Çaparaq
notlar
Trotskinin Türkiyədəki evi
İnqilab "iblisinin" İstanbul
yaxınlığındakı "uzaq yaşıl
ada"dakı evi barədə qeydlər
Trotskinin bir müddət Türkiyədə,
İstanbul civarındakı bir adada yaşadığı barədə
çoxdan məlumatlı idim. Moskvada nəşr edilən
"Arqumentı i faktı" qəzetində və
"Oqonyok" jurnalında sovet dövrünün
sonlarında bu barədə tez-tez yazırdılar.
İş elə gətirdi ki, haqqında oxuduğum o
yerləri az qala otuz il sonra görmək mənə müyəssər
oldu.
Bilənlər bilir: Lev Trotski sovet hökumətini
quranlardan biridir. Kompartiyanın gələcək Baş katibi
Stalin hələ 1918-ci ilin noyabrında Rusiyada Sosialist
inqilabının qələbəsinin bir illiyi münasibətilə
yazdığı məqalədə sovet dövlətinin
yaranmasını iki adamın adıyla bağlayırdı. Bu
iki nəfərdən biri Trotski, digəri isə Lenin idi. O
zamanlar Trotski Qızıl Ordunun yaradıcısı və
komandanı, habelə İnqilabi hərbi şuranın sədri
idi.
Lenin öləndən sonra hakimiyyət uğrunda gedən
mübarizədə Stalinlə Trotskinin yolu ayrıldı.
1927-ci ildə Lev Trotski bütün postlardan, o cümlədən,
Siyasi Büro üzvlüyündən xaric edildi. Stalin öz
keçmiş inqilabçı həmkarını əvvəlcə
Qazaxıstana sürgün etdi. Amma Lev Davıdoviçin
yaxın məsafədən hakimiyyətə təsir etmə
imkanlarının tükənmədiyini düşünən
Stalin onu bir qədər də "uzağa" göndərməyi
qərara aldı. Bu "uzaq" yer Türkiyə idi. O vaxtlar
Stalinlə Türkiyə lideri Mustafa Kamal arasında münasibətlər,
türklər demiş, "sıcaq" idi. 1929-cu ildə
Trotski "İliç" teploxodunda "çekistlərin"
ciddi nəzarəti altında arvadı Natalya və oğlu
Levlə Türkiyəyə gəldi. İki dövlət rəhbəri
arasında belə bir şərt kəsilmişdi ki, Trotskinin
həyatı qorunsun. Trotski də öz növbəsində
qovulduğu və məskunlaşdığı dövlətlərin
heç birinin siyasi konularına müdaxilə etməyəcəyinə
"söz" vermişdi.
Beləliklə, Trotski və ailəsi İstanbul
yaxınlığında, Mərmərə dənizindəki
Böyük adada məskunlaşdı. Və məşhur
inqilabçı bu "uzaq, yaşıl ada"da dörd il
yaşadı.
Dediyim kimi, mən həmin yer haqda çoxdan məlumatlı
idim.
Yayın sonlarında İstanbul şəhərində
pyesimin premyerası idi. Fürsətdən istifadə edib Mərmərə
dənizinin sahilində dostlarla gəzintiyə
çıxmışdıq. Uzaqda görünən adalar diqqətimi
çəkdi. Bosfora sarı boylandığımı görən
yerli müsahiblərimdən biri dedi:
- Bax, o birinci adaya biz Böyükada deyirik. Ondan sonra
daha dörd ada var. Amma onlar nisbətən kiçik adalardır.
Oraya gəmilər gedir. İstəsəniz, gedib o gözəl
yerlərlə tamış ola bilərsiz.
Hə, deməli, məşhur Böyükada lap
yaxınlıqda imiş... Mən Trotskinin vaxtilə həmin
adada yaşadığını söyləyəndə
müsahiblərimin çoxu təəccübləndi. Amma
İstanbuldakı "Azərbaycan Evi"nin rəhbəri
Hikmət Elp dediklərimə bəraət verərək dilləndi:
- Bəli, doğrudur, Trotski həqiqətən o adada
yaşayıb.
Bir gün sonra mən gəmi-bərəyə minib
Trotskinin "evi"ni axtarmağa yola düşdüm.
Doğrusunu deyim ki, mənim Trotskiyə heç zaman
heç bir rəğbətim olmayıb. Düzdür, onun həyatı
haqda bir neçə kitab da oxumuşam. Bilirəm ki, "alovlu
tribun" olub, poliqlot kimi bir neçə dili mükəmməl
mənimsəyib. Üstəlik, ədəbiyyatı sevib və
özü də bədii yaradıcılıqla məşğul
olub. Amma qəddarlığına, qaniçənliyinə də
söz olmayıb. İnqilabı qəbul etməyən
milyonlarla adamın məhvinə fərman verib. Maraqlı
burasıdır ki, "inqilabın iblisi"
adlandırılan bu adamın fəaliyyətinə sevgi bir
çox ölkələrdə bu gün də
yaşamaqdadır. Ən maraqlısı budur ki, bizim məmləkətimizdə
də hərdən "trotskiçilər"in "səsi"
eşidilir.
Hər halda bir müsafir kimi onun yaşadığı
evi və ya mənzili görmək pis olmazdı - fikriylə
Böyükadada "Trotskinin evi"ni soraqlamağa
başladım.
Ada haqda qısaca onu deyə bilərəm ki, bura
çox mənzərəli bir yerdir.
Əvvəlcə Böyükadada Trotskinin
yaşadığı yeri tanıyan bir kimsəni bula bilmədim.
Yalnız bir faytonçu həmin evin yerini bildiyini dedi və
özü də vəd etdi ki, istədiyi paranı versəm,
işlər düzələ bilər. Məbləği
soruşdum.
- Hocam, yüz lirə versən, apara bilirim, - dedi.
Mən bu məbləğın çox olduğunu
dedim. O, səksən, sonra isə yetmiş lirəyə
razılaşdı. Mən yenə etiraz etdim: "Əlli lirə..."
Faytonçu qamçısını atların başı
üzərində şaqqıldadaraq faytonunu sürüb məndən
uzaqlaşdı.
Yeri gəlmişkən deyim ki, bu "yaşıl,
uzaq ada"da ekoloji təmizliyi qorumaqdan dolayı avtomobillərdən
istifadə olunmur. Daha doğrusu, burada heç yerli-dibli
avtomobil yoxdur. Minik vasitəsi kimi yalnız faytondan və
velosipeddən istifadə edilir. Və onu da deyim ki, məşhur
"Çalı quşu" filminin əksər kadrları
bu adada lentə alınıb.
Böyük adanın cəmi 5-6 min daimi sakini var. Amma
yay-yaz aylarında buraya gələnlərin, burada
yaşayanların sayı on dəfə artır, olur 50-60 min
adam. Türkiyənin zəngin adamlarının bir çoxunun
burada villası var. Dedilər ki, son zamanlar burada Qafqazdan, habelə
bizim ölkəmizdən gedən imkanlılar da ev-eşik
alıb.
Məşhur türk yazıçılarından bir
çoxu, o cümlədən, Orxan Pamuk bu adada istirahət etməyi
çox sevir.
Mən "Trotskinin evini" axtarmaq üçün
daha bir neçə adama müraciət etdim. İşin tərsliyinə
bax ki, bu evi "gördüm" deyən yox idi.
Faytonçunun istədiyi məbləği ödəmək
isə mənim kimi sıravi müsafir üçün sərfəli
deyildi. Axı hələ tamaşanı hazırlayanlara da nəsə
bir yüngülvari qonaqlıq vermək lazım idi...
Axtarışımı davam etdirməkdə qərarlı
idim.
Yaşıl xiyabanlardan birini ötüb keçərkən
qarşıma çıxan bəstəboy, arıq, çəlimsiz,
nurani bir kişiyə yaxınlaşıb öz amacımı
yenə dilə gətirdim
O, əlüstü cavab verdi:
- Ben o evi tanıyorum. Buyurun, gedək. Sizi
müşayiət edərim. Trotskinin yaşadığı ev
yakındadır...
Demək, faytonçu mənə düz demirmiş...
Tacirlər və sürücülər dünyanın hər
yerində eyni...
Bu xeyirxah, mədəni, ziyalı insanla yaxından
tanış olduq. Yalçın Çilingir ixtisasca
memardır. Bütün həyatı bu ada ilə bağlı
olub. Söhbət əsnasında Yalçın bəyin
çox geniş mütaliəyə və
dünyagörüşə malik olması məni heyrətləndirdi.
O, Azərbaycanı çox sevir, ədəbiyyat vurğunudur.
Dediyinə görə, Üzeyir Hacıbəylinin və Qara
Qarayevin musiqisinin, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin
şeirlərinin, Rəşid Behbudov və Zeynəb
Xanlarovanın səsinin heyranıdır.
Biz söhbətləşə-söhbətləşə
geniş xiyabandan nisbətən dar bir yola düşdük.
Üzüaşağı enməyə başladıq.
Yaşıl, sıx ağacların arasından Mərmərə
dənizinin mavi suları parıldayırdı.
Az sonra Yalçın bəy dedi:
- Hə, çatırıq...
"Trotskinin evi" sahildə imiş. Əslində
indi buraya ev yox, "evin qalıqları" demək
olardı. Vaxtilə "inqilab iblisinin"
yaşadığı üçmərtəbəli evin yerində
yanıb sıradan çıxmış hündür kərpic
divarlar qalmışdı. Mülkün geniş həyəti
vardı.
Evin darvazası möhkəmcə
bağlanmışdı. Hətta, köhnə dəmir
qapının üstünə yazılmışdı ki,
içəri keçməyə cəhd edən kəsi
elektrik cərəyanı vura bilər. Darvaza və
qapının üstünə qələm, karandaş və
kömürlə çoxlu "şüar" və
"çağırışlar" da
yazılmışdı. Rus və türk dillərində
oxuduğum cümlələrdə bu cür fikirlərə
daha çox rast gəlmək olurdu: "Trotski
sağdır", "Trotski ölməyib", "Trotski
dünya inqilabının başçısıdır".
Öyrəndim ki, 1931-ci ildə -Trotski həmin evdə
yaşayarkən yanğın baş verib. Bu, onunla əlaqələndirilir
ki, Trotski verdiyi vədi "unudaraq" Stalin haqda kəskin
yazılarla çıxış edirdi. Ehtimal olunur ki, evi
Stalinin Türkiyədəki tərəfdarları
yandırıb. Əslində o zaman Türkiyədə elə
Trotskinin tərəfdarları da az deyildi.
Məlum olduğu kimi, Trotski Türkiyədən
çıxarılandan sonra əvvəlcə Fransaya, sonra isə
Norveçə gedib. Lakin Stalinin "adamları" onu hər
yerdə izləyirdi. Nəhayət, Lev Davıdoviç
1936-cı ildə Meksikaya getməli olub. O, məşhur rəssamlardan
ər-arvad Frida Karlo və Dieqo Riveronun mənzilində
yaşayıb. Həmin rəssamlar da kommunist idi. Taleyin
hökmünə baxın ki, Trotskinin qətlində xüsusi
rol oynayan şəxs də də rəssam, bu "ölüm
layihəsinin" müəllifi Sikeyros adlı stalinçi
bir rəssam idi. Bütün işlərə isə NKVD
zabiti, kəşfiyyatçı İosif Romualdoviç
Qriquleviç rəhbərlik edirdi (1913-1988). 1940-ci ilin avqust
ayının 20-də Qriquleviç və Sikeyrosun
hazırladığı plan üzrə əməliyyat həyata
keçirildi. Qəzetçi-jurnalist Ramon Merkader (1913-1978)
söhbət etmək, götürdüyü müsahibəni
oxumaq bəhanəsiylə Trotskinin yaşadığı mənzilə
getmiş, onun başına buz baltası ilə zərbələr
endirmişdir. İki gün sonra "inqilab iblisi" gözlərini
əbədi yumdu. Həmin xəbəri eşidən Stalin
öz keçmiş dostunun qətlini bayram kimi qeyd
etmişdir.
Yeri gəlmişkən, 20 il Meksikada həbsxanada cəza
çəkən Ramon Merkader sonralar gizli yolla Moskvaya gətirilərək,
1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüldü.
Əlbəttə, Trotskinin adı ilə bağlı
tarixi çözələsək, çox uzaqlara gedə bilərik.
Amma indiki halda söhbətin mövzusu tamamilə fərqlidir.
Mən indi bu evin kimə məxsus olduğu ilə
maraqlanıram.
Demə, bu ötən illər ərzində Trotskinin
yaşadığı evdə bir neçə dəfə təmir
işləri görülüb, amma... üç dəfə
yanğın baş verib. Ev bir neçə dəfə
satılıb, əldən-ələ keçib. Yerli sakinlər
yarızarafat-yarıciddi belə hesab edirlər ki, bu ev əbədi
lənətlənib, burada Trotskinin məkrli ruhu
dolaşır.
2002-ci ildə haqqında söhbət gedən evin
sahibəsi Nərminə xanım mülkü 2,5 milyon dollara
satıb. Evin indiki sahibi Trotskinin beynəlxalq "imicindən"
istifadə edib mülkə daha yüksək qiymət müəyyənləşdirib;
ev sahibi belə hesab edir ki, kommunist ideyasının tərəfdarları
Bosfor sahilində böyük bir muzey yarada bilərlər.
Burada çox məşhur adamlar olub. Vaxtilə bu evin
yaxınlığındakı hoteldə bir müddət qalan
Ernest Heminquey də yanmış evə baş çəkib...
Mən yeni tanışım Yalçın Çilingirlə
evin bir neçə görüntüsünü kadra
alıram. Sonra səssiz küçə ilə
üzüyuxarı qalxırıq.
Dönüb yuxarıdan Trotskinin "evi"nə
sarı boylandım. Qırmızı kərpicdən
tikilmiş uca, möhkəm divarlar yaşıl
ağacların arasından boylanır. Bu
qıpqırmızı divar nədənsə mənə
kommunistlərin artıq param-parça olmuş
qırmızı rəngli bayrağını
xatırlatdı.
Yalçın Çilingirlə söhbət edə-edə
sahilə doğru üz tutduq.
Artıq axşam düşmüşdü.
Uzaqdan İstanbulun sayrışan ulduzları dənizdə
yuyunurdu.
P.S. Bir dəfə Trotskinin İstanbuldakı evi ilə
bağlı "xatirələrimi" danışarkən
hörmətli yazıçımız Anar müəllim
gülümsəyib dedi: "Mən də Trotskinin
yaşadığı evdə olmuşam, amma... onun
Meksikadakı evində. Elə
həmin evdə də öldürülüb. Mənzilin
divarlarında güllə izləri qalmaqdadır. Bu,
1940-cı ildə Trokskiyə qarşı məşhur
solçu rəssam Siqeyros tərəfindən
edilən, amma baş tutmayan birinci sui-qəsd zamanı
atılan güllələrin izidir. İndi həmin ev muzey
kimi fəaliyyət göstərir. Muzeyin əməkdaşları
mənim haradan gəldiyimlə maraqlandılar və təəccübləndilər.
Sən demə, indiyəcən SSRİ-dən bu muzeyə gələn
müsafir olmayıbmış".
...Təbii ki, belə "qorxulu yerlərə"
baş çəkmək o illərdə elə də asan
deyildi...
Orasını da qeyd edim ki, Trotski və arvadı
Natalya Sedovanın qəbri həmin evin həyətindədir.
Belə güman edirəm ki, "inqilab iblisini" ümumi qəbiristanlıqda
dəfn etməkdən ehtiyat ediblər. Axı "Stalinin əli"
oraya da asanca çata bilərdi...
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 18
aprel,¹ 66.- S.14.