Tariximizdən
bir yarpaq: İrəvan xanı Hüseynəli xanın
naxçıvanlılara məktubu
İrəvan qədim zamanlardan oğuz türklərinin
yurdudur. Çuxur-Səd bəylərbəyliyində Qacar
elinin Ağcaqoyunlu, Ziyadoğlu, Dəvəli nəsilləri
yüksək ixtiyar sahibi idilər. Bunlardan ən məşhuru
Ziyadoğlu-Qacarlar idi.
XVII yüzilliyin sonu, XVIII əsrin əvvəllərində
İrəvandakı Ziyadlı-Dəvəli nəslinin
başçılarından biri Xəlil xan olub. Qeyd edək
ki, bu Xəlil xan bir sıra sənədlərdə adı
qeyd edilən Xəlil xan Özbək deyil. Bəzi tədqiqatçılar
bunların eyni şəxs olduğunu yazsalar da, yanlışa
yol verilir. Çünki 1755-ci ildə Həsənəli xan
Ziyadlı Qacar Xəlil xan Özbəyin İranda Kərim xan
Zəndin yanında heç bir nüfuz sahibi olmamasından
istifadə edərək hakimiyyətə gəlmişdi. Deməli,
Xəlil xan Özbək Həsənəli xanın atası
deyil.
Həsənəli xan İrəvanlı Xəlil
xanın oğlu idi. Xəlil xanın Hüseynəli və Məhəmmədhəsən
xan adlı oğulları da olmuşdu. Həsənəli xan
1759-cu ilədək İrəvanın müstəqil hakimi vəzifəsini
daşımışdı. Xəlil xanın ikinci oğlu
Hüseynəli xan İrəvan şəhərində
doğulub. Mükəmməl mədrəsə təhsili alan
Hüseynəli xan 1759-cu ildə qardaşından sonra İrəvana
xanlıq edib. Hüseynəli xan qurucu, səxavətli bir hakim
olub. Memar Mirzə Cəfəri şəhəri yenidən
qurmaq məqsədilə İrəvana dəvət etmişdi.
1783-cü ildə ömrünü müəmmalı şəkildə
başa vuran Hüseynəli xanı özünün tikdirdiyi
Göy Məsciddə dəfn etmişdilər. Onun yerinə
qardaşı Qulaməli xanı təyin etsələr də,
onu 1785-ci ildə saray çevrilişi zamanı
öldürdülər. İrəvan xanlığına 1785-ci
ildə Hüseynəli xanın ikinci oğlu Məhəmməd
xan sahib oldu. Yeri gəlmişkən, arxiv sənədlərindən
məlum olur ki, Məhəmməd xanın bacıları
Tükəzban və Səltənət xanımların
anaları Şadlı tayfasından imiş.
İndiyədək İrəvan xanlığına
aid kitablarda Hüseynəli xanın ikinci oğlunun olduğunu
yazsalar da, İrəvandakı Ermənistan Milli Arxivində
89-cu fondda saxlanılan İrəvan Bəy Komissiyasının
jurnalından (2 iyun 1866) məlum olur ki, Hüseynəli
xanın Məmmədqulu xan adlı oğlu da varmış. Məmmədqulu
xanın hərbi rütbəsinin kapitan olduğu qeydə
alınmaqla 1827-ci ilədək Həmədan şəhərinin
hakimi olduğu haqda məlumat verilir. Sonralar kapitan Məmmədqulu
xan Rusiya təbəəliyini qəbul etmiş, İrəvanda
yaşamışdı. Məqamındaca deyək ki, kapitan Məmmədqulu
xanın oğul nəvəsi Abbasqulu xan İrəvanski məşhur
Kəngərli generalları III Kalbalı xan və Cəmşid
xan Naxçıvanskilərin ana babalarıdır. Tədqiqatçıların
İrəvan arxivlərindəki sənədlərdən
istifadə edə bilməmələri İrəvan
xanlarının şəcərəsində müəyyən
qədər boşluq yaradıb.
Kapitan Məmmədqulu xanın anasının kimin
qızı olması haqqında məlumat verilməyib. Ona məxsus
maraqlı bir sənədi Gürcüstan Milli Arxivində
tapdıq. Məhəmməd xan və qardaşı kapitan Məmmədqulu
xanın Naxçıvan xanlığı ilə sıx
ünsiyyəti və qohumluğu olub.
Çox təəssüf ki, bir çox kitablarda
Hüseynəli xanı Həsənəli xanın oğlu kimi
yazırlar. Bunlar ata-oğul yox, qardaşdırlar. Bir haşiyə
çıxmaq maraq doğurardı. 1827-ci ildə Abbasabad
qalasının komendantı olmuş Məhəmmədəmin
xan irəvanlı Həsənəli xanın oğludur. Fətəli
şahın kürəkəni olan Məhəmmədəmin
xanı ruslar Tiflisə əsir aparmışdılar. Sonralar
Abbas Mirzə bacısını ondan boşatdırıb
demişdi: "Qalanı düşmənə verən bir adam
mənimlə qohum ola bilməz".
Naxçıvan xanlığının xarici siyasətində
ən mühüm yeri İrəvan xanlığı tuturdu.
Hüseynəli xan və onun oğlu Məhəmməd
xanın Naxçıvanın Kəngərli xanları ilə
qırılmaz diplomatik münasibətləri sonralar
qohumluğa çevrilmişdi. Naxçıvan
xanlığının tarixi sənədlərindən məlum
olur ki, Abbasqulu xan Kəngərli Kartli-Kaxetiya çarı II
İrakli və İrəvan xanı Hüseynəli xan Qacarla
yaxın dost olub. Onlarsa bunun müqabilində bir neçə
dəfə Abbasqulu xanı Naxçıvan
xanlığında hakimiyyətə gətirmişlər.
Bizcə, "İrəvan xanlarının diplomatik məktublar
külliyyatı" dərindən araşdırılsa,
İrəvan xanlığı ilə bağlı bir çox
mübahisəli məsələlər aydınlaşar. Bu məktubları
oxuyanda aydın olur ki, heç də Azərbaycan
xanlıqları həmişə II İrakli ilə
düşmənçilik mövqeyində olmamışlar.
Bu, xanlıqların müstəqilliklərini itirmək istəməməsi
istəyindən irəli gəlirdi. Rusiya imperiyasının hərbi
gücünə arxalanan II İrakliyə İrəvan
xanlarının məktublarında "vali" deyə
müraciət olunur.
Arxiv sənədlərində və nəşr
olunmuş elmi monoqrafiyalarda olan məlumatlar xəbər verir
ki, İrəvan xanlığının II İrakliyə
qarşı vuruşduğu vaxtlar da olub. Elə vaxtlar olub ki,
İrəvan xanlığı Kartli-Kaxetiya
çarlığına "bac" da verməyə məcbur
olub. Ona görə də bəzən İrəvan xanları
II İraklinin diplomatik tapşırıqlarını yerinə
yetirirdilər. II İrakli Hüseynəli xanın
Naxçıvan xanlığı ilə qohumluq əlaqəsini
bildiyi üçün onun vasitəsilə vaxtilə
Naxçıvan Kəngərlilərinin vəkili II Kərim
Sultana təzyiq göstərmək istəmişdir. Zahirən
bəlağətli və öyüdverici məktubda hədələr
açıq-aşkar görünür.
Naxçıvanlılar isə "İraklinin" adından
gələn məktuba məhəl qoymamışlar. Qeyd edək
ki, I Kalbalı xan bu zamanlarda Naxçıvan
xanlığında qoşunlara sərkərdəlik edirdi.
Onun qardaşı Cəfərqulu xan hakimiyyətdə idi. Onun
iradə zəifliyindən II İrakli istifadə etmək istədikdə
qardaşı I Kalbalı xan Naxçıvan
xanlığına sahib çıxdı və II İraklinin
Naxçıvanı tutmaq arzularını gözündə
qoydu.
Tiflis şəhərinin mərkəzində -
Saburtaloda yerləşən Gürcüstan Milli Əlyazmalar Mərkəzində
hərbçi şərqşünas K.N.Smirnovun şəxsi
arxivində "İrəvan xanlarının diplomatik məktublarının
(XVIII əsr) külliyyatı"nın rus dilinə tərcüməsi
saxlanmaqdadır. Həmin arxivdə elmi axtarışda olarkən
irəvanlı Hüseynəli xanın Naxçıvan Kəngərlilərinin
vəkili II Kərim Sultana yazdığı məktubu
tapdıq. Məktubdan aydın olur ki, Abbasqulu xan Kəngərli
Naxçıvan xanlığında hakimiyyətdən
uzaqlaşandan sonra Kartli-Kaxetiya çarı II İraklinin
yanında sığıncaq tapmışdı. Gürcü
çarı II İrakli Hüseynəli xana
tapşırır ki, Naxçıvan hakimləri ilə
danışıqlar aparıb Abbasqulu xanın hakimiyyətini bərpa
etsin. Məktub İrəvan xanlığının
münşisi Qüdsi tərəfindən yazılıb. Mətndən
məlum olur ki, məktub Hüseynəli xanın vəfatından
sonra Naxçıvan xanlığına göndərilib.
Diplomatik məktub Abbasqulu xanın II İrakliyə
yazdığı məktuba cavab olaraq yazılıb. Qeyd edək
ki, İrəvan xanlarının məktublarının əksəriyyəti
farsca yazıldığından, onları hərbçi şərqşünas
K.N.Smirnov ruscaya çevirib. Biz də onu rus dilindən
(azacıq ixtisarla) tərcümə edərək doğma
tariximizi sevən oxucularımızın ixtiyarına verməyi
məqsədəuyğun sayırıq. Məktub 1783-cü
ildə yazılmışdır. Bu məktub bir daha təsdiqləyir
ki, Naxçıvan xanlığı müstəqilliyi
uğrunda gərgin mübarizə aparıb.
Abbasqulu xan haqqında mərhum İrəvan
xanının Naxçıvan şəhərinin əyanlarına
və hakimlərinə yazılan məktubunun surəi:
"Uca məqamlı, sədaqətli Məhəmmədkərim
Sultana, həmçinin nazirlərə, əyanlara, kəndxudalara
və Naxçıvam diyarının hörmətli
ağsaqqallarına sonsuz salamlarını bildirir və bəyan
edirəm:
Uca şanlı, dostluq qədri bilən, əziz və
mehriban, övladım qədər xətrini istədiyim
Abbasqulu xan qohumlarının pis rəftarından və
narazılıqlarının ucbatından onun üçün
əsl ata vətəni olan, qəlbən
bağlandığı Naxçıvan diyarından
çıxmağa məcbur olub. Bir müddət sonsuz səhralarda
sərgərdən gəzərək sədaqətli
dostlarından və rəhbərdən lazımi göstəriş
alandan sonra xoşbəxtlik onun üzünə güldü -
mənim əlahəzrət valimin sarayına tərəf
üz çevirdi. Ciddi-cəhdlə onun əlindən bərk
tutdu və xahiş etdi ki, köməyini əsirgəməsin.
Şikayətlərini və gileylərini bildirərək təmənna
etdi ki, zati-alinin mərhəməti nəticəsində onun
işlərinin və uğursuzluqlarının yaxşı
sonluqla qurtarmasına yardımını göstərsin. Əlahəzrət
onu yüksək xidmətin əvəzi olaraq qonaqlığa
çağırdı və cənnətin əfsanəvi
bağlarını göstərdi. Belə ki, daim şəfqət
və mərhəmətin möhkəm bağları onu ədalət
məhkəməsinin təməlləri və gücsüz
bir şəhərin insanlarına yardım etmək
xüsusiyyətilə birləşdirdi. Diqqət və mərhəmətin
oyanışı isə, hər şeydən əvvəl,
günəş hərarətindən yanan
ayrılığın, istibdadın və bədbəxtliyin
üzərinə sərin bir kölgə yayırdı.
Hansı ki, yuxarıda qeyd edilənləri o, xüsusi mərhəmətin
və məxsusi alicənablığın əsas obyektinə
çevirdi.
Məğrur, qüdrətli taxt-tacına layiq olan nəvaziş
və göstərdiyi mərhəmətdən məmnun
olandan sonra o, Abbasqulu xanı bir sıra yeniliklərlə - ona
fikirlərinin mütləq sevinci olan və adət etdiyi
müstəqil vəzifəsini qaytarmaq, yardım etməmək,
köməklik göstərmək vədi ilə onu sevindirdi.
O, məzuniyyətə və gedişə icazə verərək
yuxarıda qeyd olunan qaydalara əməl edən, yüksək
keyfiyyətlərə məxsus olan, yüksəkməqamlı
belə bir həmsöhbət və əzəmət
sığınacağının qulluqçusunun əsas
işlərinə dair iftixar hissi oyadan bir məktubu da həmin
ölkənin tələbi müqabilində təqdim etdi.
Həmçinin Allaha ibadət edənə (Məhəmmədkərim
Sultan Kəngərliyə - M.Q.) özünə mərhəmət
məktubu yazıb göndərmişdir. Qərara gəldi və
əmr etdi ki, bu tərəfdən o tərəfin alilərinə
xeyirxahlıq məktubu yazılsın.
Onların gəlişindən sonra yüksək məqamlı
dostumuzun işlərinin həllində və vacib əməllərinin
tam anlaşılmasına, aydınlaşdırılmasına
cəhd göstərilməlidir.
Buna görə də yaradan Allaha ibadət edən mənim
Əlahəzrət valim elçi ilə birlikdə o biri tərəfə
sədaqət ifadəsi olaraq yeganə cənabını da
göndərdi ki, yerindəcə hər şey haqqında məlumat
versin və bildirsin. Hörmətli Naxçıvan hakimi bu tərəfdən
gəlmiş işçilərin xeyirxahlıq məktubunun məzmunu
haqqında məlumat alandan sonra məsələnin
razılıq əsasında yüksək həll edilməsi
üçün gecikmədən elçilərlə birlikdə
xeyirxah tərəfə yola düşərdi.
Özünün iştirakı ilə məsələni
müzakirə edərdi və məsləhətləşərdi,
tələblərə uyğun olaraq o tərəfin öz
arzusu ilə qərar verilərdi, adıçəkilən uca
məqamlının və Naxçıvanın yerdə qalan
digər şəxslərinin hüquqları
aydınlaşdırılardı.
Bu ölkələrə yola salmağa və
qarşılamağa dair tabeçiliyin doğru yolundan kənara
çıxma, əmrin qəbul edilməməsi, yaxud
yubadılması olmamalıdır. Hazırkı vəziyyət
və gələcəkdə tədbirli olmaq haqqında bir yol
seçilməlidir.
Bəlağətli danışıq şərtləri
ilə sənə dediklərimi istəyirsən qəbul et,
istəmirsən, inkar et. Qalan digər işləri və
münasibətləri görüşənə qədər
təxirə sal. İnanıram ki, hər şeydən uca olan
Allahın köməkliyi ilə yazdıqlarım qəbul
olunacaqdır".
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 20 aprel,№68.-S.23.