"Rəssamlıq
çox qazanmaq istəyənlərin məslək seçimi
ola bilməz"
Sənətşünas Elnarə Musayeva: "İncəsənəti
sevin, o, sizə mütləq qarşılıq verəcək"
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elnarə Musayeva ilə müasir dövr Azərbaycan rəssamlığının
aktual problemlərindən olan bayağılıq meylləri
barədə söhbət
- Elnarə xanım, müasir dövr rəssamlığımızda
bayağılığın artmasını şərtləndirən
əsas amillər hansılardır?
- Elə bir dövrdə yaşayırıq ki, təkcə
əvvəlki nəslin həyat tərzi keçmişə
atılmır, həm də mənəvi komponent dəyişir.
XXI əsrin əvvəlləri incəsənət tarixində
bədii irsin yenidən nəzərdən keçirilməsi
prosesinin baş verdiyi və təsviri sənətin gələcək
inkişaf istiqamətlərinin göstərildiyi müəyyən
keçid dövrüdür. İnsanlar və onların
düşüncələri bir növ yenilənir və
bütün bunlar yeni dövrün astanasında baş verir.
Tarixin belə məqamlarında həmişə olduğu kimi
yeni ideyaların doğulması məhsuldar olsa da, onların
arasında bədii və ideoloji çəkiyə malik
olanlarla yanaşı, qeyri-müəyyən, qeyri-adi və bəzən
qeyri-ciddi münasibət əks etdirən axtarışlar həmişəkindən
daha çox seçilir. Müasir dövr incəsənəti
ilə bağlı söylənən bir çox fikirlər bəzən obyektiv olmaya bilər,
bu dövrün tendensiyalarını yalnız tam
formalaşdıqdan sonra dərk etmək mümkündür.
Çünki təsviri sənətin nə isə başqa
bir şeyə çevrilməsi və konseptualizm şəklində
yeni məna kəsb etməsi fikrini heç kim istisna etmir.
Lakin bu, rəssamlıq üçün qeyri-təbii
olardı. Müasir sənət tədqiqatçılarının
əksəriyyəti deyir ki, XX əsrin əvvəllərində
avanqard rəngkarlığın növbəti canlanması
olan yeni konseptual sənət meylləri klassik rəngkarlıq
xəttinin davamı üçün bir zərbədir. Öz
təbiətinə görə avanqard öncəki
dövrün ənənələrini inkar edir və bununla da klassik ənənələrin
roluna mənfi təsir göstərir. Ancaq özlüyündə
az tədqiq edilmiş və buna görə də aktual olan
avanqard XXI əsrin əvvəllərində konseptual sənət
şəklində təsviri sənətin inkişaf tarixinin
bir hissəsinə çevrilib.
- Deməli, bu, lokal yox, daha çox dövri problemdir.
- Bu problemi lokal xarakterli hesab etmirəm. Yəni hər
bir region, ölkə və sənət ənənələrinə
görə bu problem dəyişkəndir. Dünyada baş verən
bir çox proseslər hər bir coğrafiyada və hər
bir sənət sahəsində müsbət və ya mənfi
şəkildə öz təsirini göstərir. Bu gün
ölkəmizdə təəssüf ki, hər bir sənət
sahəsində bayağılığa meyl artdığı
kimi, təsviri sənət sahəsində də bu, müəyyən
dərəcədə özünü büruzə verir. Mən
buna bayağılıqdan çox, incəsənəti bəsitləşdirmək,
dərin məna və məzmundan məhrum etmək deyərdim.
- Müasir dövr Azərbaycan rəssamlığında
sözügedən problemi necə xarakterizə edərdiniz?
- Janr, texnikaların və üslubların müxtəlifliyi
fərqli keyfiyyət və mənalı əsərlərin
böyük kütləsini yaradır. İndi Azərbaycan
müasir rəssamlarının əsərləri arasında
məna, məzmun, süjet, texnika və s. baxımından
görkəmli əsərlərə rast gələ bilərik.
Lakin bununla yanaşı, bəzi müasir rəssamların
yaradıcılığındakı tendensiyalar mənəvi
axtarışlara laqeydlik əlaməti kimi də dəyərləndirilə
bilər. Bu isə öz növbəsində bizdə təsviri
sənətin gələcəyi
ilə bağlı qorxu yaradır. Çağdaş
dövrümüzdə hər bir tarixi dövrdə olduğu
kimi, təsviri sənətin dərk edilməsinə və
onun cəmiyyət üçün nə dərəcədə
əhəmiyyət kəsb etməsinə bir çox amillər
təsir edir. Məna itkisi və sənətkarın nəyi nə
üçün demək istədiyinin anlaşılmaması
məhz bu amillərin məziyyətidir. Bunun da səbəbi
kütləvi mədəniyyətin təsirləridir.
Çünki bu təsirə məruz qalan insanlar daha sadə,
tez anlaşılan, asanlıqla əldə edilə bilən sənət
növlərinə üstünlük verməyə
çalışırlar. Sadələşdirməyə olan
meyl əsas ehtiyaclara, universal insan duyğularına, aktiv və
süni klişelərə əsaslanan şablonlar yaradır.
Belə insanlar üçün düşünmək,
axtarmaq, təhlil etmək çətin və
darıxdırıcıdır axı... Onların nəzərində
təsviri sənətin irsi qədim zamanların əfsanəsindən
ibarət, şou üçün ruhsuz bir eksponat,
darıxdırıcı və müasir olmayan bir şeydir.
İncəsənətin kütlə üçün sadələşdirilməsi
və ona ayrılan vaxtın azaldılması tendensiyası təəssüf
ki, davam etməkdədir. İnsanlar iş, karyera, sosial şəbəkələrlə
məşğuldur və təsviri sənətə dərindən
dalmağa vaxt tapmırlar.
- Təbii ki, kütlənin prosesin gedişatına təsiri
danılmazdır. Ancaq çoxluğun bayağılıq diktəsini
bayraq edib, istedadsızlığını ört-basdır edən
rəssamlar da gündən-günə artmaqdadır.
- Əlbəttə, elələri də var ki, onlar
üçün incəsənət bir peşə,
çağırış və ya xoş əyləncədir.
İncəsənətin vəzifəsi cəmiyyətin estetik
zövqünü düzgün şəkildə inkişaf
etdirmək, maarifləndirməkdir. Savadsız, zövqsüz,
dünyagörüşü dar çərçivəli olan
kütlənin zövqünü oxşamaq üçün
öz ideallarından imtina edən əsl sənətkar
sayıla bilməz. Əgər elə olsaydı, o zaman
dünyada incəsənət ümumiyyətlə inkişaf
etməzdi. Dahi rəssamların yaradıcılıq yoluna nəzər
salsaq, bunu açıq aydın görə bilərik.
Qeyd etdiyiniz kimi, hər şeyi cəmiyyətin üzərinə
atmaq bu problemin həlli deyil. Azərbaycan cəmiyyətində
bu gün az da olsa öz intellektual səviyyəsini yüksəltməyə
çalışan, incəsənətlə maraqlanan gənc
nəsil var.
İncəsənət tamaşaçı
üçün aktual və maraqlı olmazsa, mənasını
itirə bilər. Əgər sənət əsəri
insanların qəlbində, şüurunda əks-səda
doğurmursa, o zaman əhəmiyyətsizləşir. Bu
günün dəyərləri ilə dünənki dəyərlər
arasında uçurum çox böyükdür. Təəssüf
ki, incəsənətin keçmiş zamanda
qaldığını zənn edən və muzeylərə gedib orada vaxt
keçirməyin heç bir faydası
olmadığını düşünən insanlar da
çoxdur.
- "Ac qalmamaq üçün". Bu
şüarı kütlə ilə hesablaşan rəssamlarımızdan
tez-tez eşidirik. Sizcə, bu, tutarlı arqumentdirmi?
- Maddiyyat incəsənətin məna və məzmununu
bayağılaşdırmağın, dəyərsizləşdirməyin
səbəbi ola bilməz və olmamalıdır. Əgər
söhbət həqiqətən əsl sənətin nə
olduğunu anlayan, bu sənəti nə üçün
seçdiyini, nə istədiyini bilən, yüksək mənəvi
dəyərlərə sahib olan bir rəssamdan gedirsə, o,
heç vaxt diqqətdən kənarda qalmayacaq. Rəssamlıq
hədəfi böyük qazanc olan insanların məslək
seçimi ola bilməz. Amma bu o demək deyil ki, rəssamlar az
pul qazanırlar. Məncə, bu, fərdidir.
- Sizcə, təsviri sənətin təbliğində
əsas problemlərimiz nələrdir?
- Müşahidələrimə görə, təsviri
sənətdə əlaqə və mənaların
qırılmasına təsir göstərən mühüm
amillərdən biri də dildir. Qəribədir ki, rəsm əsərlərinin
başa düşülməsinə mənfi təsir edən
həm yazılanlar, həm də yazılmayanlardır. Təsviri
incəsənətlə bağlı yazılan mətnlərə
diqqət yetirin. Bir çox mətnlər çox zəif
yazılıb. Ünsiyyət yoxdur - anlaşılma yoxdur.
Geniş auditoriya ilə sənət arasındakı vasitəçilərin
bir çoxu təəssüf ki, heç də həmişə
öz işlərinin öhdəsindən gəlmirlər. Mədəniyyət
və incəsənət sahəsində təhsilin zəif
olması da sənətdə məna və əhəmiyyətin
itirilməsinə səbəb olur. Bir insana başa
düşmədiyini izah edə bilməzsən. Əgər
insan muzeylərin niyə mövcud olduğunu, niyə rəsm əsərlərinin
sərgilədiyini və niyə bu rəsmlərə
baxmağa getdiyini başa düşmürsə, belə bir
insanın beyninə müəyyən bir rəsm əsərinin
müəllifinin nə demək istədiyi barədə məlumatı
yükləmək faydasız işdir. Çünki
zamanında bu bilgi və məlumatları almayıb, incəsənət
haqqında heç bir anlayış yaradılmayıb.
Başqa sözlə, sənət anlayışına
yaxınlaşmaq üçün güclü təməl
lazımdır. Amma insan sənətə mənəvi,
intellektual dəyər verməsə, heç bir əsas ola
bilməz. Rəsmin dəyərinin onun qiymətində ifadə
olunduğunu düşünmək isə böyük
yanlışdır.
- Bəs nə etməli? Yaxud da haradan başlamalı?
- Qlobal kontekstdə bu iş nə qədər çətin
olsa da, təsviri sənət əsərlərinin mənası
haqqında məlumatların necə qurulacağı,
mühafizəsi və geniş şəkildə
yayılması üzərində düşünməyə
dəyər. Bu mənanı anlamaq emosional zəkamızı
inkişaf etdirmək, təcrübəmizi zənginləşdirmək
və dünya haqqında anlayışımızı
genişləndirmək üçün bir açardır. Hər
bir insan fərdi qaydada səy göstərərək sənətin
nə olduğunu anlamağa çalışsa, müəyyən
bir nəticə əldə edə bilər. Rəsm əsərinin
mənasını dərk etmək üçün xüsusi
bir istedad tələb olunmur, bu, qazanıla bilən bir
bacarıqdır. Ali riyaziyyat da deyil, öyrənilməsi
mümkündür. Sənət əsərinin mənasını
başa düşmək üçün onun müəllifi,
məzmunu və konteksti ilə tanış olmaq
lazımdır. Həmçinin simvolların dilini mənimsəməli
və detalları diqqətlə nəzərdən keçirməlisiniz.
Bunun üçün hər bir kəs özü də
araşdırma apara bilər və ya mütəxəssislərdən
- sənətşünaslar, ekskursiya bələdçiləri,
təsviri sənət sahəsində bilik və təcrübələrini
bölüşməyə hazır olan hər hansı digər
incəsənət sahəsində çalışan
insanlardan kömək istəyə bilər. Rəsmin mənasını
müəyyən etmək sizə özünü rəssamın
və ya sənətşünasın yerinə qoymaq, rəsm
dövründə və ya süjetin aid olduğu dövrdə
yaşamış bir insanın rolunu sınamaq imkanı
yaradır. Bununla yanaşı, siz həm də
özünüz, zövqünüz və üstünlüklərinizlə
də yaxından tanış olursunuz.
Gələcəyimiz keçmişimizə əsaslanır.
Rəsmlər, gələcəkdə hara gedəcəyimizə
qərar verməzdən əvvəl keçmişi ziyarət
edə biləcəyimiz bir körpüdür. İnsanın
bu gün yaşadığı bir çox duyğular, təəssüratlar
və ideyalar artıq bizim sələflərimiz tərəfindən
bu və ya digər şəkildə yaşanmış, hiss
edilmiş və dərk edilmişdir. Bağlantıların,
suallar doğuran əkslərin və gizli mənbələrin
axtarışı araşdıra bilən insan
üçün olduqca maraqlı fəaliyyət sahəsidir.
İncəsənəti sevin, o, sizə mütləq
qarşılıq verəcək.
Aytac SAHƏD
525-ci qəzet.- 20 aprel,№68.-S.10.