Elmə və
diplomatiyaya həsr olunan ziyalı ömrü
Tarix elmləri doktoru Eynulla Mədətlinin 70
yaşı tamam olur
Bütün dövrlərdə cəmiyyətin
inkişafında elm ocağı məbədgah, alimlər və
aydınlar isə bu müqəddəs məbədgahın
ziyası olub. İnsanın kamilləşməsi, əqlinin və
dünyagörüşünün inkişafı bəhrələndiyi
bu ziyadan və bu prosesi həyata keçirən
ziyalılardan, alimlərdən asılıdır. Diplomat isə,
Səlcuq dövlətinin məşhur şəxsiyyətlərindən
biri olmuş Nizam əl-Mülkün dediyi kimi, "Söhbətdə
cürətli, çox danışmayan, hər elmdən xəbərdar,
yaddaşı güclü, ehtiyatkar, təmkinli və zahirən
gözəl insan olmaq" deməkdir. Qeyd olunan bu komponentləri
özündə birləşdirmək isə xüsusi bir
keyfiyyət, fədakarlıq və istedad tələb edir.
Sadalanan keyfiyyətlərə malik olan dəyərli
alim və tanınmış diplomat, uzun müddət İran
İslam Respublikasında, Pakistan, Əfqanıstan və
Ukraynada Fövqəladə və Səlahiyyətli Səfir
kimi fəaliyyət göstərmiş, AMEA-nın Fəlsəfə
və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri
doktoru, dosent Eynulla Mədətlidir.
E.Mədətli 1954-cü ildə Naxçıvan
Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək
kəndində anadan olub. 1975-ci ildə Naxçıvan
Dövlət Universitetinin Tarix fakültəsini, 1981-ci ildə
Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və
Hüquq İnstitutunun aspiranturasını bitirib. 1984-cü
ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi,
1994-cü ildə dosent elmi adı alıb. Naxçıvan
Dövlət Universitetində müəllim, dosent, kafedra
müdiri, prorektor vəzifələrində işləyib.
1990-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin
deputatı olub. 5 fevral 1996-cı il tarixində Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən
Azərbaycan Respublikasının Təbriz şəhərində
Baş konsulu vəzifəsinə təyin edilib, bununla bərabər,
1996-2001-ci illərdə Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı səfirliyinin müşaviri
olub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyində müşavir vəzifəsində
çalışıb. 18 aprel 2002-ci il tarixində Prezident
Heydər Əliyevin fərmanı ilə Azərbaycan
Respublikasının Pakistan İslam Respublikasında Fövqəladə
və Səlahiyyətli Səfiri vəzifəsinə təyin
edilib, 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən
Azərbaycan Respublikasının eyni zamanda, iqamətgahı
İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında
səfiri vəzifəsinə təyin olunub. 2010-cu ildə
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın
Ukraynadakı səfiri vəzifəsinə təyin edilib,
2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə
səfir vəzifəsindən geri
çağırılıb.
Eynulla Mədətli 2016-cı ilin yanvarından AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunda mənbəşünaslıq
və tarixşünaslıq şöbəsində
aparıcı elmi işçi vəzifəsində
çalışıb. 2017-ci ilin fevral ayından AMEA Fəlsəfə
İnstitutunun, hazırda Fəlsəfə və Sosiologiya
İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində
və ictimai əsaslarla "Heydər Əliyevin siyasi irsi və
azərbaycançılıq fəlsəfəsi"
şöbəsinə rəhbərlik edir.
2018-ci ildə tarix elmlər doktoru elmi dərəcəsini
almaq üçün "XX əsr Azərbaycan tarixi məsələləri
İran tarixşünaslığında" mövzusunda
dissertasiya işini müdafiə edib.
Onun tədqiqatlarında mövcud İran
tarixşünaslığının antiazərbaycan
mövqeyinin təhlili və tənqidi əsas istiqamətlərdən
birini təşkil edir. O, hələ İran İslam
Respublikasında çalışdığı illərdə
öz elmi axtarışlarında qeyd olunan məsələlərə
xüsusi diqqət yetirmiş və bu mövzuda onlarla elmi məqalələri
çap edilmişdi. 2011-ci ildə müəllifin bu səpkidə
yazdığı "Azərbaycan həqiqətləri
İran tarixşünaslığında" adlı elmi məqalələr
toplusu çap olunmuşdu.
Müəllif bu əsərlərində İran
tarixşünaslığında Azərbaycan tarixinə olan qərəzli
mövqeyi işıqlandıraraq tariximizi saxtalaşdıran
İran tarixçilərinə əsaslı elmi cavab
vermişdi.
Bu istiqamətlərdə elmi tədqiqatlarını
davam etdirən tanınmış alim sonrakı dövrlərdə
də Azərbaycan tarix elminin zənginləşməsinə
xidmət edən olduqca əhəmiyyətli əsərlər
ortaya qoydu. Onun "Azərbaycan tarixi məsələləri
İran tarixşünaslığında (XX əsrin əvvəllərində),
"İranda Azərbaycan tarixi məsələləri",
"Tarix və tarixşünaslıq məsələləri
(Məqalələr toplusu)" adlı əsərlərində,
İran tarixçilərinin Azərbaycanın tarixi-siyasi
coğrafiyasına, etnik və dövlətçilik tarixi məsələlərinə,
Azərbaycan xalqının, dilinin, mədəniyyətinin təşəkkülü
məsələlərinə qərəzli münasibəti təhlil
edilərək elmi əsaslarla tutarlı cavab verilib. Müəllifin
qeyd edilən əsərlərində, həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin Qacarlar dövləti ilə
qarşılıqlı əlaqələrinin İran
tarixçilərinin əsərlərində tədqiqi səviyyəsi
öyrənilib, XX əsrin əvvəllərində Güney
Azərbaycanda mill-demokratik hərəkatların tarixinin
İran tarixşünaslığında tədqiqi
dövrün qaynaqlarına istinad edilərək obyektiv şəkildə
təhlil edilib.
Eynulla Mədətlinin "Pakistan: qısa tarixi-siyasi
oçerklər" adlı monoqrafiyasını xüsusi
olaraq qeyd etmək lazımdır. Müəllif bu əsərində
tarixin müxtəlif dövrlərində Pakistan bölgəsinin
siyasi tarixi şərh edilib, tarixlər boyu Pakistan bölgəsini
də əhatə edən dövlət və imperiyaların fəaliyyəti
elmi tədqiqat əsərlərinə və mənbələrə
istinadən şərh olunub. Əsərdə Pakistan bölgəsinin
islamaqədərki tarixi və bu bölgədə islam dininin
yayılması prosesi şərh edilib, orta əsrlər
dövründə baş verən proseslər, bölgənin
etnik və dini mənzərəsi təhlil olunub. Tədqiqat əsərində
həmçinin Pakistanın XIX-XX əsrlər dövrü
tarixi də işıqlandırılaraq XIX əsrdən etibarən
böyük dövlətlərin bölgədə həyata
keçirdiyi müstəmləkəçilik siyasəti,
region uğrunda amansız mübarizə, yerli xalqların
müstəmləkə zülmünə qarşı
azadlıq mübarizəsi, bölgədə hind-müsəlman
qarşıdurmaları, Pakistanda milli dövlətçilik
ideyasının yaranması, təşəkkülü,
formalaşması və praktiki nəticələrindən də
bəhs edilib. Təqdiq olunan əsərdə Pakistan İslam
Respublikası yarandıqdan günümüzə qədərki
dövrdə baş verən ictimai-siyasi proseslər təhlil
edilmiş, dövlətin siyasi sistemi, hökumət dəyişiklikləri,
həyata keçirilən islahatlar müqayisəli şəkildə
şərh olunub.
Eynulla Mədətlinin elmi tədqiqatlarında
Ümummilli lider Heydər Əliyev və Prezident İlham
Əliyevin ictimai-siyasi fəaliyyəti və dövlətçilik
fəlsəfəsi xüsusi bir tədqiqat obyekti olub. Müəllifin
bu istiqamətdə apardığı tədqiqatlarda Heydər
Əliyevin siyasi irsi, Müasir Azərbaycan dövlətçiliyinin
təməllərini təşkil edən dövlətçilik
fəlsəfəsinin mahiyyəti, milli özünüdərk,
mənəvi dəyərlər, Bir millət - iki dövlət
fəlsəfəsi, Azərbaycançılıq
ideologiyası və digər məsələlər elmi-nəzəri
baxımdan təhlil edilir.
Müəllifin "Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq
və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi",
"Heydər Əliyev - İlham Əliyev: Azərbaycançılığın
Zəfər yolu", "Bir millət - iki dövlət: fəlsəfi
tarixi təhlil" (həmmüəlif Füzuli Qurbanov)
adlı elmi monoqrafiyalarında, Ulu öndər Heydər
Əliyevin zəngin və çoxcəhətli siyasi irsinin,
xüsusilə də bu irsdə mühüm yer tutan Azərbaycançılıq
məfkurəsinin və Azərbaycan-Türkiyə birliyinin təməl
prinsipi olan "Bir millət, iki dövlət" düsturunun
əhəmiyyətinin və reallaşdırılmasının
fəlsəfi və siyasi cəhətləri
araşdırılır, 2003-cü ildən başlayaraq
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti,
Vətən torpaqlarının 30 illik işğaldan azad edilməsi
kimi məsələlər elmi tədqiqat obyekti kimi öyrənilir.
Onun həmmüəllif olduğu "Heydər
Əliyev - İlham Əliyev: Müasir Azərbaycanın
liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi"
adlı əsərdə Ulu öndər Heydər Əliyevin
müstəqil Azərbaycan dövlətçiliyinin
qurulması və möhkəmləndirilməsi sahəsindəki
tarixi fəaliyyəti, onun nəsillərə nümunə ola
biləcək ümummilli liderlik təcrübəsi fəlsəfi
və nəzəri baxımdan təhlil edilir, görkəmli
şəxsiyyətin Azərbaycan dövlətçiliyində
müstəsna xidmətləri qeyd olunur.
E.Mədətlinin 2023-cü ildə nəşr edilən
"Heydər Əliyev: Dövlətçilik, milli
özünüdərk, mənəvi dəyərlər"
(həmmüəllif Anar Qafarov) adlı kitabında Ulu öndər
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin
qurulmasında, ölkəmizdə dövlətçilik
şüurunun, milli özünüdərkin və milli
kimliyin bərqərar edilməsində, təməlini azərbaycançılıq
məfkurəsi təşkil etdiyi milli ideologiyanın
formalaşdırılmasındakı xidmətləri tarixi-fəlsəfi
baxımdan tədqiqat obyekti olub.
Eynulla müəllim elm və idarəçilik fəaliyyəti
ilə yanaşı, ictimai-siyasi həyatda da fəal şəkildə
iştirak edir. O, Azərbaycanın ictimai-siyasi həyatında
xüsusi rolu olan Yeni Azərbaycan Partiyasının
üzvüdür.
O, çevrəsindəki insanlar,
çalışdığı kollektiv arasında sadəlik
və təvazökarlıq örnəyi kimi tanınır.
İstər elmi-diplomatik fəaliyyəti dövründə,
istərsə də rəhbərlik etdiyi qurumlarda kollektivlə
ünsiyyəti, cəmiyyətə pozitiv münasibəti,
demokratik düşüncə tərzi və idarəçilik
sistemində demokratik dəyərlərə önəm verməsi
cəmiyyətimiz üçün parlaq nümunələrdən
biridir.
Eynulla müəllimlə AMEA-nın Tarix
İnstitutunda başlayan elmi əməkdaşlığımız
bu gün də davam etməkdədir. Dəyərli alimin mənim
elmlər doktorluğu istiqamətində apardığım tədqiqatlarda
elmi məsləhətçim olması xüsusi əhəmiyyət
kəsb edir və onun elmi məsləhətləri və
tövsiyələri tədqiqat prosesində böyük rola
malikdir.
Dəyərli alim, gözəl insan, elmdən
diplomatiyaya qədər böyük bir yol qət etmiş, bu
gün də elmi fəaliyyətini davam etdirən hörmətli
Eynulla Mədətli, 70 illik yubileyiniz mübarək olsun! Sizə
sağlam ömür, idarəçilik fəaliyyətinizdə
və elmi yaradıcılığınızda yeni uğurlar
arzulayıram.
Mübariz AĞALARLI
Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2024.- 18
aprel,№ 66.- S.11.