Qulu Ağsəs - 55
Çağdaş Azərbaycan poeziyasının
seçkin nümayəndəsi, "Ulduz" ədəbi-bədii
jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsin
bu gün 55 yaşı tamam olur. 20 aprel 1969-cu ildə Ağdam
rayonunda, sənətkarlar yurdu Abdal-Gülablı kəndində dünyaya gəlmiş
Qulu Ağsəsin Azərbaycan və türk dünyası
poeziyasında xüsusi yeri, fərqlənən, bəyənilən
yaradıcılıq dəst-xətti var. Doğum günü,
yubiley yaşı münasibətilə əziz şairimizə
səmimi təbriklərimizi, xoş arzularımızı
ünvanlayır, yeni şeirini oxuculara təqdim edirik.
Cin atında gəzmişəm dörd yanı...
Mötərizə açılanda ağlayan,
bağlananda gülən...
bəşər -
heç vaxt indiki qədər
sadəlövh olmayıb, mən bilən...
Hələ tezdi,
vaxta var yəni:
əlli yaşdan sonra xəbər tutacaq qadın
əslində onu kimin sevdiyini...
Cin atında gəzmişəm dörd yanı,
ən təmiz yeri
zibil qablarıdı dünyanın...
Xanımlar və cənablar,
baxın,
diqqətlə baxın:
nökərin göz yaşı üzündən yox,
kürəyinin arasından axır...
Qorxudan rəngi ağappaqdı
yuxarıdan özünü atan hər nə var:
istər adam olsun,
istər yağış, qar...
Bir də bu kadrlar -
zəlzələdə
Allahın altından
Allahın üstünə qaçanların
nidası,
ovucda partlayan
fişəngin əl vidası,
göy boyda yorğanın
yer boyda mitili,
vayfayla əkilən insan şitili...
Və bir də:
məni Günəşə gömərsiniz
gözümə yuxu getmir
soyuq yerdə...
525-ci qəzet.- 20 aprel,¹68.-S.11.