Döyüş nə
vaxt başladı?
Esse
Süni intellektin hər gün bir az daha dərindən
həyatımıza toxunuşu bəzən bizə bir
sualı xatırladır: Doğrudanmı, insan
sivilizasiyasının sonu gəlir? İnsanın
yaratdıqları öz məcrasını aşdı. Bizim
olanlar bizimlə qarşı cəbhədə savaşa
başladı. Bəs biz insanlar iqtidarı nə vaxt itirdik? Hər
şeyin inkarı ilə başlayan modern dünyanın
süni intellektə qədər həyatımıza və sənətə
təsir göstərdiyi bir neçə fərqli nüanslara
baxaq. Modern təfəkkürün yaranması sosial göstəricilərlə
birbaşa əlaqədar idi. İnsanlar XIX əsrdən
başlayaraq "çoxçeşidli eraya" qədəm
basdılar. Burada da tələb-təklif amili təkcə
bazar sisteminə deyil, həm də sənətə öz təsirini
əsirgəmədi.
Qərb mədəniyyəti uzun sürən klassik
realizm, intibah dövrü və ondan sonrakı bütün
dövrlər üçün xəyali və ümidli
seçim olaraq qalacaq romantizmin cəngində olanda
avropalılar yeni məhsullar istehsal və istehlak etməklə
məşğul idi. Hər saniyə nə isə istəyirdilər.
Yeni qablaşdırmada, yeni dadda, yeni qoxuda, yeni rəngdə.
İstər varlı təbəqə, istər orta, istərsə
də yoxsul təbəqənin seçim imkanları genişləndikcə
özünü daha önəmli, daha sıradan olmayan hiss
edirdi. Amma xammal eyni idi və bu, istehsalçıları tədirgin
edirdi. "Qazlı su" adında milyonlarla şüşə
buraxılırdı. Alıcılar bu şüşələri
sadəcə rənglərinə və formalarına görə
fərqləndirir, bu da bazarın mühüm amillərindən
biri olan rəqabət mühitini
"öldürürdü". Bəzi şüşələr,
ümumiyyətlə, satılmır, bəziləri isə
uğurlu satış nəticəsi göstərirdi. Məsələn,
sənət müstəvisində musiqi misalı ilə bunu
aydın görə bilərik. Yüzlərlə dahi bəstəkar,
onların yaratdığı ecazkar (burda şişirtmə də
var) musiqilər, simfoniyalar və sairlər nə qədər
mükəmməl səslənsə də, həmin zamanlara
xas olan zadəgan məclislərini yormağa
başlayırdı. İnsanlar rəqs etmək istəyirdi.
Yeni, modern və daha həyəcanlı nümunələr
yaratmaq lazım gəldi. Bu halı aradan qaldırmaq və daha
uğurlu istehsal və istehlak prosesini yaratmaq üçün
"adlar" kəşf olundu. Brendlər, markalar, reklamlar,
reklam mətnləri və simvolları yarandı. İndi rəflərdə
təkcə "Coca-Cola" yox, "Pepsi" də var idi. Və
ya təkcə Parisin işıqlı gecələrini təmsil
edən simfoniyalar yox idi, həm də küçələrdə
minlərlə insanı bir araya gətirən rok albomları
satılırdı. Bu dövrdən, yəni markaların məşhurlaşdığı
dövrdən əvvəl nə oldusa, hamısının
önünə klassik sifəti əlavə olundu.
Uzaqlaşdığımız dövr, əslində, bir o qədər
də keçmişdə qalmayıb. Avropa küçələrinin
səfil həyatı brendlərdən öncəki
istehsal-istehlak ənənələrini 1960-lara qədər
yaşatdı. Bununla bərabər, həmin illərdə salonlarda,
muzeylərdə, qalereyalarda modern sənətin və modern
yaşam düşüncəsinin işarələri,
simvolları bir-biri ilə yarışırdı. Klassik və
modern yalnız postmodern (bütün sahələrdə) təfəkkürün
yaranışı ilə qarşı-qarşıya gələ
bildi. O zaman isə artıq onlar arasındakı fərq sənətçilər
və tənqidçilərdən başqa heç kimə
maraqlı deyildi.
Beləliklə, brendlərin yaranması sosial və
ictimai həyatı maraqlı, çeşidli etdi. Eyni məhsul,
fərqli adlar. Eyni tərkib, fərqli qiymətlər. Reklam
biznesi və uğurlu kələkbazlıq modeli. Bəs brend
erasının yaranması yazı sənətinə hansı
yeniliyi gətirə bildi?
Çeşidlənmə ədəbiyyatda mövzu
standartlarının qırılması, yeni qəliblərin -
fərqli təhkiyələrin yaranması ilə
özünü göstərdi. Eyni mövzu, fərqli
baxış. Növbəti nəsil daha başqa rakursdan hadisələri
izləməyə və eyni zamanda da yazmağa başladı.
Beləliklə, modernizm özünü ədəbiyyatda bu
cür bəlli etməyə çalışdı. O, hər
yeni təfəkkürdə özündən əvvəlkini
inkar edirdi. Modernizm modern düşüncələri belə
şübhə altına alan və bu yəqinliyini perioda salan
bir cərəyan və sosioloji proses idi. Sənət
insanları çeşidlənən dünyadan xilas etməyi
məqsəd seçərkən özü bir neçə
ciddi ədəbi hadisədən sonra çeşidlənməyə
başlayırdı. Ədəbiyyat özü də fərqinə
varmadan (ya da fərqində idi) fərdiyyəçi cəmiyyətlə
eyni yolu gedirdi. Daha sadə dillə desək, həm ictimai
proseslər, həm də ədəbi mühit
liberallaşırdı. Fikir axını mətnlər bu
liberallaşmanın, yalqız insanın, dəyər sahibi
olmayan fərdin modeli idi. Artıq bütün mövzuların
işləndiyi güman edilirdi və mövzuların yeni
üslublara ehtiyac duyduğunu düşünürdülər.
Üslubçuluq. Bütün sahələrdəki orijinal təfəkkür
ədəbiyyatda üslubçuluq adını
almışdı. Bəlkə də uzun sürən klassik
eranın sonunda bu üslublar rəngarəng
görünürdü, ancaq yenidən əbədi mətnlərə
- miflərə, nağıllara, səmavi tekstlərə,
tarixə qayıdış gözlənilən idi.
Sənaye inqilabından sonra sürətlə
böyüyən şəhərlərdə avanqard sənət
nümunələri öz hegemonluğunu elan etdi. Xüsusən
də rəssamlar bu cür cəhdlərlə daha cəsarətli
davrandılar. O dönəmin sürrealist rəssamları incəsənətin
modern, eyni zamanda klassik düşüncə sərhədlərini
qıran avanqard modelini təqdim etməkdən yorulmurdu. Əslində,
bu axın 1860-cı illərdən iyirminci əsrin çətin
son on illiklərinə qədər uzun bir yol keçmişdi.
Parisdə Akademiyaya qarşı çıxan yüzlərlə
rəssam hələ o dövrdə salonlarda öz abstrakt,
kubik, surreal əsərlərini təqdim edirdi. Cəmi on il
sonra onların sayı bütün Avropanı təəccübləndirəcək
qədər çoxaldı. Hər kəs eyni rəsmi çəkirdi,
yalnız əlavə etdikləri xəfif məna yükü
onları bir-birindən fərqləndirə bilirdi.
Həmin dönəmlərin iki ədəbi
cığırı gələcək nəsillər
üçün mühüm bir seçim imkanı
yaratmışdı. Balzakçılar və Floberçilər.
Roman sənətinin bütün çağdaş nümunələri
"Don Kixot"dan ənənə halını alsa da, məsələ
məhz bu iki seçimdən sonra daha çox qabardı. Ən
sadə və hamının oxuduğu misal: "Madam
Bovari"dən həm "Anna Karenina", həm
"Lolita", həm də "Məsumiyyət muzeyi"
çıxdı. Fərqli üslubları və təhkiyələri
təmsil edən romanları birləşdirən bir
mövzudan, eyni taledən bəhs etmələri idi. Bu misallar
kifayət qədərdi. Postmodern dövrə qədər
"necə yazmağın" önəmi haqqında
çox danışdılar. XX əsrin ən önəmli,
iri həcmli romanları məhz bu sualın övladları
idi.
Ədəbiyyatın xammalı bu mənada
nağıllar, miflər oldu. Bu gün bütün yolların
gedib çıxdığı, bütün eksperimentlərin
qayəsi olan Borxes hekayə və esselərinə Latın
Amerikası xalqlarının və şərqlilərin macəralarını
qatdı. Nəticədə həmin dövr üçün
yeni, indiki sənət üçün isə hələ də
maraqlı olan cərəyanlar yarandı. Magik-realist,
sürrealist, postmodern qarışıqların borxesvari
harmoniyası ədəbiyyatı ondan əvvəlki
formalarından fərqləndirməyi bacardı. Bu həm də
"necə yazmaq" dövrünün sonu idi.
Kierkeqardda təməli qoyulan, Kafkada əsası
yapılan, Borxesdə özünü, nəhayət ki, qəbul
etdirə bilən absurd mətnlər günümüzün
hekayə sənətinin özülünü təşkil
edir. Bu gün Amerika çağdaş ədəbiyyatının
ən önəmli adları məhz bu yoldan irəliləyir.
Modernizmin mövzu çatışmazlığı problemi
absurdizmin yaranması ilə başa çatdı. İndi
müəllifi həyatdakı hadisələrdən daha
çox, ona təqdim edilən brendlərdən daha çox
beynində yaratdığı təəssürat
maraqlandırırdı. Hadisələr öz
reallığını saxlayaraq oxucuya yad bir yerdə baş
verirdi. Nağıl kimi öz sehrli aurası ilə maraqlı
və bəzən də sıxıcı gələ bilirdi.
Amma bunun yolunu kino tapdı. Komiks sahəsi bu gün təkcə
fantastik janrı deyil, həm də absurd həyatı öz
boynuna götürməyi bacardı. PostBorxes dövründə
bu gün dünya kinosu üçün, dünya musiqisi
üçün və ən əsası dünya ədəbiyyatı
üçün xüsusi dəyər daşıyan adlar
meydana çıxdı.
Hazırda yaşayan ən böyük
yazıçıların mətnləri modern periodun - yenilənmənin
öz trayektoriyasından çıxıb keçmişə,
lap uzaq keçmişə getməsi ilə təşəkkül
tapdı. İstər esseistika, istər hekayəçilik, istər
romançılıq baş verən prosesləri sistemləşdirməyə,
kodlaşdırmağa, onu bilinməz bir gələcəyə
ötürməyə çalışır. Buna Borxesin vəsiyyəti
də deyə bilərik. Sənətin həm sənət
üçün, həm kütlə üçün
olması reallığına sənətin həm də tarix
üçün olması əlavəsi də
artırılır. Yeni tarixin mərkəzində heç
şübhəsiz, uydurma adların, o uydurma adların
arxasında min illərin "ciddi həqiqətləri"
yatır. Proses daha sadə, daha avanqard, eyni zamanda mürəkkəb
hadisələrin mükəmməl harmoniyasını yarada
bilən mətnlər istəyir. Sənətin küçələrdə
sərgiləndiyi, toplumun iradəsi altında özünü
sərbəst təqdim etməsi vacibdir. Hip-hop rəqsləri,
musiqiləri bu yolun başlanğıcı idi. Və ya
"Netflix" istehsalı olan seriallar. Sosial şəbəkələr,
"short story"lər, yeni markalar absurd cəmiyyəti
özlüyündə meydana çıxarır. Bu da
mövzu imkanlarını kifayət qədər genişləndirir.
İndi "necə yazmaq" yox, yenidən "nə
yazmaq" perioduna düşürük.
Rəvan CAVİD
525-ci qəzet.- 20 aprel,№68.-S.21.