DÖZMƏYİ MƏSLƏHƏT
BİLƏN DÖZÜMSÜZ
Onun adətən qoltuq cibinə qoyduğu zəncirli
bir saatı varmış. Həmin saat, görəsən,
itib-batmayıb, indi də hansısa nəvə-nəticəsində,
qohum-əqrəbasında əziz bir yadigar kimi qalırmı?
Ya bəlkə həyatdan ayrılarkən ailəsinin ondan
sonra bir müddət babat dolanması üçün
maldan-dövlətdən ələ gələsi nəsə
qoymadığından o saatı da ehtiyac ucbatından
xırıd ediblər gedib? Vaxtı alıb-satmaq
mümkünsüzsə də, saatları alırlar da,
satırlar da. Ancaq Ustadın cibində gəzmiş həmin
saat qalsa da, qalmasa da, bu gün az qala hər azərbaycanlının
evində Mirzə Ələkbər Sabir Tahirzadənin
saatı var. Hansı evdə "Hophopnamə" varsa, o SAAT
oradadır. Hansı insanın düşüncəsində,
ürəyində "Hophopnamə"dən ən azı
bircə misra əzbərdə qalırsa, o SAAT onunladır.
Elə uşaqlığından-yeniyetməliyindən
gözəl sözün ardınca düşməyin aşiqi
olan Salman Mümtaz günlərin birində ilk dəfə Mirzə
Ələkbər Sabirlə görüşmüşdü.
Buna təsadüf səbəb olmuşdu. 1893-cü ilmiş,
Salmanın hələ 11 yaşı varmış, Aşqabadda
yaşayırmış və xalxallı Mirzə Əsədullanın
məktəbində dərs oxuyurmuş və dərs
yoldaşlarından biri şamaxılı şair Mirzə Nəsrulla
Didənin nəvəsi Əmiraslanmış. Bir gün
şagirdlər məktəbdə növbəti dəfə adətkərdə
olduqları şeirləşmə yarışına
çıxıblarmış, iki dəstəyə
bölünüblərmiş, bir dəstənin
başında Əmiraslan, digərində Salmanmış.
Şərt bu imiş ki, bu dəstənin dediyi beyt hansı hərflə
bitsə, üç dəqiqə ərzində obiri dəstənin
söyləyəcəyi beyt də həmin hərflə
başlanmalıymış. Əmiraslangilin dəstəsi bərk
ilişibmiş, qoyulan vaxt bitmək üzrə imiş, ancaq nə
illah etsələr də, "s" hərfi ilə
başlayan beyt ağıllarına gəlmirmiş. Elə
Salmangilin dəstəsinin qələbəyə sevinməyə
hazır olduğu əsnada, son saniyələrdə Əmiraslan
şəstlə "Tapdım!" deyir, rəqib tərəfdən
bir-iki nəfər cığallıq edərək "bu, yaxşı
beyt deyil" söyləsələr, "qoyulan vaxtdan
qırağa çıxdınız" desələr də,
Salman şeiri bəyənir və illər sonra həmin
anları xatırlayaraq xatirələrini qələmə
alarkən etiraf edirdi ki, ovaxtacan eşitdiyim şeirlərin
hamısı dovşan balası kimi bir-birinə oxşasa da,
bu sətirlərdə özünəməxsus bir təzəlik
vardı.
Məktəbdən çıxıb evə gedəndə
Əmiraslandan bu şeiri kimin yazdığını xəbər
alır və o da qayıdır ki, şamaxılı Ələkbərinkidir,
özü də indi Aşqabaddadır. Salman mütləq o
şairi görmək istədiyini söyləyəndə Əmiraslan
deyir ki, o, atamın dostudur, tez-tez bizim evdə də olur.
Öyrənirlər ki, o, Aşqabadda Məşədi Teymur Səmədovun
karvansarasında qalır, sabun bişirməklə məşğuldur.
Qət edirlər ki, gedib orada şairi ziyarət etsinlər.
Üç-dörd gün sonra dərsdən çıxanda
yollanırlar karvansaraya, Sabirin olduğu hücrəni
tapırlar. Bir qədər söhbət ediblərmiş ki,
Sabir əlini atır qoltuq cibinə, saatını
çıxarıb qurmağa başlayır və uşaqlar
da narahat olurlar ki, yəqin, bizə artıq getməli
olduğumuzu işarə edir. Onların bir-birinə him-cim edərək
qalxmaq istədiyini sezən Sabir dillənir ki, saata
baxmağım yaxşı düşmədi, ürəyinizə
başqa şey gəlməsin, yadımdan çıxıb
qurmamışdım, bir də ona görə baxırdım
ki, sabun tiyanının altından odunları çəkmək
vədəsini bilim, xatircəm oldum ki, hələ iyirmi dəqiqə
var.
Sabun bişirən Ələkbərin üzərində
Nəsrəddin şahın şəkli olan o cibsaatı da,
sabun bişirilən yüz cür tiyanlar da tarixin dünənində
qalıb. Ancaq Azərbaycan insanının düşüncəsini,
ruhunu özünün duyğu və düşüncə
ocağında bişirib kamilləşdirən Sabirin
şeirindəki bircə dəfə qurulmuş və adi
saatlar kimi daha hər dəfə təzədən
qurulmasına ehtiyac olmayan Söz Saatı hər an bizimlədir.
Azərbaycan insanlarının dünənki nəsilləri
kimi, bugünkü və sabahkı çox nəsilləri də
gələcəyin qatmaqarışıq yollarıyla irəlilədikcə
dünənlərdə olduğu kimi, yenə də Sabirin
çatdığı söz ocağında isinəcək,
onun solmaz şeirlərindən güc alacaq, zamanın
keçilməsi çətin yollarında büdrəməməkçün
addımlarını, ruhunu Sabirin misralarındakı Saatla
nizamlayacaq.
...O, Azərbaycanın bütün zamanlar
üçün ən bəxtiyar şairlərindən biri, bəlkə
də birincisidir. Çox da həyatı sıxıntı, səksəkə
içərisində keçib, ömrü qısa olub.
Xoşbəxtlik nə var-dövlətlə ölçülər,
nə ömrün uzunluğu ilə. Bu, elə nemətdir ki, əslində
hər kəs üçün bir ayrı cilvədə
görünür, amma hər halda xoşbəxtliyin hamıdan
ötrü, əslində üstün insanlıqçün
ortaq olan meyarları da var. Xoşbəxt şair kimə deyərlər?
Sabirin vəfatından 100 ildən də artıq müddət
sovuşub. Lakin Sabirin yazdıqları elə
sağlığında olduğu kimi, bu gün də
dipdiridir, XX yüzilliyin əvvəllərində o şeirlər
yarananda insanlar onları necə sevirdisə, bu gün də
tamam yeni vaxtın, ayrı zövqün adamları da həmin
məhəbbəti bəsləyirlər, həmin şeirlər
bu gün də dillərdə əzbərdir, yaddaşlarda,
ürəklərdədir. Əlbəttə, bir şair
üçün yazıb-yaratdıqlarının bunca
canlılığı, hər yeni dövrlə sabit
çağdaşlığı həmin sənətkarçün
səadətdir. Ancaq Mirzə Ələkbər Sabir həm də
bütün zamanlar üçün məhz elə yenə həmin
səbəbə görə Azərbaycanın ən kəcbəxt,
ən talesiz şairlərindəndir. Bəxtsizdir ona görə
ki, vəfatından bir əsrdən də artıq zaman
keçəndən sonra belə onun şeirləri bunca
müasirdir, onun şeirləri yenə ürəkdən tikan
çıxaracaq qədər təzədir, yenə zəmanənin
güzgüsü olmaqda davam edir; Sabir cəmiyyətin
ağrılarından, millətinin dərdlərindən
yazırdı, "Ağlar-güləyən" idi, bir
gözü yaşlı idisə, bir gözü həmişə
təbəssümlü, rişxəndli idi. Yazırdı ki,
onun doğurduqları millətin yaralarına məlhəm
olsun, hansısa azar-bezara çarə etsin, qaldıqca daha dərinə
işləyən mərəzləri sağaltsın. Ancaq vaxt
keçib, dünya büsbütün başqa dünyadır,
adamların da həyat tərzi, geyim-kecimi əvvəlki deyil,
amma dünya da, cəmiyyət də, insan da üzdən nə
qədər təzələşibsə də, batincə az dəyişib.
Həm də dəyişməyənlərin əksəri millət
vücudunun o göynəkli nöqtələridir ki, Sabir məhz
elə onların sağalmasını istəyirdi. Sabirin ən
böyük diləyi idi ki, milləti pərakəndəlikdən
qurtarsın, el-obanın düşüncə və əməlindəki
dələngavazlıq bitsin, xalqı içəridən
bütövləşsin, mükəmməlləşsin. Ona
görə də var səsi ilə camaatına üz tuturdu,
onları birliyə çağırır, əl-ələ,
ürək-ürəyə, bir-birinə hayan, arxa, dayaq
olmağa səsləyirdi. O, hər sıra nəfərini
bir-birinin qardaşı kimi qavradığı millətinin
daxildən ayrılığını, birinin digərinə
soyuqluğunu, laqeydliyini gördükcə qüssələnirdi,
qəlbini deşən bu dərdini işarəylə deyirdi,
üstüörtülü söyləyirdi, millət
oyanmırdı, ona görə də hayqırırdı,
haraylayırdı, millət qeyrətini silkələyib
oyatmağa çalışırdı:
Sevda-yi məvəddətdən,
Xali görünür başlar.
Biganə bilir yeksər
Qardaşları qardaşlar.
Himmət, a vətəndaşlar!
Qeyrət, a vətəndaşlar!
"Məvəddət" elə istək, sevgi deməkdir.
Sabiri yandıran yurdunun övladlarının qafaları və
könüllərini bir-birinə məhəbbət bəsləməkdən
uzaq görməsi, vətən balalarının qəlbindəki
boşluq idi. Xalqının yekdilliyini, kamilliyini diləyən
Sabir yurddaşlarına "Hophopnamə" adlı əbədi
dərslik yadigar qoyub gedib. Elə dərslik ki, həmişə
təzə qalacaq, daim insanlarımızı özünə
doğru çəkəcək. O kitabı oxuyanlar
keçmişlərdə və indi olduğu kimi, həm
çox mətləbləri öyrənəcək, həm də
o sətirlər ardında bir qədər özünü də
görəcək, çünki həmin köhnəlməz
kitabda millətin çöhrəsi var. Ancaq millətin və
yurdun varlığına ayna tutan o kitabı, o Vətən Dərsliyini
yetərincə oxuyub anlamaq, şairin sancaraq, neştərləyərək
söylədiklərinin hər birinin arxasında heç də
onun soydaşlarını məsxərəyə qoymaq,
aşağılamaq niyyətinin deyil, vətəndaşlarının
bütün xıltlardan, his-pasdan təmizlənib qurtulmaq istəyinin
olduğunu anlamaqçün gərək Sabirin öz
çöhrəsini də bütün
ayrıntılarıyla aydın görəsən. Sabiri daha
yaxından gördükcə, daha yaxşı tanıdıqca
onun "Hophopnamə"sini də ən xırda
ayrıntılarıyla daha artıq dərk edəcəyik və
şairin ömründən süzülən işıq onun
Dərsliyindəki millət surətini daha dürüst
görməyə yardımçıya çevriləcək.
Sabirin ömür yolu kələ-kötür olub,
taleyinə müqavimətləri adlaya-adlaya daim narahat
yaşamaq düşüb. Heç şəxsi həyatı
da ürəyi istəyən kimi alınmayıb. Sevgili
qızı Səriyyənin atasıyla bağlı qüssəli
xatirələri var ki, bir qismini özü qələmə
alıb, daha çoxunu isə mənə onun dilindən
1980-ci illərin əvvəllərində Mirzə Ələkbər
Sabir Tahirzadənin yadigarı Məmmədsəlim Tahirli
söyləyib. O, atasını görməmişdi. Sabir
1911-ci ildə vəfat eləyəndə gələcək Məmmədsəlim
hələ anasının bətnindəymiş. Sabirin 11
uşağı olmuşdu, ancaq onların əksəriyyəti
elə dünyaya gələndən az sonra vəfat etmiş,
vur-tut 3-ü salamat qalmışdı - böyük və
ortancıl qızları, bir də sonbeşik Məmmədsəlim.
Məmmədsəlim müəllim söyləyirdi ki, Sabir
bütün qohum-əqrəbadan bacısı Nazlını
çox sevmişdi, onunla əsl simsar olmuşdu. Nazlıdan
sonra isə bütün qəlbi ilə ortancıl qızı
Səriyyəyə bağlanmışdı. Məmmədsəlim
müəllim bunu da deyirdi ki, Səriyyə ona hələ
uşaqlıq vaxtlarından atası ilə bağlı ən
müxtəlif hekayətləri nağıl edərmiş, həm
də bir dəfə, iki dəfə yox, dönə-dönə
danışarmış. Sanki düşünürmüş
ki, bu ölüm-itim dünyasında atası ilə
bağlı munis xatirələri özü ilə apara bilər,
çalışırmış o xatirələr bircə nəfər
də olsa əziz adamın yaddaşına həkk olunsun ki, o
da öz növbəsində sonra gələnlərə
çatdırsın. Məmmədsəlim müəllim bunu
da etiraf edirdi ki, mən atamı görmədiyim halda
bacımın xatirələri - Səriyyə xanımın
söylədikləri beynimə elə işləyib ki, sanki
uşaqlığım atamla bir yerdə keçib, onun hər
bir hərəkətini görmüşəm, hər
şeirinin necə yarandığının şahidi
olmuşam.
Səriyyə xanımın Sabirli xatirələrinin biri
sadəcə kədərli yox, ürəkdağlayandır.
Yazıb ki, günlərin birində atam Bakıya getmişdi,
ata nənəm, Sabirin doğmaca anası anama dedi ki, nə
durmusan, şər`ən sən azadsan, boşan Ələkbərdən,
mən də ona südümü halal eləməyəcəm,
o, bir babıdır.
Təsəvvür edin, bir ana doğmaca övladına
- yalnız yaşadığı zamanda yox, bütün gələcəklərdə
də bu millətin ən iftixar duyacağı balası olan
Sabirə bu cür kinli münasibət bəsləyir,
görün belə olanda ətrafdakıların zavallı
şairə küdurəti, qəzəbi nə həddəymiş.
O ana da əslində cahil mühitin, avamlıq
qaranlığına qərq olmuş qaragüruhun bir
parçası idi. Ancaq hər halda o, ana idi, başqaları nə
qədər qəddar münasibət bəsləsə də,
öz balasına onun hikkəsi digərlərinin nifrətindən
yumşaq olmalı idi. Kim bilir, bəlkə hələ ən
yumşağı elə bu imiş, fəqət ana bu təhər
olanda görün başqaları Sabirə hansı qəzəblə
daşırmış.
Sabir o qaramat adamlarla həmin zülmətə qərq
mühitdə yaşamağa məhkumdu və can
atırdı, çabalayırdı ki, milləti o qəflətdən
və qatı qaranlıqdan aydınlığa
çıxsın. Fəlsəfəsinə dalınca, Sabir də
millət yolunda, məsləki, amalları uğrunda qurban
getmiş şəhiddir. Çünki o, əvvəldən
bilirdi hansı mühitdə yaşayır və necə məşəqqətli
yoldadır, bilə-bilə sinəsini irəli verirdi, bəlaya
doğru gedirdi. Səriyyə xanım xatirələrində
bu məqama da toxunur ki, anam nənəmin ona söylədiklərini
heç vəchlə atama bildirməməyi nə qədər
təkid etsə də, mən dözmədim, bir məktub
yazaraq Bakıya göndərdim ki, məni sarsıtmış əhvalatı
atama xəbər verəm və çox keçmədən
ondan mənə də, anama da təsəlli verən məktublar
gəldi. Yazırdı ki, belə söz-söhbətə bənd
olmayın.
Sabir başqalarına da məsləhət edirdi,
özünü də inandırmağa
çalışırdı ki, belə hərcayi şeylərə
bənd olmağa lüzum yoxdur. Ancaq bənd olmamaq,
qulaqardına vurmaq da mümkün deyildi. Sabir də insan idi,
bu mühitin içərisində yaşayırdı - məişət,
dolanışıq, ailəsi, uşaqları vardı,
küçəyə-bazara çıxmaq vardı.
Qonum-qonşu səni adam yerinə qoymayıb toylarına
çağırmayanda, yasında görmək istəməyəndə
daxildən nə qədər zəngin olursan ol, cəmiyyətdən
üstünlüyünü öz aləmində nə qədər
dərk edirsən et, içəridən sıxılmamaq,
sınmamaq olmur. Və bütün bunları görə-görə,
düşünə-düşünə, gerçəkliyin
bütün sancılarını, kötəklərini yeyə-yeyə
Sabir mətanətlə dözə bilirdisə, baxın onda
amalına sədaqət, millətinə məhəbbət nə
ucalıqda, hansı ənginlikdəymış.
Və onun zahirən bir gözələ
sevdasının ifadəsi kimi yozula biləcək bu
misraları əslində Vətəninə və millətinə
məhəbbətinin dilə gətirilməsi, yurduna və
xalqına sədaqət andı kimidir:
Leyk mən bunca fəlakətlə genə,
Varam əvvəlki sədaqətlə genə.
Durmuşam eyni itaətlə genə,
Baxıram kuyinə həsrətlə genə.
...Sabirin məşhur şeirlərindən birində
iki nəfər əyləşib üz-üzə, söhbət
edir, bu ondan soruşur, o da cavab verir:
- Şəhri-mə`lumunuzun vəz ü qərari necədir?
- Şükrilillah, necə görmüşdüsə
Nuh, öyləcədir.
Bu, bütün sadəliyi və sərtliyi ilə
Sabirdir. Yəni məndən cəmiyyətin halını
sorma, heç nə dəyişməyib, Nuh əyyamında nə
sayaq idisə, elə həmin təhər də qalıb.
Sabir misrasına ən uzaq qədimliyin rəmzlərindən
olan Nuh peyğəmbəri gətirib və dünyadan
heç 50 yaşına çatmadan cavan
köçmüş, həmişə 49 yaşında
qalacaq Şairin surəti də insana gerçək
yaşında olan kimi deyil, elə Nuhca əski gəlir.
Onun son dərəcə müasir səslənən hər
misrasında qocamanlıq duyulur, elə qədimlik ki, sanasan bu
ustad yüzillərcə ömür sürüb və təkcə
öz millətinin yox, Nuh əyyamından bəri ümumən
bəşərin çəkdiyi bütün zillətlərə
şahid olub və indi öz kədərli təcrübələrinə
söykənərək yazır. Sabiri vərəm aparıb.
Yaddaşında və ürəyində o qədər
ağrı daşıyan, əlbəttə ki, çərlərdi
də, vərəmlərdi də. Sabirin erkən
ölümünü gətirən həm də ürək
ağrıları olub. Bir ömrə sığmayacaq qədər
ağır fikir yükünü yazıq ürək necə
çəkəydi?!
Sabirin yaxın dostlarından olmuş Məmmədəli
Veysovun xatirələri Sabirin ömrünün nədən
bunca erkən bitməsinin gizlinlərindən birini
pıçıldayaraq agah edir ki, şairin "Daru-l-bəqa"dan
"Daru-l-üqba"ya getməsinin bəlli səbəbi var
və həmin səbəbin nədən ibarət
olmasını açır. Xəbər verir ki, "Molla Nəsrəddin"də
Şamaxı axundu Hacı Məcid Əfəndi ilə bağlı
yazı dərc edilmişdi, yanında da rəsm. Həmin
yazıda və rəsmdə guya millətin müşküllərini
həll eləməli olan Hacı Məcid Əfəndinin iki
övrəti arasında naçar qaldığı tənqid
olunurdu. Sabirin bədxahlarından olan hansısa mərdimazar
şayiə yayıbmış ki, o yazını qələmə
alan elə Mirzə Ələkbərdir, imzasını gizlədib.
Çünki Şamaxıdan "Molla Nəsrəddin"ə
tez-tez yazılar göndərən odur, hələ üstəlik,
rəsm çəkməyi də var.
Sabir ha and-aman eləyirsə də ki, bu yazıda mənim
əlim yoxdur, inanmırlar və bütün
ağızları da necə bağlamaq olardı! Çarəni
onda görür ki, özü yollansın axundun yanına. Gəlib
ona da söyləyir ki, bütün bunlar şər-böhtandır,
mən heç şəkil çəkə bilmirəm, sizə
də böyük hörmətim var, həmin yazını mən
göndərməmişəm, kiminsə uydurmasıdır ki,
məqaləni mənim adımla bağlayırlar.
Bu mərəkə səngiməmiş ardınca
başqa bir həngamə qopur. Bu dəfə "Molla Nəsrəddin"də
şəhərin tanınmış ruhanilərindən
olmuş mərhum Hacı Seyidəli haqqında yazı
çıxır, məqalənin də böyründə
keçən səfər olan tərzdə bir rəsm -
Hacı Seyidəli Şamaxı məscidində dəfn
edilibmiş, karikaturada da bir qadın təsvir edilirdi ki, həmin
həyətdə, o qəbrin yanında əyləşib.
Yenə qeybətçilər, tərsəyozan şərhçilər
şayiə buraxmağa başlayırlar ki, bunun da səbəbkarı
Mirzə Ələkbər Sabirdir: yazı da onunkudur, rəsmi
çəkən də özüdür. Bu dəfə vəziyyət
əvvəlkindən də gərgin imiş. Ona görə də
Sabir vadar qalıb dübarə gedir Axund Hacı Məcid Əfəndinin
hüzuruna, rica edir ki, sən Allah, bu camaata izah edin, mən rəsm
çəkə bilmirəm, bu yazıdan da xəbərim
yoxdur, bunlar hamısı qarayaxmadır. İnsafən axund
şairin sözünü yerə salmır, cümə
namazı vaxtı məscidə toplaşanlara Sabirin
haqqında xoş danışır, bu yazıların şairə
aid olmadığını təsdiqləyir. Ancaq hətta
Hacı Məcid Əfəndinin arxa durması da Sabirə
kömək etmir. Günlərin birində elə həmin məsələ
ilə bağlı xeyli adam şəhər içində
Sabiri qara-qışqırıqla əhatəyə
alıbmış. Sabir nə qədər dil tökürsə
də ki, mənlik deyil, bu işlərdən xəbərsizəm,
bağırırlar ki, yox, bu, elə sənin işindir. Qəfilcə
Hacı Seyidəlinin kürəkənlərindən biri əlində
tapança hökmlə qabağa sıçrayır,
silahını tuşlayır düz Sabirin ürəyinə.
Şair hiss edir ki, bu adamınkı hərbə-zorba gəlmək
deyil, başı çönüb, bu dəqiqə tətiyi
çəkəcək. Sabir vəziyyəti belə görəndə
ölümün nəfəsini duyaraq çox qorxur, huşunu
itirib yıxılır.
Hadisənin canlı şahidi Məmmədəli Veysov
gördüklərindən belə nəticə
çıxarırdı ki, həmin hadisə Sabirə
çox ağır təsir etdi, düşdü yatağa; hərçənd
bir neçə gün sonra ayağa qalxdı, yenə adam
arasına çıxdı, ancaq məhz həmin hadisədən
sonra sağalmayan bir naxoşluğa düçar oldu.
Veysov davam edirdi ki, günlərin birində Sabirə
rast gəldim, onu xeyli sınıxmış, üzgün
gördüm, soruşdum ki, ay Ələkbər, niyə bu
haldasan? Qüssəli-qüssəli gülümsəyib bu
sualıma şeirlə cavab verdi:
Ariz-i qəmlər əlindən ürəyim
şişmiş idi,
Zənn edirdim, edəcəkdir ona çarə ciyərim.
Bəxt-i mənhusimə bax, mən bu təmənnada
ikən
Başladı şişməyə indi üzü qarə
ciyərim.
Sabirin həyatının son parçası
haqqında Məmmədəli Veysovun bildirdiyi ürək
sıyırandır. Sabir canını bu millətə
peşkəş etməyə hazır olan bir insandı. Verməyə
hazır olan nə sözdür, o, ürəyini xalqına
vermişdi. Ürəyini və nəyi var
hamısını!Ancaq xalqın başına bəla olan
balaları onun ürəyinə tapança
tuşlayırdı və elə bundan da sarsıntı
keçirən Sabir ciyər xəstəliyi tapdı.
Sabirin məsləkdaşlarından olmuş mollanəsrəddinçilərdən
biri, 1910-11-ci illərdə bu dərgiyə müvəqqəti
redaktorluq etmiş Məhəmmədəli Sidqinin xatirəsi Məmmədəli
Veysovun xatirəsinin davamı kimidir. Yazır ki, 1911-ci ilin əvvəllərində
"Molla Nəsrəddin" redaksiyası
yığışaraq xəstəliyi şiddətlənən
Sabiri Tiflisə gətirdi, şair xəstə, yorğun,
üzgün olsa da, dinc dayanmırdı, qəzet-jurnal əlindən
düşmürdü, hey müxtəlif kitabları
götürüb mütaliə edirdi, həm də
yazırdı; hətta Kürdəmirdən qatarla Tiflisə gələnə
qədər yolda təzə bir şeirini yazmışdı,
onu da məcmuəmizdə dərc elədik. Bu həmin məşhur
şeirdi ki, "ağladıqca kişi qeyrətsiz olur, necə
ki, ağladı, İran oldu".
Məmmədəli Sidqi yada salır ki, 1911-ci ilin ilk
aylarında Tiflisdə olduğu çağlarda Sabir şəhərin
köhnə məhəllələrini gəzməyi
xoşlayırdı, ən çox da "Şeytanbazar"a
gedər, oradakı azərbaycanlılarla hal-əhval
tutardı və ən çox sevdiyi yer isə
şeytanbazarlıların da dilində "Botaniçeski
sad" deyilən məşhur "Nəbatat
bağı"ydı - orada bir qaya parçasının
üstündə oturar, gendən burula-burula axan çaya
tamaşa edər, xəyallara dalardı.
Xəstəliyinin durmadan şiddətləndiyini
görəndə onu Tiflisdəki ən yaxşı müalicəxanalardan
birinə, ən ad-sanlı həkimin qəbuluna aparırlar.
Orada Sabiri bütün müayinələrdən keçirəndən
sonra deyirlər ki, gərək xəstəliyi lap dəqiq
müəyyənləşdirmək üçün yaraq, ciyərinə
baxaq, əgər ehtiyac yaranarsa, elə həmin əməliyyat
anında qaraciyərin müəyyən hissəsini də kəsib
götürək. Ancaq Sabir buna razılıq vermir.
Özünə xas istehza ilə deyir ki, mənim vücudum
pulqabı deyil istədiyiniz vaxt
açıb-bağlayasınız.
Nə bilmək olar, bəlkə də o qabil təbiblərin
müdaxiləsi olsaydı, Sabir sağ qalardı. Lakin icazə
vermir, azar da günü-gündən kəskinləşir və
Məmmədəli Sidqi son görüşlərini təsvir
edirdi ki, axşamlardan birində Tiflis vağzalından Sabiri
yola salırdım, onunla qalxmışdım kupeyə,
yalnız üçüncü zəngdən sonra xudahafizləşib
aşağı düşdüm. Qatar gurultu ilə hərəkətə
başlayanda ürəyimdən qara qanlar axırdı. Fikrimdən
o keçirdi ki, deyəsən, Sabiri bir də görməyəcəyəm.
Elə belə də oldu. İyulun 3-də Şamaxıdan
teleqram aldım. Abbas Səhhət göndərmişdi.
Yazırdı ki, Sabir vəfat elədi.
Amma Sidqi həmin xatirəsində Sabirin bir şeirindən
də söhbət açır. Deyir ki, xəstəxanada
yarılmağına icazə verməyib "Molla Nəsrəddin"in
redaksiyasına - evə qayıdandan sonra Sabir Novruz bayramı
haqqında bir şeir başlamışdı, hətta ilk
misralarını da bizə oxumuşdu, söz vermişdi ki,
şeiri yaxın günlərdə tamamlayıb təhvil verəcək,
mən də vəd eləmişdim ki, şeir hazır olan
kimi qoyacağam "Molla Nəsrəddin"də səhifəyə.
Ancaq sürətlə heysizləşən Sabirin həmin
şeiri tamamlamağa taqəti yetmir. O, millətimizə
bir-birindən gözəl və bu millət var olduqca həmişə
yaşayacaq söz inciləri yadigar qoyub gedib. Onların hər
biri ürəyimizdə, yaddaşımızdadır. Ancaq
bitirməyə macal tapmadığı o Novruz şeiri kimi hələ
nə qədər şeirlər yaza bilərdi. Sabirin
ömür möhləti həmin şeirlərin
yaranmasına kifayət etmədisə, səbəbkar
yalnız əcəl deyil, həm də (həm də yox, elə
ilk növbədə) şairi bezdirən, dünyadan
çirkindirən, ruhuna mütəmadi neştərlər batıran,
onu ağır xəstəliklərə mübtəla edən
bais bizlər olduq.
Öldürüb ardınca ağlamaq da köhnə dəblərimizdəndir.
..."Molla Nəsrəddin" olmasaydı, Sabir necə
bir Sabir olardı? O, Allahın fitri istedad
bağışladığı insan idi, yolu "Molla Nəsrəddin"lə
kəsişməsəydi də, kölgədə qalanlardan
olmayacaqdı. O parlaqlıqda qələmin
işığı gendən görünməyə bilməzdi.
Odur ki, istənilən halda şöhrətlənəcəkdi,
ehtiram bəslənəcəkdi, təqdir ediləcəkdi,
amma bu yox, tamam başqa Sabir olacaqdı. Ancaq Sabir "Molla Nəsrəddin"lə
qovuşdu və oçağacan bənzəri olmayan yeni bir
üslub doğurdu. "Molla Nəsrəddin"in atası Cəlil
Məmmədquluzadə yazırdı ki, 1906-cı ilin 7
aprelində dərgimizin ilk sayı işıq üzü
gördü, onda biz hələ Sabiri tanımırdıq və
etiraf edirdi: "Əgər biz Sabiri irəlicədən tanımış
olsaydıq, səhifələrimizi onun şeirləri ilə bəzəmədən
meydana qədəm basmazdıq.
Və Mirzə Cəlil yollarının necə
qovuşmasını da rəvayət edirdi ki, "Molla Nəsrəddin"in
yeddinci sayını tamamlayıb nəşr etmiş,
yaymışdıq, artıq səkkizincinin üstündə
işləyirdik, bu əsnada redaksiyaya bir cavan oğlan gəldi,
Ömər Faiqə bir neçə vərəqi verərək
qaçıb getdi; oxuyub gördük ki, gözəl bir
şeirdir, özü də yeddinci sayımızda verdiyimiz
"Dərsdən niyə qaçdım?" adlı məqaləyə
bir növ cavab kimi qələmə alınıb. Şeir belə
başlanırdı ki, "O gün ki sənə Xaliq edər
lütf bir övlad, olsun ürəyin şad". Şeiri bəyəndik,
elə buraxılacaq nömrədə yerləşdirdik.
Ömər Faiqdən soruşdum ki, bəs xəbər
almadın bu şeiri yazan kimdir? Dedi ki, heç
soruşmağa fürsət tapmadım, şeiri gətirən
qaçıb yoxa çıxdı.
Şeirin altında müəllif də göstərilməyibmiş
və Mirzə Cəlilgil özləri o şeirə
"Hop-hop" imzasını qoyurlar. Üstündən
çox keçməmiş həmin oğlan yenə
redaksiyaya gəlir, yenə Ömər Faiqə bir zərf təqdim
edir və yenə birinci dəfə olduğu kimi, dabanqırma
aralanıb gedir. Zərfi açıb görürlər ki, əvvəlkindən
də gözəl bir şeirdir - "Bilməm nə
görübdür bizim oğlan oxumaqdan".
Bu şeirə də məmnuniyyətlə "Molla Nəsrəddin"də
yer verirlər, amma Mirzə Cəlil Ömər Faiqə bərk-bərk
tapşırır ki, məbada bu dəfə fürsəti qaçırasan,
mütləq o zərfi gətirəndən soruşun ki, bu
şeirləri yazan kimdir. Həmin gəncin redaksiyaya növbəti
məktubu gətirməsində Ömər Faiq tədbirli tərpənir,
ondan heç nə soruşmasa da, düşür dalınca.
Mirzə Cəlil yazırdı ki, həmin oğlan gedib Tiflis
bazarında əslən Şamaxıdan olan Şeyxovların
xalça dükanına girir, Ömər Faiq
yaxınlaşır, başlayır dükandakılara
suallarını verməyə, onlar əvvəlcə sirri
açmaq istəməsələr də, görünür,
Faiq əfəndi dükan sahiblərinə niyyətinin xoş
olduğunu anlada bilir və onlar da kimsəyə bildirməmək
şərti ilə müəllifin kim olduğunu söyləyirlər.
Beləcə, çox keçmir ki, "Molla Nəsrəddin"lə
Sabir daha heç vaxt ayrılmamaq üçün
qovuşurlar. Hətta Sabir gözlərini əbədi yumandan
sonra da onun təsiri, dəst-ixətti "Molla Nəsrəddin"i
tərk etməyəcək.
Mirzə Cəlil sadəcə görkəmli,
böyük, qüdrətli ədib və zəka sahibi deyildi,
qoyduğu iz və ötən vaxt sübut edib ki, o,
sözün əsl mənasında dahi idi. Ancaq o dahi, o
müstəsna insan Sabirə daha dərindən bələd
olduqca ona xüsusi qısqanclıqla yanaşır, bu misilsiz
şairi yalnız "Molla Nəsrəddin" biçimində,
bu deyiş, bu baxış tərzində görməyi umurdu.
Sabirin ona yaxşılıqlar etmiş, çətinə
düşdüyü anda qahmar durmuş şamaxılı
Hacı Məcid Əfəndiyə vəfa borcu vardı və
axund vəfat edəndə təsirli bir qəsidə
yazmışdı. Qəsidə qəsidə kimi çox
gözəl idi. Ancaq Mirzə Cəlili narazı salan incə
bir məqam vardı, bunu da gizlətmədən
açıqca yazır, təəssüflənirdi ki, necə
olur "Daş qəlbli insanları neylərdin,
İlahi?" kimi bir şeir yazan Sabir həm də bir din
adamına həsr edilən belə bir mənzuməyə imza
atır. İncikliklə sual edirdi ki, axı niyə gül
tikansız olmur, niyə Sabir kimi söz möcüzələri
yaradan bir nəhəngin qələminə dindarlıq
sarmaşıqları yapışa bilir?
Mirzə Cəlilin bu mülahizələrində
yalnız xəfif narazılıq deyil, həm də bir təşviş
duyulmaqdadır. Çünki o, Sabirin möhtəşəmliyini
onun bütün əzəməti ilə dərk edirdi, onu da
bilməmiş deyildi ki, qəsidəçilik də Azərbaycan
ədəbiyyatında əsrlərcə yaşı olan bir xətdir,
sıra-sıra lətif mərsiyələr, nohələr,
sinəzənlərdən ibarət kövrələn və
kövrəldən dini şeirimiz də var. Mirzə Cəlili
ehtiyatlandıran da elə bu idi ki, həmin sahədə də
ustaca işləyən Sabir qələmi birdən həmin səmtə
daha çox meyl edər. Çox istəyirdi ki, Sabirin cilovsuz
istedadı başqa heç bir səmtə yönəlməsin,
yalnız vaxtın bu kəsiyində millət
üçün çox gərək olan mətləblərdən
deyən "Molla Nəsrəddin"cə səslənsin.
Sabirin əlimizə yetişən misraları
cilalı nohələrini oxuduqca qeyri-ixtiyari bunların
ömrünü həmin növ məhzun ədəbiyyatımızda
hünərlər göstərmiş şairlərimizin
yaratdıqlarından daha cazibəli olduğu qənaətinə
gəlməyə bilmirsən. Ona görə də bu tərəddüdlü
düşüncə də doğur ki, bəlkə elə
Mirzə Cəlil deyən düzmüş?!
Füzulinin "Hədiqət üs-süəda"sından
üzü bu yana Məhəmməd Əmin Dilsuz
(XVIII-XIX), Mirzə Məhəmməd
Tağı Qumri (1819-1891), Əbülhəsən Raci
(1831-1876), Molla Hüseyn Dəxil (XIX), Hacı Rza Sərraf
(1854-1907)... və onlarca digərləri mərsiyyə ədəbiyyatımızın,
dini poeziyamızın yüksək
bədiilikli əlvan örnəklərini doğurub, zəngin
mirasını yaradıblar. Sabirsə öz yolunda,
üslubunda yeganədir axı. Onun özünün də
yazdığı kimi, zəmanə çalxantılı idi,
XX yüzil başlanırdı və hələ istedadı
qarışıq olan millətə silkələnmək,
durulmaq, arıtlanmaq gərəkdi, bu hədəfdən
azacıq da olsa kənarda qalmaq günahdı:
Qarışıqdır hələlik millətin
istedadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq
olur.
Çalxalandıqca, bulandıqca cahan nehrə kimi
Yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur.
...Yaxşılar, qabil olanlar, istedadlar bir-biri ilə rəqabətə
girə bilərlər və girirlər də. Çünki
obirindəki qabiliyyətdən, istedaddan azmı-çoxmu,
bunda da var. Düşünür ki, niyə onun etdiyini mən
etməyim, niyə ondan daha üstün bir mərtəbəyə
çatmayım? Ancaq meydana dahilər girəndə, əgər
o, yaxşı olan, qabil olan, istedadlı olan dahini gərəyincə
qiymətləndirməyi bacarırsa, istər-istəməz
hökmən kənara çəkilir. Çünki bunun
uçuşun tamam ayrı bir səviyyəsi
olmağını anlayır. Və Sabir gəlmişdi. Sadəcə
yaxşı, qabil olan, istedadlı bir şair kimi gəlməmişdi.
Elə gəlişindən görünürdü ki, o, dahi
kimi gəlib. Şeirin o tərzi ki "Molla Nəsrəddin"
dərgisi təklif edirdi və Sabir də o cür yazmağa
başladı, həmin ahəngdə yazanlar Sabirdən əvvəl
də vardı. Görüncə ki, Sabir gəlir - nəhəng,
dahi gəlir, çəkildilər qırağa.
Bu, tək mənim müşahidəm deyil, işin
içərisində olan və həmin gedişata hər kəsdən
daha yaxın Mirzə Cəlil də zamanında bunu
görüb. Sabir haqqındakı qiymətverici məqalələrindən
birində bunu məxsusən vurğulayırdı ki, Sabir
"Molla Nəsrəddin" meydanına elə nərilti və
gurultuyla atıldı ki, digərləri susmağa vadar kəsildilər.
Hətta bəlkə bu yazı tərzində ona bərabər
görünə bilən "Məşədi Sijimqulu" da
"Molla Nəsrəddin"ə xeyli müddət - il
yarım yaxın durmadı, şeir vermədi. "Məşədi
Sijimqulu" Əli Nəzminin şairlik təxəllüsü
idi. Onun mədəniyyət, ədəbiyyat, mənəviyyat
tariximizdə xidmətləri çoxdur və qələmindən
çıxmış, yaşayan qiymətli əsərləri
də az deyil. Ancaq onun qələm götürmədən,
heç bir söz yazmadan da ifadə etmiş olduğu nəcib
fikri var ki, nə qədər ədalətli bir istedadın
sahibi olduğunu nümayiş etdirməkdədir - Sabirin
meydanda olmasını görüncə meydanın əsl
sahibinin gəldiyini boynuna alaraq yerini bilməsi, kənarda
durması!
Mirzə Cəlil kimi bişkin münsif Əli Nəzmini
Sabirə bərabər tuturdu, ancaq söz meydanına Sabir kimi
qüdrətin gəldiyini görüncə Əli Nəzmiil
yarımdan artıq bir müddətdə susmuşdu, dahinin
yazdığının yanında sönük görünə
biləcək bircə şeiri belə ortaya
çıxarmağı özünə rəva bilməmişdi.
...Sabir söz adamı idi. Sözün rəngini,
çalarlarını, dadını-tamını, nüvəsindəki
gücü həssaslıqla duyurdu və sözü canlı
varlıq sayır, onun hadisələrin gedişinə, insan
taleyinə təsir göstərə bilməsinə də
inanırdı.
XX yüzilliyin ilk onilliklərində ictimai-siyasi həyatın,
mədəni gerçəkliyin ön sıralarında gedənlərdən
biri də Mehdi bəy Hacınski idi. O, mühərrir, aktyor,
maarif xadimi, dövlət adamı idi. Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində Məclis-iMəbusanın
- parlamentin üzvü olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin
daxili işlər nazirinin müavini vəzifəsini
daşımışdı. Ancaq Mehdi bəy Hacınski həm
də qəzetçiydi - məqalələr də
yazırdı, şairdi - şeirləri də dərc edilirdi.
Özünün xatirəsi var və həmin xatirə də
Sabirlə bağlıdır. Yazır ki, 1905-ci ildi, "Həyat"
qəzeti redaksiyasında işləyirdim. Günlərin birində
qapı açıldı, Sabir içəri girdi, dedi, sizin qəzeti
oxuyuram, orada bir imza var, həmin imza ilə bağlı gəlmişəm.
Soruşduq ki, nə imza? Qayıtdı ki, sizin müəlliflərdən
biri yazılarının altında "Avara" imzası
qoyur. Mən də maraqlandım, gəldim öyrənim
görüm o, həqiqətən, avaradı, yoxsa elə kefi
istəyib özünə bu təxəllüsü
götürüb.
Mehdi bəy Hacınski yad edirdi ki, mən əvvəl
üstünü vurmadım, demədim bu, mənim imzamdır.
Söylədim ki, özü indi burada yoxdur, bir-iki saata gələr,
elə bizim kimi adamdır, həm də ruh əhlidir. Sabir təkid
edir ki, ona deyin imzasını dəyişsin. Soruşurlar ki,
niyə? Sabir də dediyinə isbatı görüb-eşitdiklərindən
gətirərək deyir ki, bizdə Şamaxıda bir nəfər
vardı, özünə "Məhrum" təxəllüsü
götürmüşdü. O yazıq sonra övladdan məhrum
oldu. İndi qorxuram bu da özünə "Avara" təxəllüsü
götürüb, elə axıracan avara qalsın.
Hər cür sadədillikdən uzaq olan Sabir
sözün gücə çevrilərək tale dəyişə
və yönəldə biləcəyinə belə məsumluqla
inanırdı.
...Mirzə Ələkbərin özünə
götürdüyü ikinci adın, şairlik təxəllüsü
"Sabir"in mənası "səbir edən",
"dözən" deməkdir. Şeirlərindən birində
özünə də, oxucusuna da tövsiyə edirdi:
Sabira, ümmid-i vəsl ilə qəm-i hicranə
döz,
Hansı bir müşküldü ki, səbr ilə
asan olmasın!
Mirzə Ələkbər asan olan səbir etmək,
dözmək yolunu deyil, daş-kəsəkləri ayaq qanadan
dözməzlik, səbiretməməklik yolunu tutdu.
Bəlalardan qorxub-çəkinməyərək səbir
edənlərdən, dözənlərdən
olmadığına görə də Böyük Sabirə
çevrildi!
17 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 20 aprel,№68.-S.14-15.