Ədəbi köşk: Nə var, nə yox?

 

Mehdi Hüseyn - böyük iflasın qurbanı

 

Məti Osmanoğlu "Dəmir pərdələr aralandı, qapadıldı və..." adlı yazısı ilə Mehdi Hüseyni yad edib. Məşhur məsələdir ki, Mehdi Hüseyn intriqalar içərisində olub və ittifaqın iclaslarının birində ürəyi partlayıb. Bu hadisəyə müxtəlif yozumlar verənlər az olmayıb. M.Osmanoğlu isə yazır: "Mehdi Hüseynin ürəyini partladan "troyka"nın (Çingiz Hüseynov xatirələrində onların adlarını da çəkib) üzvlərindən heç biri sonradan onun vəzifəsinə keçməyə iddialı olmadı. Ortada vəzifə intriqası olsaydı, onlar bir-birlərinin də başını yeyərdi. Mehdi Hüseynin ölümü, əslində, tarixi prosesin məntiqindən doğan faciəvi bir qətl idi. Xruşşov islahatlarının qarşısı kəsiləndən sonra Mehdi Hüseynin də missiyası başa çatmışdı. Dünyanın iki supergücündən biri olan SSRİ-nin batdığı və sonradan "durğunluq" adlandırılan bataqlıq "şər imperiyası"nı iflasa aparacaqdı. Mehdi Hüseyn bu iflasın ilk qurbanlarından biri oldu".

***

Rədd olsun məhəlli pafos!

Qışqırıqla yaranan ədəbiyyat həmişə zərərli olub və qulaq batırıb. Bədii həllini tapmayan heç bir mövzu, xüsusən, vətənpərvərlik yalnız və yalnız vətənşüvənlik təsiri bağışlayır. Hədiyyə Şəfaqət məhz bu mövzuya toxunub: "Ədəbiyyatda bəşəri prinsiplərdə həll olunmayan vətənpərvərlik istifadəyə yararlı deyil, ölümə, dar çərçivədə millətçilik səviyyəsində zamana uduzmağa məhkumdur. Sənət ali hisslərə tabedir, ali hisslər isə dünyanın hər yerində eyni ali məqsədlərlə çiyin-çiyinədir. Ədəbiyyat şəkəri suda deyil, suyu şəkərdə həll etmək; ağacı torpağa deyil, torpağı ağaca əkmək; ananın uşaq deyil, uşağın ana doğmaq cəhdini qəbul edə bilər, məhəlli pafosçuluğu isə əsla".

***

Yazıçını-şairi söyənlər niyə qorxaqdırlar?

Azərbaycanda müzakirə obyektinə çevirib tənqid yağdırmaq üçün ən təhlükəsiz şəxs yazıçı-şairdir. Yazıçı-şair kimə nə edə bilər? Onun sözdən başqa nə gücü var? Bu cür düşünüb əzmək, aşağılamaq arzusunda olanlar düşünmürlər ki, ən güclü silah elə sözdür. Orxan Saffari həmin adamları xarakterizə edir: "Azərbaycanda ictimai-siyasi proseslərin zənginliyini təşkil edən, bu proseslərə olan marağı artıran, aktuallığı qoruyan və saxlayan yeganə sənət adamları yazıçı və şairlərdir. Bu baxımdan yeri gəldi-gəlmədi, ən xırda bir yanlışdaca yazıçı-şairi söyən, lağ edən, onların lazımsızlığını bildirən adamlar, kimliyindən asılı olmayaraq birmənalı şəkildə qorxaq adamlardır... Əlbəttə, yazıçı və şairin yaşadığı problemləri bütün sahələrin adamları aşağı-yuxarı hansısa formada yaşayır, sadəcə, onların heç birində yazıçıda olan narahatlıq, həssaslıq, ən əsası ürək, cəsarət yoxdur. Belə bir məqamda bilərəkdən özünü yazı-pozuya bağlayan, ədəbiyyatın, sözün ümidinə yaşayan, həqiqətinə inanan adamlara həqarətlər etmək, ən yaxşı halda tərbiyəsizlikdir".

***

İti ilə də rusca danışan azərbaycanlılar...

Küçədə, mağazada, konsertdə... hər yerdə rusca ünsiyyət quran, rus dili ilə ana dilimizi qarışdırıb anlaqsız, məzmunsuz cümlələr ifadə edən həmyerlilərimiz bizi hər vəchlə utandırmağa çalışır. Fəlakət orasındadır ki, bu xüsusiyyət onların uşaqlarına da sirayət edir. Şəhriyar Del Gerani hətta iti ilə belə rusca danışan dostundan bəhs edir: "Bir məmur dostum var, itinə rusca göstərişlər verir, itini rusca tumarlayır, rusca oxşayır, rusca tərifləyir. Soruşuram, qardaş, nöşün itlə rusca danışırsan ki? Deyir, “Çünki azərbaycanca bilmir”. Deyirəm, Guya rusca bilir? Məsələnin mahiyyətini başa düşən məmur dostum miskincə gülümsəyib gözlərini döyür. Biabırçı kompleksdir gerçəkdən. Adamın yazığı da gəlir bir yandan. Bir insan niyə özünü bu qədər natamam hiss etsin axı? Bu natamamlıq kompleksiylə necə firavan yaşamaq olar bu əbədi dünyada? İtdi də, bu şəbzülün ən ağıllısı belə 45-50 söz bilir. Yaxşı, lap olsun 60 söz. Niyə itinlə rusca cükgüldəşirsən, ay natamam dostum? Guya itə “bura gəl” desən, qayıdıb üzünə tüpürəcək? Mütləqdir “idi suda” deyəsən? Elə də qürurla deyir: “Çünki azərbaycanca bilmir!” Yox bir, guya bunun iti Lomonosov adına Moskva Dövlət Universitetinin dəftərxana müdiridir".

Şəhriyar, nə bilmək olar, bəlkə də, müdiridir...

***

Günahsız körpə kimi istəyirik: yaşa!

Salam Sarvanın səhhətində yaranan problemlər ürəyində sözə məhəbbəti olan, onun şeirlərini sevən hər kəsi kədərləndirdi. Xəstəliyin ciddiləşməsi söz əhlinin də bərk sarsıtdı. Bu günlərdə kimi onun şeirlərini paylaşır, kimi haqqında status yazır, kədərləndiyini bildirir, xatirələrini bölüşür. Kəramət Böyükçöl yazır: "Əgər Allah bizi eşidirsə, görürsə, əgər Allah bizi duyur, hiss edirsə, əgər Allah bizdən, keçirdiyimiz hisslərdən, duyğulardan xəbərdardısa, demək, sənin yaşamağını nə qədər istədiyimi də bilir, şair. Günahsız körpə uşağın arzusu olurmu, bilmirəm. Günahsız körpə uşaq xahiş edə bilirmi, onu da bilmirəm. Mən sənin yaşamağını günahsız körpə uşaq kimi istəyirəm. Varlığına, gücünə inandığım və inanmadığım hamıdan, hər şeydən sənin yaşamağını istəyirəm, Salam müəllim".

Müasir poeziyamızın sevilən simasının sağlamlığını biz də günahsız körpə uşaq kimi arzulayırıq...

***

Ədəbiyyatın inkişafı elitanın dəstəyinə möhtacdır?

Bu sualı eşitməkdən bezmisiniz? Hamı bezib, yazıb-pozanlar belə... Nə edək, necə inkişaf edək, xalqı ədəbiyyata necə yaxınlaşdıraq, yaxşı əsərlər necə reklam olunsun?.. Bu kimi suallar, az qala, Füzuli ilə yaşıddır... Bəlkə, elə ədəbiyyat bu taleyə məhkumdur?!

Elşən Əzim deyir ki, mütaliəyə maraq uşaqlıqdan başlamalıdır. İmkanlı şəxslər isə bu istiqamətdə sponsorluq eləməlidilər: "Mütaliə vərdişi uşaqlıqdan başlamalıdır. Dövrümüzdə bağça yaşlı uşaqlar da, şagirdlər də telefondan əl çəkmirlər. Baba-nənələr də, ata-analar da, imkanlılar da, kasıblar da bundan gileylənir. Çıxış yolunu isə axtaran yoxdur. Bəlkə, uşaqlar üçün kitablar, jurnallar çap edib bağçalarda, məktəblərdə davamlı yayımlamaq lazımdır? Deyəcəklər ki, valideynin kitab, jurnal almağa imkanı yoxdur. O zaman imkanlı şəxslər, şirkətlər bir uşaq jurnalına sponsorluq etsin, balalara pulsuz hədiyyə olunsun. Hər şəhərdə, rayonda bir belə xeyirxah şirkət, sahibkar tapılsa, özü də savab qazanar, cəmiyyətin inkişafına da təkan vermiş olar".

Azər Qismət isə ümumiyyətlə bu istiqamətdə sponsorun tapılmadığını deyir: "Televiziyada ədəbiyyatın təbliği üçün milli burjuaziyaya ehtiyac var. Elita ədəbiyyata, sənətə dəstək olmalıdır. Nitsşe deyir ki, "gücün müdafiə etmədiyi həqiqət ölümə məhkumdur". Elitanın dəstək olmadığı sənət də ölümə məhkumdur. Ancaq bütün çətinliklərə rəğmən, müasir ədəbiyyatımız oxucuların hesabına inkişaf edir... Ədəbi verilişlərə sponsor tapmaq olmur. Pessimist olmamalıyıq, çalışmaq lazımdır. Xarici ölkələrdə şirkət sahibləri, varlı adamlar ədəbiyyata, mədəniyyətə dəstək olmağı ciddi mənada prestij hesab edirlər".

Ədəbiyyatımızın möhtac durumu sarsıdıcıdır...

***

Ədəbiyyat fənninə qənim kəsilmiş praqmatik robotlar...

Ötən günlərin birində Vüqar Vanla bir taksiyə əyləşdik və həyat, ədəbiyyat barədə sıravi vətəndaşın düşüncələrini öyrənmək istədik. Belə məlum oldu ki, o, övladlarına kitab almır və arqumenti belədir: "Mənim uşaqlarım ədəbiyyatşünas olmayacaqlar. İndi ədəbiyyatçılar nə qazanır ki?! Ona görə də kitab almıram".

Sonra nəsə fikirləşdi və əlavə etdi: "Əşşşi, kim mənə kitab almağı təbliğ etdi, mən almadım?"

Fəxri Uğurlunun "Oliver Tvistin macəraları" romanı haqqında qələmə aldığı yazıda belə bir hissə var: "Çox təəssüf ki, müasir dünyamızda sözün, sənətin belə bir gücü qalmayıb. Nə bilim, bəlkə də artıq buna ehtiyac yoxdur. İndi hətta ədəbiyyatı bir fənn kimi məktəb proqramlarından çıxarmaq təklif olunur. Əminəm ki, ədəbiyyatsız, incəsənətsiz dünya ruhsuz bədən kimi duyğusuz, cansız olar... Mən mənəvi-əxlaqi imperativlərə biganə, sözə-sənətə xor baxan müxtəlif peşə sahiblərini zaman-zaman çox müşahidə eləmişəm (belələri hətta dünya siyasətinin aparıcı postlarına da yol tapıblar). Onlar bu dünyada heç bir dəyərə inanmırlar, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar bu fani dünyada onca gün artıq yaşamaq naminə - inanmadıqları bəşəri dəyərlər bir yana qalsın - vətənlərini, millətlərini gözüyumulu qurban verərlər... İndi ədəbiyyat fənninə qənim kəsilmiş praqmatik robotlar nə demək istəyirlər: sözlə, sənətlə bəslənmiş insan adamlar yeni bir qlobal fəlakətin astanasına sürüklənən dünyamızı beləmi gələcəyə təhvil verib getsinlər?.."

Sözə-sənətə xor baxan peşə sahibi belə maariflənmədiyindən, ədəbiyyatla tanışlıq vasitələrinin olmadığından bəhs edir, bunu bəhanə edir. Axı indi bu millətə ədəbiyyatı göstərən, tanıdan hansı nəsnələr var?

***

Təzə nə var?

Qismət Rüstəmovun ədəbiyyata yeni tərifi: "Ədəbiyyat yaddaşın içində indiki zamanı tapmaq sənətidir".

P.S. Q.Rüstəmov namizədlik dissertasiyasını uğurla müdafiə edib. Təbrik edirik!

***

Daniil Xarmsın "Qarı" povesti Həmid Piriyevin tərcüməsində "Qanun" nəşriyyatı tərəfindən çap olunub.

***

Fərid Hüseyn "Ədəbiyyatımızın kədərli dəqiqələri" adlı yeni layihəyə start verib. O deyir ki, layihə çərçivəsində qələmə alacağı 60 yazı ədəbiyyatımızın 1000 illik dövrünü əhatə edəcək. Yazılar sonda kitab halında çap olunacaq.

***

Çingiz Aytmatovun Bakıda abidəsi qoyulub.

***

Bakı Dövlət Universitetində Aqil Abbasla görüş keçirilib.

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet.- 20 aprel,¹68.-S.13.