Zəngəzur xatirələri
və ya Naxçıvanda qorunan dəyərli irs
Albom vərəqləndikcə Zəngəzur xatirələri
canlanır Gülarə xanımın gözündə. Bu
fotolarda doğmalıq var, istilik var, bir də illərin kədəri,
həsrəti. Şaxtalı qış günlərində
isti yuvanı tərk etmənin soyuqluğu...
Mənfur düşmənin dənizdən-dənizə
"böyük Ermənistan" yaratmaq xülyası azərbaycanlıların
1905-1906, 1918-1921-ci, 1948-53, 1987-91-ci illər soyqırım və
deportasiyası ilə nəticələnib. Torpaqlarımız
işğala məruz qalıb, insanlar öz doğma
torpaqlarından məhrum edilib. 1918-ci ildə tarixi şəhərimiz
- İrəvan Ermənistana verildi. Tarixi faciəmiz bununla bitmədi.
Azğınlaşmış erməni millətçilərinin
məkri və təkidinin nəticəsi olaraq 1920-ci ildə
sovet hökumətinin qərarı ilə bizim digər tarixi
torpağımız Zəngəzuru da Azərbaycandan
ayırıb Ermənistana birləşdirdilər. Bununla kifayətlənməyən,
yurd-yuvası bəlli olmayan düşmən insanları
öz doğma yurd-yuvasından didərgin saldı. Bu proses illərlə
davam etdi. Ta ki 1988-ci ilə qədər. 1988-ci ildə
qışın sərt soyuğunda yurd yuvalarını tərk
edən və iliklərinə qədər buz bağlayan zəngəzurlulara
istilik verən indi yalnız xatirələrdir. Xatirələr
ilmə-ilmə toxunub, bu xalılarda gizlidir, hər
naxışında, hər ilməsində. Bu gizlini ancaq
öz sahibləri oxuya bilir - zəngəzurlular.
Zəngəzur bölgəsi şərqdən
Qarabağla, qərbdən Naxçıvanla əhatələnmişdir.
Zəngəzurun tarixi Qarabağ və Naxçıvanla
sıx bağlıdır. Odur ki, folkloru, mədəniyyəti
də hər iki bölgə ilə oxşardır. Zəngəzur
mahalının xalçaçılığını isə
tədqiqatçılar daha çox Qarabağ qrupuna aid edirlər.
Zəngin təbiəti, bağları ilə şöhrət
qazanmış Zəngəzur mahalının əhalisi
yüzilliklər boyunca özündə dərin məzmun
daşıyan naxışları xalça və xalça məmulatlarının
üzərinə həkk etmişlər. Tədqiqatçılar
qeyd edir ki, daha çox Ağudi, Ağkənd, Vağudi,
Qarakilsə, Şıxlar, Qızılcıq, Murxus, Urud, Comərdli,
Şəki kəndlərində xalçaçılıq ənənəsi
davam etdirilmiş, bölgə özünün rəngarəng,
şux xalçaları ilə şöhrət
qazanmışdır. Bu mahalda qoşabuynuz, qarmaqlı,
"S" şəkilli,
dörd, altı, səkkiz, on iki ləçəkli
güllər, spiralşəkilli, ox işarəli, məşəl,
şamdan, damğa adlandırılılan motivlər çox
yayılmışdır.
1918-ci ildən üzü bəri Zəngəzurdan gəlib
Naxçıvanda məskunlaşanlar bu dəyərli irsi ya
özləri ilə gətiriblər, ya da ordakı
çeşnilər əsasında burada toxuyublar.
Naxçıvanın əsasən Ordubad, Culfa və
Şahbuz bölgəsində məskunlaşan zəngəzurluların
demək olar ki, hamısının evində xalça dəyərli
irs və yadigar kimi qorunub saxlanmaqdadır. Əsli Məmmədova
1997-ci ildə ailəsi ilə birlikdə Murxus kəndindən
gəlib. Özləri ilə çox əşya gətirə
bilməsələr də, bir dəyər kimi əmək
verdikləri xalçaya sahib çıxıblar.
Gülarə Əliyeva Comərdli kəndindəndir.
Ailəsi ilə birgə Culfa rayonunun Gal kəndində
yaşayır. Albomla yanaşı, oradan gətirdiyi
xalçalar Zəngəzur xatirələridir.
Danışdıqca qəhərlənir. Axı bu
xalçalarda anasının, bacısının əməyi
var, bu xalçalarda Zəngəzur təbiəti, Zəngəzur
havası var. Deyir xalçaların bir neçəsini
övladlarıma cehiz olaraq vermişəm. Əlimdə
qalanları da göz bəbəyim kimi qoruyuram. Gülarə
müəllimənin xalçaları içərisində
süjetli bir xalça diqqətimizi çəkir. Öyrənirik
ki, 1970-80-ci illərdə Zəngəzurda toxunan əksər
xalçalar süjetli olub. Xalçalarda əsasən tikmə,
toxuma ilə məşğul olan qızlar, dibçəkdə
güllər, qoşa maral, tovuzquşu kimi təsvirlər yer
alıb.
Daha bir süjetli xalça nümunəsinə Şahbuz
rayonunun Nursu kəndində Umudovlar ailəsində rast gəlirik.
Ağudi kəndinin gül-çiçəyi, gözəllikləri,
sanki xalçada dil açıb danışır. Cüt
maral təsviri isə güllər içərisindən
boylanan canlı təbiət təsviri
bağışlayır. 79 yaşlı Mürşüd Umudov
deyir ki, mən özüm bu kənddə doğulmuşam.
Yoldaşım də Nursu kəndindəndir. Lakin
babalarımız 1918-ci ildə ermənilərin törətdikləri
vəhşiliklər üzündən bu kəndə pənah
gətiriblər. Evimizdə qorunan və qızlarımıza
cehiz verdiyimiz xalçaları isə yoldaşım Səmənnaz
xanım Zəngəzur çeşniləri əsasında
toxuyub.
Hazırda Bakı şəhərində yaşayan, əslən
Comərdlidən olan Cəmil Rüstəmov yazır: "Zəngəzur
mahalı Qafqazın ən gözəl incilərə sahib, son
dərəcə əlçatmaz dəyərlərə malik ərazisidir.
Bu mahal flora və faunasına görə dünyanın ən
zəngin guşələrindən biridir. Əsrlər boyu bu
bölgə güclü inkişaf yolu keçmiş və
bütün sahələrdə qazandığı
uğurları ilə nümunə olmuşdur. Bir çox sahələrdə
olduğu kimi, təsviri incəsənətlə, o cümlədən,
xalçaçılıqla da məşğul olmuş və
haqlı olaraq öyünmüşdür. Zəngəzurlu
xanımlar xalçalarda hər yerdə olmayan
gül-çiçəklərlə yanaşı, o təbiətin
gözəllik rəmzi olan maral, ceyran və quş təsvirləri
toxumuşlar. Heyvanların cüt şəkildə təsviri
həm də bəşəriyyətin cütlükdən
yaranışı və davamının təsdiqidir".
Zəngəzur təbiətini xalçalar üzərinə
xəsislik etmədən köçürən Qərbi azərbaycanlılar
sanki yurd yerlərinə həsrət qalacaqlarını
bilirdilər. Hər gülünü, çiçəyini
oxşaya-oxşaya əziz xatirə kimi xalçalara həkk
ediblər. Ərəfsə kəndində Həsənovlar ailəsində
qorunan bir xalçada isə qoşa tovuzquşu təsviri yer alıb.
1983-cü ildə toxunan xalçada yazılıb:
"Narzadanın kəlməsi, ağlaması, gülməsi,
Ölsəm də yaşayacaq barmağımın ilməsi".
Narzada xanım kimi zəngəzurlu xanımlar zamanında hər
kəlməsini, sevinc və kədərini xalçalara
köçürərək dəyərli irs nümunələri
yaradıblar. Bu gün Naxçıvanda evlərdə qorunan
bu nümunələr-Zəngəzur xalçaları da o
torpağın sahibləri ilə birgə Zəngəzura
qayıdacaq.
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru
525-ci qəzet.- 2024.- 18
aprel,№ 66.- S.10.