Böyük Zəfərin
davamı - 4 kəndin qaytarılması
Məlum olduğu kimi, aprelin 19-da Azərbaycan və
Ermənistan sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə delimitasiya prosesinin ilkin mərhələsində
tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin
Sovet İttifaqı çərçivəsində onun
süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən
əsaslandırılmış respublikalararası sərhədə
uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR),
Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) -
Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı
(AR) yaşayış məntəqələri arasında
bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu
hissələrinin təsviri koordinatları yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi
nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər
arasında 15 may 2024-cü il müddətinədək
müvafiq protokol-təsvirlə sənədləşdirilərək
razılaşdırılmalı və imzalanmalıdır.
Tərəflər sərhəd xəttinin
razılaşdırılmış hissələrində
öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel
yerləşdirilməsi üçün tədbirlər
görmək məqsədilə öz hökumətlərinə
müraciət edəcəklər. Həmçinin
razılaşdırılıb ki, delimitasiya prosesi tam başa
çatana qədər Protokol-təsvirdə göstərilən
sərhəd xəttinin hissələri delimitasiya edilmiş
hesab olunsun.
Tərəflər razılaşıblar ki, onlar
delimitasiya prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar.
Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə
layihəsində təsbit etmək barədə
razılığa gəliblər (əgər gələcəkdə
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası
münasibətlərin qurulması haqqında Sazişdə
başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin
müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş
prinsiplərə uyğunlaşdırılacaq).
Tərəflər Əsasnaməni təsdiq etdikdən
sonra növbəliliyi razılaşdırmaq və sərhədin
bütün digər hissələrinin, o cümlədən,
anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə
razılığa gəliblər.
Görüşün nəticəsində protokol
imzalanıb. Növbəti görüşün keçirilməsi
tarixinin və yerinin işçi qaydada
razılaşdırılması qərara alınıb.
Beləliklə, görüşün nəticələrinin
ən mühüm detalı işğal altında olan 4
qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan
tökülmədən Azərbaycana qaytarılmasıdır.
Bu da şübhəsiz ki, Azərbaycanın və şəxsən
Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan
növbəti böyük qələbədir. Bu onu göstərir
ki, delimitasiya prosesinin ilk addımı atıldı və məhz
Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması
məsələsini hələ 2020-ci ildə
qaldırmışdı və bu məsələ daim
Bakının gündəliyində idi. Ermənistanla
normallaşma prosesinə dair keçirilən bütün
görüşlərdə mövzu gündəmə gətirilirdi.
Anklav olmayan 4 kəndin Azərbaycana qeyd-şərtsiz
qaytarılmalı olduğunu vurğulayan dövlətimizin
başçısı bəyan etmişdi: "O kəndlər
ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz
qaytarılmalıdır. O kəndlər ki, anklavdır - Ermənistanın
bir anklav kəndi Azərbaycan ərazisindədir - bununla
bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və
bu, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün
anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara
şərait yaradılmalıdır və bu anklavlara
oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim
mövqeyimiz bundan ibarətdir".
Prezident İlham Əliyev 2020-ci ildə Vətən
müharibəsində əldə olunan zəfərdən
sonra üç rayonun - Ağdam, Kəkbəcər,
Laçın, bir güllə atılmadan Azərbaycana
qaytarılmasını təmin etmişdi. İndi də 4 kəndin
qan tökülmədən, bir güllə atılmadan geri
qaytarılması növbəti qələbədir.
Eyni zamanda, bu, regionu qarışdırmaq, yeni
müharibəyə təhrik etmək istəyən qüvvələrə
tutarlı cavabdır. Fransa başda olmaqla bəzi xarici
güclər uzun müddət idi ki, Azərbaycanın Ermənistana
qarşı müharibəyə
hazırlaşdığına dair yalan və qərəz dolu
iddialar irəli sürürdülər. Baxmayaraq ki, rəsmi
Bakı hərbi planlarının olmadığını bəyan
edirdi, üstəgəl, həmin dairələrin əlində
hər hansı sübut yox idi, amma yalan ittihamlar səsləndirməkdə
davam edirdilər. İndi vasitəçi olmadan Bakı ilə
İrəvan arasında əldə edilmiş bu
razılaşma həm də onun nümayişidir ki, tərəflərin
vasitəçiyə ehtiyacı yoxdur. Azərbaycan dəfələrlə
İrəvana vasitəçi olmadan dialoq təklif edib. Bu da
iki ölkənin üçüncü tərəf olmadan
apardığı danışıqların nəticəsi. Bu
eyni zamanda sülh sazişi prosesin üçün də
mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə
bağlı "525"ə deyib ki, Prezident İlham Əliyevin
diplomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr
qazandırmaqda davam edir: "Xalqımız son günlər
bir-birinin ardınca sevindirici xəbərlər alır. Belə
ki, bir neçə gün əvvəl Rusiya sülhməramlıların
ərazilərimizdən çıxmasına sevinən
xalqımız, bir neçə gün sonra Qazaxın 4
qeyri-anklav kəndinin Azərbaycana qaytarılması xəbərini
də böyük sevinclə qarşıladı. 44
günlük Vətən müharibəsindən sonra
yaratdığımız yeni reallıq işğal altında
qalmış ərazilərimizi güllə atılmadan, silah
işləmədən azad olunmasına yol açır. Bu
proses Laçın, Kəlbəcər və Ağdam
rayonlarının azad olunması ilə başlandı və
bu gün də Qazaxın 4 kəndinin azad olunması ilə
davam edir. Bu, həm də Azərbaycan -Ermənistan dövlət
sərhədinin delimitasiya prosesinin başlanması mərhələsidir.
Bundan sonra digər sərhəd ərazilərinin mərhələli
şəkildə delimitasiyası aparılacaq və Ermənistan
tərəfində qalmış 4 kəndin azad olunması məsələsi
də müzakirə ediləcək. Biz delimitasiya prosesinə
Azərbaycanın tələbi ilə başlamaqla sülhə
daha da yaxınlaşırıq".
Deputat deyib ki, bu, həm də Qərbin regionda gərginliyin
artırılması üçün göstərdiyi cəhdlərin
iflasa uğraması deməkdir: "Çünki Azərbaycan
müharibənin 3 il əvvəl başa
çatdığını bəyan edərək Ermənistana
sülh əlini uzatmasına baxmayaraq, bir müddət idi ki,
ABŞ və Aİ Ermənistana yenidən hücum ediləcəyi
ilə bağlı bir xof yaratmışdı. 19 apreldə
baş tutan görüşdə əldə olunan
razılıq Azərbaycanın heç bir müharibə
planı olmadığını sübut etdi. Son qısa
tariximiz göstərib ki, Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması ilə bağlı
danışıqlar prosesi kənar oyunçular daxil edilmədən
ikitərəfli formatda daha uğurlu olur. Bu baxımdan ikitərəfli
danışıqlar masasında müzakirə olunan məsələlər
daha uğurla nəticələnir. Ona görə də yerdə
qalmış digər məsələləri də ancaq Azərbaycala
Ermənistan arasında müzakirə olunub
razılaşdırılmalıdır. Bu, həm də
dünyada baş verən münaqişələrin həll
olunmasına bir nümunədir".
A.Badamov hesab edir ki, Azərbaycanla Ermənistan
arasında aparılan iktərəfli danışıqlara kənar
müdaxilələr olmasa, sülh müqaviləsi də
yaxın zamanlarda imzalana bilər: "Biz Zəngəzur dəhlizi
vasitəsilə Naxçıvana quru yolla getdiyimizin də
şahidi olacağıq. Dövlət
başçımızın siyasi kursu Azərbaycana ancaq qələbələr,
inkişaf və sülh gətirir".
Pərvanə
525-ci qəzet.- 23 aprel,№69.-S.5.