Azərbaycan nəsrinin
istedadlı nümayəndəsi
Bədii yaradıcılıqdan bəhs edərkən
hər bir ədəbi nəslin oxucuya deməli sözü
olmasını yadda saxlamalıyıq. Milli həyatın, zəmanənin,
mühitin, zəruri məsələləri
yazıçının estetik dünyagörüşündə
əks-səda verir və o, şüurlu, yaxud
şüuraltı proseslər nəticəsində öz əsərləri,
yaratdığı surətlər vasitəsi ilə bu problemləri
həll etməyə, zamandaşlarına iztirab verən
suallara cavab tapmağa çalışır. İnsan həyatında
baş verən mühüm dəyişikliklər, irəliləyiş
və geriləmələr, mürəkkəb ictimai
gedişat söz sənətinə təsir göstərdiyi
kimi, öz növbəsində ədəbiyyat da ədalət,
bərabərlik, azadlıq, erkinlik və hürlük qayələrini
bədii canlandırmaq, əks etdirməklə milli-mənəvi
həyata öz təsirini göstərir.
Yazıçının seçdiyi mövzu, üslub
və şəkillər rəngbərəng ola bilər. Amma
öz xalqını ürəkdən sevən, onun taleyi
üçün can yandıran ədib üçün əsas
etibarı ilə ən gözəl, nəcib, müqəddəs
duyğular, haqq-ədalət və insan şərəfi kimi
amal və arzular həmişə aparıcı, daimi və dəyişməz
mövzular olaraq qalmaqda davam edəcək.
Pərvin kimdir və onun
yaradıcılığının əsas xüsusiyyətləri
necədir? Gənc olmasına baxmayaraq, o, təkcə Azərbaycanda
deyil, xarici ölkələrdə də şöhrət
qazanmasının, müxtəlif mükafatlara layiq
görülməsinin səbəblərini necə izah edə
bilərik? O, hansı üslubda yazmağa daha çox meyl
edir, gənc ədibin oxucuya söyləyəcək
sözü varmı?
Pərvin çağdaş Azərbaycan nəsrinin ən
istedadlı nümayəndələrindən biridir.
Pərvinlə ilk
tanışlığımızın tarixi Türkiyədə,
Əskişəhərdə keçirilən
yazıçılar əncümənindən başlanır.
Bizi Türk Dünyası Yazıçılarının
Ağsaqqalı, ustad ədib Anar tanış etmişdi. Anar
müəllim onu bugünkü gənc Azərbaycan
yazıçıları içərisində
istedadlılardan biri deyə təqdim etmişdi. Dünya
şöhrətli ustad sənətkarın gənc
yazıçı haqqındakı ürəkdolusu sözləri
və səmimi etirafı isə yüksək və rəsmi təqdimatlar
səviyyəsindəki bir inam və əminlik sirayət
edirdi. Söhbətimiz əsnasında Pərvin xanım
özünün "Qar yağacaq" kitabını da təvazökarlıqla
mənə bağışladı.
Beynəlxalq ədəbi tədbirlərdə
iştirak edənlər yaxşı bilirlər: hər gün
yığıncaq, köhnə və yeni tanışlarla bəzən
dan atınca davam edən söhbətlər, qızğın
müzakirələrə görə həmin tədbirlər
zamanı bir dəqiqə də boş vaxt olmur. Əslində
yazı-pozu adamları üçün boş vaxt
anlayışı son dərəcə nisbidir, demək olar ki,
yoxdur. Anar müəllim Pərvinin kitabına
yazdığı ön sözdə qeyd etdiyi kimi,
"...yazıçı hər gün, hər saat, gecə-gündüz
dayanmadan işləyir. Yazıçı yalnız yazanda
deyil, bəlkə oxuyanda, musiqi dinləyəndə, insanlarla
söhbət edəndə, ətrafı müşahidə edəndə,
küçədə gəzəndə də, sükut
içində xəyala dalanda da yaradıcılıqla məşğul
olur, işləyir". Bu fikirlər fəqət
yazıçılara deyil, eyni zamanda əqli-zehni işlə
mütəmadi məşğul olan bütün
yaradıcı adamlara aiddir.
Pərvinin kitabını həmin günlərdə dərhal
oxumağa vaxt və imkan tapa bilmədim. Bir neçə
gündən sonra, növbəti axşam söhbətlərindən
yorğun, mehmanxanadakı odama
qayıdıb dincələrkən kitabı vərəqləməyə
başladım. Öncə Azərbaycan Yazıçılar
Birliyi Sədrinin müavini, "525-ci qəzet"in baş
muhərriri Rəşad Məcidin kitaba yazdığı
"Nikbin sonluqlu hekayələr" adlı ön
sözü oxudum. Dostum Rəşadın "Pərvinin nəsr
yaradıcılığı ədəbiyyatımıza yeni
bir nəsrin təşrif buyurmasını söyləməyə
əsas verir" fikirləri diqqətimi cəlb etdi. Azərbaycanın
iki məşhur ədibinin, eyni zamanda,
yazıçıların sərdarlarının bu
qızın yaradıcılığına verdikləri
yüksək qiymət görəsən, nə qədər əsaslıdır
və həqiqətə uyğundurmu, deyə hekayələri
bir-bir nəzərdən keçirməyə başladım.
"Samir üçün..." adlanan birinci hekayədəki
ilk cümləni oxuyan kimi kitaba marağım artdı.
"...Səsindən vəziyyətinin ağır olduğunu
hiss etdim". Əslində həqiqi yazıçı elə
ilk cümləsi ilə oxucunun diqqətini özünə cəlb
etməlidir. Cansız, maraqsız cümlələr, uzun və
yorucu təsvirlər oxucunu dərhal həvəsdən
salır, bezdirir. Qeyri-ixtiyari Abdulla Qəhharın hekayələrini
xatırladım, oxuduqca marağım gücləndi, Pərvin
dünyasına baş vurmağa başladım. Və onun
kitabını bir nəfəsə oxuyub bitirdim, Pərvinin
oxucuya söylər sözü var yazıçı
olduğuna, onun haqqındakı yüksək və səmimi
sözlərin həqiqətliyinə tam əminlik hasil etdim. Gənc
fidanlar bağbanın qayğısına, mehrinə möhtac
olduğu kimi, ədəbiyyat və sənət aləmində
ilk addımlarını atan təcrübəsiz və
istedadlı icadkarları da həsədçilərdən,
yaman gözlərdən qorumaq, onların kök atmasına
yardımlaşmaq zəruridir. Azərbaycan ədəbiyyatında
səlahiyyət və nüfuz sahibləri istedadlı gənclərə
həssaslıqla yanaşır və onlara xüsusi
qayğı göstərməklə mühüm missiyanı
yerinə yetirirlər. Uzun sözün qısası, Pərvinin
kitabını oxuyarkən məndə onun ilk gənclik ovqatı
və təravəti ilə yoğrulmuş hekayələrini
özbəkcəyə çevirmək həvəsi
doğuldu. Buna qərar verməyimin əsas səbəbi ondan
ibarət idi ki, gənc qələm sahibinin hekayələri
uğurlu idi və xoşuma gəlmişdi, ikinci tərəfdən
isə bu nəsr nümunələri özbək oxucusuna nəsə
yeni bir şeylər verə biləcəkdi. Başqa tərəfdən,
özbək oxucuları klassik Azərbaycan nəsrinin nümunələri
ilə vaxtaşırı tanışlıq imkanı əldə
ediblər. M.S.Ordubadi, M.İbrahimov, İ.Əfəndiyev, Mir Cəlal,
M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev kimi klassiklərin, Y.Səmədoğlu,
Anar, Ə.Əylisli, Elçin, S.Rüstəmxanlı,
Y.Oğuz və bu kimi çağdaş sənətkarların
yaradıcılığına bizim ədəbiyyat sevərlər
az-çox bələddir. Amma gənc nasirlərin bədii
axtarışları, ədəbi uğurları Özbəkistan
oxucularına hələ gəlib çatmayıb. Məhz bu
niyyətlə Pərvin Nurəliyevanın qələm təcrübələrini
özbəkcəyə çevirdim və tərcümələrimin
bir neçəsi qəzet və jurnallarımızda çap
olundu. Pərvinin hekayələrini özbəkcə oxuyan
dostlarımız, Azərbaycan ədəbiyyatı ilə
yaxından maraqlanan yazıçı və tənqidçilər
gənc nasirin özünəməxsus yazı
manerasını, oxucu qəlbinin ələ almaq
bacarığını xüsusi olaraq qeyd etdilər. Bildirilən
mühüm mülahizələrdən biri də bundan ibarət
idi ki, qardaş ədəbiyyatların bir-birinin ədəbi gəncliyini
tanıması, baş verən və doğulan yeniliklərdən
xəbərdar olması məşhur klassiklərin tərcüməsi
və tanıdılması qədər mühüm və əhəmiyyətlidir.
Gənc yazıçı Pərvinin əsərlərində
bu günümüzün "möhürü" var.
Başqa sözlə, onun əsərlərini oxuyarkən, azərbaycanlı
qardaşlarımızın XXI əsrin əvvəllərində
hansı qayğı və arzularla
yaşadığını, onların mənəvi aləmində
baş verən təzadlı prosesləri, xüsusən, gəncliyin
istək və iztirablarını bilmək, təsəvvür
etmək olur. Məsələn, "Samir üçün
..." hekayəsində yaşadığımız
dövrün çətinliklərindən əzab çəkən
insanın mənəviyyatının kəskin dəyişməsi,
müasirlərimizin qəlbindəki təbəddülatlar qələmə
alınıb. "Şərq şirniyyatı" hekayəsində
arzuladığı oğlanla həyat qurmaq istəyən bir
qızın inam və ümidlərinin həyatın şəfqətsiz
zərbələri altında çiliklənməsi təsvir
olunub. "Gucci Fatoş" da həyatı dərindən
anlamayan, mal-dövlət hərisi olan bir qızın faciəsi
göstərilib. "Mən... Yuxu... Cənnət..." hekayəsində
isə sevgini, məhəbbəti, vədəyə vəfanı
cənnətdən də üstün qoyan qəhrəman tərənnüm
olunur. Gənc müəllifin yaradıcılığında
zaman ruhu və nəfəsi bariz surətdə əks
olunduğunu etiraf etməliyik.
Pərvinin şəxsiyyətini, əsərlərinin
məzmun və məna özəlliklərini, uğurlu cəhətlərini
və kəm-kəsirlərini Anar müəllim
özünün sanbalı ön sözündə ətraflı
təhlil edib. "Samir üçün ..." hekayəsindən
söz gedərkən Anar müəllim
aşağıdakıları qeyd edir: "...ətraf
mühitin natəmizliyindən əzab-əziyyət çəkən
insanın çıxış yolunu ancaq ailə mühitindən,
xüsusən, bacısı ilə münasibətlərdən
axtarması, ata-anasına bəslədiyi həssas duyğular
ucbatından onları incitməməyə
çalışması və eyni zamanda, bu vəziyyətdən
qurtulmaq üçün başını götürüb
başqa, yad ölkələrə çıxıb getmək
istəməsi bədii-psixoloji cəhətdən
inandırıcı əks etdirilib". Doğru fikirdir. Bir də
onu əlavə etmək istərdim ki, yazıçı
öz qəhrəmanının taleyi vasitəsi ilə insanı
mənəvi əzablara, ruhi iztirablara salan mühitdən, əxlaqi
dəyərləri tapdayıb əzən cəmiyyətdən
qaçıb getmək yox, onu dəyişdirmək zəruriliyinə
də işarə edir. Birincidən, cənnət axtararaq
baş alıb getmək çox yüngül yol, asan
seçimdir. İkincidən, xarici ölkələrdə
xoşbəxt həyata çatacam, bəxtli olacam, deyə
fikirləşmək xam xəyaldır. Xarici ölkələrdə
cənnət tapmaq əvəzinə başına müsibət
gələnlər, qulluq əsarətinə düşüb,
azadlığını və həyatını itirənlər,
ilim-ilim itənlər yüzlərlə, minlərlədir. Cənnət
arzusuyla öz doğma yurdlarını atıb gedənlərin
əksəriyyətinin ailəsinin dağılmasına,
taleyinin bərbad olmasına da şahidik. Bundan başqa,
ağır şəraitdə çətinliklərə sinə
gərib, mövcud imkanlardan yaradıcı surətdə,
ağılla istifadə edərək həyatda uğur
qazananlar da az deyil axı. Mənliyini itirib, mənəviyyatını
unudub, var-dövlət qazanmaq ehtirazı ilə hər
şeyindən vaz keçənlərin faciələri,
acınacaqlı aqibətləri bizə ibrət olmalı
deyilmi? Təbii ki, bütün xaricə gedənlərin taleyi
eyni cür olmur. Xarici ölkələrdə təhsil
alıb, münasib işlərdə işləyib, təcrübə
qazanıb, Vətən üçün lazımlı mütəxəssis
olaraq ölkəsinə qayıdanları biz
alqışlayırıq əlbəttə. Yəni getmək
var, getmək var. Onları bir-birindən fərqləndirmək
zəruridir. Pərvinin hekayəsinin ifadə etdiyi əsas məna
və fikirlərdən biri məhz budur.
Pərvinin üslubuna xas olan mühüm xüsusiyyətlərdən
biri kinayə və istehzadır. Ön sözündə bunu
Anar müəllim də vurğulayıb. Başdan-ayağa
kinayəyə yoğrulmuş "Gucci Fatoş" hekayəsinin
qəhrəmanına xas mənfi cəhətləri Anar müəllim
həssaslıqla və çox dəqiq göstərib. Biz
ustad sənətkarın düşüncələrini davam
etdirərək demək istəyirik ki, bu surət Pərvinin
son dərəcə canlı və uğurlu
alınmış, yadda qalan obrazlarından biridir. Xarici mallara,
hər cür xırda-xuruşa bütün varlığı
ilə bağlanmış bu obrazda bəzi müsbət keyfiyyətlər
də yox deyil: ümumən, iradəsi zəif, bər-bəzək
hərisi olan bu qəhrəman, eyni zamanda, hər bir sahədə
mükəmməllik, insanları ehtiyacsız və
gözü-könlü tox, müxtəlif qüsurlardan, əxlaqi
nöqsanlardan təmizlənmiş tərzdə və səviyyədə
görmək istəyir, həyatda və cəmiyyətdə
bir ahəngdarlıq, uyğunluq şəkillənməsini
xoşlayır. "Nə rənglər uyğundur, nə
şəkillər, nə ölçülər", - deyir
o.
Ədəbiyyatda dürlü üslublar, müxtəlif
bədii-estetik cərəyan və axınların
yaşamağa haqqı var. Bu cəhətdən heç bir
yazıçıya məhdudiyyət qoymaq olmaz. Bir zamanlar qəbul
olunmuş və hamının riayət eləməli
olduğu ədəbi qəlib və standartlara sığmayan,
ilk baxışda qəribə görünən və duyulan
"izm"lər əsasında yazıb-yaradan
yazıçılar ədəbiyyatdan kənar hadisələr
kimi dəyərləndirilirdi. İndiki vaxtda isə
yaradıcılıq azadlığı nəticəsində
yazı-pozu adamları ürəkləri istədiyi
"izm"də və üslubda əsərlər
yaradırlar və biz bunu təbii qəbul edirik. Amma realist ədəbiyyatda
bədii meyar və məqsədlər
ifratçılıqdan qorunmalı, ağıla uyğun
olmalıdır. Şəkilbazlıq - bədii-estetik məqsədə
çevrilməməlidir. Yenilik yaratmaq ehtirası və həvəsi
ilə əsərin estetik qayəsini və mənasını
zədələmək müəllifi ədəbi uğurdan məhrum
edə bilər. Pərvin "Balerina" kinopovestində
janrın imkanlarından yaradıcı surətdə istifadə
edərək, əsərin çox yerlərində mövhum,
absurd təsəvvür və düşüncələri
müvəffəqiyyətlə realist təsvir və üslub
sərhədlərinə sığdıra bilib.
Düzdür, bəzi məqamlarda təsəvvürə
sığmayan vəziyyət və situasiyaların inikası
ilə də qarşılaşırıq ki, bu cür
cüzi kəm-kəsirlər gənc yazıçının
təcrübəsi artdıqca, yavaş-yavaş aradan qalxacaq.
Pərvinin kitabının tərcüməsini bitirəndən
sonra onun başqa dillərə, xüsusən, türk dilinə
necə çevrilməsi ilə maraqlandım. Pərvinin əsərlərini
türkiyəli məşhur yazıçı və tərcüməçi
İmdad Afşar türkcəyə çevirib və kitab
"Balerina" adıyla nəşr olunub. İmdad Afşar
bir sıra özbək şair və
yazıçılarının əsərlərini də
türkiyəli oxuculara tanıdıb, bu sahədə xeyli
yaxşı və savab işlər görməkdədir.
İmdad Afşarın tərcümələrini oxuyarkən
qeyri-ixtiyari olaraq kitabın türkcə və azərbaycanca
variantlarını müqayisə etməyə başladım.
Azərbaycan dili oğuz qrupuna daxil olduğu üçün
özbəkcəyə nisbətən türk dilinə
çox yaxındır. Eyni zamanda, hər iki dildə bir
cür yazılıb başqa məna verən "aldadıcı"
kəlmələrə, sözlərə də tez-tez rast gəlinir.
Buna həssaslıqla yanaşmasanız, tərcümə əsnasında
tamamilə əks məna ilə qarşılaşa bilərsiniz.
Məsələn, "düşmək" feili türkcədə
"aşmaq, yıxılmaq" mənalarını
anlatdığı halda, Azərbaycan dilində çox
hallarda, özbəkcədə olduğu kimi, "düşmək"
mənasını bildirir: "aşağı düşmək",
"pilləkənlərlə düşmək" və s.
"Uçaq düşdü" kəlməsini eynən
versəniz türkcədə "təyyarə
düşdü" yox, "təyyarə yerə
düşdü" mənasını bildirəcək. Və
ya azərbaycanca "böyük, yekə, dolu bədənli"
mənasında işlədilən "pəzəvəng"
sözünün türkcəsi "ara düzəldən"dir.
Xülasə, qardaş dillərdə tərcüməçinin
yanılmasına səəb ola biləcək xeyli belə
sözlər və kəlmələr var. Kitabın türkcə
tərcüməsini oxuyub başa vurandan sonra, bəzi yerləri
istisna etməklə, İmdadın, əsasən, uğurla
öz işini yerinə yetirdiyinə, "aldadıcı
sözlər"in "tələsinə" düşmədiyinə
əminlik hasil etdim.
İmdadın orijinalın mətnini diqqətlə
oxuduğu, yazıçının məram-məqsədini və
konsepsiyasını dərindən anladığı tərcümədə
hiss olunur. Əslində tərcüməyə başlamazdan əvvəl
əsəri yaxşı-yaxşı oxumaq, onun tərcüməsi
yeni oxucular auditoriyasında necə
qarşılanacağını dəqiqləşdirəndən
sonra tərcüməyə girişmək lazımdır. Əlbəttə,
tərcüməçilik fəaliyyəti ərzində
ürəyin istəməyən kitabları da bəzən
sifarişlə çevirməli olursan. Ancaq əsas etibarı
ilə istedadlı mütərcim onun qəlbinə yol tapan,
oxucuların sevgisini qazana biləcək kitablara müraciət
etməlidir. Tərcümə yaradıcılığı
haqqında belə bir kəlam da geniş yayılıb: poeziya
mütərcimi müəllifin rəqibi, nəsr mütərcimi
isə orijinalın quludur. Bu fikri yüz faiz doğru hesab etmək
çətindir. Mahir nəsr mütərcimi də əgər
orijinalı öz ana dilində təbii şəkildə və
sənətkarlıqla səsləndirə, "dilləndirə"
bilirsə, o da müəlliflə rəqabət apara bilər.
Elə bu səbəbdən də tərcümə işini sənət
adlandırırlar. Tərcümə
yaradıcılığında özgə dili gözəl,
mükəmməl bilmək yetərli deyil, öz doğma
dilini də dərindən mənimsəməli, tərcümə
prosesində ana dilinin zəngin ehtiyatından məharətlə
faydalanmağı, müqabil söz və ifadələri
yerli-yerində işlətməyi bacarmaq son dərəcə
mühümdür. Ustad tərcümanların ən
yaxşı yaradıcılıq nümunələri
mülahizələrimizi təsdiq edə bilər.
Pərvinin əsərlərinin türkcəyə tərcüməsi
uğurlu alınıb, demək olar. Başqa sözlə,
İmdad Afşar Pərvini türkcə
"danışdıra" bilib.
Ən mühümü odur ki, məhz İmdad
Afşarın tərcümələri vasitəsi ilə
Türkiyə oxucuları Pərvinin əsərləri ilə
tanış olmaq, onun özünəməxsus qəhrəmanlarını
sevmək və dəyərləndirmək imkanı
qazanıblar.
Maddiyyat ehtiraslarının və
çılğınlığının milli mənəviyyatla
toqquşduğu, var-dövlət qazanmaq hərisliyinin
müasirlərimizin gözlərini tutduğu və mənəvi
dəyərlərin, insanın ən munis və məhrəm
duyğularının günbəgün gözdən
düşdüyü indiki zamanda ədəbiyyat əsrlərdən
bəri yerinə yetirdiyi ali və müqəddəs
missiyanı yenə də davam etdirmək əzmindədir. Gənc
və gözəl Azərbaycan yazıçısı -
qardaş Azərbaycan nəsrinin istedadlı yavrusu Pərvin
bir çox dünya və qardaş xalqlar dillərində tərcümə
olunmuş kitabları kimi, qandaş və candaş özbək
dilinə çevrilmiş əsərləri də Özbəkistan
oxucularının qəlbinə ilahi nur, işıq, insanilik və
insana sevgi hisslərini bəxş edəcək,
zamandaşlarımızı öz insanlıq şərəf
və ləyaqətini, vətənimizə,
torpağımıza və milli birliyimizə əzəli sədaqəti
qorumağa səsləyəcək-dir. Qardaş Özbəkistan
diyarına, sənətsevər özbək oxucuları ilə
görüşə xoş gəlmişsiniz, Pərvin
xanım!..
Özbəkcədən çevirən:
Yaşar Qasımbəyli,
Özbəkistan Yazıçılar Birliyinin
üzvü, filologiya elmləri doktoru
Babaxan Məhəmməd Şərif
525-ci qəzet.- 20 aprel,№68.-S.16;17.