Yarımçıq bəndimi tamamlamadım

 

 

  Rafiq Ələkbər 1964-cü il aprel ayının 25-də Yardımlı rayonunun Alar kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Ədəbi yaradıcılıqla keçən əsrin 80-cı illərindən məşğul olan R.Ələkbərin ilk kitabı ("Səndən ayrılanı, səndən küsəni") 1999-cu ildə işıq üzü görüb. Bundan sonra müxtəlif illərdə onun "Mən Tanrı yolçusuyam", "Ruhum əbədiyyətim", "Eşq qəlbin ruhudur", "Əsgər ac qalmayacaq", "Seçilmiş əsərləri", "İlahi nur", "İrfan və eşq görüşləri", "İrfani aşk" (Türkiyədə) və "Savalanla üz-üzə" kitabları çapdan çıxıb. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Müxtəlif ədəbi ödüllərə və mükafatlara layiq görülüb.

 

Baxırsan zamana cürətlidir ki,

Hər gün bir dərd qoyur yaşımın üstə.

Dalğalar o qədər sürətlidir ki,

Sahilə tullanır başımın üstdən.

 

Bəzən gil, palçıqdan məzar tikirəm,

Görən nə olacaq məzar dibində.

Eh, gör mən də nəyin dərdin çəkirəm,

Ağlım başımdadır, pulum cibimdə.

 

Sözü öz dilimdə bişirməmişdən,

Yüz dəfə keçirdim onu ələkdən.

Bu gülü dərirəm, keçib iş-işdən,

Güllər də bezibdi bakirəlikdən.

 

Eh, kiməm, tənhayam, bəlkə adayam,

Onunçün insan tək ölə bilmirəm.

Ona xəbər verin mən buradayam,

Körpü üstündəyəm, gələ bilmirəm.

 

Deyəsən, bu yerdə tükənir sözüm,

Bir uşaqlıq cağım düşür yadıma.

Yerdə ulduz olmaq nəyimə lazım,

Göydə bir ulduza verin adımı.

 

O qız salam verir gözləri ilə,

O qızı mən indi tamam anladım,

Nə qədər sabahlar ötüşsə belə,

Yarımçıq bəndimi tamamlamadım.

 

Boylandım sola da, baxdım sağa da,

Qalmışam məsum tək ortada hələ.

Vaxt tapa bilmədim qocalmağa da,

Necə oturmuşam partada hələ.

 

Dünyanın həm özü, həm dərdi ağır,

Onu gəzdirirəm bir qolum üstə.

Hamı danışsa da, kim-kimə baxır,

Zaman davam edir öz yolu üstə.

 

 

Ömrün nişanları

 

Vergülü sevmədim, cümlələrim də

Sözə yamaq vuran, söz saxlayandır.

Bəzən düşündüyün yarımçıq qalır,

Fikri-düşüncəni buxovlayandır.

 

Vergülü süvmədim həyatımda da,

Durğunluq anıdır ömrümə onlar.

Mənə kədər verən, mənə qəm verən,

Çox vaxt iztirabdır vergüllü anlar.

 

Onsuz da bu həyat qısadır, qısa,

Onda xoşbəxtliyə bəs necə çataq?

Cümlələr vergülə məhkumdur, bəlkə,

Ömürdən vergülü biryolluq ataq.

 

Bilirik gözəldir sevib-sevilmək,

Hardasa həyatın xoş anlarıdır.

Cümlələrdə durğu işarələri,

Elə bil ömrün də nişanlarıdır.

 

Həyatda cürbəcür oyunlar olur,

Udmaq şansın varsa, bəxtə qoyulur.

Oynayıb qurtarcaq sən öz rolunu,

Oyun sona çatır-nöqtə qoyulur.

 

Sən ömür yolunda zirvəyə qalxsan,

Burada mütləqdir Tanrı diktəsi.

Çalışın zirvədən uçurulmayın,

Uçmaq təhlükəsi nəzər nöqtəsi.

 

Cümlədə vergülə rəqibdir nida,

Cümlədə vergülü nidalar udur.

Əgər fəth etmisən qız ürəyini,

Deməli, qalibsən bax, nida budur.

 

Bir yola köklənib yol gedən kimi.

O yolda nə qədər ağrı-acı var.

Bizi bu dünyaya bağlayan nədir,

Yəqin ki, yəqin ki, bağlayıcılar.

 

Günah buraxmayın həyatınıza,

Onlar cəhənnəmə təlaş səsidir.

Ömür dastanında nöqtəli vergül,

Sevinclə kədərin bölüşməsidir.

 

Tirelər vergülün doğmalarıdır,

Əzablı bir ömür daşımısan sən.

Gör, əgər ömrünüzdə nidalar çoxsa,

Deməli, uğurlu yaşamısan sən.

 

Dünyaya göz açan, doğulan körpə,

Onun ilk gülüşü dan nöqtəsidir.

Ölümü nidaya qatmayın dostlar,

Ölüm bü dünyanın son nöktəsidir.

 

Göylər qismətimdir

 

 

Yenə üz tutmuşam kədər dağına,

Dağ saxlamaz dərdi, əlacı göydə.

Ömrüm sanki dönüb göy qurşağına,

Bir ucu yerdədir, bir ucu göydə.

 

Yaşamaq özü də zülümdür, Allah,

Hələ dayanmıram, hələ gedirəm.

Ömrün son mənzili ölümdür, Allah,

Mən oraya gülə-gülə gedirəm.

 

Göy imiş bəlkə də əzəl qismətim,

Günəşə baxıram, Aya baxıram.

Bu yer qurtaracaq günahdan çətin,

Günahı olmayan Göyə baxıram.

 

Bəlkə də arıya bənzəyək bir az,

Günah əməllərin onda sonu var.

Arı pətəyində ilahi nizam,

Arı dünyasının öz qanunu var.

 

Tanrı göy üzünü qorumaq üçün,

Təmizlik bəxş etdi ancaq göylərə.

İlahi mələklər göylərdə sakin,

Öz şər mələyini göndərdi yerə.

 

Pozulur dünyada haqqın gərdişi,

Bu dünya fırlanır, çox nəhs fırlanır.

Qiyamətə qalıb dünyanın işi.

Çünki dünyamızda İblis fırlanır.

 

 

Göydə ulduz payım, göydə bürc payım,

Taleyim, qismətim göylərə bağlı.

Ruhuma Tanrıdan gələn güc payı,

Mütləq Yaradanı dərk edən ağlım.

 

Nədən sıxılıram, İlahi, nədən,

Deyəsən, cismimə bu dünya evdir.

Tapmıram bu sirrin izahın nədən,

Yerdə yaşasam da, göyləri sevdim.

 

Yenə üz tutmuşam kədər dağına,

Dağ saxlamaz dərdi əlacı göydə.

Ömrüm sanki dönüb göy qurşağına,

Bir ucu yerdədir, bir ucu göydə.

 

 

O qızın gözləri yol çəkir hələ

 

Belə tənhalığa yovuşa bilmir,

İçindəki qəmdən sovuşa bilmir.

O qız sevdiyinə qovuşa bilmir

O qızın gözləri yol çəkir hələ.

 

Hələ boynu bükük gülə bənzəyir,

Sözünün üstündə durub gözləyir.

Ürək üsyan edir, ağıl "döz" deyir,

O qızın gözləri yol çəkir hələ.

 

Sevənlər son məktub yazıb gedirlər,

Bəxtdən gileylənib, susub gedirlər.

Qapıdan elçilər küsüb gedirlər,

O qızın gözləri yol çəkir hələ.

 

Eşqin atəşində yanıb bişəcək,

Üç il belə getdi, gözlər beşəcən,

Bəxti göy zənbillə göydən düşəcək,

O qızın gözləri yol çəkir hələ.

 

 

İndiki sevginə ehtiyacım var

 

İndiki sevginə ehtiyacım var,

İstəsən qına sən sonra da məni.

Əlimyandıdayam təmiz sevgiyə,

Sən sevsən, sevəcək Tanrı da məni.

 

Rəhm eləyib dilə mənə amanı,

Qovum üfüqlərdən çəni-dumanı.

Sevgim sevindirsin göyü, səmanı,

Sən sevsən, sevəcək Tanrı da məni.

 

Tanrı kömək durar hər anımızda,

İlahi nur vardır inamımızda.

Göylərdən gələcək ənamımızda,

Sən sevsən, sevəcək Tanrı da məni.

 

 

Qapı ağzında

 

Sizin evinizə behişt deyərəm,

Məndən soruşsalar behiştin hanı?

Yolüstü bir dəstə gül alım sənə,

Bəlkə də telinlə dəyişdim onu.

 

Bu şəhər nə bilir, kimik, nəçiyik,

Bir dost kimi sizə gedirik qoşa.

Çatdıqsa, qoy durum qapı ağzında,

Özünsə addımla yuxarı başa.

 

Yolu da yüz dəfə ölçüb biçirəm,

Ya yolu genəltdim, ya da ki, yoldum.

Bilirəm xeyri də olmadı bunun,

Nə irəli düşdüm, nə geri qaldım.

 

Qapının ağzını xoşlayıram mən,

Evdə tam başqadır yerişin sənin.

Qapını açım ki, çölə rahat çıx,

Qapını örtəndə soyuq dəyməsin.

 

Açılmaz, örtülsə bəxtin qapısı,

Bəxtin gül açarsa, dili qapıdır...

Sirləri kilidlər, qapılar çox vaxt,

Bütün sevdaların həlli qapıdır.

 

Qapılar hamıya ümid yeridir,

Qapıdan asılıb yellənən də var.

Qapı-qapı gəzib qız axtaran kim,

Qapı-qapı gəzib dilənən də var.

 

Bütün duyğularım qapı ağzında,

Bəlkə burda çatdım mən kamil yaşa.

Hələlik gözləyim qapı ağzında,

Hələ haqq etmirəm yuxarı başa...

 

 

Söz qabığıdır

 

Üzündən tökülən kədər, qaşqabaq,

Əsl üzün deyil, üz qabığıdır.

Kimisə seyr etsə, qəmli gözlərin,

O, gözdən ayrılan göz qabığıdır.                    

 

Göydən salam alıb, bir öyüd versən,

Onda sən içində nə böyüdərsən.

Dəyirman daşında söz üyüdürsən,

Bəlkə o, söz deyil, söz qabığıdır?

 

Nədənsə sevməyir əfəli dünya,

Toxumtək çücərdir cəfanı dünya.

Deyəsən, geyinib kəfəni dünya,

O ki kəfən deyil, öz qabığıdır...                     

 

Sən mənim sözümü tutmursan axı

 

Bu sevda yarımçıq qalmamalıydı,

Ona qəm şərabı dolmamalıydı.

Niyə belə oldu, olmamalıydı,

Sən mənim sözümü tutmursan axı.

 

Dedim ki, qoymayaq eşqimiz sönə,

Təəssüf edirəm hər ötən günə.

Hətta qisasla da qorxutdum, yenə,

Ətəyindən daşı atmırsan axı.

 

Dənizdən buluda yığılıram mən,

Sonra yağış kimi dağılıram mən.

Elə bil təzədən doğuluram mən,

Mənimtək dənizdə batmırsan axı.    

 

Otuz il sonra

 

Bu, tale yazısı, yoxsa təsadüf...

Nədirsə, şükürlər olsun bu günə.

Son görüş yerində - bax elə burda,

Düz otuz il sonra rastlaşdıq yenə.

 

Buradan ayrıldı bizim yolumuz,

Zorla tərpənirdik öz yerimizdən.

Sən mənə, mən sənə - əlvida - dedik,

Halallıq istədik bir-birimizdən.

 

Çöhrəndən oxudum həyat yolunu,

Çöhrənə illərdən qəm qarışmışdı.

Gözlərin yenə də işıq saçırdı,

Azca saç ağarmış, üz qırışmışdı.

 

Doğma insanlartək salamlaşdıq biz,

Elə sakit-sakit nəsə danışdın.

Bir az ürkək-ürkək, bir az mənalı,

Həyat tarixçəni qısa danışdın.

 

Bir onu qabartdın, xoşbəxtsən guya,

O başda görünən - evindir, - dedin.

Artıq ailəlidir oğlun, qızın da,

Qolundan tutduğun - nəvəndir, - dedin.

 

Nəvəni görürəm, heç soruşmuram,

Bu gözəl uşağın neçə yaşı var?

Nəvənin alnından öpürəm indi,

Belə öpüşlərin iki başı var.

 

Bəlkə ayırmayıb bu yer bizi heç,

Vida anlarını il ilə verib?!

Burada təzədən görüşməyə də,

Bizə otuz illik fasilə verib.

 

Bəlkə də Tanrının lütfüdür bizə,

Yəqin çəkməyibdir bizdən əlini.

Vüsala çatmadıq, bəlkə qeyd edək,

Burda ayrılığın otuz ilini?!

 

Necə də dəyişir taleyin hökmü,

Düşər-düşməzi var xeyrin-şərin də.

Qolundan tutduğun nəvənə baxdım,

Mən idim bir zaman onun yerində.

 

Bir qutsal məkandır bu yer bəlkə də,

Burada tapırlar sevən-sevəni.

Deyirəm, nə yaxşı yanında gördüm,

Özgə bir şəxsi yox, doğma nəvəni...

 

Rafiq ƏLƏKBƏR

525-ci qəzet.- 23 aprel,¹69.-S.15.