Almaniyadan Bakıya Əli Kərim sorağı ilə...

 

Almaniyada yaşayan Gülər Tahirzadə adlı azərbaycanlı xanımın Əli Kərim sevdalısı olduğunu eşidəndə və onun adını tutub Azərbaycana gəldiyini biləndə ölməz şairimizin məzarı üzərinə yazılmış misralar xatirimdən keçdi:

 

Baxsan bu dünyanın ha tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam...

 

Öz bəxtini, taleyini əvvəlcədən yazan şairlərimiz sırasında rəhmətlə anılan söz sərraflarından biri kimi Əli Kərim də gələcəyini sözə çevirmişdi. Mücərrədlik içində özünün reallığını tapmışdı və o reallığa çevrilmişdi. Bu dünyanın hər tərəfindən Əli Kərim boylanır, böyük mənada, söz, həqiqi poeziya, itməyən səsin sədaları eşidilir. Almaniyadan bu səsin, bu sözün, əbədi sehrin rənglərinə boylanmaq da Gülər Tahirzadənin bəxtinə düşübmüş.

Aldığım məlumat dəqiqdirsə, Gülər Tahirzadə idman müəllimidir. Almaniyada xoşbəxt və qayğısız ömür sürür. Bəs səkkiz ildən sonra onu öz işindən ayırıb doğma Vətəninə gəlməyi üçün təşnə olan səbəb nə idi?.. Əli Kərim poeziyasına olan məhəbbət... Bu ülvi hiss onun gözlərində kilometrlərlə məsafəni bir nəfəs qədər yaxınlaşdırdı. Özünün də dediyi kimi, həyatı Əli Kərimin şeirləri ilə dərk edən Gülər Tahirzadə öz adaşı, şair Gülər Mübarizin sosial hesabını izləyirmiş. Onun qələm əhli olduğunu biləndən sonra mesaj yazıb ki, mən Almaniyada yaşayıram, Bakıya gəlib Əli Kərimə xatirə gecəsi təşkil etmək arzusundayam.

Bu cür içdən gələn arzuları reallaşdırmaq üçün müraciət olunası adamlar içində Rəşad Məcid ilk ağıla gələn şəxslərdəndir. İki Gülərin təşəbbüsü, Rəşad Məcidin dəstəyi ilə aprelin 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əli Kərimin xatirəsinə həsr olunmuş tədbir keçirildi və vaxtilə AYB-nin təşəbbüsü və Rəşad Məcidin ön sözü ilə dərc olunmuş Əli Kərimin şeirlərindən ibarət "Metronun yaylı qapıları" kitabı qonaqlara hədiyyə edildi.

Rəşad Məcid çıxışında Gülər Tahirzadənin bu sevgisini, istəyini və şövqünü yüksək qiymətləndirdi: "Gülər Tahirzadə ilə telefonla danışanda çox təsirləndim. O, Əli Kərimdən çoxlu şeirlər dedi və öz hisslərini necə büruzə verdisə, ölməz şairimizə sevgisini dəqiq hiss etdim. Bir şairə qarşı bu cür sevgiyə şahid olmaq insanı nikbinləşdirir. Mən də 17 yaşımda AYB ilə üzbəüz dayanırdım və Azərbaycanın məşhur şair-yazıçılarına tamaşa edirdim, heyrətlənirdim... Gülər xanım kimi insanlar görəndə keçmişə qayıdıram. Bayaq Gülər Tahirzadə ilə Gülər Mübariz mənim AYB-dəki otağıma gəldilər. Dedim ki, burda şəkil çəkdirin. Həmin şəkli paylaşanda yazarsınız ki, Əli Kərim vaxtilə "Azərbaycan" jurnalında çalışanda bu otaqda əyləşib... Bir neçə il əvvəl "Metronun yaylı qapıları"nı nəşr etdirdik. Həmin kitaba yazdığım ön sözdə də Əli Kərim poeziyasına ta uşaqlıqdan yaranan sevgimi ifadə etmişəm... Qənirə Paşayevanın ruhu şad olsun, sonralar onun təşəbbüsü ilə həm Azərbaycanda, həm də Türkiyədə Əli Kərimin kitabları çap olundu.

Bir daha Almaniyadan təşrif buyurub bu tədbirin keçirilməsinə təşəbbüs göstərdiyinə görə Gülər Tahirzadəyə minnətdarlığımı bildirirəm".

Rəşad Məcid şairlərə heyranlıq mövzusundan bəhs edəndə bir məsələni də xatırladı; Ramiz Rövşənin fanatı olan qızlardan biri AYB-nin qarşısında şəkil çəkdirib və həmin şəkli paylaşanda yazıb ki, bir il oturub burda gözləyəcəm, axır bir gün Ramiz Rövşən bura gələcək!..

O qızlar nə vaxtsa Ramiz Rövşəni gördülər və xəyalları reallaşdı... Almaniyadan gələn Gülər xanım isə bizdən uzun illər ayrı düşən, ruhu isə daim yanımızda olan Əli Kərimi görmək şansından məhrum idi. Bir az da poetik desək, Gülər Tahirzadə Almaniyadan Əli Kərimi axtarmağa gəlmişdi, gələndə isə yalnız onun insanların ürəyində yaşayan parlaq xatirəsi ilə qarşılaşdı.

Rəşad Məcid çıxışının sonunda Əli Kərimin məşhur "Atamın xatirəsinə" şeirini dedi...

Əli Kərimin bacısı oğlu Vaqif Mehdiyev də tədbirdə idi. Qiraətçi Bəhiyyə Nağıyeva şairin "İki sevgi" şeirini deyəndən sonra Vaqif Mehdiyev sözə başladı: "Dayım anamla birgə oxuyan bir qızı sevirmiş. Qızın yanağında da xalı var imiş. Əli Kərim Bakıya gəlib universitetə daxil olur, sonra Moskvaya göndərirlər. Qayıdanda eşidir ki, o xanımı başqa bir oğlanla evləndirirlər, çox pis olur və "İki sevgi" şeirini ona həsr edir... Dayım rəhmətə gedəndə 6 yaşım var idi. Onu iki dəfə gördüyüm yadıma gəlir... Qəbrinin üstünə gedəndə kövrəlmirəm, ruhuna dua edib qayıdıram. Amma şeirini oxuyanda gözüm dolur..."

Tədbirdə AYB-nin mətbuat xidmətinin rəhbəri, şair-yazıçı Xəyal Rza, qələm adamları El Roman, Günay Ümid, Aysel Nəsirzadə, Müşfiqə Baləddinqızı, qiraətçi Anar Atakişi də iştirak edirdilər...

Əli Kərimin adını daşıdığı nəvəsi, görkəmli alim Paşa Əlioğlunun övladı Əli Kərimov da tədbirdə idi. Atasını təzə itirən Əli bəy hamıya, xüsusən, Gülər xanıma minnətdarlığını bildirdi: "Bu il Əli Kərimin vəfatından 55 il ötür... Ötən il nənəm - Əli Kərimin həyat yoldaşı Elza xanım vəfat etdi. Bu il isə Paşa Əlioğlu dünyasını dəyişib. Ailəmizin hüznlü günləri olduğu üçün, təəssüf ki, təkcə mən bu tədbirdə iştirak edirəm. Bizim başımızın qarışıq olduğu bu günlərdə də Əli Kərimi yad etdiyinizə görə minnətdaram".

Poeziyasına vurulub şeirlərini əzbər söyləyən insanların, xatirəsinin sonsuz ehtiramla anıldığı belə tədbirlərin sayəsində Əli Kərim, özünün dediyi kimi, hələ dəfələrlə doğulub bu dünyaya gələcək!

 

Nadir YALÇIN

525-ci qəzet.- 20 aprel,68.-S.11.