəbi və mədəni mühitin
yaranması və inkişaf mərhələləri
haqqında qiymətli mənbə olan yeni nəşr
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 100 illik yubileyinə,
bütövlükdə,
Naxçıvanşünaslığa qiymətli elmi töhfə
sayıla bilər.
Mehriban SULTAN
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 18
aprel,№ 66.- S.15.