Kəlbəcərə
Zəfər qarı yağdı...
Xalq şairi Vahid Əzizin "Kəlbəcərə
qar yağır" şeirinin təsiri ilə
Mən şeir dəlisiyəm!
Axı kəlbəcərliyəm:
Bəhmən, Sücaət,
Dədə Şəmşir nəfəsliyəm.
Bilmirəm ki, qələm əhliyəm,
yoxsa ötəri həvəsliyəm...
Səmimi etiraf edim: həmin gün bilmədim ki,
sevimli Xalq şairimiz Vahid Əzizin "Kəlbəcərə
qar yağır" şeirini neçə dəfə oxudum.
Yadımda qalan dümağ qar oldu. Bəlkə də qar dənələrinin
sayı qədər oxudum o şeiri, Vahid müəllim!
Yalnız ona görə yox ki, "Türk totemi"nə
müraciətiniz titrətdi məni. Həm də ona görə
ki, bir qərinəlik həsrətimizi bəmbəyaz qarla
sizin şeiriniz yuyub apardı: əllərimiz üşüsə
də, qəlbimizdə bir Yurd ocağı, Dədə Qorqud
tonqalı qalandı! Axı Oğuz yurdu heç vaxt namərd
yağıya qala bilməzdi!
Əsrlərin o tayından bizlərə boylanan bir
Yurd nisgili - yəni bütöv Azərbaycan arzusu uşaq qəlbimdə
boy atandan bəri özümü aciz, zəif hiss edirdim.
Uşaqlıqda yağı düşmənlərimizin məkrli
olduğunu anlamırdım, lakin hiyləgərlikləri ilə
bizi kökümüzdən ayırmaq siyasətini sonradan
duyduqca, dərk etdikcə onlara nifrətim, az qala, Vətən
sevdası qədər böyüdü!
Əslində bu qəmli mövzuda yazan şairlərimizi
oxumaqdan yorulmadım. Bir gün baxdım ki, özüm də
kəlmələrimin qanadında bütöv Azərbaycanımıza,
yəni Təbrizimizdən başlamış Dəmirqapı Dərbəndimizə,
türk ellərinin ata ocağı sayılan
Borçalıyacan qanad açmışam. Bu yerlərin
poeziya dillilərinin ayrılıq, həsrət dolu şeirləri
ilə böyüdüm. Anam qədər sevdiyim Kəlbəcərimdən
əlim üzüləndə uşaqlıq illərimdə
qalanlar misralarıma düzüldü. Elə bildim ki, dili
ağılı nənələrimizin bayatılarından
doğulmuşam.
Düzü, nə gizlədim, "Oxuyub adam ol!" fəlsəfəsini
unutmayıb alim də oldum - müqəddəs poetik-bədii
sözün qəhrini də çəkdim, qəzəbini də
gördüm. Çox zaman qılıncdan kəsərli
sözlərim düşmən üçün nizəyə,
qılınca çevrildi. Düşmənə nifrinlərimiz
qaysaq bağlamayan yurdsuzluq yaramıza məlhəm olmadı. Əlac
həm də əldə silah tutan cəngavər
oğullarımızın qeyrətinə qaldı!
...Şükürlər olsun, Koroğlumuztək bir əlimizdə
silah, birində isə sülhə çağırış
kimi səslənən sözlərimizlə düşmən
üstünə yeridik: birimiz ön, digərimiz arxa cəbhədə
yağıya divan tutduq. İşğalda olan
torpaqlarımızı azad edən igidlərimiz - Qarabağ və
Şuşa fatehlərimiz dillərdə dastana çevrildi.
Dili müdrik kəlamlı qələm adamlarımız bu Zəfərimizi
də poetikləşdirdilər. Onlardan biri də sevimli
şairimiz Vahid Əziz oldu.
Vahid müəllim bir gün bu şeiri ilə qəlbi
yurd nisgillilərə üz tutdu:
Bu gün ağır bir gün;
üstəlik də ağrılı.
"Karantin" olduğuyçün
hamı evə bağlanır,
üstəlik "İnternet"də
görüntülü təsviri;
lopalar ağır-ağır,
Kəlbəcərə qar yağır.
Kəlbəcərə qar yağır;
30 il bundan qabaq
görə bildiyimiztək.
Baxıram doğma Yurda,
Bizim "xəbərçilər" də
olayı təsdiqləyir;
Onlar havadan deyir,
düşmən çəkib göstərir.
Eh, o gözəl zamandan
düz bir qərinə keçir,
nə ağırmış bu
"görüş"!
Təkcə alovlar deyil,
sopsoyuq qar özü də
adamı göynədirmiş.
Kəlbəcərə qar yağır,
Laçına da yağır qar,
yağır Qubadlıya da,
sərhəd dirəyin yıxmış
qəsbkar erməninin
xaçına da yağır qar.
Cıdır düzü ağappaq,
İsa bulağı qarda.
Düzlərə səpələndik,
dağları uduzaraq,
kəndləri itirərək,
"dostlara" inanaraq,
vədlərə aldanaraq.
Kəlbəcərə qar yağır;
bu qədər yaxın olan
indi o qədər uzaq...
buna necə baxırsan -
Türk "totemi" - Yalquzaq?..
Şeirin yazıldığı tarixi
yaddaşımızda yaxşı saxlayaq: 24 aprel 2020-ci il. Erməni
şovinizminin dünya xalqlarını bu tarixdə - 24 apreldə
törədilən saxta "erməni soyqırımı"
ilə aldatdığını bilirik. Vahid Əzizin bu
şeiri məhz həmin tarixdə yazması təsadüfi
ola bilərdimi? Qətiyyən! Vahid Əziz zori balayanların
saxta yalanlarını ifşa edir bu səmimiyyəti ilə.
"Kəlbəcərə qar yağır"
şeiri yazılanda hələ 44 günlük Vətən
müharibəsi də başlanmamışdı. Onda
yalnız Lələtəpədə Zəfər sevincini bizə
yaşadan oğullara yas tuturduq. Onda hələ Qarabağa qan,
ya da qar yağdığından xəbərimiz yox idi.
Sinoptiklər də aciz qalmışdı xalqımızın
yanında. Bilmirdilər ki, Dəlidağ qara
bürünüb, yoxsa yalnız başlıbellilərimizin
günahsız axıdılan qanına bələnib!
Vahid müəllimin bu şeiri mənim kimi çox
yurdsevəri oyatdı, ayıltdı. Əllərinə qələm
və silah aldırdı...
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist, AYB və AJB-nin
üzvü
525-ci qəzet.- 23 aprel,№69.-S.8.