Tarixin faciəli və
ibrətamiz əhvalatları
(Əvvəli ötən şənbə
sayımızda)
Çarın arvadı
ziyafət otağında çara yaxınlaşdı, ona həyəcanlanmamağı
tövsiyə etdi və dedi ki, sənin ölkəndə elə
adam vardır ki, onu sənin atan bütün maqların,
münəccimlərin başçısı təyin
etmişdi. Onun adı Daniyeldir. O, hər şeyi bacarır, onu
çağır və o, sənə yazının mənasını
bildirəcək. İudeyadan olan Daniyel saraya gətirildi.
Çar ondan bu çətin problemi həll etməyi tələb
etdi və bildirdi ki, bunu bacarsa, başqalarına etdiyi təklif
onun üçün də qüvvədə qalır. Daniyel
isə cavabında dedi ki, sən hədiyyəni özün
üçün saxla və mükafatını
başqalarına ver. Sənin atan öldürmək istəyəndə
öldürürdü, aman vermək istəyəndə aman
verirdi, kimi istəsə, yüksəldirdi, kimləri istəsə,
özünə tabe etdirirdi. Lakin onun ürəyi xudpəsəndliklə
dolduqda və məğrurluqdan bərkidikdə, o, çar
taxtından salındı və onun şərəfi
parça-parça oldu. O, adamlardan qaçdı və heyvan
ağlına yiyələndi, vəhşi eşşəklər
içərisində yaşamağa başladı, qaramal kimi
ot yedi, onun bədəni göydən düşən şehlə
islandı, o vaxta qədər ki, o, ən ali Allahı
bütün çarlıqların və adamların
üstündə hakim kimi qəbul etməyə
başladı.
Lakin onun oğlu olan sən bütün bunları
bildiyin halda, özünü Allaha tabe etdirə bilmədin, əksinə,
özünü göylərin sahibinə qarşı
aparmağa başladın. Sən məbəddən
götürülmüş qədəhlərdə şərab
içməyə başladın. Sən Allaha hörmət
etmədin, O isə sənin həyatını və
bütün sənin idarə etmə üsullarını əlində
saxlayır. Ona görə həmin yazını yazan əli
göndərmişdir. Yazı isə belədir: "Mene, mene,
tekel, uparsin". Bu sözlərin isə mənası budur:
mene - Allah sənin hökmranlıq etdiyin günləri
saymışdır və onları axıra gətirib
çıxarmışdır, tekel - sən tərəzidə
çəkilmisən və istədiyini tapmısan, peres
(uparsin) - sənin çarlığın yarı bölünərək,
Midiyaya və Persiyaya veriləcəkdir.
Bundan sonra Baltasar Daniyeli qumaş paltara geyindirdi, boynuna
qızıl zəncir doladı və çarlığın
üçüncü ən yüksək hökmranı elan
etdi. Elə həmin gecə babilistanlıların
çarı Baltasar öldürüldü və persiyalı
Dara çarlığı öz hakimiyyətinə aldı.
Allah elədiyi zülmlərə görə nəinki onu cəzalandırdı,
həm də onun ölkəsinə bəla gətirdi. Bu,
Bibliyanın Daniyel kitabında təsvir olunmuşdur.
Yaxud, qədim dünyadakı başqa ibrətamiz hadisələrə
müraciət edək. Məğrur Tarkvini Romada çar
taxt-tacını ədalətli yollarla deyil, cinayət yolu ilə
əldə etmişdi. Ona görə də xalq bir məğrur
çar kimi ona nifrət edirdi, onun hakimiyyətindən cana gəlmişdi.
Onun oğlu ərli qadın Lukretsiyaya təcavüz etdikdən
sonra, xalq üsyan qaldırdı və onu b.e.ə. 510-cu ildə
taxt-tacdan qovdu. Lakin kasıblar tiraniya üçün
darıxırdılar və hesab edirdilər ki, müharibə
tiraniyadan da ağırdır. Tarkvini çarlıqdan tam
imtina etdiyini və ona, onun dost və yaxınlarına əmlaklarının
və pullarının qaytarılmasını xahiş etdi ki,
bu vəsaitlə sürgündə yaşaya bilsinlər. Bu
vaxt vətəndaşlar yığıncağında,
dövlətin idarə olunmasında heç vaxt iştirak etməmiş,
təcrübəsiz Qay Minutsi birinci söz aldı və
hamını dilə tutmağa başladı ki, ona cəhd etmək
lazımdır ki, qullar tiranlara qarşı mübarizədə
taxt-tac sahibinə kömək etsin, nəinki tiranlar xalqa
qarşı mübarizə aparsın. Tarkvini isə bundan xəyanət
üçün istifadə etmək istəyirdi.
Yeganə adam Brut idi ki, hamını Tarkvinin hiylələrinə
uymamaq barədə xəbərdarlıq edirdi. Bu vaxt
çarın adamları ilə əlaqəyə girmiş bir
çoxlarının xəyanəti aşkara
çıxdıqda, Brut xəyanətdə iştirak edən
iki oğlunun da cəzalandırılmasını tələb
etdi. Onun gözləri qarşısında əvvəlcə
oğlanlarını qamçı ilə döydülər,
sonra isə başlarını kəsdilər. Plutarxın
yazdığı kimi, o, elə bir hərəkət etdi ki,
onu layiq olduğu kimi tərifləmək də, məhkum etməyə
layiq olduğu kimi pisləmək də olmaz. İki şeydən
biridir: ya onun əxlaqi keyfiyyətlərinin
böyüklüyü onun ruhunu hər şeyə biganə
etmişdi, ya da ehtiras gücü onda hər cür mərhəmət
hissini boğmuşdu. Bunlara diqqət verməmək də
olmur, biri Allaha, digəri isə vəhşi heyvana məxsus
xüsusiyyətlərin təzahürüdür. Bütün
camaatın başqalarını əfv etmək tələblərinə
cavab verdi ki, o, qanuni hakim kimi özü bu adamların
hökmünü elan edir, digər ittiham olunanları isə
azad xalqın məhkəməsinə verir. Bundan təsirlənən
xalq öz tələbini geri götürdü və
bütün satqınların boynu vuruldu. Bundan sonra
çarın bütün əmlakı xalqın qarətinə
verildi. Onun sarayı və malikanəsi tamamilə
dağıdıldı. Hətta onun bağındakı
ağacları da kəsdilər.
Qədim Roma konsulları, hərbi diktatorları
xalqın rəyinə hörmətlə yanaşır
Lakin çarlıq ləğv edildikdən sonra Roma
respublikasında artıq hakimiyyətə iki konsuldan biri kimi gələn
Valeri də özünü çar Takvini kimi aparmağa
başladı. Ətrafındakı bir çox əyanları,
onun özünə çar kimi baxmağa məcbur edirdi.
Hakimiyyətdə olanın bir bədbəxtliyi də odur ki,
onun qulaqları cəsarətli həqiqətə deyil,
yaltaqlığa, tərifli sözə açıq olur.
Dostları Valeriyə deyəndə ki, onun
davranışı, varlanması xalqa xoş gəlmir, o,
onlardan incimədi, əksinə, əvvəlki xarakterindən
uzaqlaşdı, özünü sadə qaydada, idarə etdiyi
xalq kimi aparmağa başladı. Bir gecə ərzində
şəhərin üstündə ucalan yeni tikilmiş əzəmətli
evini uçurdu və yerlə bərabərləşdirdi.
Bunu görən xalq ağıllı hərəkətlərinə
görə onu "Poplikola", yəni "xalqın
dostu" adlandırdı. Böyük Fransa inqilabının
(1789-cu il) görkəmli xadimi Marat da özünü
"Xalqın dostu" adlandırmışdı.
Konsul Poplikola həm də öz qanunları ilə
xalqa məhəbbətini və özünün yumşaq
xarakterini sübut etdi, lakin bəzi hallarda bu
yumşaqlığına baxmayaraq, cəzaları daha sərt
etdi. Belə ki, o, çar hakimiyyətinə cəhd edən hər
kəsi istənilən adam tərəfindən hansısa bir məhkəməsiz
öldürməyə icazə verən qanun dərc etdirdi.
Poplikola namuslu və gözəl nə varsa, başqa sözlə,
bütün insan arzularına uyğun gələn hər
şeyə öz həyatında nail oldu. Qadınlar onun xatirəsinə
hörmət əlaməti kimi könüllü olaraq bir il
matəm libasında gəzdilər. O, sağlığında
özünün mənəvi keyfiyyətləri hesabına, hələ
sağ ikən romalılar arasında heç kəsin malik
olmadığı nüfuz və şöhrətə malik
idi. Onun ölümü təkcə dostlarını və
qohumlarını deyil, minlərlə adamı, bütün
şəhəri göz yaşına, kədərə və
qəmə batırdı. Romalı qadınlar ona görə
elə ağlayırdılar ki, elə bil
oğullarını, qardaşlarını və ya ümumi
atalarını itirmişlər. Poplikola məhz buna görə
çox xoşbəxt adam idi. Müasir dövrdə isə bəzi
Şərq ölkələrində demokratiya pərdəsi
altında hakimiyyətdə olanlar çarlıq edir və
heç nədən çəkinmirlər.
Hökmdarların çoxu həqiqətin
gözünə dik baxa bilmədiyi kimi, doğru sözə də
inanmır, özləri də çox vaxt bunu söyləməkdən
yayınırlar. Qədim Afina hökmdarı Femistokl müəyyən
mənada bu sahədə müstəsnalıq təşkil
edirdi. O, oğlunun öz şıltaqlığı ilə
anasına və onun vasitəsilə atasına bütün
arzularını icra etməyə məcbur etməsinə
istehza edərək, deyirdi ki, mənim oğlum Elladada ən
güclü adamdır, çünki ellinləri afinalılar
idarə edir, afinalıları isə o, onun özünü
oğlunun anası, anasını isə oğlu idarə edir.
Qızını istəyənlər arasında o, varlı
adama görə yaxşı adama üstünlük verirdi,
çünki o, elə adam axtarırdı ki, ona pul lazım
olsun, elə pul axtarmır ki, ona adam lazım olsun. Herodotun
sözlərinə görə, biri alaçıq sakinlərindən
vergi kimi pul istədikdə demişdi ki, özü ilə iki
Allah gətirmişdir: inandırma və məcbur etmə
ilahilərini, əvəzində isə bu cavabı
eşitmişdi ki, onların da iki ilahəsi var. Yoxsulluq və
ehtiyac, onların da hər ikisi onlara vergi pulunu verməyə
mane olur.
Qədim Romada dəfələrlə hərbi diktator təyin
edilən Mark Furi Kamillin özünün başına gələn
qeyri-adi macəralardan da söhbət açmağa dəyər.
Uzun müddət romalılar Etruriyanın ən varlı və
ən gözəl şəhəri olan Veyini zəbt etmək
üçün onu mühasirəyə almışdılar.
Müharibənin on ilinin nəticəsiz olduğunu görən
romalılar bütün vəzifəli şəxsləri dəyişib,
Mark Kamilli diktator təyin etdilər. Dövlətdəki
bütün mülki və hərbi hakimiyyət ona tabe edildi.
Müdafiəsi möhkəmləndirilmiş şəhəri
hücumla almaq mümkün olmadığını görən
Kamill, Veyiyə kömək edən digər etrusk şəhərlərini
zəbt etməyə başladı və beləliklə,
öz arxasını möhkəmləndirdi. Sonra Kamill şəhər
divarlarının altından lağım qazmağa
başladı, dərin və geniş yeraltı giriş
düzəltdi. Onun sonu şəhərin içərisində
qurtarırdı, Kamillin başçılıq etdiyi
döyüşçülərin bir hissəsi şəhərə
tərəf yaxınlaşdı ki, guya ona hücum etməyə
hazırlaşır. Veyinin müdafiəçiləri
divarların və qüllələrin üstündə
dayanıb, hücumu dəf etmək niyyətində idilər.
Romalılar yeraltı girişlə gəlib, şəhərdəki
döşəməni sındırıb heyrətlənmiş
etruskların qabağına çıxdılar. Bu vaxt şəhərə
ümumi hücum da başlandı. Veyi məğlub oldu.
Romalılar böyük qənimət götürdülər,
ən başlıcası isə olduqca güclü və təhlükəli
rəqib darmadağın edilmişdi. Kamillə böyük zəfər
bayramı quruldu, lakin bu, onun paxıllarının qəzəbinə
səbəb oldu.
Mark Furi Kamill hətta müharibədə nəciblik
nümayiş etdirir
Sonra Roma sərkərdəsi öz
qoşunlarını Faleri şəhərinin üzərinə
apardı. Öz şəhərini hər tərəfdən əhatə
edən divarlarının möhkəmliyinə əmin olan
falerililər düşməndən qorxmurdular. Qüllələrdə
və divarlarda yalnız gözətçilər var idi, əhali
isə öz işləri ilə məşğul idi. Hətta
məktəblilər gəzinti üçün müəllimləri
ilə birlikdə şəhər qapısından kənara
çıxırdılar. Lakin həmin müəllim
satqın çıxdı. Həmişə olduğu kimi, bu
dəfə şəhərdən çıxdıqdan sonra
uşaqları düşmən düşərgəsinə gətirdi
və onları qarovulçulara təhvil verdikdən sonra, onu
Roma sərkərdəsinin yanına aparmağı xahiş
etdi. Əsgərlər onu və uşaqları Kamillin
yanına apardılar. Müəllim baş əyib,
uşaqları göstərərək dedi: "Bu
uşaqları mən tərbiyə etmişəm. Mənim vəzifəm
onları öyrətmək və qorumaqdır. Lakin Kamill, sənə
qulluq göstərmək mənə öz borcumu yerinə
yetirməkdən daha vacibdir. Məhz buna görə mən sənin
yanına gəldim və uşaqları gətirdim. Onları
götür və falerililər özləri sənin
ayağına döşənəcəklər".
Kamill, müəllimin hərəkətindən dəhşətə
gəldi, çünki o, müdafiəsiz uşaqları
düşmənlərə satırdı. Sərkərdə
ondan üzünü döndərdi və onu əhatə edənlərə
bərkdən dedi: "Kviritlər! Sizin hamınız
bilirsiniz ki, müharibə qəddar və çox vaxt ədalətsiz
bir işdir. Lakin vicdanlı adamlar üçün hətta
müharibədə də bəzi qanunlar mövcuddur. Biz
hamımız qələbə arzu edirik. Lakin biz qələbəni
cinayət yolu ilə satın ala bilmərik. Sərkərdə
və onun döyüşçüləri
başqasının əclaflığına deyil, öz fərasətlərinə
və igidliklərinə bel bağlamalıdır". O, əmr
etdi ki, müəllimin əl-qolunu bağlasınlar,
"çubuq və qamçı gətirin, onları
uşaqlara paylayın. Uşaqlar, siz isə geri, öz
ata-analarınızın yanına dönün və bu
satqını qabağınızda qovun. Qoy hər biriniz onu
çubuq və qamçı ilə qovsun" - deyən
Kamill xəyanətə qarşı belə alicənablıq
nümayiş etdirdi.
Şəhər sakinləri bunu bildikdə
sarsıldılar və nə baş verdiyini anladıqda
falerililər Kamilli tərif etməyə başladılar. Onu
doğma ata, uşaqların xilaskarı adlandırdılar.
Şəhərin xalq yığıncağı müqaviməti
dayandırmağı qərara aldı və bunu sərkərdəyə
xəbər verdi. Qalib isə təslim olan falerililərə
ürəyi yumşaqlıq, rəhmdillik göstərdi. Lakin
döyüşçülərin çoxu belə nəticə
ilə razı deyildi, çünki sərkərdə şəhəri
qarət etməyə və qənimət götürməyə
onlara icazə verməmişdi. Onun üzərinə cürbəcür
ittihamlar yağmağa başladı. O isə bunları dinləyir,
onu məzəmmət edənlərə, ona böhtan atanlara
cavab vermirdi. "Kamill xalqın əleyhinə gedir və
öz həmvətənlərini sevmir" sözləri
deyildikdə, o, dözə bilmədi və doğma şəhəri
Romanı tərk etmək qərarına gəldi.
Şəhərdən çıxarkən o, geri
dönüb bu sözləri söylədi: "Eh,
romalılar! Siz məni biabır edib qovdunuz. Tezliklə siz
peşman olacaqsınız və sizə Kamill hələ
lazım olacaqdır. Əgər mənim vətənimin
üstünü təhlükə alsa, mən inciməyimi
unudacaq və köməyə gələcəyəm".
Heç bir il keçmədi və Roma qalların
hücumuna məruz qaldı. Şəhər viran qoyulanda, təkcə
Kapitolidən başqa, ətraf bütünlüklə zəbt
ediləndə Kamill öz vətəninin düşmənlərinə
qarşı vuruşmağı qərara aldı və digər
İtaliya şəhərlərini buna qoşulmağa
çağırdı və ilk dəfə Ardey
yaxınlığında qalları məğlub etdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 20 aprel,№68.-S.22.