Sözün
ucalığına doğru
Eldar İskəndərzadənin
60 yaşına
Haqqında yazmaq istədiyim Eldar İskəndərzadə
Lerikdə doğulub, rayonun ən mənzərəli dağ kəndlərinin
birində: pirlər, müqəddəs məkanlar, gözəlliklər
məkanı Rvarudda. Əslən də bu yaşıl obadandı,
yeddi arxa dönəni də burdandı. Şair kəndinə-kəsəyinə
də dəruni sevgisini və vurğunluğunu şeirlərində
dönə-dönə tərənnüm edir, bu məhəbbət
təsadüfi etiraf deyil, candan-qandan, sümükdən-ilikdən
gəlir. Ona görə səmimi və
inandırıcıdı.
Şairi şair edən həm də təşrif gətirdiyi
ilk ictimai və təbii mühitdi. Kim bilir, ötən səksəninci
illərin başlanğıcında Lerik qəsəbəsində
orta məktəbi bitirən və arzularının dalınca
Nizami yurduna - qədim Gəncəyə ali təhsil almaq naminə
yollanan, burda Kənd Təsərrüfatı İnstitutunda
(Aqrar Akademiyaya sonra çevrildi) oxuyan Eldar bu qaynar şəhərə
düşməsəydi, bəlkə də talantı üzə
çıxmayacaqdı, şair kimi yetişməyəcəkdi
və yaxud da şairliyin daşını biryolluq atacaqdı.
Sonralar sevdiyi Məmməd Araz demişkən, "İstedad
elə bir toxuma bənzər, göyərər quruca daş
üstündə də". Gəncədə o, ədəbiyyat
dərnəklərinə getdi, poeziya axşamlarında ürəyi
döyündü, ilk qələm təcrübələrini bədahətən
dedi, kürsüyə sinə gərdi, oxudu...
Deyəsən, söz axı, aqranom oğlanın
saqqızını oğurlamışdı, ağlını
başından almışdı. Eldar tələbəlik
dövründə şeir yazırdı, özü də
yaxşısından yazırdı, heç bir yerli şairi təkrarlamır,
heca şeirinin şəhdi-şirəsindən bəhrələnir,
dəst-xəttini yaradır, üslubunu
formalaşdırırdı. Lakin demək olmazdı, bu bəstəboy
gənc yalnız könlünü fəth edən poeziyaya
vermişdi. Eldar yüksək qiymətlərlə ali məktəbi
bitirdi, hətta hər kəsin həsəd apardığı
"qırmızı fərqlənmə diplomu"nu da
çətin müəllimlərin cəngindən
qopartdı. Doğma rayonuna savadlı, bilikli, mütəxəssis
kimi qayıtdı, kənd təsərrüfatı sahəsində,
raykomda çalışdı, bədii sözü isə
unutmadı, fürsət tapanda xəlvətə çəkilib
şeirlərini, publisistik qeydlərini yazdı, yerbəyer elədi.
Yavaş-yavaş ədəbi aləmdə Eldar -
İskəndərzadə soyadını təsdiqləyir,
şair kimi şöhrətləndirirdi. İlk qələm təcrübələri
yerli "Bolluq uğrunda", "Azərbaycan gəncləri",
"Sovet kəndi", "Bakı" qəzetlərində
çap üzü gördü. Özü də
"Bakı" qəzetində xeyir-duanı şair Eldar
İskəndərzadəyə kim versə, yaxşıdı?
Jurnalistikada az qala ötən əsrin 40-50-ci illərdən
bütün qələm əhlinin müəllimi, mənəvi
dayağı olmuş ictimai xadim "Bakı" -
"Baku" (rus və Azərbaycan, dillərində) qəzetlərinin
məşhur baş redaktoru Nəsir İmanquliyev... Mətbuat
tarixindən mənə də dərs deyən Nəsir müəllimin
sərtliyini, tələbkarlığını, hər
"yoldan ötənə" zəmanət vermədiyini
anlayırdım. Eldarın şeirləri
ovsunlamışdı mətbuatımızın ağsaqqal
başbilənini...
Hərçənd yerinə düşsə də,
düşməsə də, bir sirri açmalıyam ki, Nəsir
İmanquliyev Eldarın şanlı-şöhrətli əmiləri
- Şamil İskəndərovla çörək kəsmişdi,
kənd təsərrüfatı elmləri doktoru, professor Əyyub
müəllimlə (o, müxtəlif rəhbər vəzifələrdə
çalışmış, Azərbaycan Ali Sovetinin sovet
dönəmində deputatı olmuşdu) ürək dostuydu. Dəfələrlə
şahidi olmuşam, Nəsir İmanquliyev Lənkərana ayaq
basan kimi, mütləq Əyyub İskəndərovu
axtarır, onun şəhərdəki dəbdəbəli evində
günlərlə qonaq qalırdı. Zəngin kitab
ehtiyatına malik Əyyub müəllimlə müdrik baş
redaktor söhbətləşir, dərdləşir, arabir elmi
mübahisələrə girişirdilər. Bu zaman biz çəkilirdik
kənara, qulaq asırdıq onlara. Sonra Eldar mərhum Əyyub
Mirmənsim oğlu barədə sənədli telefilmin
ssenarisini yazdı, onu ekranlaşdırdı. O filmdə Nəsir
müəllim də var və film indi də Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
qızıl fondunda saxlanılır.
1996-cı ilin yazıydı. Xidməti işimlə əlaqədar
Lənkəran şəhərindəydim. Mərkəzi
meydanda var-gəl edərkən bir afişa diqqətimi çəkdi.
Yaxın günlərdə Əməkdar incəsənət
xadimi Baba Rzayevin rejissorluğu ilə Eldar İsgəndərzadənin
"Qalxın, məhkəmə gəlir" adlı iki hissəli
pyesi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrında tamaşaya qoyulacaq. Ayaq saxladım, divardan
asılan elanı təkrar-təkrar oxudum. Əməkdar artist
dostum Əli Salahlıyla görüşdüm. O, ailə-məişət,
sosial-hüquqi mövzuda yazılmış bu dram əsərini
xeyli təriflədi. Əlqərəz, daha sonra vaxt tapdım,
pyesin tamaşasında oldum. Həqiqətən məbəddə
əsl mədəniyyət hadisəsiydi, adam əlindən iynə
atsaydın, yerə düşməzdi. Gecikdiyim
üçün bu maraqlı səhnə əsərinə az
qala tamaşa etməkdən məhrum olacaqdım. Teatrın
direktoru və baş rejissoru birtəhər mənim
üçün yer tapdılar. Doğrusu, son vaxtlar heç
Bakı-Gəncə teatrlarında bu qədər insan kütləsi
görməmişdim, izdiham yaşanmamışdı. Səhnədə
Xalq artistləri Qabil Quliyevi, Böyükxanımı, Əməkdar
artistlərdən Təvəkkülü, Əli
Salahlını, Sücəddini, Qızılgülü
gördüm, heyran oldum.
Və bir gün borcu, haqqı-salamı qaytarmaq
zamanı gəldi. Eldar İskəndərzadə alim Əyyubla
redaktor Nəsirin dostluğuna şeir həsr etdi. O, belə
adlanırdı - "Dostluq-Zirvə". Şeirdə iki
ömür yolu əbədiləşdirilib: şərəfli,
mənalı ömür yolları. Şair Əyyub İskəndərov
barədə hazırladığı telefilmin ayrı-ayrı
kadrlarında, epizodlarında Nəsir müəllimin həyatdan
erkən köçən dostu haqda sözlərinə, xatirələrinə
geniş yer ayırıb.
Bir-birinə dost dedilər,
Çörəyi halal yedilər.
İki deyil, bir idilər -
Əyyub əmim, Nəsir əmim.
Dünya fani, dünya gidi,
İkisi eyni söz dedi...
Bu dostluq bir tarix idi -
Əyyub əmim, Nəsir əmim.
Eldar İskəndərzadənin yazdığı sənədli
telefilmlərin baş qəhrəmanları əsasən məşhur
dövlət xadimləri, korifey sənət-elm
dühaları, görkəmli zəhmət adamları
uzunömürlülər, şəhər və kəndlərimizin
istedadlı sakinləridir. Onların sırasında
Ümummilli lider Heydər Əliyev də var, məşhur
neftçi-geoloq Xoşbəxt Yusifzadə də. Eldar
hamımızın tanıdığı bu real insanların
elə xarakterik, özünəməxsus cizgilərini
canlandırır, qələminin ustalığına
yazıçı-publisist səriştəsinə heyran
olursan. Bəli, dahilərin adilikləri maraqlıdır, gərək
tapasan, cəmiyyətə təqdim etməyi bacarasan. Bunun
üçün güclü fantaziyan olmalıdır ki, ən
sadə, kiçik detallara belə bədii don geyindirə biləsən.
Onu da deyək ki, Eldar son 30 illik ömrünü
müxtəlif telekanallara bağlayıb. Azərbaycan Televiziya
və Radio Verilişləri QSC-də İTV-də məsul vəzifələrdə
çalışıb. Ekran-efir yaradıcılığı
zəngindir, təkcə ssenari mətnlərini və redaktə
edib ortaya çıxartdığı əsərlərinin
sayı yüzlərlədir. Bir dəfə söhbətlərimizin
şirin məqamında şair-publisist dedi ki, müəlliflik
elədiyim telefilmlərimi şeirlərimdən
ayırmıram. Çünki şeir bitən yerdə
jurnalistika başlanır, publisistikanın qurtardığı
yerdə isə poeziya pərvəriş tapır. Bəzən
izə romantik, lirik duyğular ssenari mətnlərində ərzəyə
gətirdiyin mövzuya əlvanlıq qatır.
Əlbəttə, əgər Eldar İskəndərzadə
heç taleyini telefilm yaradıcılığına
bağlamasaydı, belə bir şair kimi ondan söz açmağa,
duru, dürlü-dürlü misallarını, bənd-bənd
şeirlərini təhlil etməyə dəyərdi.
Doğrudur, Eldarın cəmi iki poetik toplusu - "O gözlərin
sirri" və "Mənəm, sənsən, bir də o..." kitabları indiyəcən
çap olunub və qeyri-məhsuldarlığına görə
də istedadlı qələm adamı hərdən mənim də
"qınağıma" tuş gəlir. Ancaq mənim bu
"ərkimi" nəzərə almasaq, şairin "Azərbaycan",
"Ulduz", "Mars" dərgilərində, "Ədəbiyyat
qəzeti"ndə, "525-ci qəzet"də, "Ədalət"də
çıxan poeziya nümunələrini də saysaq, müəllifin
fəallığı, dövrü mətbuatla, ədəbi
mühitlə nəfəs aldığı şübhə
doğurmur.
Eldarın "Mənəm, sənsən, bir də
o..." kitabının redaktoru, şair-dramaturq Camal Yusifzadədir.
Həmişə əsərlərini sevə-sevə
oxuduğum və bəyəndiyim mərhum Camal yaxın dostum
idi və onun bədii mətnə həssaslığını,
savadını, tələbkarlığını
görürdüm. Topluya özünəxas ön söz yazan
şair-dramaturqun bu qısa, təvazökar qeydləri ədəbi
və əbədi bir yola ürkək-ürkək,
boylana-boylana çıxmış istedadlı gəncin
arxasınca atdığı bir cam, saf sudur: "Elementar
savadı, müəyyən səriştəsi, zövqü
olan, poeziyanın qanunlarını səthi də olsa, mənimsəyən
hər adam şeir yazar. Amma poeziya yarada bilməz. Təəssüf
ki, çox vaxt, ümumiyyətlə bunun fərqinə
varmırlar. Bu da poeziyanın mənəvi dəyərini,
missiyasını ucuzlaşdırır. Xoşbəxtlikdən
Eldar İskəndərzadə şeirlə poeziyanın fərqini
duyur, o səddi çəkməyi bacarır. Özü də
sıradan biri kimi yox... Hamının işlətdiyi sözlərdən
poeziya yarada bilir..."
Bir dəfə mərhum Məmməd Aslan məndən
soruşdu: "Sən Eldar İskəndərzadəni
tanımırsan?" Yaxşı, tanıyıram, qohumumdur
dedim. "Çox talantlı oğlandır. İki gün
öncə mənə dörd-beş şeirini oxudu. Onun
obrazlarına, təfəkkür tərzinə vuruldum,
düzü, Eldarı heç şair kimi
tanımırdım" - deyə sakit-sakit
qımışdı. Mən də yarıgerçək
zarafatımdan qalmadım: "Görürsən, papaq altda
oğullar var, qışqırıb-bağırmaqla deyil ki, Məmməd
müəllim".
"Dilimin sözü çoxdur, sözümün
dili laldır" qənaətində bulunan şair Eldara
görə "gecələr ağlayır otlar,
çiçəklər" ("Gecələr
ağlayır"). Bitkilər yalnız qaranlıqda boy
atır məntiqi alimlərə məxsusdur. Həssas şair
isə üstünə şeh daman otların, çiçəklərin
inkişafını müşahidəsilə nəzmə
çəkir. "Bəzən elə olub qaranlıqda mən,
papiros közündən işıq ummuşam" beytini də,
Eldar yazıb ("Ümid yolu"). "Ağrı
ağıların bəstəkarıdır, ağrı
ağı çəkir mənim dilimdə" səssiz
harayı da bu müəllif çəkir
("Ağrım-acım"). İntəhası,
qışqırıb-bağırmır, ürəyinin
hökmünü yerinə yetirir.
Vaxtilə Xalq şairi Məmməd Araz Eldar İskəndərzadəni
bərk təsirləndirib. Kitabında bunun bol-bol izləri
var. Bir də Xalq yazıçısı Anarın bütün
əsərlərini mütaliə edən şair, qələm
adamı, ictimai xadim, şəxsiyyət kimi onu idealı
sayır. O, unutqan deyil, Nəsir müəllimin
xeyir-duasını tez-tez xatırlayır, xəlvətə
salıb ustadın məzarının üztünə tər
çiçək dəstəsi qoymağa da vaxt tapır.
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 23 aprel,№69.-S.14.