Ata,
oğul və müqəddəs ruh naminə
Ard-arda baş verən terror hadisələrindən
sonra tez-tez getməkdən çəkindiyim yerə
çevrildi İstiqlal caddəsi. Zənnimcə, bu
düşüncədə olan tək mən deyiləm. Bir
vaxtlar insan selinə məruz qalan, addım atmağa yer olmayan,
adam əlindən hərəkətin iflic olduğu
küçə indi yarı-yarıya boşalıb. Hətta
deyərdim ki, küçədə sıravi insandan çox,
polis var. Bu da insanların şüurları altında bir
güvənsizlik yaradır. Çünki bir yerdə həddən
artıq qorunma varsa, orada təhlükənin barmaq ucunda gəzdiyini
bilirlər. Bütün hallarda İstiqlal caddəsi
memarlığı, bağrındakı abidələri, muzeyləri,
qədimiliyi ilə simvoldur. Hər şeyə rəğmən,
var, mövcuddur. İndi yox, həmişə belə olub.
1870-ci ildə baş verən Böyük İstanbul
yanğınında yanaraq kül olan, küllərindən
doğan yerdir bura. İstiqlal caddəsi gözəlləməsini
uzatmadan keçək məqsədimə. Mövzum Taksim
meydanından baxanda əyri-üyrü, yamaq-yumaq tikililərin
arasından göyə doğru uzanan Aya Triyada Yunan Ortodoks kilsəsidir.
Kəskin xətləri, ecazkar görüntüsü ilə
insana uzaqdan "gəl-gəl" deyir. "Müqəddəs
üçlü" mənasına gələn Aya Triyada
"ata, oğul və müqəddəs ruh"a ithafən
inşa edilən kilsədir. İstabuldakı ən
böyük yunan ortodoks məbədi hesab edilir.
Ayaq basdığın yerlərə beton deyib
keçmə
Kilsənin yerləşdiyi yer və ətrafı bir
vaxtlar böyük bir məzarlıq imiş. Sultanahmet
meydanında İmperator Yustinianın dönəmində
öldürülən 35 min nəfər insanın kütləvi
şəkildə basdırıldığını və
sümüklərinin hələ də meydanın altında
olduğunu və meydanda gəzənlərin böyük əksəriyyətinin
bundan xəbərləri olmadığını bilmək qədər
ağır olmasa da, İstiqlal caddəsində bənzər
hadisənin yaşandığını öyrənmək də
məyus etdi. Təbii ki, empatiya qurduğun üçün,
özünü aşağıdakıların yerinə
qoyduğun üçün, insanın "heç"
olduğu kim bilir neçənci dəfə üzünə
çırpıldığı üçün
üzülürsən. Düşünürsən ki,
ayağını basdığın betonların altı insan
sümükləri ilə doludur. Kimisinin övladı, kimisini
anası, kimisinin atası idi həmin insanlar. İndi isə
heç kimin heç nəyi deyillər. Hətta yoxdular,
heç bir zaman olmamış kimi. Bəlkə də qəbirlər
buna görə önəmlidir, qalıcı bir iz qoymasan da,
bir başdaşı ilə yer üzündə var olmağa
davam edirsən. Sabahattin Ali gəldi ağlıma. Məzarı
yoxdur, amma 21 dilə tərcümə edilən, 30-a yaxın
ölkədə çap edilən "Kürk mantolu madonna"sı
var. Bəzi yazıçıların, bəstəkarların,
rejissorların, filosofların məzarlara ehtiyacları yoxdur.
Çünki əsərləri onları ölümsüz
qılır.
İnsan haqları və haqsızlıqları
Qəbiristanlıq sırf bu kilsəni tikmək
üçün yox edilib. Osmanlı memarı P.Kampanakinin
ideyası ilə 1876-cı ilin avqustunda təməli
atılır, 1880-ci ilin sentyabırında tamamlanır. Kilsə,
Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində,
əlavə olaraq iki zəng qülləsi, böyük bir
günbəz və yeni-qotik bir fasad ilə inşa edilib.
Əslində 1839-cu ilə qədər məscidlərə
görə kilsələrdə günbəz
ucaldılmasına icazə verilmirdi. Elə həmin il Tənzimat
islahatları ilə qərar dəyişdirilir, günbəz və
bənzər memarlıq elementlərinin kilsələrə əlavə
edilməsinə icazə verilir. Aya Triyada, İstanbulda ilk
günbəzli xristian kilsəsidir. Hazırda
gördüyümüz kilsənin yerində bir vaxtlar Aya Mina
Cəmiyyəti tərəfindən inşa edilən
kiçik taxta kilsə var imiş. Böyük yanğında
o da kül olmuşdu.
Kilsənin yanında Zapion Rum Litseyi də var. Onun da
tarixi qədimdir. Hazırda fəaliyyət göstərməyə
davam edir. Tarixlərə diqqət yetirəndə məlum olur
ki, qəbiristanlığın üstündə əvvəlcə
Aya Trida kilsəsi inşa edilib, daha sonra solunda yerləşən
sözügedən litsey.
Xaç şəklində tikilişi, qübbəli
fasadı hər iki yanında dörd mərtəbəli simmetrik
qüllələri mövcud olan abidə dönəminə
görə olduqca modern bir memarlığa sahibdir.
Sultan Abdulazizin taxtda olduğu vaxtlarda inşasına
başlanan kilsə qurğuşun qapaqlı qübbəsi, Tənzimat
sonrası müsəlman olmayan Osmanlı vətəndaşlarına
verilən haqların bir simvolu olaraq qəbul edilib. Sağ
giriş qapısı üstündəki kitabədə kilsənin
patrik VI Grigorios dönəmində başlayan inşa
işinin, Patrik İoakimin dönəmində ibadətə
açıldığı qeyd edilib. On üç ilə
yaxın uzun bir müddətdə tikilən abidənin
içindəki İsa Peyğəmbər, Məryəm və
digər əzizlərə aid təsvirlər rəssam
Sakelarios Megaklis, mərmər işləmələr isə
Aleksandros Krikelis tərəfindən işlənib. Tavan dəmir
barmaqlıqlarla bir-birindən ayrılır. Sağ tərəfdə,
aşağıda Aya Yorgiyə ithaf edilmiş rumların
müqəddəs su adını verdikləri "ayazma"
mövcuddur.
Burada maraqlı bir fakt da ortaya çıxdı. Sən
demə, Bəyoğlu ərazisində bu gün
çoxları tərəfindən bilinməyən, bu kilsə
ilə eyni adı daşıyan və Rum Katolik camaatına aid
ikinci Aya Triyada kilsəsi varmış. İngiltərə səfirliyinin
yanında yerləşən həmin kilsə, 1867-ci ildə
inşa edilir, məlum yanğında zərər
görür, daha sonra yenidən inşa edilir, hazırda
Odigitriya adı ilə tanınan Rum məktəbi kimi fəaliyyət
göstərir.
Sərhədsiz xəyallar
Aya Triyada həyətində, naringi ağacları,
xanıməli çiçəkləri, qızıl güllər,
yamyaşıl otları, hündürlüyü kilsə ilə
yarışan çinarları ilə əhatələnmiş
kilsədir. İçəri girəndə kilsədən
çox Edinburqda və ya İngiltərədəki o qədim,
məşhur qəsrlərə ayaq basdığına dair bir
hissə qapılırsan. Kilsənin içərisi çox səssizdir.
Pıçıldayanda az qalır səsin əks-səda
versin. Təəssüf ki, bu memarlıq incisi çox vaxt
qapalı olur. Əgər açıq olduğu günə
rast gəlmisinizsə, deməli, həmin gün şans sizdən
yana olub. İçəridə yaşlı bir kişi oturur.
Danışanda sərt görüntüsünün
altından pambıq kimi yumşaq bir adamın ortaya
çıxdığını görürsən. Bəzi
günlər kilidi açır "keç içəri, 15
dəqiqəyə çıxarsan" deyir.
Vaxtaşırı ayaqlarımın məni dartıb
apardığı yerdir Aya Triyada.
Bəzi günlər kilsənin içində tək
otururam. İçəri o qədər ecazkar, elə möhtəşəmdir
ki, insana ağılasığmaz xəyallar qurdurur. Məsələn,
düşünürəm ki, bir azdan İsa gələcək,
arxasınca həvariləri onu təqib edəcək. O məşhur
masa qurulacaq, son axşam yeməyi yeyiləcək, məşhur
müqəddəs kasa ilə həvarilərə şərab
veriləcək. Leonardo Da Vinçi həmin möhtəşəm
anı ölümsüzləşdirəcək və mən
də bütün bunları seyr edəcəm. Təbii ki,
qurduğum bu xəyalın memarı divarlara həkk edilən
İsanın və 12 həvarisinin rəsmləridir. İsa
çarmıxa çəkilərək
öldürüldükdən sonra xristianlığı yaymaq
üçün uzaqlara gedən, getdiyi diyarlarda
çarmıxa çəkilən, başları bədənlərindən
ayrılan, zəhərli oxla öldürülən,
canlı-canlı dəriləri üzülən 12 həvarinin
şərəfinə kilsənin qübbəsi altında 12 pəncərə
qoyulub.
Yeri gəlmişkən, 12 həvarilər Ayasofya
divarlarında da təsvir edilib. Bu gün məscid statusu
daşıyan, I Yustinianın göstərişi ilə tikilən
kilsədə... Artıq öyrəşmişik, tarixin
özündən böyük və absurd təzadlara məruz
qalmağına.
Madam ki, söhbət 12 həvaridən
düşdü, maraqlı bir rəvayətdən bəhs
edim. Xristianlığın ilk dönəmlərində həvarilər
haqqında müxtəlif əfsanələr uydurulurmuşdur.
Nəql edilən söhbətlərə görə, bu mələklərin
hər birinin altı qanadı varmış. Qanadların ikisi
üzlərini, ikisi ayaqlarını gizləyirmiş,
beşinci və altıncı qanadları vasitəsi ilə
uçduqlarına inanırmışlar. Belə yerdə
bilmirsən, insanı acizliyinə görə qınayasan,
yoxsa belə fantastik xəyallar qurduğuna görə təqdir
edəsən.
Əlbəttə, bütün bunlar həmin dönəmdə
yaşayan insanların inandıqları və inanmaq istədikləri
fərziyyələrdir, başqa dinlərdə olan uydurmalar kimi.
Belə çıxır ki, insanın öz
varlığında bir anlam tapa bilməməsi meyli ta
dünya yaranandan var və bu, hələ də davam edir.
Görünən odur ki, həyata sarılmaq üçün
daha dərin anlama ehtiyac var - insanlığı aşan, daha
üst səviyyədə bir anlama...
Türkan TURAN
525-ci qəzet.- 20 aprel,№68.-S.12.