Sabirin təyyarəyə mindirmək
istədiyi adamlar
O, sən deyən, hündürboy olmayıb. Ancaq bu
gün onun boyu indiyədək yaşamış bütün
hündürboyluların hamısından uca
görünür. Yaşlaşdıqca adam köhnə
mövsümlərdən qalan meyvə kimi sanki
yığcamlaşır, büzüşür, boyu da
qısalır. Ancaq təbiətin sıradan olan insanlara
yazdığı qaydalara rəğmən, zaman
keçişiylə o, daha da əzəmətliləşir,
boyu da keçmişdəkilərdən də daha yüksəyə
qalxmaqda davam edir. Və həmişə də belə olacaq!
Həm də onun yüksələn qaməti yalnız
şeirlərindəki Sabirin hündür boyu deyil, xatirələrin
içərisindəki Sabirin boyu da çox ucadır. Həm
də müxtəlif illərin Sabirli yaddaşlarından
duyulan bir mühüm həqiqət də budur ki, artıq
yetişdiyi, şeir aləmində, mədəni mühitdə
tanındığı vaxtlardan əvvəl, hətta
uşaqlıq çağlarında belə gendən baxanlara
onun boyu yanındakıların hamısından daha qəlbi
görünürmüş.
Sultan Məcid Qənizadə adı Azərbaycanın
maarif tarixində, mədəniyyət tarixində həmişə
yaşayacaq böyük şəxsiyyətlərdən
biridir. O, müəllim, məktəb qurucusu idi, amma eyni
zamanda, mahir qələm adamı olmaqla yanaşı, həm də
xidmətləri çox teatr xadimi idi. Sultan Məciddən
qalan yadigarlar arasında Sabirli xatirələri də var və
həmin yaddaşların ilk, əsas dəyəri məhrəmliyindədir,
çünki məktəbdə eyni sinifdə oxumuşdular,
Seyid Əzim Şirvaninin şagirdləri olmuşdular və o,
Sabir haqqında yaddaşlarının sərlövhəsini
"Kiçik bir xatirə" qoysa da, əslində həmin
bir neçə vərəqdə şairin macəralı
ömür-günü, təkrarsız şəxsiyyəti ilə
bağlı başqa heç kəsin çatdıra bilməyəcəyi
maraqlı təfərrüatlar var. Xəbər verir ki,
1874-cü ildə Şamaxıda "Məclis məktəbi"
açıldı və həmin tədris ocağı
"Üsul-icədid məktəbi" adlansa da, bunda o qəbil
məktəblərə xas bir çox özəlliklər yox
idi. Şamaxıdakı mülklərdən birində yerləşmiş
həmin məktəbin mollaxanadan gözlə görünən
ilk fərqi o idi ki, uşaqlar yerdə oturub dərs oxumurdular,
sinif otağına taxta skamyalar düzülmüşdü.
Ancaq uşaqlar bu məktəbdə, elə digər üsul-i
cədid məktəblərində olan sayaq, skamyalar
arxasında əyləşərək müəllimin dərslərini
dinləyirdilərsə, orada əsl üsul-icədid məktəbindəki
kimi Azərbaycan dili və bir çox mühüm dünyəvi
fənlər tədris olunmurdu. Sultan Məcidin yazmasınca,
orada Şərq ədəbiyyatını, rus dilini öyrədir,
bir qədər də astronomiyadan, riyaziyyatdan təlim
verirmişlər. Şərq ədəbiyyatından dərs
deyən Hacı Seyid Əzimmiş ki, Sədinin
"Gülüstan"ından, "Bustan"ından
parçalar oxuyar, arada öz şeirlərindən də bəzi
parçalar söyləyər, dediklərindən müəyyən
beytləri də yazdırarmış. Sultan Məcid yada
salırdı ki, günlərin birində sinfimizə təzə
bir uşaq gəldi, jurnalda adını sadəcə Ələkbər
yazdılar, hələ heç familiyası da yox idi. Sonra onun
adının yanına familiya da əlavə etdilər.
Babası Hacı Tahirin adıyla onun familiyasını Tahirov
yazdılar. Ancaq gəldiyi qısa müddətdən sonra
ağlı, fərasəti, dərrakəsi, müəllimin
söylədiklərini tez tutaraq fövrən yadda
saxlamasıyla hamımızdan üstün oldu. Ona görə
də bəzi uşaqlarda ona qarşı bir qısqanclıq
yarandı. Amma şagirdlər arasında Ələkbərin
ad-sanı, hörməti bir hadisədən sonra daha da
artdı.
Sultan Məcidin çatdırdığı o əhvalatın
Sabiri dəqiq görməkçün məxsusi əhəmiyyəti
var. İş ondadır ki, Sabiri bu millətin sevimlisi edən
üslubunun, yazı tərzinin, ədəbiyyatda mizah yolunu
tutub getməsinin əsas səbəbkarı olaraq adətən
"Molla Nəsrəddin" götürülüb və dəfələrlə
qətiyyətlə deyilib də, yazılıb da ki, Sabiri
Sabir edən məhz bu dərgi oldu və tale onu mollanəsrəddinçilər
cərgəsinə qoşmasaydı, büsbütün
ayrı cür yazardı. Ancaq Sultan Məcidin xatirəsi
anladır ki, həmin ani müşahidəylə ən vacibi
seçə bilmək istedadı, o mizah damarı, o
itisözlülük ki balaca Ələkbərdə vardı,
sonra elə böyük Sabirdə də görünməyə
başlayır. Yəni bu keyfiyyətlər əslində
Ələkbər Tahirzadənin, sabahın böyük
Sabirinin cövhərindəymiş. Sultan Məcid deyir ki, bir dəfə
müəllimimiz şəriət məsələlərindən
bəhs edərkən şiə və sünni alimlərin
arasında müəyyən məsələyə münasibətdə
yaranmış mübahisədən danışdı və
söhbətini də belə yekunlaşdırdı ki, məzhəb
yol deməkdir, yol isə haqqa aparır, haqqa aparan yol da birdir və
o, heç haçalanmaz. Sonra üzünü şagirdlərə
çevirərək davam etdi ki, siz də həyatda həmişə
bir yol tutaraq gedin. Amma ardınca sözünə bir zarafat da
qatdı, üzünü Ələkbərə çevirib
gülümsündü ki, hərçənd Tahirzadənin
işi bu məsələdə sizə nisbətən çətin
olacaq; çünki babası Hacı Tahir sünni, nənəsi
Məşədi Cəfərqızı isə şiədir,
bu uşaq da qalıb şiəliklə sünniliyin
arasında.
Sultan Məcid Qənizadə xatırlayır ki, müəllim
belə söyləyəndə biz hamımız
gülüşdük, amma Ələkbərdən səs
çıxmadı - başını aşağı
salıb kağızın üstündə nəsə
cızma-qara edirdi. Müəllim yaxınlaşıb Ələkbərdən
soruşdu ki, neyləyirsən orada, deyəsən, şeir
yazırsan? O təsdiqlədi və bir dördlük
yazmış olduğunu bildirdi, müəllimin təklifi ilə
yazdığını sakitcə oxudu da, amma sonra müəllim
həmin vərəqi alıb hamımız üçün bərkdən
qiraət etdi:
Babam sünni, nənəm şiə -dürəng mən,
Nə hindəm mən, nə farsam mən, firəng mən?
Muğanda müğbeçə, məsciddə
Əkbər,
Əzan verrəm, nə naqusəm, nə zəngəm.
Müəllim şeiri oxuyandan sonra bir az fikrə gedib
söyləyir ki, çox gözəl yazıbsan, mən deyən
mətləbi mən izah elədiyimdən də dəqiq
çatdırıbsan və başlayır Ələkbərin
yazdığı sətirləri bircə-bircə təhlil
etməyə, yalnız bir misraya irad tutaraq deyir ki, yazırsan
nə farsam mən, nə hindəm mən, firəngəm.
Axı biz türkük.
Yenə Sultan Məcid təsvir edir - Ələkbər
ayağa qalxaraq "Müəllim, elə siz mən deyəni
dediniz, orada yazıram ki, "Nə farsam mən, nəhindəm
mən", sonra da "firəngəm" yazıb sual
işarəsi qoyuram, yəni fars, hind deyiləm, məgər
firəngəm, bəyəmmənim kimliyimi başa
düşmürsüz?"
Uşaqlar müəllimin tərəfini tutur,
gülüşüb deyirlər ki, müəllimin iradı
düzgündür, bu misrada Ələkbər səhv edib.
Müəllimsə onlarla razılaşmır ki, yox, Ələkbər
deyən doğrudur, əsl şeirin gücü elə mətləbi
birbaşa, açıq deməməsidir, gərək sən
özün o sözün içərisindən məna
çıxarasan. Müəllim bir daha təsdiqləyir ki,
Ələkbərin bu şeirindən elə söylədiyi məna
çıxır, amma hər halda bu şeirdə
"türk" kəlməsi də işlənsə,
yaxşı olardı.
Sultan Məcid məktəb illərinə, həmin
günə qayıdaraq başqa təfərrüatları
xırdalayır və belə təsvir edirdiki, dərsin
birinci yarısı tamamlandı, tənəffüsə
çıxdıq, 5-6 dəqiqə dincəldik, ancaq Ələkbər
otaqdan çıxmamışdı, elə sinifdəki
skamyasında əyləşib nəsə yazırdı.
Gördük ki, həmin dördlüyü artıq bir az
başqa şəkildə tamamlayıb. Dərs başlayan kimi
əlini qaldıraraq müəllimə müraciət etdi ki,
şeiri siz deyən sayaq dəyişdirdim, istəyirsiniz
oxuyum. Müəllim razılaşaraq "oxu" deməyinə
dedi, lakin əlavə də etdi ki, ver, sonra mən də
oxuyacağam. Ələkbər şeiri əvvəlcə
özü oxudu, ardınca da müəllim vərəqi alaraq
yenə hamımızın eşidəcəyi tərzdə
ucadan səsləndirdi, sonra da başladı misra-misra izah eləməyə.
Sultan Məcidin həmin dəqiqələrlə
bağlı incə bir müşahidəsi də var. Yazır
ki, şagird yoldaşımızın balaca bir şeirinə
müəllimimizin bu qədər məna verməsi,
dördlüyün hər sətrini bunca geniş şərh
etməsi, misralarda dərin fikir ifadə edildiyini söyləməsi
uşaqların çoxunda ona qarşı həsəd
oyatdı, amma Ələkbər fərqində deyildi.
Sultan Məcid Qənizadənin hələ yeniyetməlik
dövründə Sabirdə gördüyü bu keyfiyyət
elə başacan onunla qaldı. Ömrü boyu
paxıllığını da çəkdilər, həm
dolayısı ilə, elə həm də birbaşa ona
daşlar da tolazladılar, çirkablar da atdılar, qeybətini
də qırdılar. Ancaq nə həmin cılız həmlələri
eyninə aldı, nə hər ağızdan gələn
köntöy avaza bənd oldu. Sabirin sonu vərəmlə
bitdisə, demək, bunların heç biri təsirsiz də
ötməmişdi, zəhərli izini buraxmağına
buraxmışdı, amma Sabirin bir böyüklüyü də
o idi ki, həmişə daha aşağılardan əsən
belə qara yellərə bənd olmamaq yüksəkliyində
dayanmağı bacardı.
Sultan Məcidin xatirəsi Sabir ömrünün məktəb
çağlarından bir gerçəkçi reportaj kimidir və
belə nəql edir ki, müəllim qabaqca Ələkbərin
özünün əlgəzdirməsindən sonra dəyişmiş
şeirini bütöv oxudu:
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək
mən.
Muğanda müğbeçə, məsciddə
Əkbər,
Təfavüt yox, həqiqətdə zirək mən.
Uşaqlar başlayırmız qoymağa ki, müəllim
demişdi sən türk olduğunu yazasan, daha "türək
mən" nə deməkdir? Müəllimsə
mehribanlıqla şagirdlərini toxtadır ki, xeyr, Ələkbər
şeiri daha da gözəlləşdirib, nə yazıbsa da,
çox dəqiq yazıb. Deyirsiniz ki, "türək mən"
deyilməz. Yox, deyilər. Çünki farslar bəzən azərbaycanlılara
həqarətlə "türkə" deyirlər. Bir halda
ki "türkə" deyilişi var, onda "türək mən"
ifadəsinin işlənməsi də məqbuldur. İkincisi
də, "dürəng" -"ikirəngli" əvəzinə
burada "dürək" işlədilməsi lap
dürüstdür. Çünki "dürəng"də
bir "ikiüzlülük" mənası da var, ancaq
"dürək" "iki müxtəlifin bir-birinə
qarışığı" deməkdir. Ona görə də
Ələkbərin dəyişdirməsi, dəqiqləşdirməsi
bu şeiri bir az da gözəlləşdirib, bir az da mükəmməlləşdirib.
Amma şeirin ardına gəlincə, buna fikir verin ki, içərisində
fəlsəfə var. Ələkbərin yazdığı bu
şeirin fəlsəfəsi ilə Şeyx Bəhaəddinin,
Ömər Xəyyamın rübailərindəki deyişlərin
arasında ortaqlıq var.
Sultan Məcid yada salırdı ki, biz hamımız
Ələkbərin - bizim şagird yoldaşımızın əlüstü,
elə cızma-qara kimi yazdığı bircə bəndlik
şeirə müəllimin bu qədər böyük mənalar
verməsinə, iki dərs ərzində həmin gün deməli
olduqlarını bir kənara qoyaraq saatları əvvəldən-sonacan
Ələkbərin yazdığı dördcə misraya həsr
etməsinə, bu sətirlərdə necə dərinliklər
üzə çıxarmasına mat-məəttəl
qalmışdıq.
Sultan Məcid Qənizadənin zahirən sanki adi
görünən, Şamaxıdakı bir məktəbdə
XIX yüzilin 70-ci illərində xüsusi qeyri-adiliyi ilə
seçilməyən dərs saatlarını canlandıran
xatirəsinə belə geniş diqqət ayırmağım əsassız
deyil. Bu xatirənin ciddi tarixi mənası var, çünki
dahiliyin taixçəsini, müstəsnalığın
törəyişini əks etdirir, balaca uşağın
içərisində artıq sabahın böyük Sabirinin
gizləndiyini nişan verir. Ancaq həmin əhvalatda
dünyanın harasında doğulmalarına, hansı
dövrdə yaşamalarına baxmayaraq, bütün dahilərin,
müstəsnaların, parlaqların taleyindən keçən
məqamlar da var. Hamı gözlərini və
qulaqlarını kip-kip yumub görmək və eşitmək
istəməyəndə də, hökmən bir nəfər
tapılır ki, istedad işığını görür
və daha artıq - gördüyünü dilə də gətirir,
hökmən də dərhal o parlamağa başlayan
şöləyə əmma qoyanlar da, dodaq büzənlər
də pırtlayıb ortaya çıxır.
Sultan Məcid həmin müəllimin adını
çəkməyib, fəqət mən qaibanə də olsa
o, əlbəttə ki, nəcib, dəringörən insanı
rəhmətlər və şəfqətlə anıram.
Çox da Sultan Məcid deyir ki, o gün Sabir elə bil
söylənənlərin fərqində deyilmiş. Heç
belə şey ola bilərdimi? Müəllimi onu tərifləyib
göylərə qaldırmışdı, iki daşın
arasında bədahətən doğurduğu misraları, həmin
sətirlərdəki düşüncələri Şərqin
məşhur mütəfəkkirləri ilə tutuşduraraq
onların möhürləşmiş söyləyişlərinə
bərabər saymışdı, Ələkbəri qibtədən
törəyən tənqidlərdən müdafiə
etmişdi.
Bunlara - bu cür nəvazişkar münasibətə
Sabir sonralar ömrü boyu ehtiyac duyacaq. Sabir və
bütün dahilər!
Sabir dünyaya dərk etmək, duymaq üçün
gələnlərdən, həyatın mənasını elə
bunda görənlərdən, bunlar olmazsa belə
yaşayışdan ölümün daha üstün
olmasını qəbul edənlərdən idi və Pərvərdigarın
bu vəzifəylə insanlığa göndərdiklərinin
erkən yetişməsi, yaşından böyük olması
təəccüblü sayılmaz.
Qafil yaşamaqdansa gözəl kardır ölmək,
Hərçənd ki, qəflətlə dəxi
ardır ölmək.
Zəncir-i cəhalətdə bu alçaq
yaşayışdan,
Cahil, sənə dar üzrə səzavardır
ölmək!
Azərbaycan səhnəsinin unudulmaz fədakarlarından
olmuş Hacağa Abbasov Mirzə Ələkbər Sabirlə gənclik
dostu idi və özünün, mənsub olduğu yaş nəslinin
XX əsrin əvvəllərindəki fəaliyyətlərindən
söz açarkən xatırlayırdı ki, biz maarifə,
mədəniyyətə xidmət edən hər işin
ardıncaydıq, Mirzağa Əliyev kitabfüruşluqedirdi -
yəni kitab satırdı, mənsə nəşr-i maarif xətti
ilə Balaxanıda məktəbdə müəllimlik eləyirdim.
Məhz elə Sabirin də müəllimlik elədiyi
həmin kənddə, 1910-cu ildə aralarında dərin
ülfət yaranır. Sabirlə bir otaqda
qalırmışlar, ona görə də şairi anaraq onu
çox mərd, qorxmaz adlandıran Hacağa Abbasova inanmamaq
olmaz, üstəlik də o, sadəcə söz demir, dediyinə
sübut da gətirir. Xatırlayır ki, Sabirin "Molla Nəsrəddin"də
dərc edilən neştərli şeirləri bir çox insanların
ovqatını təlx edirdi, ona görə də şairə
qarşı köklənənlər az deyildi,
Balaxanıdakı qaragüruhçulardan bir neçə nəfəri
ona ölümlə hədələyən məktub
yollamışdılar, qorxutmaq istəmişdilər ki, bir ay
müddətinə Balaxanını tərk edib getməsən,
ailən başsız qalacq.
Ancaq Hacağa Abbasov şahid durur ki, Sabir həmin məktubu
soyuqqanlı qarşıladı, günlər, həftələr
ötürdü və ayın axırında, axşamlardan
birində aktyor dostuna deyir ki, gördün də, bir ay tamam
oldu, onlardan bir xəbər çıxmadı, belələrinin
elə yalnız həmişə hay-küyü olur.
"Mənəm-mənəm" deyənlərin
inanma çox da qövlünə,
Gərəkli gündə onların
qıçındakı fərarı gör.
Palitqadır hər işləri, alışları,
verişləri,
Olarda bir əməl fəqət quru, boş
iftixarıgör!
Hacıağa Abbasov Sabir haqda xatirələrini ixtiyar
çağlarında qələmə almışdı, amma
yada saldığı lövhələrdə hər ikisi cavan
idilər, daim birgəydilər - 1923-cü ildə o, dostu haqda
ayrıca pyes də yazıbmış, əsər "Tənqid-təbliğ
teatrı"nda oynanaraq baxanların rəğbətini də
qazanıbmış və bunu görüncə qət ediblərmiş
ki, tamaşanı ayrı səhnələrdə də
göstərsinlər.
Hacağa Abbasov əsərinə "Sabirin məhkəməsi"
adı qoymuşdu və əslində bütün yönləriylə
həmişə məhkəmə müstəvisində qalmaq
Sabirin alın yazılarındandır. Sabir həm ittiham edən
prokuror idi (və indi də elədir), həm müdafiə edən
vəkil, həm üzə duran şahid, həm hökm
çıxaran hakim. Ancaq oxuyanlar onun yazdıqlarında
özlərini də görürdülər axı və belə
olduqlarına görə yox, günü parlaq,
gündüzü ağ, gecəni qara, pisi pis, əyrini əyri,
düzü hamar yazdığına, onları olduğu kimi təsvir
etdiyi üçün Sabirin əlindən zəncir çeynəyirdilər,
Sabir də sual edirdi:
Niyə bəs böylə bərəldirsən, a qare
(oxucu - R.H.), gözünü,
Yoxa bu ayinədə əyri görürsən
özünü?
Sabir aynaçı idi, onun güzgüsündə
kiminsə əyri görünməsinin günahı onda
deyildi, əksi aynaya düşənin özündə idi (və
özündədir!):
Hələ mən dörddəbirin yazmayıram,
karına bax,
Üstümə gündə söyürsən bu qədər,
arına bax,
Özün insaf elə, əfkarına, ətvarına
bax!
İstəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng
eləmə!
Özünü, həm məni bu barədə diltəng
eləmə!
Deməklə, başa salmaqla deyil, dünən də
düzü deyənlərlə cəng ediblər, bu gün də
edirlər (qalanları varsa), gələcəkdə də edəcəklər.
Başqa deyənlər olmasa da, Sabir yenə dediyini deməkdə
davam edəcək, yenə özü təhrif olunmuşlar xətanı
aynada arayacaq, deməli, məhkəmə yenə davam edəcək,
Sabir məhkəməsi də heç vaxt bitməyəcək.
Və o məhkəmədən tarixin bütün
dönəmlərində Sabir həmişə qalib
çıxıb, bundan sonra da qalib çıxacaq.
Çünki tarix məhkəməsində Sabirin haqq,
düzlük, insafla yoğrulmuş Sözü, Özü
kimi aqil və adil vəkili var!
...Sabir təpədən-dırnağa sırf milli
şair idi. Ancaq onu yalnız Azərbaycan şairi də saymaq
olmaz, heç özü də belə hesab etmirdi. Nizamilər,
Xaqanilər, Nəsimilər, Füzulilər, Mirzə Fətəlilər
kimi, Sabir də siqlətcə Yaxın və Orta Şərqin
şairi idi. Ən üzdəki sübutu "Hophopnamə"dəki
coğrafiyadır. Qafqazlardan tutmuş Orta Asiyaya qədər,
Mavərənnəhrdən Anadoluya, İrandan Hindistanadək cəmiyyəti
narahat edən hansı ümdə qayğılar varsa,
onların əks-sədası Sabirin şeirlərindən gəlirdi.
Bunca miqyaslılıq da Sabirə yox yerdən nəsib
olmamışdı. Çox oxumuşdu, çox bilirdi,
mütəmadi olaraq mətbuatı izləyirdi, cərəyan
eləyən hadisələrin ardınca idi və gəldiyi qənaət
də bu idi ki, çox da məsafələr xeyli
aralıdır, onlar da bizdəndir, onlar da məndəndir.
Ancaq belə əhatəli düşüncə sahibinə
çevrilməsinin, qələminin bunca geniş əhatəsinin
yaranmasına başqa bir əhəmiyyətli səbəb də
vardı. O, böyük Seyid Əzim Şirvanidən dərs
almışdı. Bir dəfə Seyid Əzim arasında
Sabirin də olduğu şagirdlərinə etiraf etmişdi ki,
ona mədrəsədən, dərslərdən daha artıq
bilgini verən səyahətlər oldu. Vurğunu olduğu
ustadının bu sözü Ələkbərin yadında
qalmışdı və ilk gənclik illərindən ürəyindəki
ən soyumaz arzuların əvvəlincisi Şamaxıdan kənara
çıxmaq, səfərlər etmək olmuşdu və bu
niyyətini atası Zeynalabdinə də
açmışdı ki, Xorasana getmək istəyirəm.
Atası qayıtmışdı ki, hələ balacasan, bir az
yaşa dol, səni Xorasana özüm göndərəcəyəm.
Artıq yeniyetməlik də arxada qalmışdı,
yaşı iyirmini keçirdi və içərisindəki səfər
arzusu qabaqlardakından da artıq düşüncəsində
dolaşırdı.
Zeynalabdin baqqal idi, ticarətdən yaxşı da
baş çıxarırdı, bu işə həm həvəsi
vardı, həm səriştəli idi, Ələkbər də
gücü çatandan atasına kömək edirdi. Ancaq
dükan, ticarət onluq deyildi, əlinə elə ilk fürsət
düşən kimi qaçırdı şeir, ədəbiyyat
xiridarlarının yanına, bu da Zeynalabdinin heç
xoşuna gəlməzdi. Günlərin birində Ələkbər
köhnə arzusunu atasına yenidən söyləyir, deyir,
yaman ürəyimdən keçir ki, Xorasana səfər edim.
Zeynalabdin də köhnə şamaxılıların bir
çoxu kimi mövhumatçı adamdı,
düşünür ki, Xorasana gedirsə, yəqin, bunun ilk məqsədi
ziyarətdir, ziyarətə gedəninsə arzusunu
gözündə qoymazlar, həm də qoy yola
çıxıb bir az bərkdən-boşdan
çıxsın, bəlkə qayıdandan sonra dükan-bazar
işindən daha möhkəm yapışar.
Ona görə bir az cibxərcliyi də verərək,
Ələkbəri Xorasana yola salır və gələcəyin
şöhrətli şairi bu misraları da, yəqin, elə həmin
səfər ərəfəsində yazır:
Sabir-işeyda ki, tərki şəhr-i Şirvan eylədi,
Bülbülə bənzərdi ki, meyl-i
gülüstan eylədi.
Sabirin yaradıcılığında əks-sədaları
hökmən qalacaq bu səfəri uzun çəkir. Xorasanda
dayanıb-durmur, oradan da İranın digər şəhərlərinə
yollanır, ancaq bununla ürəyi soyumur - İraqa baş
çəkir, ardınca da səmtini Türküstana sarı
götürür. Ancaq Türkmənistanda olduğu vaxtlarda
Şamaxıdan qəmli məktub alır. Qardaşı
yazırdı ki, atamız vəfat etdi, qayıt gəl
Şamaxıya. Ancaq həmin zərfin içində başqa
bir məktub da varmış. Anasının dilindən
yazılmış o məktubda qadın da yanıqlı
sözlərlə Ələkbərə yalvarır, onu
Şamaxıya çağırır, "qayıt gəl"
deyirdi.
Bu əhvalatları vaxtında Sabir yaxın dostu Seyid
Hüseynə danışmışdı, Seyid Hüseyn də
illər sonra artıq Mirzə Ələkbərin həyatda
olmadığı çağlarda dostunun bir vaxtlar ona söylədiklərini
şairin ömürnaməsi kimi yazıya alaraq "Hophopnamə"nin
növbəti nəşrlərindən birinə müqəddimə
kimi çap etdirmişdi. Orada Seyid Hüseyn Sabirin kimsəyə
bildirmədiyi, onunla bölüşdüyü və gənc
şairin taleyini dəyişə biləcək sirrini də
bizlərə ötürür. Sabir deyibmiş ki,
Şamaxıya geri dönmək fikrim yox idi, fikir eləyirdim,
nə qədər girəvədir, səyahətimi bitirməyim
-cavan adamam, onsuz da bir parça çörəyi harada olsa
tapacağam. Necə dolanacağı barədə, həmin bir
parça çörəyi necə əldə edəcəyi
ilə bağlı da Seyid Hüseynə ürəyini
açıbmış ki, yeniyetmə vaxtlarımda, ilk gəncliyimdə
dərvişlik eləmişdim, Türküstan tərəflərdə
dərvişlərin çoxluğunu və onlara meyli görəndə
mənim də buna həvəsim artdı.
Həqiqətən də, İlahi Sabirdən o
çağlarda dəb olan dərvişlik peşəsinin
ardınca getməsi və dərvişlərin
yaxşılarından biri kimi tanınmağa gərək olan
qabiliyyətləri əsirgəməmişdi - babat səsi də,
bədyəquluğu da vardı, hafizəsində də əski
ədəbiyyatdan farsca və türkcə saysız qəsidələr,
qəzəllər, mərsiyələr, növhələr.
Ancaq bəxtimizdən Sabir o yolla getmir - anasına borcluyuq.
Anasının yanıqlı məktubundakı ürək
sıyıran sətirlər səbəb olur ki, Sabir oralardan
Şirvana dönsün. Şamaxıdan gələn məktubdakı
o qəhərləndirən cümlələri Sabirin
qardaşı yazmışdı. Xətt onunku idi, ancaq söz
anasınınkı. Sabir bunu da Seyid Hüseynə deyibmiş
ki, xətt qardaşımınkı olsa da, oxuyan kimi bu
sözləri məhz anamın demiş olmasına şübhəm
qalmadı.
Şamaxıya qayıdınca anası ondan digər təvəqqesini
də edir ki, artıq mən yaşlanmışam,
ölüm-itim dünyasıdır, gərək evlənəsən.
Sabirin müqavimət göstərdiyini görüncə ana
üstünü vurmur, təkid də eləmir. Uzaqgörən,
tədbirli qadınmış. Əsil-nəcabətinə
yaxşı bələd olduğu Badamxanım adlı bir
qızı gətirir evlərinə ki, bundan sonra bizdə
yaşayacaq, ev işlərində mənə kömək edəcək.
Bunlarsa artıq Sabirin özünün Seyid Hüseynə
açdığı elə gizlinlərdir ki, onları
insanın özündən başqa kimsə bilməz,
uzaqbaşı belə mətləbləri ən simsar dosta,
sirdaşa nağıl edərsən. Sabir deyibmiş ki, mən
o qızı uşaqlıqdan tanıyırdım,
qonşuluqda yaşayırdı, böyüdükcə də
heç ona fikir verməmişdim, gəlib indi bizim evdə
yaşayanda artıq olmuşdu ailəmizin üzvü.
Açıq deməsə də, anamın məqsədi
aydın idi ki, bu qızla məni evləndirmək istəyir,
mənsə evlənmək barədə
düşünmürdüm, ona görə heç o qız
sarı baxmırdım da. Ancaq bir dəfə otaqdan
çıxmaq istəyəndə qəfildən gözlərim
onun gözlərinə sataşdı, diksinən kimi oldum,
sanki qızın gözlərində məzəmmət
vardı, məni ona qarşı olan biganəliyimə görə
qınayırdı. Qız qapını açmaq istəyirdi,
ona əziyyət olmasın deyə qapının dəmir dəstəyinə
əlimi uzatdım, ancaq qız da "Zəhmət çəkməyin,
özüm açaram", - deyib qapının dəstəyindən
yapışmaq istədi və bu əsnada əlim onun əlinə
toxundu, əllərimiz bir-birinə toxununca da bədənimdən
bir hərarət keçdi, elə o andan qıza içərimdə
bir maraq yaranmağa başladı. İxtiyarsız ona
oğrun-oğrun baxırdım, anamsa daha evlənmək
söhbətini yada salmırdı. Ha gözlədim,
gördüm ki, anam həmin söhbəti açmır,
günlərin birində dedim ki, ana, bəs məni evləndirmək
məsələsi deyirdin, nə oldu o məsələ? Anam da
qayıtdı ki, sən dedin ki, evlənmək istəmirsən,
mən də həmin fikirdən vaz keçdim. Dedim, yox, istəyirəm,
elə bu qızı almağa da hazıram. Anam da dedi ki, yox,
bu qızın başqa istəyəni var. Amma hiss elədim ki,
anam bunu yalandan, məni cırnatmaq üçün deyir,
qızın istəyəni-filanı yoxdu. Ancaq hər ehtimala
qarşı dərhal söylədim ki, yox, rəva görmərəm
bu qız bir başqasına ərə getsin, onu özüm
alacam.
Ananın fəndi alınır, çox keçmir ki,
Sabir Badamxanımla evlənir və çoxlu da
övladları doğulur. O, səliqə-səhmanlı,
biş-düşlü, fəqət yazı-pozu bilməyən
evdar qadın idi, Sabirsə kitab-dəftər adamı.
Xanbacısına ürəyinin dərdini açan
qadının şikayətlərini şeirləşdirəndə
əslində Sabir həm o cür yazılarla başqa
qadının, həm də ailəsini bu təhər təzadlı
izdivacla qurmuş özü kimi bir çox
başqalarının halına acıyırdı:
Nə bilirdik nə zəhirmardı kitab?
Biz olan evdə haçan vardı kitab?
Dəftərin andıra qalmış sözünü
Eşidib, görməmiş idik üzünü.
Ər deyil, şair imiş xanəxərab!
Fikri yazmaq, oxumaq, suglu kitab...
Söz yox, burada müəyyən qrotesk də var,
boyaları tündləşdirmə də, amma
ağırlıq istənilən halda həqiqət tərəfdədir.
Hacı Zeynalabdin Tağıyevin 1901-ci ilin 7 oktyabrında fəaliyyətə
başlayan qızlar məktəbini yaratmaqda başlıca hədəflərindən
biri də millət quruculuğu ilə bağlı idi ki, Azərbaycandan
kənarda ali təhsil alaraq Vətənə qayıdan
müasir dünyagörüşlü, mükəmməl
savadlı azərbaycanlı oğlanlar özlərinə
uyğun qızlar axtaranda başqa xalqlardan olan oxumuş
xanımlara meyl etmək məcburiyyətində qalmasınlar,
özümüzdə də asta-asta ixtisaslı, bilikli,
çağdaş zövqlü qızlar çoxalsın ki,
xoşbəxt, sağlam yeni Azərbaycan ailələri onlarla
qurulsun.
Axı Sabir özü də yaxşı anlayırdı
ki, həyata baxışları məişət təfəkküründən
oyana keçməyən qadının qələm əhlinin
zövcəsi olması onların ikisi üçün də
elə ömrü-günü yola verməkdən ibarət
olacaq. Axı yaxşı anlayırdı ki, gecənin bir aləmində
ağlına gələn hansısa misranı, beyti sabahacan unutmasın
deyə yorğan-döşəkdən qalxıb
çırağı yandırması, qələm-kağız
götürüb yazması, təzədən yatağına
girməsi, ola bilsin, bir müddət sonra yenə hövlnak dikəlib
eyni şeyi təkrar etməsi dədə evində belə
şeyləri görməmiş arvadına əcaib gələcək,
ərini havalanmış zənn edəcək:
Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur oylə ki, bilmir özünü;
Sübh olunca gecələr darğa kimi
Yatmayır, qır-qır edir qarğa kimi;
Gah da biryatsa da vəqtində əgər,
Çəkməyir yuxladığı bir o qədər,
Qəflətən bir də görürsən ki,
durur,
Yandırıb lampanı çılpaq oturur;
Sabirin dünyagörüşü, inancı, həyat
fəlsəfəsi ilə bağlı incə bir məqam da
var ki, üzərində nəfəs dərməyin yeri var.
Onun xurafat, mövhumat, fikri qaxsımış ayrı-ayrı
dindarların, ruhanilərin əleyhinə yazdığı
bir qalaq şeiri var. Elə həmin qoşqularına görə
də zəmanəsinin cahilləri, ancaq bəzən heç
də avam yox, əsl mətləbin nə yerdə olduğunu
qanan, ancaq özünü bilməzliyə vuran riyakarları
da bozarıblar, Sabiri dinsizlikdə ittiham ediblər, onu babi
adlandırıblar. Sabir isə ruhani bir insandı, Allahına,
Peyğəmbərinə dərindən etiqad bəsləyən
şəxsdi. Onun bu münasibəti və sayğısı
günümüzə gəlib çatan odlu qəsidələrində,
növhələrində də əksini tapıb. Sabirin qələmini
taziyanəyə-qırmanca döndərərək
çırpdığı saxtakar möminlər, qəlp dinpərəstlər
idi. Və onun dinə, imana ləkə olan bu cür
qondarmalarla həyatda rastlaşdığı da az
olmamışdı və həmin təsadüflərin hekayətləri
də bəllidir.
Elə birini Sabirin dostu, aktyor Hacağa Abbasov xəbər
verib ki, İrandan həlləm-qəlləm əməlləri
ilə məşhur olan ərdəbilli müctəhid Mirzə
Ələkbəri Bakıdakı Hacı Qasım məscidində
moizə etməkçün dəvət ediblərmiş. Həmin
cüvəllağı Mirzə Ələkbər
çatır Bakıya, limanda gəmidən düşür.
Ona hörmət göstərmək naminə fayton
aparıblarmış ki, məscidədək piyada gəlməsin.
Ancaq müctəhid qəbul etmir ki, fayton şeytan əməlidir,
mən müqəddəs adamam, qəti minmərəm, iltifat
etmək istəyirsinizsə, bir uzunqulaq gətirin ki, minib gedim
məscidə. Hacağa Abbasov həmin qəziyyə
dolayısınca Sabirin dilindən qopanı bizə sözbəsöz
çatdırır. Sabir əhvalatı eşidəndə
kinayə ilə deyir: "Bu, çox təbiidir,
çünki uzunqulaq elə uzunqulağı sevər".
Amma Sabirin riya dağarcığı bu növ yapma din
adamlarıyla rast düşməsinin digər bir hekayəti də
var ki, o xatirəni də şairin böyük qardaşı
Mehdiqulunun oğlu Zeynalabdin söyləyib. Sabir
Xorasandaymış, İmam Rza ziyarətgahına yaxın olan
bir axunda Sabirin şirin söhbətləri, sinədəftərliyi,
çoxlu şeirlər bilməsi xoş gəlirmiş və
şairi evinə qonaq çağırır ki, xudmani məclisdə
onu doyunca dinləsin. Arada Sabirlə birgə evinin zirzəmisinə
enirlər, qonağına bir neçə çəlləyi
göstərib deyir ki, bunlar üzüm suyudur, özüm
çəkmişəm, gəlin sizi də qonaq eləyim.
Sabirinsə ömrü boyu dilinə şərab dəyməmişdi.
Ona görə də axundun sözünün altından bir bəhanə
ilə çıxır ki, şərabı adətən
nahar vaxtı içərlər, mənsə artıq nahar eləmişəm,
odur ki, gələn dəfələrdən birində sizinlə
hökmən şərab içərik, amma indi siz
özünüz nuş eləyirsiniz eləyin.
Axundun, özü də sıradan olan bir axundun deyil,
İmam Rza ziyarətgahına yaxın olan bir, guya ki, mötəbər
ruhaninin bunca riyakarlığı Sabirə çox təsir
edir. Dözmür, o dələduzun belə bəd əməlləri
haqqında həm farsca, həm azərbaycanca vərəqələr
yazır, şəhərin müxtəlif yerlərində
yapışdırır. Yazır ki, ay camaat, sizin
inandığınız, ətəyində namaz
qıldığınız axund əslində şərabxorun
yekəsidir, inanmırsınızsa evinə gedin, zirzəmisini
yoxlayın, orada şərab çəlləklərini
özünüz görəcəksiniz.
Həmin vərəqələri oxuyanları maraq
götürür, axışırlar məhləsinə,
basıb girirlər evinə, enirlər zirzəmisinə,
baxırlar ki, vərəqdə nə yazılıbsa,
hamısı dübbədüzdür.
Qeyzlənmiş əhali axundu eşşəyə tərsinə
otuzdurub şəhər boyu dolandırırlar ki, yetən
üzünə tüpürsün.
Sabir adam içindəydi, xalq arasındaydı, bir
çox acıların, dərdlərin yaxınındaydı
və gördüklərini gördükcə hansı
müşküllərəsə əncam çəkilməsinə
kömək göstərə biləcəyi ümidi ilə qələmini
işə salırdı. Ancaq çox istəyirdi ki, əlində
ixtiyar olan vəzifəlilər, nələrisə dəyişməyə
səlahiyyəti çatanlar da görsünlər. Həm də
elə buralardan, küncdən-bucaqdan baxmaqla yox, təyyarə
minib yüksəklərə qalxaraq bütün acı mənzərələri
oradan bütünü ilə seyr edərək görsünlər:
Etila etdikcə, derlər, yüksəyə təyyarələr
-
Görməyə nail olur hər yanda alçaq yerləri.
İşbu qanunu bizim mənsəblilər bilsəydi,
ah,
Bir kərə görsəydi də alçaqdakı
müztərləri (möhtacları, ehtiyaclıları -
R.H.)!
Sabir hələ təyyarə görməmişdi, təyyarələr
haqqında yalnız oxumuşdu, eşitmişdi və ona
görə də təyyarədən baxandahər yanı
görməyin mümkün olduğundan 1910-cu ildə söz
açarkən "deyirlər" yazırdı. Ancaq Sabirin
özü o çağın da, o dövrdən çox
sonrakı onillərin də ən iti və mükəmməl
təyyarələrindən daha ucalara qalxa, daha sürətlə
uça bilirdi.
Onun təyyarəsi ilhamı, sözü, qələm
və qəlibləri, çərçivələri, qəfəsləri
sındırıb ucalara dikələn mübariz
düşüncəsi idi. Öz təyyarəsindən baxanda
yerdəkilər ona ovcunun içindəki kimi aydınca
görsənirdi - şeirində işlətdiyi
"aşağılar" mənasındakı
alçaqlarda, naqislikləri ilə mühitləri çirkləndirən
alçaqlar da!
20 aprel 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 24 aprel,№70.-S.12-13.