"Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"

Günay Qocalı: "Dövlətimizin insan kapitalına qoyduğu bu investisiya azərbaycana böyük fayda gətirəcək"

 

Son illərdə ölkədə gənclərin xaricdə təhsil alması dövlət siyasətində prioritetlərdən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdəki nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ümumilikdə, "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən 125 nəfər məzun olaraq ölkəyə qayıdıb.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq imkanı qazanan gənclərdən biri də Günay Qocalıdır. O, Böyük Britaniyanın "TOP-10" universitetləri siyahısında yer alan Bristol Universitetinin "Neyroelm və təhsil" ixtisasında ikinci magistratura təhsili alır. Günay Qocalı Azərbaycan Dillər Universitetinin "İngilis dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsilini 2019-cu ildə bitirib. Təhsil aldığı müddətdə bir çox beynəlxalq layihələrdə könüllü kimi fəaliyyət göstərib. Bu fəaliyyətlər onun ingilis dili bacarıqlarının inkişafında müsbət rol oynayıb. 2020-2022-ci illərdə isə ADA Universitetində təhsilin idarə olunması fakültəsində magistr təhsili alıb. Elə həmin illərdə artıq müəllim kimi də fəaliyyət göstərməyə başlayıb.

Günay Qocalı deyir ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində müsabiqə prosesi tam şəffaf və ədalətli keçirilir. Münsiflər heyəti namizədin xaricdə oxumaq istədiyi ixtisası nə dərəcədə sevdiyini, ölkəyə geri qayıtdıqda nə kimi yeniliklər etmək istədiyini qiymətləndirir. Bu qiymətləndirmə obyektiv olur: "Bu baxımdan şanslı olduğumu deyə bilərəm, çünki ixtisasa olan marağım müəllimlik təcrübəmdən irəli gəlirdi və geri qayıtdıqda artıq həmin ixtisasla nə etmək istədiyimi bilirdim. Özümə inamlı cavablar verdim, beləliklə, təqaüd proqramının qaliblərindən biri oldum. Dövlət Proqramı gənclərin hərtərəfli inkişafına xidmət edən, ölkəmiz üçün uğurlu kadrların yetişməsi baxımından möhtəşəm dəstəkdir. Dövlətimizin insan kapitalına qoyduğu bu investisiya müasir bacarıqlara yiyələnən biz gənclərin vasitəsilə Azərbaycana böyük fayda gətirəcək. Hələ 5-ci sinifdə oxuyanda məndə ingilis dilinə və İngiltərənin təhsil sisteminə maraq yaranmağa başlamışdı. İngiltərənin nüfuzlu ali təhsil müəssisələrinin birində təhsil almağın xəyalını qururdum. "Neyroelm və təhsil" ixtisasını seçməyim isə  təsadüfi deyildi, bunun arxasında özünəməxsus bir hekayəm var. Müəllim kimi fəaliyyət göstərdiyim müddətdə şagirdlərimin müxtəlif öyrənmə çətinliklərini müşahidə edirdim. Bu çətinliklərin nədən irəli gəldiyini başa düşə bilmirdim. Məhz bundan sonra özüm üçün bir müəllim olaraq kiçik araşdırmalar etməyə başladım. Əslində, bunu xüsusi qabiliyyəti olan bir şagirdimə dərs deyən zaman araşdırmağa qərar verdim. O, yaşıdları ilə müqayisədə daha intellektual idi və cəmi 10 yaşında ingilislər kimi təmiz ingilis dilində danışır, lakin hərfləri çətinliklə yaza bilirdi. Oxuyarkən nitqində müəyyən fasilələr yaranırdı. Bu barədə kiçik bir araşdırma apardım və müəyyən etdim ki, bunlar disleksiya və disqrafiyanın əlamətləridir, başqa sözlə, onun beyni fərqli işləyir. Beləliklə, bu, mənim neyroelmə olan marağımı gücləndirdi, nəticədə təhsildə nevrologiyaya və onun sinifdə tətbiq edilməsini öyrənməyimə gətirib çıxardı".

Onun sözlərinə görə, təhsil aldığı "Neyroelm və təhsil" ixtisası təəssüf ki, ölkəmizdə olmasa da, Amerika, Böyük Britaniya, eləcə də digər inkişaf etmiş ölkələrin universitetlərində mövcud olan və təhsil üçün çox vacib bir ixtisasdır: "Böyük zövqlə bu ixtisasda keçirilən fənləri oxuyuram və bu sahədə mütəmadi araşdırmalar edirəm. Çünki insan beyninin öyrənmə prosesi və davranışlarımızla əlaqəsinin elmi əsaslarını bilmək, sinif otaqlarında dərs keçən zaman bu bilikləri tətbiq etmək, şübhəsiz ki, təlim-tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olur".

Günay Qocalı qeyd edib ki, Böyük Britaniyada azərbaycanlı tələbə olaraq xarici tələbələr mühitində ölkəni yaxşı təmsil edir: "Hətta sizə deyə bilərəm, dərs prosesində müzakirələr zamanı müəllimlərim mənim yanaşmam və təcrübəmlə xüsusilə araqlanırlar. Beynəlxalq təhsil mühiti fərqli ölkələrdən olan tələbələri birləşdirir. Nəticədə maraqlı və faydalı müzakirə mühiti formalaşır. Hətta ölkəmizi tanıtmaq üçün xarici qrup yoldaşlarıma milli mətbəximizə aid yeməklərdən hazırlayıram. Bundan başqa, həmin yeməklərin tarixindən, adət və ənənələrimizdən bəhs edirəm. Görürəm ki, bu, onlar üçün olduqca maraqlıdır. Bir azərbaycanlı olaraq ölkəm haqqında doğruları çatdırmaq, Vətənimin gözəllikləri, uğurları barədə danışmaq mənim üçün böyük qürur hissidir".

Onun dediyinə görə, hazırda təhsil aldığı Bristol Universitetində onun ən bəyəndiyi cəhətlərdən biri tələbələrə xidmətlərin çox yüksək səviyyədə olmasıdır. Belə ki, burada təkcə öyrənmə bacarıqlarının inkişafı deyil, eləcə də psixoloji cəhətdən daim dəstək göstərən universitetdaxili xidmətlər təklif olunur. Bundan başqa, hər bir tələbə üçün öncədən təyin olunmuş tyutor ildə ən azı 3 dəfə tələbələrlə fərdi məsləhətləşmə sessiyaları keçirir. Bu sessiya zamanı onlar tələbənin universitet təcrübəsi, qiymətləri, sosial həyatının necə olması ilə maraqlanırlar: "Bristolda professorlarla tələbələr arasında, həqiqətən də, dost münasibəti mövcuddur. Hətta professorlar onlara öz adları ilə müraciət etməyimizi istəyirlər. Həmçinin tədqiqatları həmişə öz maraq dairəmizə uyğun aparmağa həvəsləndirirlər və bizi bu istiqamətdə motivasiya edirlər. Tədqiqat mövzum isə "Azərbaycanda DEHB (Diqqət çatışmazlığı-hiperaktivlik pozuntusu) üzrə Müəllimlərin Biliyi"dir. Tədqiqat Azərbaycan müəllimlərinin DEHB haqqında biliklərini qiymətləndirmək və cins, yaş, pedaqoji təcrübə, region kimi demoqrafik xüsusiyyətlərin onların xəstəlik haqqında məlumatlılığına necə təsir göstərə biləcəyini araşdırmaq, DEHB haqqında biliklərin özəl və dövlət məktəbləri arasında fərqi olub-olmadığını öyrənməkdən ibarətdir. Neyroelm Azərbaycanda yeni yaranan bir sahədir. Hazırda tədqiqatım Bristol Universitetinin Etika komitəsinin razılığının alınması prosesindədir. Azərbaycanda əvvəl araşdırılmayan bir mövzudur. Bu baxımdan məndə bu sahənin araşdırılmasına daha çox marağın yaranmasına səbəb olub".

O vurğulayıb ki, Azərbaycana qayıtdıqdan sonra öyrəndiyi bilikləri təhsil sahəsində tətbiq etmək niyyətindədir: "Birinci planım Azərbaycan Neyroelm Cəmiyyətinə qoşulmaqdır. Bu cəmiyyət azərbaycanlı doktorant tələbələr tərəfindən onlayn olaraq yaradılıb. Onlar neyroelmin biologiya istiqamətində təqdiqat aparırlar. Mən isə neyroelm və təhsil arasında əlaqə ilə bağlı Azərbaycan dilində kontent yaratmaq istəyirəm, çünki bu sahədə ölkəmizdə kifayət qədər məzmun yoxdur. Gələcəkdə bu sahədə doktorantura təhsili almağı da düşünürəm, təqdiqatımı Azərbaycan məktəblərində aparmağı planlayıram. Düşünürəm ki, ölkəmizdə təhsilin sürətlə inkişafı üçün əsas amillərdən biri bu sahədə aparılan elmi tədqiqatlardır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 23 aprel,69.-S.12.