42 illik ömrün
ictimai uğurları və şəxsi faciələri
Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi nadir şəxsiyyətlərdən biri,
görkəmli alim Heydər Hüseynov haqqında
düşünərkən gözlərim önündə
ilk növbədə onun acı taleyinin son səhifələri
canlanır. ...1950-ci il avqustun
15-də Şüvəlandakı bağ evində ona
qarşı olan dözülməz haqsızlıqlara və
aparılan qarayaxma kampaniyasına etiraz əlaməti olaraq
özünü asan Heydər Hüseynovun ölümü ilə
bağlı mətbuatda rəsmi məlumat verilməmişdi.
Halbuki Azərbaycanın ilk akademiklərindən biri,
dövrün ən yüksək təltifi olan Stalin
mükafatına iki dəfə layiq görülmüş, Azərbaycan
Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda
İctimai elmlər bölməsinin sədri, Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) Fəlsəfə kafedrasının
müdiri, Azərbaycan KP MK yanında Partiya Tarixi
İnstitutunun direktoru kimi çox məşhur olan bu şəxsiyyətin
ölüm xəbəri bütün SSRİ-yə
yayılmış, hətta ölkə
başçısı Stalinə də məruzə
edilmişdi.
Burada isə hadisə yerinə tezliklə çoxlu
milis (polis), prokurorluq işçisi gəlib adamları
sorğu-sual etmiş, onun özünü asdığı
yerin qapısını möhürləmişdilər. Sonra
da həmin amansız insanlar onun yetim qalmış üç
körpə qız uşağını və onların
anasını bu ölümün günahkarı kimi
uzun-uzadı sorğu-suala tutmuşdular. Atanın faciəsindən
hələ özlərinə gəlməmiş uşaqlar da,
bədbəxt olmuş ana da bu dəhşətdən
sarsılaraq bir tərəfdən də sorğu-suallardan necə
yaxa qurtarmaq haqqında düşünürdülər.
Körpələr də, ana da bir-birinə
qısılıb ağlaşırdılar. "İstintaq
aparanlar" sualları dolu kimi üstlərinə
yağdırırdılar: "Hadisə necə oldu? Ola bilməz
ki, siz bilməyəsiniz? Nəyi gizlədirsiniz? Niyə
vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə
özünüz buna şərait yaratmısınız?"
Körpələr isə yalnız
ağlaşırdı. Ana da hönkür-hönkür
göz yaşı tökürdü. Deyə bilmirdilər ki,
bu dəhşəti yaradan sizi bura göndərən
"sifarişçilərdir". Yalnız üstündən
xeyli vaxt keçdikdən sonra bütün həqiqətlər
məlum olacaq, bu böyük şəxsiyyətin tarix
qarşısında gördüyü nəhəng işlər
həqiqi qiymətini tapacaq, onun dəyəri bilinəcəkdi.
İndi isə sifarişlə "istintaq aparanlar"
sorğu-sualdan əl çəkmir,"ağa"larının
günahlarını kiminsə boynuna qoymağa, kiməsə
"sədaqətlərini" sübut etməyə
çalışırdılar. Nəhayət "gərgin"
istintaq prosesindən sonra akademik Heydər Hüseynovun
uşaqları tərəfindən yox, özünü
asdığı müəyyənləşdi,
"istintaqı" aparanlar bir kənara çəkildilər,
uşaqları da, ananı da sakit buraxdılar.
Onu Fəxri xiyabanda yox, adi şəhər qəbiristanlığında
dəfn etdilər. Dəfnə tanınmış adamlar,
"dostlar", partiya, dövlət xadimləri gəlmədi...
Heydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci
il aprelin 3-də qədim Azərbaycan şəhəri İrəvanda
anadan olmuşdur. Şəhərin zəngin tacirlərindən
olan atası Hacı Nəcəfin külfəti İrəvanın
sayılıb-seçilən ailələrindən idi.
Onların şəhərin ən yaxşı yerlərindən
birində - Təpəbaşı məhəlləsində, Zəngi
çayının sahilində ikimərtəbəli
yaraşıqlı evi, həyətlərində böyük
meyvə bağı var idi. Hacı Nəcəf Kərbəlayi
Hacı Hüseyn oğlu (1867-1909) ticarətlə məşğul
olur, rus tacirləri ilə, xüsusilə Novqorod şəhəri
ilə sıx əlaqə saxlayırdı. O, Məşədi
Gülsüm Məmmədəli qızı Fərəcova
adlı xanımla ailə qurmuş və bu izdivacdan onların
altı uşağı dünyaya gəlmişdi:
oğlanları Yusif, Əkbər, Yaqub, Muxtar, qızları
Ruqiyyə, sonbeşik Heydər.
1909-cu ilə qədər ailə xoşbəxt, rahat həyat
sürürdü. Hüseynovların üç böyük
oğlu İrəvan Gimnaziyasında oxuyur (İrəvan
Gimnaziyası 1881-ci ildən fəaliyyət göstərirdi),
ata və analarının onlarla bağlı arzu və istəklərini
reallaşdırmağa çalışırdılar.
Hacı Nəcəf və Məşədi Gülsüm səmimiyyətlə
dinə bağlı olduqlarına görə müsəlmanlar
üçün vacib sayılan ayinlərə əməl edir
- namaz qılır, oruc tutur, müqəddəs ocaqları
ziyarət edir, xeyriyyə işləri ilə məşğul
olurdular. Hacı Nəcəf Məkkədə olmaqla
yanaşı, Məhşədi və Kərbəlanı da
ziyarət edibmiş.
Heydərin bir yaşı olanda Hacı Nəcəf cərrahiyə
əməliyyatı zamanı vəfat edir. Bu itki ailəni
çox sarsıtsa da, onlar özlərində yaşamağa
güc tapır və ailə başçısının
qoyduğu ənənələri və işləri davam
etdirirlər. Əsas ağırlıq da böyük
qardaş Yusifin üzərinə düşmüşdü.
1909-cu ildə o, artıq ailəli idi. Öz ailəsinin,
anasının, kiçik qardaşlarının və
bacısının qayğısını çəkmək,
onları dolandırmaq üçün Yusif çox
çalışmalı olurdu.
Ancaq tale oyunları davam edir və ailənin güman
yeri olan Yusif 1918-ci ilin martında ermənilərin İrəvan
quberniyasında və Zəngəzurda törətdikləri
soyqırım zamanı vəhşicəsinə
öldürülür. Məşədi Gülsüm
övladları və Yusifin yetim qalmış uşaqları
ilə birlikdə bu vəhşiliklərdən canını
qurtarmaq üçün vətəni tərk etməyə məcbur
olur. Ailə əvvəlcə Gürcüstanın Batumi şəhərinə,
oradan isə Rusiyanın Stavropol vilayətinə
köçür. Burada da erməni təzyiqi və
dözülməz çətinliklərlə
qarşılaşdıqları üçün 1920-ci ildə
Bakıya köçürlər.
Bu vaxt Heydərin artıq 12 yaşı var idi. Lakin ailələrində
baş verən faciələr və qaçqınlıq
üzündən o hələ də məktəbə gedə
bilməmişdi. Hüseynovlar ailəsi İçərişəhərdə,
Dvorsovaya 26 ünvanında kirayə ev götürürlər.
Ailənin çətin şəraitdə yaşamasına
baxmayaraq, Gülsüm xanım gen yaddaşından irəli gələn
ənənəni - xeyriyyəçiliyi davam etdirərək
İçərişəhərin Cümə məscidinə
su çəkdirir.
Gülsüm xanım kiçik oğlunu 18 nömrəli
məktəbə qoyur. Təhsil prosesi, məktəb
mühiti, orada hökm sürən abi-hava balaca Heydərin
daxili imkanlarının açılmasına,
istedadının üzə çıxmasına şərait
yaradır. Burada o, yaxşı oxumaqla bərabər məktəbin
divar qəzetini redaktə edir, ictimai işlərdə fəallıq
göstərir, şeir yazmağa başlayır və bu zaman
onun humanitar elmlərə xüsusi marağı üzə
çıxır.
Bakı şəhəri 18 nömrəli məktəbdə
Heydərlə yanaşı, Süleyman Rüstəm,
Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər,
Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da
oxuyurdular. Həmin illərdə məktəbdə Feyzulla
Qasımzadə, Hənəfi Zeynallı və Atababa
Musaxanlı kimi dövrün tanınmış
ziyalıları dərs deyirdilər.
Bu illərdə Heydər komsomol sıralarına qəbul
olunur. Maddi çətinlik çəkən ailəsini
dolandırmaq məqsədi ilə o, kitabxanada işə
düzəlir, lakin cüzi qazancla ailəyə kömək edə
bilmədiyini görüb 16 yaşından fəhləlik etməyə
başlayır. Hələ gənc yaşlarından həyatın
çətin üzü ilə qarşılaşan,
ağır uşaqlıq, gənclik dövrü yaşayan
Heydər 18 yaşında daha bir zərbə alır.
1926-cı il aprelin 25-də anası - Məşədi
Gülsüm 60 yaşında vəfat edir. Ailəsinin
bütün ağırlığını hələ bərkiməmiş
çiyinlərində daşımalı olan Heydər təhsilinə
fasilə vermədən daha gərgin işləməli olur.
Nəhayət, 1927-ci ildə Heydər Hüseynov həmin
orta məktəbi bitirir. Maraqlıdır ki, 12 yaşında
birinci sinfə gedən Heydər istedadı sayəsində
sinifdən-sinfə ekstern qaydada keçirilə-keçirilə
cəmi 7 ilə, 19 yaşı olarkən onillik təhsilini
başa vurur. Onun arxiv sənədlərində məktəbdə
oxuduğu illərdə 15 fəndən dərs
aldığı, onları müvəffəqiyyətlə mənimsədiyi
qeyd olunur. Heydər Hüseynovun öyrəndiyi fənlərin
adlarının və o dövrdə orta məktəblərdə
hansı fənlərin tədris edilməsinin maraq kəsb edəcəyini
nəzərə alaraq həmin siyahını hörmətli
oxucuların diqqətinə çatdırıram: 1. Türk
dili, 2. Rus dili, 3. Fransız dili, 4. Riyaziyyat, 5. Fizika, 6.
İctimaiyyət, 7. Coğrafiya, 8. Rəsmxət, 9. Kimya, 10. Təbiət,
11. Fənni tərbiyə və təlim, 12. Türk dilinin və
elmi hesabın üsuli-tədrisi, 13. Hifzi-səhhət (tibbi
biliklər), 14. Təbiət dərsləri, 15. Ruhiyyat
(psixologiya).
Məktəbi bitirdikdən sonra Heydər Hüseynov təhsilini
davam etdirmək üçün Bakı Pedaqoji Texnikumunda
oxumağa başlayır. O, texnikumda təhsilini davam etdirə-etdirə
pedaqoji fəaliyyətlə də məşğul olur.
Maştağa kəndində yerləşən 17 nömrəli
məktəbin fəhlə fakültəsində Azərbaycan
dili və ədəbiyyatdan, Tarix, Coğrafiya, Kimya və
Riyaziyyatdan dərs deyir. Bir müddət Zeynalabdin
Tağıyev adına toxuculuq
kombinatının kurslarında və Tibb texnikumunda da
müəllimlik edir. Oxuduğu və işlədiyi hər bir
yerdə dərin biliyi, istedadı, zəhmətkeşliyi və
ictimai işlərdə fəallığı ilə
seçilir.
Sonralar akademik olmuş görkəmli alim Feyzulla
Qasımzadə orta məktəbdən tanıdığı
bu istedadlı, işgüzar gənci daim nəzarətində
saxlayır, onun bacarıqlarını düzgün məcraya
yönəltməyə və inkişaf etdirməyə
çalışır. Onun məsləhəti ilə
texnikumda oxuya-oxuya Heydər Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinə
daxil olur. 1929-cu ildə Feyzulla Qasımzadə 21 yaşlı
Heydəri "rabfak"ın (fəhlə fakültəsi) tələbələri
üçün ədəbiyyat dərsliyinin
hazırlanması işinə dəvət edir. Heydər
Hüseynovun böyük qızı Sara xanım yazır ki,
Feyzulla Qasımzadə "Heydər başımın
tacıdır" deyirdi. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə
dərs deyir, məktəbin komsomol katibi olur. Humanizmi, insanpərvərliyi,
ciddiliyi, dərin biliyi ilə həm şagirdlərin, həm
də iş yoldaşlarının böyük hörmətini
qazanır.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq
fakültəsinin linqvistika (dilçilik) ixtisası üzrə
tələbəsi olduğu müddətdə
dövrünün görkəmli alimlərindən dərs
alan Heydər Hüseynov ərəb və fars dillərinə
mükəmməl yiyələnir. Ona Türk (Azərbaycan)
dili və ədəbiyyatdan Bəkir Çobanzadə, Əbdürrəhim
bəy Haqverdiyev, Fəlsəfədən Mikayıl
Hüseynov, Cahangir Nağıyev, ərəb dilindən əslən
fələstinli İbrahim Uaruar, fars dilindən Bəndəli
ibn Səhib əl-Cauzi, linqvistikadan (dilçilikdən)
A.R.Zifeldt-Simumyağı, Şərq incəsənəti
tarixindən V.M.Zummer və başqaları dərs deyir. Belə
məşhur insanların tələbəsi olmaq istedadlı
Heydər Hüseynovun yüksək bilikli bir kadr kimi yetişməsində
böyük rol oynayır. Hələ məktəb illərindən
bədii yaradıcılığa meyl edən Heydər
universitetdə oxuduğu illərdə də şeirlər
yazır.
Taleyi daim çətinliklərdən keçən
Heydər Hüseynov universiteti də bitirə bilmir, 1930-cu ildə
dövlətin qərarı ilə siyasi səbəblərdən
bağlanan indiki BDU-nun tələbələrini Pedaqoji
İnstituta köçürülər və 1931-ci ildə
o, həmin ali məktəbin pedaqoji fakültəsini bitirməli olur. Alimin şəxsi
arxivində onun institutu bitirməsi ilə bağlı
diplomunun surəti saxlanılır. Hesab edirəm ki, o dövrdəki
təhsil sistemi və fənlərin tədrisi ilə
bağlı məlumat əldə etmək, həm də iki
ali məktəbdə təhsil almalı olan Heydər
Hüseynovun öyrəndiyi fənlərin adları müəyyən
maraq kəsb edə bilər. Ona görə də həmin
siyahını hörmətli oxucuların diqqətinə
çatdırıram: 1. Psixologiya, 2. Pedaqogika tarixi, 3.
Yaxın şərq tarixi, 4. Azərbaycan tarixi, 5. Azərbaycanda
sinfi mübarizənin tarixi, 6. Azərbaycan ədəbiyyatı,
7. Azərbaycan ədəbiyyatı tarixi, 8. Materializm tarixi, 9.
SSRİ türk-tatar xalqlarının tarixi, 10. Türk incəsənəti
tarixi, 11. Şərqdə sinfi mübarizə tarixi, 12. Rus ədəbiyyatı
tarixi, 13. Şərqi Avropa ədəbiyyatı tarixi, 14.
Dialektik materializm, 15. Türk dili, 16. İşlənən
türk dialektləri, 17. Dilçiliyə giriş, 18. Sovet
konstitusiyası, 19. Türkologiyaya giriş, 20. Ana türk ədəbiyyatı,
21. Türk dilinin elmi qrammatikası, 22. Ümumi etnologiya, 23.
Türk dilinin müqayisəli qrammatikası, 24. Ərəb
dili, 25. Fars dili, 26. Topoqrafiya, 27. Siyasi iqtisad, 28. Elmlərin
metodologiyası, 29. Taktika, 30. Atıcılıq işi, 31. Hərbi-kimyəvi
iş, 32. Hərbi - mühəndislik işi.
Azərbaycan Pedaqoji İnstitutunun ən fəal və
istedadlı məzunu kimi Heydər Hüseynov Azərbaycan
Dövlət Elmi tədqiqat İnstitutunun Fəlsəfə
şöbəsinin aspiranturasına göndərilir. Bir il
aspirantura təhsili aldıqdan sonra Sənaye İnstitutuna
(indiki ADNSU) və Sovet Ticarəti İnstitutuna (indiki UNEC) fəlsəfə
müəllimi təyin olunur. Marksizm-Leninizm fəlsəfəsini
maraqlı və çox gözəl tədris edən gənc
müəllim tez bir zamanda tələbələrin sevimlisinə
çevrilir. Sonralar o, Azərbaycan Dövlət Tibb
Politexnikumunda da müəllimlik edir.
Körpəlikdən taleyi üzünə gülməyən,
ömrünün sonunadək tale oyunları ilə mübarizə
aparan Heydər Hüseynov 1934-cü ildə tacir Süleyman
Abdullayevin Tale adlı qızı ilə ailə həyatı
qurur (Həm tacir, həm də Müsavat partiyasının
üzvü olduğuna görə qayınatası Süleyman
1937-ci ildə güllələnir). Heydər Hüseynovla Tale
Abdullayevanın ailəsində üç qız
uşağı - 1935-ci ildə Sara, 1939-cu ildə Leyla, 1941-ci
ildə Sevda dünyaya gəlirlər.
Bu illərdən etibarən Heydər Hüseynov gərgin
yaradıcılıqla məşğul olur və
ümumittifaq səviyyəsində tanınmağa
başlamışdı. 1934-cü ildə Mirzə Fətəli
Axundovun "Kəmalüddövlə məktublar"nı
redaktə edərək üç dildə - Azərbaycan, fars
və rus dillərində çapa hazırlamışdı.
1935-ci ildə Leninqrada getmiş, görkəmli şərqşünaslar
Yevgeniy Eduardoviç Bertels, İvan İvanoviç
Meşaninov, Ermitajın direktoru İosif Abqaroviç Orbeili ilə
elmi və dostluq əlaqələri yaratmışdı.
Məlum olduğu kimi, 1935-ci il oktyabrın 25-də
akademik Frans Yulyeviç Levinson-Lessinqin (1861-1939) rəhbərliyi
ilə Zaqafqaziya Filialı Azərbaycan Şöbəsinin
bazasında birbaşa SSRİ Elmlər Akademiyasının
tabeliyində olan Azərbaycan Filialı
yaradılmışdır. SSRİ Elmlər Akademiyasının
Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın
artıq Akademiyada şöbə qismində deyil, filial
statusunda fəaliyyət göstərməsinə meydan
açılmışdır. Azərbaycan Filialı
respublikada elmi qüvvələrin təşkilatlanması
üçün çox səmərəli fəaliyyət
göstərmişdir. Qısa müddət ərzində Azərbaycan
Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya,
Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq
Sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan
Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat
institutlarının yaradılmasına imkan vermişdir.
Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat
İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat
institutları, Coğrafiya İnstitutu, Neft və Kimya
İnstitutu məhz həmin tarixi mərhələdə
açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində
aparılmış tədqiqatlar daha sistemli və
ardıcıl olmuş, ölkənin sosial-iqtisadi
inkişafının və mədəni mühitinin tələblərinə
cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə
özünün müsbət təsirini göstərmişdir.
Xüsusən, kimya, geologiya, coğrafiya, botanika, energetika
istiqamətləri üzrə əldə edilmiş
mühüm elmi nəticələr, meydana
çıxmış təşəbbüslər SSRİ
Elmlər Akademiyasının Azərbaycan Filialına
böyük nüfuz qazandırmışdır. 1935-ci ildə
SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının
yaradılması həmin dövrdə respublika
üçün əlamətdar hadisələrdən biri
olmuşdu.
SSRİ Elmlər Akademiyasının Azərbaycan
Filialının və orada aparılan elmi işlərin təşkilində
böyük xidmətləri olan Heydər Hüseynov 26
yaşında ikən Filialın sədr müavini, 1944-cü
ildən - 36 yaşında ikən sədri olur. SSRİ Elmlər
Akademiyasının prezidenti Vladimir Leonteviç Komarov,
vitse-prezidentləri Otto Yulyeviç Şmidt, İvan
İvanoviç Meşaninov onun işini yüksək qiymətləndirirlər.
Yorulmaq bilməyən istedadlı Heydər Hüseynov
1936-cı ildən etibarən Azərbaycan SSR Xalq
Komissarları Soveti yanında Azərbaycan Sovet
Ensiklopediyası Komitəsində işləməyə
başlayır. Həmin komitədə əvvəlcə elmi
işçi, sonra elmi katib kimi fəaliyyət göstərir.
Komitə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının
Ensiklopediya və Lüğətlər İnstitutuna
çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə
təyin edilir. Bu illərdə onun elmi fəaliyyəti daha
geniş vüsət alır. İnstitutun əməkdaşları
ilə birlikdə lüğətlərin tərtibi üzərində
gərgin işə başlayır, dilçiliklə, ədəbiyyatla
bağlı məqalələrini çap etdirir. 1939-cu ildə
onun rəhbərliyi ilə "Rusca-Azərbaycanca lüğət",
"Rusca-Azərbaycanca məktəbli lüğəti",
"İzahlı Azərbaycanca-Rusca lüğət"
çap olunur.
1939-cu il martın 23-də Heydər Hüseynova
SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Sənaye
İnstitutunun "Dialektik və tarixi materializm"
kafedrası üzrə dosent elmi adı verilir. 1939-cu il iyunun
15-də Heydər Hüseynov Tiflis şəhərində
"M.F.Axundovun fəlsəfi görüşləri"
adlı dissertasiya müdafiə edir.
30-cu illərin dramatik hadisələri bir
çoxları kimi Heydər Hüseynovun həyatında da
silinməz acı izlər buraxır. Yaxın
qohumlarının, o cümlədən, dost və həmkarları
- Əhməd ağa Kazımovun, Ağabala Mehdiyevin, sevimli
müəllimi Bəkir Çobanzadənin və
başqalarının həbsi, güllələnməsi onun
ideallarını sarsıdır, dünyaya baxışında
müəyyən dəyişikliklərə səbəb olur.
Avtoritar bir mühitdə, hər şeyin respublika
başçısının münasibətindən
asılı olduğu dövrdə Azərbaycanın rəhbəri
M.C.Bağırovun gənc alimə rəğbəti,
sözsüz ki, onun taleyində böyük rol oynayır. Heydər
Hüseynovun həyatı ilə bağlı aparılan tədqiqatlar
bunu deməyə əsas verir ki, M.C.Bağırov bu
istedadlı gənc alimə xoş münasibət bəsləmiş,
onun vəzifəcə irəli çəkilməsində,
müəyyən məqamlarda təhlükələrdən kənarlaşdırılmasında
rol oynamışdır. Belə ki, 1937-ci ildə repressiya
dalğası SSRİ-ni ağuşuna alanda Azərbaycan Sovet
Ensiklopediyası işçilərinin əksəriyyəti həbs
olunur, bir hissəsi güllələnir. Lakin tacir ailəsindən
çıxan, qayınatası Müsavatın üzvü kimi
repressiyaya məruz qalan Heydər Hüseynova toxunulmur, ara
soyuyana qədər Azərbaycandan uzaqlaşdırılır.
Hətta 1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə Heydər Hüseynov elmi və pedaqoji sahələr
üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi
xidmətlərə görə "Şərəf
nişanı" ordeni ilə təltif olunur.
Heydər Hüseynov 1941-ci il 29 dekabrda bir qrup Azərbaycan
ziyalısı ilə cəbhəyə yollanır. Geniş
bilik və bacarığı, yüksək natiqlik qabiliyyəti
olan gənc alim döyüşçülər
qarşısında faşizmlə bağlı
çıxışlarında dinləyicilərini faşizm
üzərində qələbənin labüdlüyünə,
mədəniyyətin heç bir qüvvə tərəfindən
məhv edilməyəcəyinə əminlik yarada, optimizmə
kökləyə bilirdi. Müharibə illərini onun
yaradıcılığının ən məhsuldar
dövrü hesab etmək olar. O, bu illərdə "SSRİ
Elmlər Akademiyası Azərbaycan Filialının elmi
ensiklopediyası", "Antifaşist şair", "Vətənpərvərlik
dramı", "Fərhad və Şirin", "Vətənpərvər
şair", "Məhəbbət", "Mübarizəyə
çağıran əsər", "Ədəbiyyatımız
xalqımızın fəxridir", "Görkəmli ictimai
xadim", "Azərbaycan alimi və şairi Mirzə Cəfər
haqqında", "Azərbaycanın mədəniyyət sahəsində
müvəffəqiyyətləri", "Həsən bəy
Zərdabi akademik M.A.Pavlovun müəllimi olmuşdur" və
digər məqalələrini çap etdirir.
Heydər Hüseynovun həyatını izlədikcə
onun təkcə görkəmli alim kimi deyil, bir vətəndaş,
təəssübkeş insan kimi kəşf etmiş oluruq. Belə
ki, müharibənin ilk illərində ölkədə
Müdafiə Fondu yaradılanda, Azərbaycanda tank
istehsalına kömək üçün vəsait
yığılanda əmək haqqından həmin fonda 1500
manat keçirir. Buna görə 27 aprel 1943-cü il tarixində
Heydər Hüseynova Stalinin adından təşəkkür
teleqramı gəlir.
27 may 1944-cü il tarixində isə "Azərbaycanda
fəlsəfi və ictimai-siyasi fikir tarixinin əsas problemləri"
adlı fundamental əsəri işləyib
hazırladığına görə SSRİ Xalq Komissarları
Soveti yanında Ümumittifaq Ali Məktəb Komitəsinin Ali
Attestasiya Komissiyasının qərarı ilə Heydər
Hüseynova fəlsəfə elmlər doktoru elmi dərəcəsi
və professor elmi adı verilir.
Ona göstərilən diqqətdən daha da ruhlanan
Heydər Hüseynov respublika və ümumittifaq miqyasında
daha böyük işlər görməyə, Azərbaycan
elminin həm təbliği, həm də inkişafı istiqamətində
yeni layihələr həyata keçirməyə
başlayır. 1943-cü ildə "Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi" kitabının birinci cildi,
1944-cü ildə isə ikinci cildi çap olunur. Müharibənin
ağır illərində belə kitabların işıq
üzü görməsi Azərbaycan alimlərinin
böyük zəhmətinin, Heydər Hüseynovun yuxusuz gecələrinin,
tükənməz enerjisinin və yüksək təşkilatçılıq
qabiliyyətinin nəticəsi idi.
1944-cü ildə Heydər Hüseynovun "Azərbaycan
alimi və şairi Mirzə Cəfər haqqında
böyük rus mütəfəkkiri V.Q.Belinskinin rəyi"
adlı məqaləsi çap olunur. Məqalədə belə
böyük bir şəxsiyyətin xalqı tərəfindən
tanınmasını vacib hesab edən Heydər Hüseynov bu
istiqamətdə işlərini durmadan davam etdirir. Tarixin səhifələri
arasında itib-batan, öz doğma torpağında
tanınmayan mütəfəkkirlərin irsini
axtarıb-arayır, bəzən siyasi rejimin verdiyi müəyyən
imtiyazları aşıb gələcək tədqiqatlar
üçün platforma yaradır, Azərbaycan elmini
düzgün məcraya yönəldir. Heydər Hüseynov,
sadəcə, bir tədqiqatçı deyildi. O, Azərbaycanda
ümumən ictimai və humanitar elmlərin başında
duran və onlara tematik, ideoloji istiqamət verən bir şəxsiyyət
idi. Azərbaycanda gələcək tədqiqatların istiqaməti
və dərsliklərin məzmunu onun
dünyagörüşündən, mövqeyindən çox
asılı idi. Bu mövqe Moskva üçün təhlükəli
həddə gəlib çatmışdı. Heydər
Hüseynov müttəfiq respublikalara verilmiş şərti,
nisbi müstəqillik hüdudlarını çoxdan
keçmiş və marksist ideologiyasının pozitiv məqamlarına
istinad etməklə milli şüurun və milli mədəniyyətin
inkişafı naminə imperiyanın yol verə biləcəyindən
qat-qat çox işlər görmüşdü. Heydər
Hüseynov elmi irsinə nəzər salarkən söhbətin
daha çox öz yazıçılarımızdan getdiyini,
tədqiqat obyekti kimi Nizami Gəncəvinin, Mirzə Fətəli
Axundovun, Mirzə Kazım bəyin, Səməd Vurğunun əsərlərinin
seçildiyini görərkən bunları öz "elmi-tədqiqat"
standartlarına uyğunlaşdıra bilmirlər. Lakin əsl
fəlsəfə bu "standartlardan" çox yüksəkdə
durur. Heydər Hüseynov yeri gələndə dialektikadan, idrak
nəzəriyyəsindən yazmasına, yeri gələndə
Moskvadakı diskussiyalarda iştirakına, o cümlədən,
Andrey Aleksandroviç Jdanovun sədrliyi ilə keçirilən
məşhur bir ideoloji məclisdə - akademik Qriqoriy
Fedoroviç Aleksandrovun "Qərbi Avropa fəlsəfəsi
tarixi" kitabının müzakirəsində
çıxış etməsinə və "Voprosı
filasofii" jurnalının ilk nömrəsində çap
olunmasına baxmayaraq, daha çox dərəcədə
milli-fəlsəfi fikrin qaynaqlarını
araşdırmağa üstünlük verirdi.
Sonrakı dövrlərdə məhz Heydər
Hüseynovun bu missiyasının davamı olaraq Nizaminin,
Füzulinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli
Axundovun, Həsən bəy Zərdabinin və digər
görkəmli Azərbaycan mütəfəkkirlərinin
yaradıcılığı fəlsəfi müstəvidə
tədqiq edilmiş, bu mövzularda çoxlu dissertasiya işləri,
məqalələr və monoqrafiyalar
yazılmışdır. 1944-cü ildə Üzeyir Hacıbəyova
dərin hörmət bəsləyən Heydər Hüseynov
onun 60 illik yubileyinin keçirilməsində əlindən gələni
əsirgəmir, onun təklifi ilə Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyəti İncəsənət institutuna dahi bəstəkarın
adını verir. Üzeyir Hacıbəyovun kitablarının
çapı prosesinə şəxsən özü nəzarət
edir.
"Rus artilleriyasının allahı" hesab olunan Əliağa
Şıxlınskinin "Xatirələrim"
kitabının yazılmasında və çap edilməsində
Heydər Hüseynovun müstəsna rolu olmuşdur. Yeri gəlmişkən
qeyd edim ki, "Xatirələrim" Azərbaycan tarixində
ilk və yeganə hərbi memuardır. Həmin dövrdə
çar ordusunda xidmət etmiş general haqqında
danışmaq, onunla ünsiyyət qurmağın yasaq
olduğu zaman, balaca bir otaqda tək-tənha yaşayan generalla
dəfələrlə görüşən, bu memuarın əhəmiyyətini,
gələcək nəsil üçün dəyərini
yaxşı başa düşən Heydər Hüseynov Elmlər
Akademiyasından bir nəfər ayırır və həmin
şəxs generalın diktə etdiklərini yazıya
alır.
1944-cü il avqustun 18-də SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının böyük salonunda
general Əliağa Şıxlinskinin ölümünün
bir illiyi münasibəti ilə xatirə gecəsi
keçirilir. Filialın Rəyasət Heyətinin sədri
kimi gecəni Heydər Hüseynov açır. Bu
çıxışında Əliağa Şıxlinskini hərtərəfli
bir şəxsiyyət kimi səciyyələndirən, onu
general olmaqla bərabər, Azərbaycan dilini mükəmməl
bilən və onun lüğətini hazırlayan dilçi
alim kimi tanıdan görkəmli filosof-alim deyir:
"Yaşının ötməsinə, səhhətinin
pozulmasına baxmayaraq, general Əliağa Şıxlinski həyatının
son günlərinə qədər dilimizin vəziyyəti,
terminologiya, orfoqrafiya, lüğətçilik məsələləri
ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər
İnstitutunda görmək olardı". Heydər Hüseynov
Əliağa Şıxlinskiyə dərin hörmət və
həssas münasibət bəslər, institutun
hazırladığı lüğətlərlə onu
tanış edər və bu barədə fikrini bilmək istərdi.
Elmi, pedaqoji və təşkilatçılıq fəaliyyəti
ilə bir çoxlarına örnək olan Heydər
Hüseynov müharibə dövründəki fəaliyyətinə
görə "Qırmızı Əmək
bayrağı" ordeni, "Qafqazın müdafiəsi
üçün", "1941-1945-ci illər Vətən
müharibəsində şərəfli əmək
üçün" medalları ilə təltif olunur. 1945-ci
ildə Azərbaycan Sovet Yazıçılar
İttifaqının üzvü seçilir.
(Ardı var)
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 23 aprel,№69.-S.10-11.