Sonuncu təşəkkür
21 aprel akademik Hətəm Quliyevin anım
günüdür
Kənardan baxanda Yer kürəsi çürük
toxuma oxşayırdı, yaxından baxanda oxşamırdı
- elə cürük idi. Bu sətirlər yazıçı
S.Səxavətin "Nekroloq" romanındandır.
Düşündürücü əsərdir. İlk dəfə
hardasa 20-22 il əvvəl oxumuşdum. Onda mənə bir
yığın söz təsiri bağışlayan bu fikrin əsl
mahiyyətini illər sonra anladım - öz düzümü,
öz ətri, öz rəngi olan, içində xəyallar
qurduğum dünyamı itirəndən sonra...
Qəribədir, hərdən öz
yaşadıqlarım özümə uzun qış gecəsində
bitməyən nağılları xatırladır. Bu dünya
bu nağıllara nə qədər işıq tuta biləcək
və mən o işığın kölgəsində nə
qədər yol gedəcəyəm, hələ bilmirəm.
Amma hər gün mənə, hənirtisinə həsrət
qalmış ocağına bir boy da yaxınlaşan əvəzsiz
insanın müqəddəs ruhu qarşısında susa bilmirəm.
Tez-tez gəncliyindən danışardı. Deyirdi ki,
atam məni həkim görmək istəyirdi, amma 1963-cü
ildə iştirak etdiyim olimpiadanın Respublika turunda
qazandığım qələbə bütövlükdə
həyat yolumu dəyişdi. Həmən il olimpiadanın rəhbəri,
Azərbaycan SSR EA-nın müxbir üzvü Maqsud Cavadov məni
universitetə dəvət etdi və mən də bu təklifi
qəbul edərək növbəti il təhsilimi davam etdirmək
üçün sənədlərimi ADU-nun mexanika riyaziyyat
fakültəsinə təqdim etdim.
İndi evimizdəki kitabxanamızda saxladığımız
BDU-nun 100 illik yubileyi münasibətilə nəşr olunan
kitabda adı 1969-cu il məzunları arasında ən yüksək
nəticəsi olan iki tələbədən biri kimi qeydə
alınıb...
Hərdən uzun illər yaşadığı
Ukraynanın Kiyev şəhərini xatırlayırdı. Bu
ölkənin təbiətindən, şəhərin təmizliyindən,
insanların səmimiyyətidən, bütövlükdə
xalqın böyüklüyündən ehtiramla söhbət
açardı. Yenicə gəldiyi yad şəhərdə
rastlaşdığı xeyirxah insanları
xatırlayırdı. Deyirdi ki, aspiranturada oxuyurdum. Əvvəlcədən
götürdüyüm mövzunu cəmi 4 il ərzində
müdafiə edib geriyə, Azərbaycana qayıtmağı
planlaşdırmışdım. Çox gərgin işləyirdim.
Bəzən səhərin nə vaxt
açıldığının və yaxud gecənin
düşdüyünün fərqində olmazdım. Ruhunu
böyük hörmətlə yad etdiyi insanlar arasında o illərdə
kirayədə yaşadığı evin sahibəsi də var
idi. Qələmi əlimdən alıb özümü də
qapıdan çölə itələyər, Allah xatirinə
çıx, çıx qapıdan,.. deyib qapını arxamca
qıfıllayardı...
Bəli, Hətəm müəllim elmdəki o zirvəni
belə zəhmət bahasına əldə etmişdi.
Nanə yarpağı kimi kövrək bir qəlbi, dəmir
kimi möhkəm iradəsi vardı. Təbiətin bu bir-birinə
əks varlıqlarını güclü ağlıyla
nizamlaya bilirdi. Ən həssas məqamlarda belə hisslərinə
ağlı ilə qalib gəlməyi bacarardı.
Qəlb qırmağı, inam öldürməyi,
dönüklüyü bir gücsüzə güc göstərməyi,
məzlumun haqqına girməyi adamlıqdan saymazdı.
Tərbiyə mövzusunda cinsi ayrı-seçkiliyi qəbul
etməzdi. İnsanda ən çox qiymətləndirdiyi hiss ləyaqət
idi. Həmişə "kişi başın dik
tutmağı bacarmalıdır" deyərdi. Özü
göstərmədiyi tərbiyəni övladından gözləməzdi.
Bir ata övladı qarşısında olduğu qədər
də vətəni qarşısında borcludur deyər,
övladının ruhun öldürən valideyni qatil
sayardı. Bütün bu özəllikləri ilə Hətəm
Allah adamı idi. Lakin dinin fanatı deyildi. Onun dinə
münasibəti də fərqli idi. Onun izahında ümumi bir
dünyagörüş ifadəsi vardı. Deyirdi ki, dünya
görüşü iki möhtəşəm dərin qata
bölünür. Bunlardan birincisi alimlərin, ciddi elm
adamlarının keçdiyi Elmi, digəri isə Dini alimlərin,
peyğəmbərlərin dünyagörüşü idi.
Deyirdi ki, bəzən bunlar qarşı-qarşıya qoyulur, bu,
səhv düşüncədir. Çünki hər ikisi
kainatın kəşf edilməsinə yönəlib.
Hətəm elm yolunun yolçusuydu, ciddi elmlə məşğul
idi. Amma dinin insan qarşısında zəruri
saydığı bütün vacibləri həyat tərzinə
çevirmişdi. İstər elm, savad istərsə də
valideyn, ailə, övlad və vətən
qarşısında öz məsuliyyətin bilird.
Akademik Əyyub Quliyevin sosial şəbəkələrdə
bir paylaşımıyla rastlaşdım. Yazırdı ki,
2016-cı ildə biz bir qrup əslən Naxçıvandan
olan alimlər Hətəm müəllimlə birgə
Naxçıvana səfər etmişdik. Əlavə edirdi ki,
dünyanın əksər ölkələrini gəzmiş
alimlə Naxçıvanda müxtəlif səviyyəli
görüşlər keçirdik, diyarın gəzməli-görməli
yerlerində olduq, onu, Naxçıvan mətbəxinin özəllikləriylə
tanış elədik. Üzü geri qayıdanda təəssüratını
öyrənmək məqsədiylə sual verdim. Soruşdum
ki, həə, necədir müəllim, Naxçıvan
xoşunuza gəldimi? Ən çox nə təəccübləndirdi
sizi? Cavab verdi ki, ANAN! Gözləmədiyim cavab
qarşısında deyə biləcək söz tapmadım...
İndi bu hadisəni xatırlaya-xatırlaya Hətəmin
doğmalarının onun usaqlığının, gəncliyinin
şahidlərinin onun ailə üzvlərinə, xüsusən
də anasına münasibəti haqqında eşitdiklərimi
yada salıram, gəldiyim nəticə belədir. Bir övlad
sağlığında öz valideynlərinin ürəyin nə
qədər aça bilərdisə və yaxud, nə qədər
valideyn xeyir-duası qazana bilərdisə, Hətəm o xeyir
duanı, o halallığı zamanında valideynlərindən
qazana bilmişdi. Ruhları şad olsun!
Ən son elmi əsərlərindən biri zamanla
bağlıydı. Kifayət qədər elmi nümunələrlə
vaxtın birtərəfli geriyə dönüşü
olmadığını izah edirdi. Təbii, mən nümunələr
deyərkən çoxlu paralelləri, riyazi hesablamaları nəzərdə
tuturam. Yeri gəlmişkən həyatımızda nə qədər
böyük əhəmiyyət daşımağından
asılı olmayaraq mənim heç vaxt saata münasibətim
birmənalı olmayıb... o qulaqoxşayan
yalançı laylalarıyla həyatımıza
hansı ayrılıqları gətirməyib ki? Şəxsən
mən ömrümün müxtəlif mərhələlərində
dəfə-dəfə onun qarşısında
gücsüzlüyümü hiss etmişəm. İlan
çalan ala çatıdan qorxar deyiblər... Mən
axırıncı dəfə 2021-in aprelində ondan möhlət
istəmişdim, əsirgəmişdi. Biz Hətəmi aprelin
21-dən 22-nə keçən gecə itirdik. Mən
ömrümdə bircə o gecə vaxtın mənə
qarşı nə qədər mərhəmətli
davrandığının fərqində oldum. Mən o gecə
dünyanın ən uzun gecəsini yaşadım. 17
yaşıma qayıtmışdım. Redaksiyanın
yarıaçıq qapısından içəri
boylanırdım... Və bir də 43 illik qaynar bir
ömrün vur-tut bir neçə saata
sığışdırdığım
acılı-şirinli anları... Bayırda hava
işıqlaşırdı... Dönüb əlimə
baxdım, cəmi bir neçə gün əvvəli
xatırladım. Saçlarını, üzünü
sığallayırdım. Əlimə deyən soyuq nəfəsin
istisinə diksindim, yanıldığımı
düşündüm. Üzünə baxdım - bu dəfə
danışan, işığını itirməkdə olan
gözləri oldu. Və bu, mənim ağlına həsəd
apardığım, şəxsiyyəti ilə həmişə
qürur duyduğum, qüdrətinə söykəndiyim
kişidən aldığım sonuncu təşəkkür
oldu...
Kəmalə CƏFƏROVA
525-ci qəzet.- 20 aprel,№68.-S.17.