Dərketmənin əzabından
xilas yolları
Qulu Ağsəsin "Adamı qaçdığı
yerdə yaxalayan şeirləri" haqqında qeydlər
Dünya ədəbiyyatına ümumi nəzər
saldıqda qarşımıza maraqlı mənzərə
çıxır: xüsusun ümumiləşməyi. Bu
gün klassik sayılan əksər əsərləri bizə
miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin
dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər
belə, bir məqamda oxucunu düşünüblər. "Oxucunu
düşünmədən yazıram"... Mənim də
oxucunu düşünmədən yazdığım
yazılar var. Mənim də oxucunu düşünmədən
yazmağa başladığım yazılar var... Və
bütün səmimiyyətimlə deyirəm ki, istənilən
müəllifin yaradıcılığında hər iki
növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə
xüsusluqdan çıxır yazdıqlarımız, olur
"ümumun malı". Bu "ümumun malı"nın
altına iri, qalın şriftlərlə adımızı
yazmağımız isə bahalı əl
çantasını istehsal edən "moda evi"nin reklam
arzusundan başqa bir şey deyil.
Ümumiləşmə bizi qələmimizi (indiki
dövrdə klaviaturamızı) fərqli janrlarda
sınamağa sövq edir. Bütün janrlarda uğurlu
oluruqmu? Sual böyükdür... Sual mürəkkəbdir...Sual
bəsitdir...
Bu sualın ən hazır cavabı Qulu Ağsəsin
yazdıqlarıdır. O, istənilən janrda uğurlu
yazır. Çünki bütün yazılarını bəribaşdan
"ümumun malı" kimi yazır. Onun heç bir
şeirində, heç bir essesində "mənimdir!"
iddiası yoxdur. "Hamınındır",
"dünyanındır", "bütün bəşəriyyətindir"
var.
Bu gün belə, qəribə anlarda yadımıza
düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə
güzgü kimi baxır - Fərqanə xanımın
şeirləri ilə öz şeirləri arasındakı
"fərdilik" çayının bu tayında durub deyir:
"Fərqanə hamının Fərqanəsiydi; sağlam
vaxtı da, xəstə olanda da!"
Fərqanə xanım haqqında, illərdir, bir
cümlə də yaza bilmirəm. Onu, sadəcə,
xatırlayıram. Gözəl xatirəmdir Fərqanə
xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə
xanım insanlara necə gözəl xatirələr qoyub
getdiyini biləydi... Bəlkə də, bilir?!
Filoloq Kəmalə Umudovanın "Adı
soyadını eşidən şair" kitabını iki
günə oxudum. Daha doğrusu, bir günə oxudum, ikinci
gün zehnimi əsir alan cümlələrə bir də
döndüm. Kəmalə xanım yazır: "Poetik mətnin
oxunması, təhlili öz mürəkkəbliyi ilə hər
zaman böyük marağa səbəb olur, çünki hər
bir doğru oxuma növbəti anlama mərhələsinə təkan
verir". "Bu şeir məni çəkib
apardı..." dediyimiz məqamın elmi izahıdır...
Bir cümlə var ki, Kəmalə xanım məni
gülümsətdi: "Qulu Ağsəsin şeirləri
qaçdığım yerdə yaxaladı məni". Nə
yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən
oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin
xətrinə şeirimizin altında adımızı
yazıb yaradıcılığımızı, yaratmaq
qabiliyyətimizi "reklam etməyə" dəyər!
Kəmalə xanım Qulu müəllimin xatirələrə
sadiqliyindən də yazıb: "Qulu Ağsəs
Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının
amansız, fəlakətlə dolu işğal tarixini
yaşadı, amma acıların poeziyanın azad ruhuna
üstün gəlməsinə, onu buxovlamasına izn vermədi".
Çünki Qulu Ağsəs Qarabağın xoş
vaxtını, Ağdamın ağ gününü,
Abdal-Gülablının yurd olmasıyla öyünməsini
olduğu kimi saxlayıb xatirə sandığında.
Qoymayıb ki, üstünə bir damcı kədər tozu
düşsün, göz yaşı nəmlətsin. Hətta
zaman-zaman "ah"larının qarşısını almaq
üçün həsrət ocağı da qalayıb xatirə
sandığının qapağı üstündə.
Boğazında təngiyən nəfəslər "ah"
olmayıb, ocaq üfürüyü olub...
"Yaradıcı düşüncə kamil insan
axtarışından doğur" - deyir Kəmalə Umudova.
"Şair eqosu" cilalanmamış almaz, ipə-sapa
yatmayan istedaddır. Aylarla, illərlə o almazın
cilalanmış formasını, o istedadın mədəniliyini
göstəririk dünyaya. Özümüzlə tək qalanda
- daxili yolçuluğumuzda isə biz həmənkiyik -
cilalanmamış, ipə-sapa yatmadan yazıb-yaradan. "Kamil
insan" bəşər üçün arzudan çox məqsəd
olmalıdır - bunu bütün dinlər deyir. Şair isə
bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində
o kamillikdən bir zərrə də olmasa, şair olmazdı
ki?!
Dərketmənin intəhasız əzabından xilas
olmaq üçün iki bənd şeir oxumaq çarə
deyil. Olmayacaq da... İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə
xanımın yazdığı kimi: "Həqiqəti və
azadlığı dərk etməyin bədəli var". Qulu
Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir
yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti
çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi?
Yoxsa yazardımı ki: "Cəsurlar sevirlər, Qorxaqlar
sevilir"?!
...Kəmalə xanım bu fikirdədir ki, şair
müəyyən təsirlərlə "dil
tapmalıdır". Məmməd Arazın o məşhur
misraları gəldi dilimin ucuna: "Həyatda "ürəkləş",
"sevləş" demirlər, "Ayaqlaş" deyirlər
bu həyat ilə... "Sonra da Qulu Ağsəsin
idrakını həyata adaptasiya etməkçün
bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq
arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu
Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən
anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam!
O "içdən"-yaşamın verdiyi amansız əzablarla
mübarizədən də dırnaqlarının altında
kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya
iki esse ilə...
Qulu Ağsəs ənənəvi şeirin
formasından çox uzaqdır, amma mənasına
doğmadır. "Gözəl dünya"dan incikliyini onun
faniliyi ilə deyil, özünün "qonaq"
olmağı ilə ifadə edir. "Şair təvazökar
olmaz", hə, amma şair dünyaya, taleyə hökm etmək
iddiasına da düşməz. Üstəlik, dünyanı,
həyatı, insanları, ən kiçik əşyaları
belə, təqdir etməyi hamıdan yaxşı bacarar.
"Bircə eybi var ki, dünya gözəlin / Məni
qucağına qonaq yazdırıb". Bu misralarda biz Qulu
müəllimin təvazökarlığını deyil, təqdiretmə,
qədirbilmə bacarığını görürük.
"Meşə görməmişdim belə
arxayın, Mən belə narahat dağ görməmişdim..."
Meşə nəyə arxayındır? Dağ niyə
narahatdır? Bu sualların cavabını tapmağı Qulu
müəllim bizim-oxucunun öhdəsinə buraxıb.
Özü bildiyi cavabları bizə deməz - dağın,
meşənin sirrini açmaz. Biz arxayın meşəni,
narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir,
zirvəsi yastıdır, sinəsi yarğan doludur, kim bilir?!)
düşünə-düşünə fantastik roman
yazacağıq. Son nöqtəsini qoyanda "shift+delete"
edəcəyik: Qulu müəllimin iki misrası həmin
romandır elə...
"Ustanın əl işi-şəyirddi"
misrasının davamıdır "İçiynən
danışanın deməyə sözü olmaz..." Sus, əl
işini-şeirini göstər, şair! Şeirlər də
şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili
başı önə əydirər. "Bədəsil
şeir varmı?" deyə soruşmayın,
günahlarımızı etiraf etdiyimiz bütün şeirlər
nankor övladlarımızdır. Biz onların adını
çəkmirik, barmağımızı onlara
tuşlamırıq, onlarla fəxr edib sinəmizə
döymürük. Amma onlar hər yerdə müəllifinin
kim olduğundan danışır.
Kəmalə xanım yazır: "Tanrını
görə bilmək məqamında özünə yetişən
abiddir, arifdir Qulu Ağsəs". Və ya "Qulu Ağsəs
öz duyğularını kosmik varlığın təzahürü
kimi qəbul edir". Mənsə Qulu müəllimin "Kim
kəsib sən olan yerdə Söylə,
yolu-yolağı?!" misralarında bəşəriyyətin
indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin
eyhamını tapdım. İnsanla Yaradan arasındakı
qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox,
axtarmayacağam... Dərketmənin əzabından xilas
olmaqçün bir şeir yazaram - ən asan yolu seçmək,
özümü özümdən xilas etmək şansım
var. "Ol!" əmri mənə də aid deyilmi?!
"Neçə kərə söz göndərdin, ərindim,
yazammadım..." - deyir Qulu müəllim bir şeirində.
Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir
gün yol getdiyimiz yerdə heyranlıqla
baxdığımız üfüqün üstünə axır
gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik.
"Bu gündən sabaha iş saxlama!" - öyüdləmişdi
nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa,
günə başlamağa səbəbim olsun deyə...
Göndərdiyi şeirləri yazmağa ərindiyi
üçün Qulu Ağsəsdən küsməyən
Tanrının bağışlamaq bacarığına güvənərək
yaşamağa ərinirik.
Tanrının yanında ömür rəfləri
boşdur, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq
Tanrının özünə. Tanrı da bizi - ömürləri
kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri
görür. Tanrı da qafiyələri təkrarlayır,
söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki
çatmır ki, Qulu Ağsəs kimi deyək: "Sən
ordan bir boş şey göndər, Doldurub geri
qaytarım..."
Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs
yaradıcılığını
cığır-cığır gəzib, hər mamırlı
daşa sığal çəkib, hər qaya xınasında
barmaq isladıb - kitabın sonunda gəldiyim qənaət bu
oldu. "Az qalıb" şeirində isə Qulu müəllimin
gəldiyi bir qənaətlə rastlaşdım:
(Bir gün)
Yaddaşlar üzlənəcək,
Dostlar varaqlanacaq.
Baxışlar sıyrılacaq
Körpü cığırlar üstdən!
"Olacaq" deyir, gözləntisini qoyur oxucunun
baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu
müəllimin şifrəli misralarındakı həqiqəti
çözür: bunların hamısı olub,
hamısını yaşayıb Qulu Ağsəs.
Yaşayıb və özündən sonrakılara anladır.
Ümid deyil, güman deyil "olacaqlar"; qənaətdir, qəti
qənaət.
Qulu müəllim bircə onu demir ki, "Oranın
(Qarabağın) adamları quş kimi oxuyanda" nə
oxuyurlar?
Şəfa VƏLİ
525-ci qəzet.- 2024.- 18
aprel,¹ 66.- S.12.