Yusif Həsənbəy
dəst-xətti: "Can sağlığının
sorağında"
Şair və yazıçı Yusif Həsənbəy
haqqında, onun təravətini itirməyən poetik aləmi
barədə dəfələrlə yazmışam və hər
dəfə də yaşını xatırlamışam,
yaradıcılığın özünəməxsus
psixologiyasını düşünmüşəm. Məşhur
psixoloq Klarkın gəldiyi qənaətin bir postulatını
təkzib etmişəm. Onun irəli sürdüyü:
"İnsan yaşa dolduqca yaradıcılıq azalır,
sönür" fikrini absurd hesab etmişəm.
Yazıçının "ədəbi
davranışı" heç də o demək deyil, yazmaqdan
əl çəksin, əksinə, ədəbi
davranışın uğuru müəllifə daha da
üstünlük verir. Bunu Yusif Həsənbəyin nəsrində
daha bariz şəkildə görürük. Onun "Can
sağlığının sorağında" hekayəsi
yazıçının, yaşadığı ömürə
münasibəti haqqında maraqlı bir hekayətdir.
Yaşamaq üçün həm özünə, həm də
cəmiyyətə fayda vermək naminə
sağlamlığını hər insan qorumağı
bacarmalıdır. Bu təbii istəyi yerinə yetirmək
mümkünmü? Cavabı ürəksevindirən deyil!
Dünyanın "ekoloji xəstəlik
keçirməsi" bəşər nəslinin əxlaqına,
davranışına ciddi təsir göstərən faktordur.
O, insan şəxsiyyətinin silinməsinə, süqutuna
aparır, təhlükəli qüvvəyə çevrilir.
"Can sağlığının sorağında" hekayəsində
qoyulan mənəvi və sosial-fəlsəfi problem budur, mən
onu ritorik anlamda ifadə etdim. Burada söhbət təkcə
müəllifin şəxsi müşahidəsinin təsvirindən
getmir, cəmiyyətdə fərdlərin
davranışından da, əlli min rubla başa gələn
tibb təh-silindən də, xəstəliyin çarəsini
başa düşməyən dırnaqarası həkimlərdən
də söhbət açılır, obrazın dili ilə
işarə vurulur ki, yerdən göyə qalxan tüstülər,
kimyəvi tullantılar, zəhərli qazlar atmosferin "ozon
qatı"nı söküb-dağıdır! "Ozon
qatı"nın deşilməsi, kəskin, zəhərli
tullantılar, havaya qalxan tüstülər
"koronavirus"lar törədir, dünyaya sağlam
doğulan adamları ölümlə hədələyir.
"Qlobal istiləşmə və parazitlərin artması, xəstə
hüceyrələrlə yüklənmiş səmanın
qalın yorğan kimi insanların üstünə çəkilməsi"
məcbur edir ki, adamlar "Can sağlığının
sorağı"na düşsünlər!"
Əsərin bir üstünlüyü ondadır,
yazıçı oxucusunu müxtəlif personajlarla
qar-şılaşdırır. Maraqlıdır ki, bu surətləri
tanıyırıq, öz psixoloji ritmlərilə fərdləşmişlər,
xəstəyə qarşı laqeydcəsinə
yanaşırlar, sanki lağlağı edirlər.
Əsərdəki direktor Bəhram yerində olmayan
birisidir, "tezbazar" iclaslarda vacib məsələlərə
toxunmaq əvəzinə: "Reşotkanın o tərəfindəki
asfalt yolun mazut nəfəsi, maşınlardan çıxan
qazlar həyətimizə dolur, xəstə
qonaqlarımızı zəhərləyir", - gileyi direktor
barədə müəyyən təsəvvür yaradır.
Y.Həsənbəy həssas müşahidəçi kimi, əhatə
olunduğu səhiyyə mühitinin
"coğrafiyası"nı diqqətə çəkib,
bu sahədəki həqiqətləri
ortaya atıb.
"Can sağlığının
sorağında" olan biz oxucular məsuliyyətli, peşəsinin
hakimi həkimlər görmək istərdik.
Yazıçının bu barədə zəngin nəzəri
və praktik məlumatı şəxsən məni heyrətləndirdi.
"Özbaşına buraxılan viruslar saatlarla yox, saniyələrlə,
özü də həndəsi silsilə ilə
çoxalır"; "Büzdümümlə omba
sümüyümün arasında oturuşmuş
bakteriyaları dağıtmaq gərəkdir".
Baş həkim Xurşud xanım, eləcə də əhatəsinə
topladığı Gülşən kimi doktorlar müəllifi
"fantastik aləmlə qovuşdurur". Bu epizodu təsvir
edən yazıçının ovqatı təzələnir,
Süleyman peyğəmbərdən söz açır.
"Sirləri açmaqda aciz qalan peyğəmbər
qadın sirrindən də xəbərsizdir?.. Qadın ürəyini
oxumaq mümkün deyil. Qadının sirrindən heç kim
baş aça bilməz", - deyir. Analizlərdən
sağlam çıxan yazıçı - müəllif (mən
bu epizodları xatirə kimi qəbul edirəm) rahatlanmaya bilməzdi:
"UZİ həkimi Seyran xanım yazır ki, hörmətli
qonaq yaşına görə çox yaxşı qalıb.
Vaxtilə böyrəyində bir kista olub, indi
kristallaşıb. Yüz illərlə ağrısız,
sakit yaşaya bilər. Qara ciyəri əllənmir. Öd kisəsi
yumşaq, həm də hamardır. Prostatda şişmələr
yoxdur". Bu proqnozlar, əlbəttə,
cansağlığının əsas əlamətidir.
Maraqlıdır, müəllif həm də sağlam
həyat sürməyin "açarı"nı nişan
verir: "Çanağı incidən oynaqlararası artritdir.
Ancaq müalicəni gecikdirmək olmaz. Naftalizlə aplekasiya eləmək.
Zədəli yerlərə o məlhəmi çəkib,
üstünü klyonkayla bağlamaq".
Əsərdə oxucu iki həyat hadisəsilə,
bir-birinə həm zidd, həm də bir-birini tamamlayan proseslə
qarşılaşır. İnsanları, onların
sağlamlığının keşiyini çəkməli
olan bəzi həkimlərin öz peşələrinə
laqeydliyi və cansağlığının qorunmasına
kömək edəcək vasitələrin axtarışı.
"Birincilər" yalnız başlarını
dolandırırlar, onlar "əlli min manata ali təhsil
almışlar", "xəstə qonağ"ın tibbi savadı,
həkimlərlə söhbəti daha professionaldır, zəngin
informasiyaya malikdir, "ikincilər" isə peşəkar
olur və daha çox üstünlüyü xalq təbabətinə
verirlər. Məsələn, Səidə xanım -
fizioterapiya şöbəsinin müdiridir, "təzə
yanaşmalara əl atmaq istəyir, güclü preparatlardan
istifadə etmək niyyətindədir, gənclik ehtiraslı,
zövqlü gözləri şimşəklər kimidir".
Xurşud doktor təklif edir ki, o fizioterapiya müalicəsinin
ləğvinə tərəfdardır: "...elektrik cərəyanı
yeritməyək orqanizmlərə. Biz zədəli nahiyələrə
fiziki yollarla novakain yeridirik, novakainin tərkibindəki spirt
toxumaları keyləşdirir, amma sağaltmır". İrəli
sürülən təkliflərin səmərəsini biz
sanatoriyada xalq təbabətilə müalicə olunan yad bir
qadının timsalında görürük. Halbuki bu qadın
Tomskda, Sankt-Peterburqda, Moskvada müalicə alsa da, faydası
olmayıb və etiraf edir ki, "Moskvanın "Burdenko"
hospitalında da olmuşam, müalicəsi səmərəsiz
olub, iki həftədən sonra yenə ikiqat oldum. Amma burada can
həkimi Gülşəncik apardı baş həkimin
yanına, Baş həkim rentgen şəkillərinə
baxandan sonra dedi ki, mütləq xalq təbabətilə
"müalicə"ni məsləhət bilir". Onlar xalq
təbabətinin əyani tətbiqilə nail olurlar.
"Qayçı ilə armud ağacının
budaqlarının ucunu birləşdirən kəndiri kəsirlər,
budaqlar zərif-zərif yanlara açılır. Xəstənin
bel tirindəki ağrılar get-gedə yoxa çıxır,
budaqlar yanlara çırpılır. Gülşən
xanım tumbuçkanın üstündəki həb, iynə qutularını, dərman
butulkalarını zibil səbətinə atır".
Qonaq xəstənin etirafı:
"Çinar"ın həkimləri məni
sağaltdı".
Y.Həsənbəy obrazlarını fərdiləşdirən,
davranışını tipikləşdirməyi sevəndir. Hər
bir personajın psixologiyasını öyrənmiş müəllifdir.
Direktor Bəhram, bağban Mədət, baş həkim
Xurşud, kordioloq Vəfa, Səidə xanım, Seyran xanım
öz "davranış xətti" ilə yadda qalırlar.
Hətta adsız xarici "qonaq" xəstə qadın da
unudulmur. Hekayədəki təsvirlər hadisənin, məqamın,
situasiyanın "açılışına" xidmət
göstərir, əhvalatı detallaşdırır.
Y.Həsənbəy həyat həqiqətlərini, bu
reallıqda özünə yer edən ziddiyyətləri
görən, laqeyd qalmayan sənətkardır. Poeziyasında
həssasdır, nəsrində realistdir, sevgi dolu şeirlərində
lirikdir, sevən qəlbə malikdir, nəsrində həyatının
bir parçasını maddiləşdirən müdrikdir. Təbiətə,
insana, cəmiyyətə münasibətində həs-sasdır,
ünsiyyətcildir, öncə nikbin ovqatlıdır, sözün
yerini və qədrini biləndir.
Bu maraqlı hekayəsi ilə oxucuları sevindirən
yazıçı Yusif Həsənbəyi yeni
yaradıcılıq uğur münasibətilə təbrik
edir, ona möhkəm cansağlığı arzulayıram.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet.- 23 aprel,№69.-S.13.