Laçında ilk dəfə:
"Xalça belə yarandı..."
Bu, bir ilk olacaq. Xalçanın yaranışı
göz önündə canlanacaq. Nağıl kimi bir gerçək.
İbtidaidən aliyə, sıfırdan sonsuzluğa.
İdeyanın mahiyyəti nədir?
Həmsöhbətim gələn ay Laçında
baş tutacaq möhtəşəm layihənin müəllifi
Elnarə Rəsulovadır, Azərbaycan Milli Xalça Muzeyinin
sərgilər sektorunun müdiri, çox istedadlı, enerjili
bir xanım, əsl ideya generatoru. Həyəcanlıdır,
çünki bu, Elnarə xanımın mətbuata verdiyi
birinci müsahibədir. Müsahibim danışmaqdan çox
işləməyi sevir. İlk söylədiyi nədir? "Mən
müsahibə verməyi bacarmıram". "Tamam", -
deyib söhbətə başlayıram.
- Deyirsiniz, analoqu yoxdur bu layihənin?
- Yoxdur, yox.
- Analoqu olmayan ideyanın anası sizsiniz yəni.
- İdeyanın yox, layihənin... Bu ideyanı ilk dəfə
xalça üzərində gerçəkləşdirən
çox dəyərli xalça rəssamı Eldar
Mikayılzadə olub.
- Hacı Eldarın "Yaranış"
xalçasını deyirsiniz yəqin?
- Bəli. O əsərdə xalçanın yaranma
prosesi mərhələ-mərhələ göstərilib.
Qoyun-quzunun bəslənməsindən, yun qırxımından
tutmuş ta xalçanın toxunmasına qədər. Rəssam
bütün prosesi bir xalçanın ilmələrinə həkk
edib.
- Bəs sizin təqdimatınız nəylə fərqlənəcək?
- Mənim təqdim etdiyim xalçada yox, real həyatda
olacaq. Düşünün, açıq havada, Həkəri
çayının sahilində - böyük bir meydan - bir tərəfdə
qoyun-quzu, bir tərəfdə yun qırxımı, başqa
köşədə həmin yundan ip əyrilir, digər
köşədə iplər iri qaynar qazanlarda boyanır, bir
yanda samovar pıqqıldayır. Xoruzquyruğu çay stəkanları
sini-sini. Baş köşədə xana qurulur. Təzə
toxunmuş xalça "salama" gəlir. El
aşığı dəstəsini başına
yığıb dastan danışır...
- Bəh-bəh-bəh... Lap film oldu ki...
- Film, tamaşa, sərgi, adını nə qoyursunuz
qoyun.
- Axır ki əsl xalça bayramı, hə? Məqsəd?
- Demək istəyirəm ki, xalça tək bir
müəllifin xidməti deyil. İstəyirəm ilk dəfə
xalçanın yaranmasında əməyi keçən və
arxa planda qalan bütün sənətkarlar
görünsün, proses bütünlüklə sərgilənsin.
- İri miqyaslı bir işdir. Təşkilatçılıq
hansı quruma aiddir?
- Laçında abadlıq işləri aparan Bakı
Abadlıq Xidmətinə müraciət etdim. Xidmətin
sözçüsü Lalə xanım Əliyeva ideyanı bəyənib
rəhbərliyə təqdim elədi. Oradan da təsdiq
cavabı gəldi.
- Bakı Abadlıq Xidməti niyə?
- Bilirsiniz, torpağımız işğaldan azad
olunandan sonra Bakı Abadlıq Xidməti Laçında
yalnız evlər tikmədi, insanların iş yerləri, mədəni
həyatıyla da məşğul oldu. Mən də
laçınlıyam axı. İstədim bu niyyətim
öz vətənimdə baş tutsun. Sağ olsunlar, dəstəklədilər.
Bir şey də deyim, BAX olmasaydı, bu layihəni mən təkbaşına
keçirə bilməzdim. Mənə aid olan yalnız
ideyadır, onun həyata keçməsi böyük zəhmət
tələb edir. Bu mənada "Xalça belə
yarandı" bizim birgə layihəmiz sayılmalıdır.
- İxtisasca xalça rəssamı deyilsiniz, eləmi?
Amma sizin iki xalçanız Türkiyənin
cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana hədiyyə
edilib.
- Elədir, nə rəssamam, nə xalça toxuyan.
Xalça mənim sevgimdir. Dediyiniz o xalçalar süjetli əsərlərdir.
30 xalçadan ikisini seçib göndərdilər.
- Süjeti özünüz qurursunuz?
- Qoy lap əvvəldən danışım.
Ağlıma bir fikir gəlir. Görmək istədiyim təsviri
rəssama - Fəxriyyə Hacıyevaya söyləyirəm,
sonra da bərabər işləyirik.
- Uzun prosesdir?
- İşin çətini burada baş verir - masada,
xalçanın ideyası yaranır, mayası tutulur, ikimiz bir
kollaj yaradırıq. İlkin variant kompüterdə
reallaşır. Sonra toxuma prosesi başlanır.
- Laçın sərgisi barədə məlumatlarda
bir ifadə diqqətimi çəkdi. İkiüzlü
xalça. Adamın ikiüzlüsünü
görmüşdük, xalçanın
ikiüzlüsünü yox.
- İkiüzlü adamdan uzaq olaq, ikiüzlü
xalça isə başqa aləmdir. Azərbaycanda bu texnologiya
olmayıb, İranda olub ikiüzlü xalçalar.
Laçında təqdim edəcəyim yeni xalçadansa
heç yanda görə bilməzsiniz - nə İranda, nə
Turanda.
- Dəqiq?
- Dövlət başçısına və ya sərkərdəyə
həsr olunan süjetli ikiüzlü xalça toxumaq
dünyada heç kəsin ağlına gəlməyib.
- Onda bir az ətraflı danışın...
- Biz Laçından didərgin düşəndə
mənim 10 yaşım vardı. Böyük qardaşım
Laçının müdafiəsində vuruşurdu. Evin
sonbeşiyi idim. Çətinlik də gördük,
kasıblıq da. Laçına qayıdanda isə 10
yaşlı qızımla getdim. Sevincimin həddi-hüdudu yox
idi. Düşündüm ki, mütləq bu
şükranlığımı bir xalça əsərində
bildirməliyəm. Qərara gəldim ki, xalçanın bir
üzü Ümummilli liderə, digər üzü cənab
Prezidentə həsr olunsun. İpək və yundan toxunan
xalça 2 il dörd aya tamamlandı. Əvvəl mənə
dedilər ki, bu texnologiyanı Bakıda toxuya bilməyəcəklər,
sifariş verək İranda toxunsun. Razı olmadım. Belə
mövzulu, belə dəyərli bir iş yalnız öz
xalçaçılarımızın əlindən
çıxmalıydı. Bülbülə qəsəbəsində
dörd gənc qız - Nailə Qəhrəmanova, Nəzakət
Əhmədova, Zülfiyyə Güloğlanlı və Mina Məmmədova
bu mürəkkəb işin öhdəsindən gəldilər.
- Unikal əsərdir deməli.
- Əsərin unikallığı həm də onun səsli
olmasıdır.
- Səsli? Yəni xalça danışır
deyirsiniz?
- Bəli, danışır. Laçında baş
tutacaq layihədə xalçamızı həm ilk dəfə
görəcəksiniz, həm də səsini eşidəcəksiniz.
- Niyə məhz Laçın?
- O xalçanın ilk ilməsi vurulandan əhd eləmişdim
ki, təqdimatı Laçında olsun.
- Sağlıq olsun. Həyatda ilk
gördüyünüz xalçanı, xalçayla ilk təmasınızı
necə xatırlayırsınız?
- Laçını xatırlayıram. Nənəmgilin
evindəki xananı. Xalamın o xanada xalça
toxumağı yadımdadır. Bir də anamın cehizlik
xalçası vardı. Özü qız vaxtı
toxumuşdu. Hər naxışı, hər bəzəyi
xatirimdədir. Anamın o xalçaya olan sevgisi bizə də
keçmişdi.
- Sevgiyə baxmayaraq, xalçaçı
olmadınız, amma xalça taleyinizə çevrildi. Necə?
- İki diplomum var - maliyyəçi və
iqtisadçıyam. İndi də Türkiyədə qiyabi təhsil
alıram. Bu, mənim üçüncü diplomum olacaq.
- Heç biri də sənətlə bağlı
deyil?
- Yox.
- Bəs muzeyə necə gəlib
çıxdınız?
- Tam təsadüfən. Adi evdar xanım idim, iki
diplomlu evdar xanım. İşləməyə çox da can
atmırdım. Uşaqlar xırdaydı, həyat
yoldaşım dedi ki, muzey yaxşı yerdi, sakitlikdir,
müraciət elədim, çox keçmədi, elmi
işçi kimi fəaliyyətə başladım. Sonra
böyük bir şöbəyə rəhbərlik etdim.
- Deməli, həyat yoldaşınız heç bir
karyera yüksəlişini nəzərə almadan sizi muzeyə
yönləndirib və ağlına da gəlmədən
istedadınıza, gizlin yaradıcı potensialınıza təkan
vermiş olub. Ah, bu kişilər...
- Bu gün amma yoldaşıma çox minnətdaram.
Elxan özü həkimdir, mənim işlərimə xüsusi
həssaslıqla yanaşır. İlk qiyməti də, dəstəyi
də ondan görürəm.
- Bəs həmkarlar? Yəni xalça mütəxəssislərinin
verdiyi qiymət? Sizin işləriniz kanonları
dağıdır axı.
- Rəssamlar İttifaqının üzvüyəm.
İşlərimi bəyənməsələr, məni
ittifaqa qəbul etməzdilər ki. Doğrudur, bizim xalça
sənətinin öz qanunları, öz qaydaları var. Məsələn,
bütün xalçaların haşiyəsi olur, çərçivəsi
olur. Mənim xalçalarımda yoxdur o haşiyə.
Çünki mən azadam yaradıcılığımda, sərbəstəm.
Çərçivələri sevmirəm.
- Həyatda da azadsınız?
- Deməzdim. Evimdən kənarda öz çərçivələrim
var.
- Evinizdə öz xalçanız necə, var?
- Yox. İşlərimin əksəriyyəti
satılıb. Mən iqtisadçıyam axı.
Xalçanı yaradıb evində saxlayan adamları
anlamıram. Xalçam başqa evə gedirsə, lap başqa
ölkəyə gedirsə içində bir məktubum da
gedir, ismarışım da gedir.
- İlk belə məktubunuz hansı olub?
- Laçındaydıq, hələ
köçkün düşməmişdik. Qarakənd faciəsi
baş verdi. O zaman tikmə ilə İsmət Qayıbovun
adını yazmışdım bir dəsmala. Laçından
köçəndə itdi batdı, tapılmadı. Bax o, mənim
ilk əl işim idi, ilk mesajım idi yəni.
- Bəs ilk xalçanız?
- İlk müəllif işim miniatür eskizli
xalça idi. Şeyx Nizaminin "Yeddi gözəl"indən
ilhamlanaraq yaratmışdım.
- İlk fərdi sərginiz?
- Laçında olacaq. Həmin xalça bayramında
mənim xalçalarımdan ibarət sərgi də
keçiriləcək.
- Həyəcanlısınız?
- Əlbəttə. 30 il əvvəl bir xalça da
götürmədən tərk etdiyimiz yurdumuza belə bir
xalça layihəsilə qayıtmaq hər
laçınlıya qismət olmur. Görək bacaracammı?
- Bayaq deyirdiniz, guya müsahibə verməyi də
bacarmırsınız.
- Bacardım ki? Alındı yəni?
- Elə alındı! Bal kimi. Layihəniz də elə
belə keçəcək - bal kimi. Adım kimi əminəm.
Afaq VASİFQIZI
525-ci qəzet.- 20 aprel,№68.-S.9.