Aktrisanın
şirin-acı həyat hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Mən Rafiqə minnətdarlığımı bildirmək
üçün söz tapa bilmirdim, axı məsələnin
özü də qeyri-adiliyi ilə seçilirdi. Nəhayət,
dözməyib, ürəyimdəkiləri ona demək istədim:
- Əzizim, mən sənin haqqında daim yüksək
fikirdə olmuşam, sənin səmimiyyətin, alicənablığın
mənim üçün ibrət mənbəyidir. Fərhada
kömək əlini uzatmağın, bu məsələdə
köhnə adətlərə və stereotiplərə məhəl
qoymamağın isə, başqa kişilər
üçün də nümunə olmalıdır. Qoy onlar
da bədbəxt insanlara kömək göstərmək istəyəndə,
dar düşüncəli adamların rəyinə fikir verməsinlər,
cəsarətli hərəkət etsinlər. Bu yolla
insanlığa xidmət, hökmən yeni ölçü və
şəkil alacaqdır. II Dünya müharibəsindən
sonra Parisdə Kristian Dior adlı dünya şöhrəti
qazanan yeni kuturye meydana gəldi, o, dörd işğal ili ərzində
hər cür əzablara qatlaşmış fransız
xanımlarına çox yaraşıqlı, bir qədər
dəbdəbəli olan yeni modalar təklif etdi, əvvəlki
sadə modanın ağalığına son qoydu. Onun
üslubundakı, dizaynındakı paltarlarda qadın bədəninin
gözəlliyi, proporsionallığı, fiqurada əyri xətlərin
üstünlük təşkil etdiyi detallar, əslində ləyaqətlər
daha aydın nəzərə çarpırdı. Axı, o,
gözəllik aşiqi idi və öz prinsiplərinə sədaqətsizlik
edə bilməzdi. Qnun soyadındakı söz
"qızıldan olan" mənasına yaxındır.
Füsunkar insani xüsusiyyətlərinə görə mən
səni qızıldan olan kimi əsl "D'or"
adlandırardım. Çünki mənim zənnimcə, sənin
ürəyin başqalarındakı kimi ət
toxumalarının və damarların sintezindən deyil,
qızıl sapların sehrli hörülməsindən əmələ
gəlmişdir, sən yerdə gəzən insan olsan da, mələk
təbiətlisən, elə bil ya cənnətdən
qaçmısan, ya da göylərdən enmisən. Ezoterik
tarixçilərin yazdığına görə, mələklər
kişi cinsinə mənsubdur, onlar Yer üzünə
düşəndə gözəl qızlarla yaxınlıq
edib, dünyaya adi adamlardan fərqlənən qəhrəmanlar
gətirmişlər. Ərim olduğuna görə deyil,
yüksək insanlığına görə mən sənin
haqqında bu fikirlərə düşürəm və
güman edirəm ki, heç də səhv etmirəm.
Rafiq qəhqəhə çəkib güldü və
dedi ki, belə getsə, məni lap Herkulesə bənzədəcəksən.
Adamlar bunları eşitsə, bizi qəribəlikdə
günahlandırıb, haqqımızda istehzalı şayiələr
yayarlar. Bədbəxtliklə üzləşmiş Fərhada
kömək etməyə gəldikdə, mən elə bir qəhrəmanlıq
göstərməmişəm, sadəcə olaraq insanlıq
borcunu yerinə yetirmişəm.
Teatrdakı işimə gəldikdə, bizim yeni
tamaşalarımız tamaşaçını razı
salır, sevindirirdi. Truppamızdakı bircə nəfər
qadın bu sahədə mənimlə azacıq da olsa rəqabət
apara bilərdi, lakin o, özü də hiss edirdi ki, mən təbii
qəhqəhəmlə, qəmginliyi məharətlə təcəssüm
etdirməyimlə, iri gözlərimi qəflətən
dolduran göz yaşlarımla onu geridə qoyuram və onun mənə
çatmaq, mən ötmək üçün etdiyi
bütün cəhdlər istədiyinin əksinə olaraq,
fayda vermir və ona görə də o, mənə
qarşı paxıllıq etməkdən də geri
qalmırdı. Mən artıq paxıllıq
pozğunluğuna da öyrənmişəm, əvvəlki tək
bunu özümə dərd eləmirəm.
Son vaxtlar oynadığımız,
əsasən gülüş doğuran tamaşalar barədə
mənim rəyimi öyrənmək istədikdə, jurnalistə
açıqca dedim ki, mən onları heç də sənət
nümunəsi hesab etmirəm. Sadə vodevillərdir, məişətdə
hər gün demək olar ki, rastlaşdığımız
hadisələrin sadə bir bədii parodiyasıdır. Mən
bu tamaşaları kənd yerlərində yol
qırağında bitən kollarda yenicə
qızarmış böyürtkən giləmeyvəsinə bənzədirəm.
Uşaq vaxtı, lap böyüklər özləri də bizdən
geri qalmırdılar, hələ onlar tam yetişməsə də,
koldan dərib yeyidik, çox vaxt onların üstü yolun
tozu ilə örtülü olurdu, bunu ağzımızda da
hiss edirdik, lakin əhəmiyyət vermirdik, turşməzə
olduğuna görə sadəcə xoşumuza gəlirdi. Tamaşalarımız da mükəmməl
əsər təsiri bağışlamasa da, turşməzəliliyi
ilə tamaşaçının xoşuna gəlir,
kollektivimiz isə bu kal xüsusiyyətli münasibətdən,
həm də səhnə adamlarının maaş alması
xatirinə istifadə etmək məcburiyyətində
qalır. Axı aktyor da hava ilə dolanmır.
Gənc bir qız kimi hələ universitetdə
oxuyanda filmlərə çəkilmişdim, onu bitirdikdən
sonra teatr aləmində yenicə göyərməyə
başlayan bir truppaya qəbul olunmuşdum. Truppa əcnəbi
klub komandalarının təcrübəsinə əsaslanaraq,
məişət mövzusunda, real qüsurları əks etdirməkdə
melodramatik, satirik və qaba yumordan ibarət səhnələrə
üstünlük verməklə, köhnə adlı-sanlı
teatrları populyarlıq rəqabətində geridə qoydu.
Kollektivimiz əsasən gənc artistlərdən ibarət
idi, deyə bilmərəm ki, biz hər tamaşada sənət
əsəri yaradırdıq, lakin buna
çalışırdıq, gecəmizi
gündüzümüzə qatırdıq, qan-tər
içində həftələrin necə gəlib keçdiyini
hiss etmirdik. Əlbəttə, bizim kollektivin generatoru olan, bir
qeyri-adi həvəsi ilə hamıdan fərqlənən, bizdən
fərqli olaraq professional təhsil görməyən bir
üzvü özünün enerjisi və teatra sitayişi ilə
hər birimizə pozitiv təsir göstərir, öz entuziazmı
ilə bizi də görünməmiş qaydada həvəsləndirirdi.
Aktyorlar və aktrisalar bu həvəs yarışında geridə
qalmamaq üçün çox çalışır, səhnə
tapıntıları ilə özlərini və
tamaşaçıları sevindirməyə
çalışırdılar. Bu zəhmətimiz cavabsız
qalmadı, hamı bizim tamaşalara və onların ekran
nümayişlərinə biganə qalmadığından,
qısa müddətdə populyarlıq qazandıq. Bunun əsas
səbəbi bizim ağır zəhmətimiz idi, bu işdə
biz yaponlara bənzəyirdik, yorulmadan işləmək həvəsinə
görə bizi workaholic adlandırmaq olardı. Təkcə
tamaşalarımıza həvəslə baxmırdılar,
kollektivin hər bir üzvü başqa aktyorlara nəsib
olmayan populyarlıq qazanmışdı. Burada da mənə
diqqət bütün hədləri ötüb, keçirdi, məni hər yerdə
tanıyırdılar və populyarlıqda qocaman istedadları
da geridə qoyurdum. Qadın kimi də bizə qiymət verirdilər.
Axı bizim kişilər qadın gözəlliyinin
vurğunudur, səhnə isə öz boyaları və
yaraşıqlı geyimləri ilə bu gözə
çarpan xüsusiyyətləri xeyli böyütməyə
nail olur. Az sayda gözəl olmayan və gombul aktrisalar satirik
rollarda gülüş notlarına çevrildiyindən, həmçinin
istisna şəklində olsa da, xalqın sevgi
ünvanlarına çevrilmişdilər.
Populyarlığım getdikcə artır
Mən özümü gözəl hesab etmirəm,
lakin bədən quruluşumda, sifət cizgilərimin cazibədarlığında
təbiət heç də mənə elə bir xəsislik
göstərməmiş, ən azı məni gözəgəlimli
etmişdir. İri qara gözlərim, gur qara saçlarım,
sifətimin proporsional, simmetrik cizgiləri sadəliyinə
baxmayaraq, məni Afinanın Akropolundakı Parfenon kimi diqqət
və sevgi obyektinə çevirmişdir. Bunu mənə
Parfenona pərəstişlə yanaşan, onun
arxitekturasının sadəliyinə,
proporsinallığına heyran olan bir rəssam demişdi.
Məni uşaqlıqdan
fərqləndirən coşqunluğum, hadisələrə səmimi
yanaşmağım, onlara görə sevinməyim və ya qəm
çəkməyim səhnə üçün
tapıntı hesab edilə bilərdi. Mən istənilən
rolda özümü təbii qaydada olan kimi hiss edirdim, mənim
sevincim də, qəm-qüssə ifadələrim də adətən
səmimiyyət mayesində yoğurulurdu.
Populyarlığım isə bəzən məni
utandırmaq dərəcəsinə
çatdırırdı. Turist səfərinə gedərkən,
məni aeroport işçiləri, sərhədçilər
gülər üzlə yola salıb,
qarşılayırdılar. Anlayırdım ki, mən nə
Anna Manyani, nə Sofi Loren, nə Cina Lolobricida, nə Elizabet
Teylor və ya Odri Höpbernəm, lakin öz ölkəmin sərhədləri
daxilində çox sevildiyimi də inkar edə bilmərəm.
Populyarlığımın həddi aşması ilə də
razılaşmıram. Bəziləri iddia edirlər ki, mən
tamaşaçıları hipnoz edirəm. Bu o deməkdir ki, mən
onların şüuruna hakim kəsilirəm, onları öz
iradəmə tabe edirəm. Mən səhnədə sadəcə
obraz yaradıram, lakin etiraf edirəm ki, bəzən obraza elə
girirəm ki, şəxsən özümü də yaddan
çıxarıram, obrazın dünyasına qovuşmaqla,
onun həyatını yaşayıram. Səhnənin
möcüzəsi özünü büruzə verir, aktyor,
aktrisa başqa mövcudluğa yiyələnir. Obrazda
yaşamaq istedad tələb edir, əgər bu hipnoz qabiliyyətinə
yiyələnirsə, deməli, obraz canlanmışdır, qəribə
səhnə dünyasının vətəndaşlığına
keçmişdir, axı teatr yunanların icadı olsa da, İngiltərədə
böyük yüksəlişə nail olsa da, mövcud
olduğu ölkəyə nisbi qaydada məxsusdur, əslində
bəşəri dəyərlərinin carçısı kimi
dünya vətəndaşıdır, kosmopolitdir. Teatr beynəlxalq
varlıq olduğunu qoruyub saxlayırsa, öz təbiətinə
xəyanət etmir, əksinə, sadiq qalır.
Bəzən hansı tədbirə dəvət
olunurdumsa, oradakı iştirakçılar məni ayaq üstə,
gurultulu alqışlarla qarşılayırdılar, mən
özüm də belə qəbula təəccüb edirdim.
Belə bir qənaətə gəlirəm ki,
özünün paslı silahı hesab etdiyi süni pafosdan
ayrılmaq istəməyən aktyor oyunundan
tamaşaçı artıq yorulmuşdur, cana doymuşdur, ona
görə də bizim qədim yunan teatrı ənənələrinə
sədaqət rəmzi kimi təbii oyunla
tamaşaçını düşünməyə,
özünü və ətrafındakıları dərk etməyə
dəvət edirdik, onlar isə bunun əvəzində bizə
öz minnətdarlıqlarını və sevgi hisslərini
bildirirdilər. Teatrın gücü bundadır ki, bizim kimi
sadə öləri adamları məşhurluq zirvəsinə
yüksəldir. Düzdür, burada bizim
istedadımızın da rolu az deyildir. Lakin onu da xalqa
çatdıran, parladan məhz teatrdır, səhnədir. Ona
görə də mən teatra bir məbəd kimi baxır,
onun bizi xoşbəxtliyə çatdırmasına görə
bu ilahi qüvvəyə tam səmimi olaraq sitayiş edirəm.
Populyarlıq bizim üzərimizə əlavə məsuliyyət
qoyur, biz əvvəllər yol verdiyimiz, gülüş
yaratmaq xatirinə edilən saxta oyunlardan uzaqlaşmağa
çalışırıq. Ancaq onu da görürəm ki, bəzən
lazımsız təkrarlara yol veririk, belə səhnələr
tamaşaçını güldürsə də, bir az sonra
onu yoracaqdır, kabab aludəçilərində hətta ətə
də münasibətdə başqa, tam əks mənalı dəyişiklik
yarandığı kimi, bizim tamaşalar da gözdən, əvvəlki
maraqdan salına bilər. Ona görə də biz
özümüzə qismət olmuş populyarlıq
"xoşbəxtliyi" ilə
mükafatlanmağımızla öyünməməliyik, onu
artırmaq mümkün olmasa da, qoruyub saxlamaq
qayğısına qalmalıyıq.
Mən deyəsən, teatr haqqında, onun kölgəsində
özümdən də çox danışdım, axı
artistin ən böyük təsir vasitələrindən biri,
onun iti silah hesab etdiyi dilidir. Aktrisanın görkəmində
yaşla əlaqədar olaraq təbiət müvafiq dəyişikliklər
edir, lakin onu dili büdrəsə, pəltəkləməyə
başlasa, əvvəlki hörmətini bir andaca itirməklə
üzləşə bilər. Məni isə öz həmkarlarım
da dildən pərgar hesab edirlər və
tamaşaçılar qarşısında hesabat verərkən
mənim şirin dilimə üstünlük verib, məni irəli
buraxırlar. Bəzilərində belə bir səhv fikir
yaranır ki, truppanın məxfi saxlanan lideri mən
özüməm. Bu, qətiyyən belə deyildir, Allah xatirinə,
bunu düşünməyə də ehtiyac yoxdur, belə bir
fikrin yayılmasını, mən bədxahların mənim
şəxsi həyatım barədə uydurduqları iftiralara
bənzədərdim.
Öz şəxsi həyatıma gəldikdə, mən
aktyorların ikinci sınaq fazasını yaxınlaşan səhnə
fəaliyyətimlə yanaşı, gəncliyimdə baş
verənləri danmaq, gizlətmək, retuş etmək fikrindən
uzağam. Mənim uşaqlığım çətinliklər
içində keçmiş, onların ətalətini
yeniyetməliyimdə və gəncliyimdə də hiss
etmişəm. Ərə gedəndən, ailə qurandan sonra mən
özümü daha xoşbəxt hesab edirəm,
çünki balalarım və canımdan artıq sevdiyim ərim
vardır. Rafiq mənim həqiqi dayağımdır, həyati
varlığımın onurğa sütunudur. Mən onunla
öyündüyüm kimi, o da mənimlə fəxr etdiyini
gizlətmir. Bəzən isə ilhama gələndə
üstümə tərif şəlaləsi, leysanı
tökür. Bəlkə də mən onlara layiq deyiləm,
lakin onu inkar etmək də mümkün olmur, çünki hər
iddiasını möhkəm arqumentlərlə əsaslandırmağı
bacarır və mən artıq bu barədə onunla
mübahisə etmirəm, uduzmaq qorxusu məni bundan çəkindirir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 24 aprel,№70.-S.14.