Quran-i Kərim haqqında əsas məlumatlar və zəruri
qeydlər
Qissələr
Quran-i Kərimin ədəbiyyatşünaslıq
baxımından ən çox maraq doğuran hissəsi qissələrdir.
Hərfi mənası a) bir kəsin izi ilə getmək, b) bir
xəbəri söyləmək, hekayət etmək v) kəsib
qısaltmaq (məsələn, saçı) olan "qassa”
feilindən yaranmış qissə sözü müəyyən
bir hadisəni, baş vermiş olayı, xəbəri bildirməklə
yanaşı, həm də bir ədəbiyyatşünaslıq
termini kimi hekayə anlamına gəlib ya xəyali, ya da
gerçək hadisələri nəql edən bir ədəbi
növdür. Quran-i Kərimdə keçmişə aid
olaylar "qissə" sözü ilə yanaşı ona
sinonim kimi işlənən "nəbə", "xəbər",
"məsəl" sözləri ilə də bildirilir (əl-Ənam
24, əl-Məidə 27, Hud 49, əl-Əraf 101, əl-Ənkəbut
43 və s.).
Heç də bütün qissələr Quranda əks
olunduğu şəkildə ədəbi növ hesab edilə
bilməz. Quranda yalnız Yusif peyğəmbərin qissəsi
hadisələrin ardıcıllıqla nəql edildiyi, müəyyən
süjet və kompozisiyaya malik dolğun hekayət təsiri
bağışlayır. "Əzm və səbat sahibi
olan" peyğəmbərlərdən Adəm (ə), Nuh (ə),
İbrahim (ə), Musa (ə) və İsanın (ə) qissələri
Quranda nisbətən geniş olsa da, onlar ayrı-ayrı surələrdə
epizodlar şəklində əks olunmuşlar. Bu epizodlar
içərisində bəzən təkrarlara rast gəlinir,
bəzən də müəyyən epizod yalnız bir dəfə
xatırlanır. Məsələn, Musanın hekayəti təkrarlanan
epizodlar halında əl-Əraf (103-172), Taha (9-101) əl-Qasas
(3-43) və b. surələrində əks olunur. Onun Xızrla
olan əhvalatına yalnız əl-Kəhf surəsində
(60-82), "İnfilaq əl-bəhr" (dənizin
yarılması) epizoduna isə əş-Şuara (63) surəsində
rast gəlinir.
Bəzi peyğəmbərlərin Quran-i Kərimdə
yalnız adı çəkilir (İdris, Əl-Yəsə,
Zu l-Kifl), bəzisinin isə adı belə çəkilmir. Bəzən
peyğəmbər, bəzən də övliyaların
öndəri sayılan Xızrın Quranda adı çəkilməsə
də, Kəhf surəsindəki "ilmun min lədun"dan (dərgahımızdan
olan elmdən) xəbərdar olan Allah bəndəsinin Xızr
olduğu zənn edilir.
Bəzi qissələrə Quran-i Kərimdə
qısaca bir işarə edilmişdir. Məsələn, təfsirlərdə
geniş yer alan Harut-Marut hekayətinə əl-Baqara surəsinin
102-ci ayəsində, Şərq poeziyasında rəngarəng
obrazlar doğurmuş Süleyman üzüyü və div
hekayətinə Sad surəsinin 34-cü ayəsində,
Əyyubun hekayətinə əl-Ənam (84), əl-Ənbiya
(83-84), Sad (41-44) surələrində qısa bir işarə
edilib.
“Qissə" deyərkən, biz ancaq Quran-i Kərimdəki
epizod və işarələri deyil, zaman-zaman xəyali əhvalatlarla
zənginləşmiş və təfsir ədəbiyyatında
geniş yer almış bitkin hekayətləri başa
düşürük. Əsas qayəsini Allah Təalanın təkliyinə
inam (tövhid), peyğəmbərlərə inam (nubuvvət)
təşkil edən, insanları mömin, xeyirxah, səbrli, təvazökar
olmağa səsləyən, nəfsə uymağı, təkəbbürü,
səbrsizliyi, əxlaqsızlığı pisləyən qissələr
bir örnək, öyüd-nəsihət, ibrət olaraq nazil
olmuşlar. Buna görə də Quran-i Kərimdə peyğəmbərlərin
“hekayətlərində ağıl sahibləri
üçün, sözsüz ki, bir ibrət vardır" –
deyilir (Yusif, 111).
Quran qissələrini mövzu dairəsinə görə
aşağıdakı şəkildə qruplaşdırmaq
olar:
- qısas əl-ənbiya - peyğəmbərlərin
qissələri;
- ərəblərin İslamaqədərki tarixi ilə
bağlı qissələr;
- bəzi müdrik adamlar və qəhrəmanlarla
bağlı qissələr;
- ayrı-ayrı ibrətamiz qissələr;
- Məhəmməd peyğəmbərin həyatı
ilə bağlı qissələr.
Qısas əl-ənbiya Quran rəvayətlərinin
böyük bir hissəsini təşkil edir. Hədislərdə
yüz iyirmi dörd min peyğəmbər olduğu göstərilsə
də, Quran-i Kərimdə aşağıdakı peyğəmbərin
adı çəkilmişdir: Adəm (ə), Nuh (ə),
İdris (ə), Hud (ə), Saleh (ə), Şüeyb (ə),
Ibrahim (ə), İsmail (ə), Ishaq (ə), Lut (ə), Yaqub (ə),
Yusif (ə), Əyyub (ə), Yunus (ə), Musa (ə), Harun (ə),
əl-Yəsə (ə), Zu l-Kifl (ə), Davud (ə),
Süleyman (ə), İlyas (ə), Yəhya (ə), Zəkəriyyə
(ə), İsa (ə), Məhəmməd (ə).
Quran qissələrinin böyük bir qismini əhatə
edən qısas əl-ənbiyada tövhid və nübuvvətlə
bağlı məsələlərə xüsusi diqqət
yetirilmiş, peyğəmbərlərin məsumluğu və
möcüzələrlə çıxış etmək
qabiliyyəti, bir çox ümmətlərin öz peyğəmbərinə
inanmayıb onu inkar etməsi kimi məsələlər əks
olunmuşdur.
Ərəblərin İslamaqədərki tarixinin əks
olunması baxımından Quran-i Kərimdə Səba
dövləti, Ərim seli ilə bağlı rəvayətlər
maraq doğurur (Səba, 15-17). Eləcə də əl-Buruc
surəsinin 4-9-cu ayələrində xatırlanan Ashab əl-uxdud
(xəndək sahibləri) və əl-Fil surəsində əks
olunmuş Ashab əl-fil (Fil sahibləri) rəvayətləri
də İslamaqədərki ərəb tarixi ilə
bağlı bəzi hadisələrə toxunduğundan diqqətəlayiqdir.
Quran-i Kərimdə müdrik adamlar və qəhrəmanlarla
bağlı hekayətlərə gəlincə, İskəndər
Zu l-Qarneyn və Loğmanın (Loğman) hekayətini, Həbib
Nəccarla əlaqələndirilən Ashab əl-qaryə
(Şəhər sakinləri) qissəsini göstərmək
olar.
Bəzən Quran-i Kərimdə tarixi şəxsiyyətlər
- peyğəmbərlər, padşahlar, müdrik adamlarla
bağlı olmayan ayrı-ayrı ibrətamiz hekayətlər
də verilir. Belə hekayətlərdən iki bağ sahibi ilə
bağlı rəvayət maraqlıdır. Əl-Kəhf surəsinin
32-44-cü ayələrində əks olunmuş bu rəvayət
dərin ibrətamiz mənaya malik olub insanları
Tanrının bəxş etdiyi nemətlərlə
öyünməməyə, allahsevərliyə və
xeyirxahlığa səsləyir.
Quran-i Kərimdə Məhəmməd peyğəmbərin
həyatı ilə bağlı bir sıra hadisələr də
öz əksini tapmışdır. Digər rəvayətlərdən
fərqli olaraq, Məhəmməd peyğəmbərin (s.ə.s.)
həyatı ilə bağlı əhvalatlar müqəddəs
kitabda çox qısa və ötəri əks olunub.
Yalnız təfsirlərdə bu qissələr hərtərəfli
verilir. Peyğəmbərimizin həyatı ilə
bağlı İsra və Merac (əl-İsra,1), Şaqq əl-qamər
(əl-Qamər,1), Əhl əl-ifk (böhtan əhli) hadisələri
(ən-Nur,10-17) ilə bağlı rəvayətlər maraq
doğurur.
Quran və poeziya
Bütün peyğəmbərlər kimi, Məhəmməd
peyğəmbər də öz missiyasını yerinə
yetirərkən müəyyən çətinliklərlə
üzləşmişdir. Təkallahlılığı qəbul
etmək istəməyən müşriklər peyğəmbərə
və bu dini qəbul etmiş ilk müsəlmanlara
qarşı açıq-aşkar düşmənçilik
mövqeyinə keçirlər. Hətta bəzi müşrik
valideynlər öz müsəlman övladlarını evdə
zəncirləyib saxlayırdılar ki, onlar Məhəmməd
peyğəmbərin çıxışlarını dinləməyə
getməsinlər. Bütpərəsrt ərəblər
onların əsrlər boyu ibadət etdiyi bütlərə
qarşı çıxıb Vahid Allaha iman gətirməyə
çağıran peyğəmbəri başa
düşmür, onun ideyalarını qəbul etmək istəmirdilər.
Müşriklər Məhəmməd peyğəmbərin gərgin
vəhy prosesindən sonra qafiyəli nəsrlə - səclə
söylədiyi çıxışlarını – Quran ayələrini
şeirə bənzədir, peyğəmbərin
özünü isə “şair” adlandırırdılar.
Hələ qədim zamanlardan ərəblər müəyyən
ahəng və qafiyə ilə söylənilən
çıxışların insana fövqəltəbii
qüvvələr tərəfindən təlqin edilməsinə
inanmışlar. Onların fikrincə, şeir insana cinlər
vasitəsilə təlqin edilir. Buna görə də bütpərəst
ərəblər Məhəmməd peyğəmbəri
şairun məcnunun (cinli şair) adlandırırdılar:
(Onlar) “Biz heç divanə bir şairdən
ötrü tanrılarımızı tərk edərikmi?” -
deyirdilər (əs-Saffat, 36).
Bəzən bütpərəstlər Quran ayələrinin
qarmaqarışıq yuxu nəticəsində meydana gələn
bir sayıqlama olduğunu söyləyirdilər və yenə
də Peyğəmbəri şairə bənzədirdilər.
Çünki İslamdan öncə şairlər tərk
edilmiş obaların xarabalıqlarında gecələyir,
burada gördükləri yuxuların onlara fövqəltəbii
qüvvələr tərəfindən təlqin olunmasına
inanırdılar. Quranda deyilir:
Onlar deyirdilər: “(Bu Quran) qarmaqarışıq
yuxulardır, onu özü uydurmuşdur. O, bir şairdir” (əl-Ənbiya,
5).
Ət-Tur surəsinin 30-cu ayəsindən
müşriklərin Məhəmməd peyğəmbəri
şair adlandırmaları aydınlaşır. Əlbəttə,
kafirlərin bütün iddiaları Quran-i Kərimdə
israrla rədd edilir. Quranda Allah-Təala şairləri avara, sərgərdan,
sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyən
adamlar kimi təsvir etmişdir. Əş-Şuara surəsində
deyilir:
Şairlərə gəlincə, onlara yalnız
azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər
bir vadidə sərgərdan gəzib dolaşırlar. Və
onlar etmədikləri şeyləri deyirlər (əş-Şuara.
224-226).
Qeyd edək ki, sonrakı ayədə mömin şairlərin
bu deyilənlərdən uzaq olması bildirilir.
Bu ayələrin nazil olması ilk növbədə
müşrik şairlərin - Abdulla ibn əz-Zibəra, Hubeyrə
ibn Əbi Vahəb, və başqalarının İslam dinini
və onun peyğəmbərini həcv etməsi ilə
bağlı idi. Digər tərəfdən, ərəb
şeirində heç də həmişə həyati həqiqətlər
olduğu kimi əks olunmurdu. Şairlər bəzən mədhiyyələrində
və fəxriyyələrində olduqca mübaliğəli
müqayisələr aparır, həqiqətə uyğun gəlməyən
hədsiz təriflər edirdilər. Bir kəsi həcv edərkən
ona iftiralar yağdırır, hər cür pis xüsusiyyətləri
həcv olunan adama aid edirdilər. Bütün bunlara görə,
Quran-i Kərimdə dönə-dönə Məhəmməd
peyğəmbərin şairlikdən uzaq olması söylənilir:
Biz ona (Məhəmməd əleyhissəlama) şeir
öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy
olunan ancaq öyüd-nəsihət və
açıq-aşkar Qurandır (Yasin, 69).
Ibn Kəsir öz təfsirində peyğəmbərin
şeir söyləyərkən xətalara yol verdiyini və səhabənin
onun bu xətalarını düzəltdiyini bildirir. Rəvayətə
görə, belə hallarda, Əbu Bəkr və Ömər
Yasin surəsinin yuxarıda qeyd etdiyimiz 69-cu ayəsini
xatırladarmışlar (İbn Kəsir, cild 3, 585). Rəvayət
edilir ki, Peyğəmbər Tarafə ibn əl-Abdın
muallaqasının qəzavü-qədərlə bağlı
son beytini təkrarlamağı sevirdi. Poeziyaya neqativ münasibət
hədislərə də yol açıb. Bir hədisdə
deyilir:
Bir kəsin içərisinin şeirlə dolu
olmasındansa, irinlə dolu olması daha yaxşıdır,
çünki irin əvvəl-axır sağalır.
Başqa bir hədisdə Məhəmməd peyğəmbər
İslama həcv yazan şairlər barədə deyir:
Kim İslam barədə pis bir həcv söyləsə,
dili hədər gedər.
Beləliklə, ilk baxışda sanki İslam dini
şeirə, poeziyaya zidd mövqe tutmuş kimi
görünür. Zaman keçdikcə, filoloqlar bu mövqenin
başqa tərəflərini araşdırmış,
İslamın poeziyaya zidd olmasının digər səbəblərini
göstərməyə çalışmışlar. Onlar
müəyyən bir ölçüsü olan şeiri musiqiyə
bənzədirdilər. Musiqi isə əyləncənin bir
növüdür ki, Rəsulullah bunu bəyənməyib
demişdir: “Biz əyləncəyə uyanlardan deyilik, əyləncəyə
uyanlar da bizdən deyildir”.
Əlbəttə, zaman keçdikcə İslam dininin
və onun peyğəmbərinin şairlərə olan
münasibəti də dəyişir. Çünki artıq bəzi
şairlər müsəlmanlığı qəbul edib yeni
dini müdafiə etməyə başlayırlar. Mühacirlər,
ənsarlar arasından görkəmli şairlər
çıxır. Abdulla ibn Cəhş, Osman ibn Məzun,
Abdulla ibn Haris, Abdulla ibn Huzafə, Kəb ibn Malik, Abdulla ibn
Ravahə, eləcə də Hassən ibn Səbit, Kəb ibn
Zuheyr, qardaşı Buceyr ibn Zuheyr kimi tanınmış
şairlər yeni dinin keşikçisinə çevrilirlər.
İslamı müdafiə edənlər arasında Hind bint
Əsəsə, Safiyyə bint Abd əl-Muttəlib kimi qadın
şairlər də var idi. Belə şairlərin
yaradıcılığının əsas cəhəti
müşrikləri həcv edib müsəlmanları
onların tənələrindən qorumaq, yeni dini, onun
peyğəmbərini və peyğəmbərin
silahdaşlarını tərif etmək idi. Təsadüfi
deyil ki, şairləri pisləyən məşhur Quran ayələrinin
(əş-Şuara, 224-226) ardınca bu cür şairlər
yad edilir; deyilən tənələrin onlara aid
olmadığı göstərilir (əş-Şuara, 227).
Zaman keçdikcə yaxşı şeiri pis şeirdən
ayıran hədislər söylənilir:
Şeir qoşulmuş kəlamdır. Ondan həqiqətə
uyğun gələni yaxşıdır. Həqiqətə
uyğun gəlməyənində isə heç bir xeyir
yoxdur.
Bir hədisdə şeirdə böyük hikmət
olduğu söylənilir. Bəzi hədislərdə
şairlik sənətinin ərəblərin ruhuna, qanına
işlədiyi, ərəbin mayasının şeirlə
yoğrulduğu anlaşılır.
Dəvə doğma yerlərin həsrətindən əl
çəkə bilmədiyi kimi ərəb də şeirdən
əl çəkə bilməz.
Dəvə başqa heyvanlardan doğma yerlərə
bağlılığı ilə fərqlənir. Əbu Osman
əl-Cahiz (v. 868) özünün “Mənaqıb əl-ətrak”
(Türklərin fəzilətləri) əsərində bu barədə
yazır ki, dəvəni Ərəbistandakı obasından
götürüb Bəsrəyə gətirsən, o, doğma
yerlərə o qədər həsrət çəkər ki,
doğma torpağın iyini duyaraq özü böyük bir məsafə
keçib obasını tapa bilər. Beləliklə,
şeirin ərəbin qəlbinə nə qədər
doğma olduğunu bilən Peyğəmbər, bu
böyük qüvvədən yeni dinin mənafeyi
üçün istifadə etməyi lazım bilir.
Bütün bu deyilənlərə yekun olaraq qeyd etmək
istərdik ki, İslamın nə poeziyanı dəstəkləməsi,
nə də onun əleyhinə olması iddiası ilə
çıxış etmək düzgündür. İslam ilk
növbədə cəmiyyətdə müəyyən bir
toplumun siyasətini ifadə edirdi. Nə qədər ki, poeziya
güclü bir qüvvə kimi bu topluma qarşı idi,
şairlər gözdən salınırdı. Əks tərəf
zəiflədikcə poeziyanın gücündən
İslamın öz mənafeyi üçün istifadə
olunması zərurəti meydana çıxır. Əgər
Peyğəmbər İmru ul-Qeysi şairlərin cəhənnəmə
gedən yolda öndəri sayırdısa, Zuheyrin simasında
şeytan əlaməti görürdüsə, bu heç də
onun şeir kimi güclü bir silaha biganə
qalacağını ifadə etmirdi. Mənbələrdə
onun şairə əl-Xənsənin, Əntəra ibn Şəddədin
poeziyasını bəyənməsi, yorulmadan Uməyyə ibn
Əbi s-Saltın şeirlərini dinləməsi barədə
xəbərlər vardır. Çox keçmir ki, o, şairləri
İslamı müdafiəyə səsləyir. Onun fikrincə,
əldə qılınc İslamın müdafiəsinə
qalxanlar öz şeirləri ilə də dini müdafiə edə
bilərlər:
Rəsulullaha öz silahı ilə kömək edənlərə
onu öz şeirləri ilə də müdafiə etməyə
nə mane olur?
Çox keçmir ki, həqiqətən də
İslamı həm qılıncı, həm də şeiri
ilə müdafiə edən şairlər ordusu meydana
çıxır.
Quran, sufizm və xalq inancları
Quran-i Kərimin Sufi təliminə, onun nəzəri və
təcrübi tərəflərinə böyük təsiri
olub. Sufizm asketik cərəyan olub yarandığı ilk
gündən başlayaraq vəhdəti-vücud kimi mükəmməl
bir zirvə təliminədək daim Qurandan bəhrələnib.
Allahla insan arasında yaxınlığın
sübutlarını Quranda axtaran sufilər bir sıra ayələri
öz təlimlərinin əsasında tuturdular: “Biz ona şah
damarından da yaxınıq!” (Qaf, 16) kimi ayələr ilahi
varlıqla təmasa can atan sufilərin ilham mənbəyi idi.
Allahın təcəllisini bütün varlıqlarda
görən Sufi təlimi “Şərq də, Qərb də
Allahındır: hansı tərəfə yönəlsəniz
(üz tutsanız) Allah oradadır” (Baqara, 115) ayəsindən
bəhrələnirdilər,
Ayrıca olaraq, Allah-insan münasibətlərini Allah
qorxusu olan təqva deyil, məhəbbət əsasında
qurduqlarından sufilər “Allah elə bir qövm gətirəcək
ki, (Allah) onları, onlar da (Allahı) sevəcəklər” (əl-Maidə
, 54) ayəsində məhz özlərinə işarə edildiyini
bildirirdilər. Sufilər Quran ayələrində öz mistik
təcrübələrinə haqq qazandıran mənalar
axtarır, diqqəti müqəddəs kitabın metafizik səmtinə
yönəldirdilər. Onlar Allah-insan münasibətlərini
kosmoqonik mistikaya bağlayır, insan övladı ilə Uca
Tanrı arasında əbədi və əzəli bir əhdnamənin
mövcudluğu iddiası ilə çıxış edir,
buna işarəni də Quranda axtarırdılar(əl-Əraf,
172).
Şiələr kimi sufilər də Quranın batini təfsirinə
meyilli idilər. Sufi şərhlərinin ilk nümunəsi
nişapurlu sufi mütəfəkkiri Abd ər-Rəhman əs-Suləmi
(v. 1021) tərəfindən toplanıb. Bu şərhlər
İslam mistisizmində və asketizmində xüsusi yerləri
olan Həsən əl-Bəsriyə (v. 728), Cəfər əs-Sadiqə
(v. 765) və Sufyən əs-Sauriyə (v. 778) istinad edir.
Əs-Sulami təfsirində Cəfər əs-Sadiqə istinadən
Quran mətninin dörd qatdan ibarət olması iddia edilir. Hər
bir qatın özünəxas müraciət obyekti var: Adi
insanlara, ruhanilərə, övliyalara, peyğəmbərlərə
müraciət edilən qatlar.
Sufi təcrübəsində Quran qiraəti xüsusi
yer tuturdu. Xüsusilə Ramazan ayında sufilər Qurani təkrar-təkrar
oxuyur, ayrıca olaraq gecə qiraətlərinə, ibadətdə
keçirilən yuxusuz gecələrə xüsusi önəm
verirdilər. Cəfər əs-Sadiq deyirdi ki, mən Quranı
təkrar-təkrar o qədər oxudum ki, axırda onları
Tanrının öz dilindən eşitdim. Quranı 7-8
yaşında əzbərləyən Səhl ət-Tustəri
(v. 896) bütün həyatı boyu onun qiraətini davam
etdirir. Quran tilavəti Malik ibn Dinarın (v. 748) zövq
aldığı yeganə iş idi. Bəzən sufilər
ayrı-ayrı Quran ayələrini və surələri təkrar-təkrar
qiraət edirdilər. Səhl ət-Tustərinin Quran qiraəti
zamanı ekstaz halı yaşadığı qeyd olunur. Allah kəlamını
təkrar-təkrar oxuyan sufilər ilahi kəlam vasitəsilə
Haqqa qovuşmağa can atırdılar.
Sufilər Qurana tarixi və hüquqi bir mətn olmaqdan
daha çox mistik mənbə kimi baxırdılar. Onların
nəzərində cihad insanın öz nəfsi ilə
mübarizəsi idi. Onlar bəzi surələrin önündəki
huruf muqattaaya xüsusi əhəmiyyət verib onların
sirrini açmağa çalışırdılar. Sufilər
Fatihə, İxlas surələrinin və Ayət əl-kürsinin
mistik mahiyyətinə xüsusi əhəmiyyət verirdilər.
Sufizm həm də İslamın xalq kütlələri
arasında geniş yayılmış bir istiqaməti idi. Sufi
şeyxlərinin adına kəramətlər söylənilir,
binəsib kütlələr onlardan yardım umurdular. Bu mənada
Sufizm həm də magiya və okkult elmlərlə
bağlı bir cərəyan idi. Bu sahədə onların əsas
mənbəyi yenə də Quran-i Kərim idi. Quran ayələrindən
insanların arzu və diləklərini, ehtiyaclarını
ödəmək üçün sehrli bir qüvvə, tilsim
kimi istifadə olunması geniş yayılmış hal idi.
Quran mətni döyüşçülərin
köynəyi və silahları üzərinə həkk
olunurdu. Ayələrdən kömək umulur, insanlar
mühüm problemlərini onları üzərlərində
gəzdirməklə çözmək ümidinə
düşürdülər.
Bəsmələ özü ayrılıqda
bütün xəstəliklərə qarşı, pisliklərdən
qorunmaq, zalımdan özünü qorumaq üçün
mühüm dua sayılır. İslam dünyasında
bütün işlərə bəsmələ ilə
başlamaq adəti geniş yayılıb. Bundan əlavə
Quranın bir sıra surələrinin əvvəlində
işlənən muqattaa hərflərin də sehrli
gücünə inanılıb. Bu hərflər bütün
xəstəliklərə qarşı tilsim kimi işlənib.
Zalımın zülmündən qorunmaq, ruzi, uğur və
rifah, eləcə də qarımış qızları ərə
vermək üçün də bu hərflərdən istifadə
edilib.
İslam dünyasında həm Quran ayələrindən,
xüsusilə Ayət əl-Kürsüdən, həm də
ayrı-ayrı əsərlərdən (məsələn, əl-Busirinin
“Burdə” qəsidəsi) şəfa məqsədilə
geniş istifadə olunub. Bəd nəzərdən qorunmaq
üçün əl-Qələm surəsinin 51-52-ci ayələrindən
bütün müsəlman dünyasında geniş istifadə
olunur.
Əl-Vaqiə surəsi bütünlükdə ruzi
duası kimi işlənir. Düşmənlərin şərindən
qorunmaq üçün əl-Adiyət oxumaq məsləhət
bilinir. Səbrli olmaq üçün əl-Baqara surəsinin
250-ci, Cəhənnəm odundan qorunmaq üçün həmin
surənin 201-ci, bağışlanmaq üçün
286-cı, hidayət yolundan dönməmək
üçün Əl İmran surəsinin 8-ci, günahlardan
təmizlənmək üçün həmin surənin
193-cü, Allahın mərhəmətini qazanmaq
üçün əl-Kəhf surəsinin 10-cu ayələrindən
dua kimi istifadə olunur. Ümumiyyətlə, İslam şərqində
duaya böyük önəm verilib. Əl-Ğafir surəsində
“Mənə dua edin, sizə cavab verim,” - deyilir:
İslam dünyasında dua edən şəxsin hər
iki əlini açıb Allaha müraciət etməsi
geniş yayılıb. Tirmizidən söylənilən hədisə
görə, Allah ona doğru açılan əlləri
boş qaytarmaq istəmədiyindən bu cür səslənən
dualar müstəcəb olar. Quranın özündə Yunus
peyğəmbərin və Zəkəriyyənin duaları
müstəcəb dualara misaldır. Musa peyğəmbərin
duası isə elm arzusunda olan insanlar üçün
münasib görsənir. Bu, alimlərin sevdiyi bir duadır.
İslam dünyasında həm şiələr, həm
də sünnilər arasında dördüncü şiə
imamı Zeynəlabidinə aid edilən “əl-Cauşən əl-kəbir”
(Böyük qalxan) duası geniş yayılıb. Müsəlmanlar
Allahın gözəl adlarını ehtiva edən bu duanın
təsir gücünə inanırlar.
Bu qədər...
Aida Qasımova
525-ci qəzet.- 2024.- 18
aprel,¹ 66.- S.8;9.