Millətə xidmətin dəyərli
nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
Mənə sual versələr ki, ən çox
sevdiyin məkan və ən xoşbəxt olduğun an
hansıdır, heç tərəddüd etmədən,
"ən çox sevdiyim məkan kitabxana, ən xoşbəxt
olduğum an kitabla ünsiyyət qurduğum, xüsusən də
yeni kitab aldığım anlardır" deyərəm. Hər
kitab alanda uşaq kimi sevinirəm. Abdulla Şaiqin bir neçə
gün öncə nəşr olunmuş "Türk çələngi"
kitabını filologiya üzrə fəlsəfə doktoru
Arzu Hacıyevanın imzası ilə alanda da eyni
duyğuları yaşadım. Sevindim, çünki əlifbamızın
dəfələrlə dəyişdirilməsi səbəbindən,
əski əlifba ilə yazılmış xəzinəmizə
hamı açar sala bilmir. A.Hacıyeva "Türk çələng"ini
əski əlifbadan transfoneliterasiya etməklə bu çətinliyi
aradan qaldırdı, Azərbaycan ədəbiyyatşünaslığına
və Şaiqsevərlərə böyük töhfə
verdi, həm də XX əsr Azərbaycan ictimai fikrinin ən
görkəmli nümayəndəsi, mütəfəkkir
Əli bəy Hüseynzadənin və XX əsr Azərbaycan
pedaqoji fikir tarixində çox aydın xətti və
imzası olan Abdulla Şaiqin doğum günləri ərəfəsində.
AMEA prezidenti, akademik İsa Həbibbəylinin təbirincə
desək: "Bu, xidmətdir".
"Türk çələngi" dərsliyi
keçən əsrin əvvəllərində müsəlman
Şərqində ilk demokratik respublikanın, 1918-ci il
mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinın
fəaliyyəti dövründə hazırlandığı
üçün XX əsrin əvvəllərində Azərbaycanın
ictimai-siyasi və ədəbi həyatına nəzər
salmaq zərurudir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələri,
mütəfəkkir Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə
ərizə ilə müraciətlə "Həyat"
adlı qəzet nəşr etmək istəyini bildirdilər
(16 aprel 1905). Mesenat H.Z.Tağıyevin böyük nüfuzu
sayəsində Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"
qəzetinin nəşrinə icazə verdi (22 aprel 1905). Milli
ictimai-siyasi fikrinin üç nəhəngi - Əlimərdan
bəy Topçubaşov (naşir), Əhməd bəy
Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə
(redaktor) "Həyat" qəzetinin təməlini qoydu və
Azərbaycanda mətbuatı xalqın tribunasına
çevirdi. Əli bəy Hüseynzadə Millətin kimliyini,
tarixini, dilini qəzet vasitəsiylə xalqına bəyan etdi:
"Bilirsiniz, türklər kimdir və kimlərdən ibarətdir"?
Məqalə birmənalı qarşılanmadı.
Rusiyanın Qafqazdakı vəkili "Türk"
sözünün "Tatar"la dəyişdirilməsini tələb
etdi. Əli bəy Hüseynzadə "Türk" kəliməsini
"Tatar"la dəyişdirmədi, əksinə, məsələnin nə qədər
əhəmiyyətli olduğunu bir daha vurğuladı:
"Biz ki türk oğlu türküz, biz ki millətlərin
ən qədimi və ulusuyuz!" İzlədiyi ideologiya səbəbiylə
"Həyat" qəzetinin yayımlanması
dayandırılsa da, qısa zaman sonra görkəmli mesenat
Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi və Əli bəy Hüseynzadənin
redaktorluğu ilə "Füyuzat" (1906-1907) dərgisi
yayımlandı.
Azərbaycan türklərinin milli haqlarının
güzgüsü sayılan "Füyuzat"ın
ömrü qısa oldu, lakin dərgi millətimizin İslam
ümmətindən İslam millətçiliyinə, oradan da
türk millətçiliyinə keçidində mühüm
rol oynadı.
"Füyuzat" dərgisi, bu məktəbin
üzvləri olan şair və yazıçılar öz əsərlərini
türk dili üzərində qururdu. Cümhuriyyət dönəmində
türk, türkçülük anlayışı daha da
populyarlaşdı. Bakının işğaldan azad
olunması, bütövlükdə türkün xilaskarlıq
missiyası böyük bir coşquyla qarşılandı,
türk ordusuna şeirlər yazıldı, alqışlar
söyləndi, azadlıq uğruna tökülən qanlardan
iftixarla bəhs olundu. Romantik şairimiz Abdulla Şaiq
cümhuriyyət dönəmində milli ruhlu şeirlər
yazanların öncüllərindən idi.
Türkçülük, turançılıq ideyaları
A.Şaiqin bütün yaradıcılığına
yansımışdı, bəzən "açıq", bəzən
"gizli". Məsələn, A.Şaiq "Arazdan
Turana" poemasında yalnız turançılıq tərənnüm
olunmur. Poema keçmişi və bugünü ehtiva edir.
A.Şaiq yalnız şeirlərində deyil,
bütün fəaliyyətində: türkçülük,
dil birliyi, ədəbiyyat birliyi ideologiyasını təqib
etmiş füyuzatçılar hərəkatına mənsub
yaradıcı şəxsiyyətlərdən idi. Ümumtürk tarixinə, dilinə,
ədəbiyyatına, onun tədqiq və tədrisinə
böyük əhəmiyyət verən Abdulla Şaiq bu
işi dərsliklərində, publisistik yazılarında, nəsr,
dramaturgiya və poeziyasında ardıcıl, sistemli şəkildə
davam etdirirdi.
Məlum olduğu kimi, A.Şaiq dövrünün ən
nümunəvi pedoqoq və ən məhsuldar dərslik müəlliflərindən
idi. "Uşaq çeşməyi" (1907), "Uşaq
gözlüyü" (1910), "Türk ədəbiyyatı",
"Gülşəni-ədəbiyyat", "Gülzar"
(1912), "Türk ədəbiyyatına ilk qədəm"
(1914, M.Mahmudbəyovla birgə), "Milli qiraət" (1919),
"Müntəxəbat", "Türk çələngi"
(1919), "Ədəbiyyat dərsləri" (1919, H.Cavidlə
birgə) "İkinci il", "Türk dili" dərsliklərinin
müəllifi olan A.Şaiqin bu işləri Azərbaycan ədəbiyyatının
öyrənilməsində, şagirdlərin oxuma və
yazmasında, təhsilində xüsüsi rol oynayıb.
A.Şaiq əsrin əvvəllərində nəşr
edilmiş "Gülzar" (1912) adlı dərsliyində
özünü püxtələşmiş bir müəllif
kimi təqdim etmişdi. Dərslikdə mətnlər dörd
hissəyə bölünüb. Əvvəlki üç
bölmədə təbiət, əxlaq, davranış
haqqında mətnlər verilib. "Şairlərimizin tərcümeyi-halı"
adlandırılmış dördüncü bölmədə
"Şeyx-əl şüəra Füzuli", "Molla Pənah
Vaqif", "Mirzə Fətəli Axundov", "Ədib
şair Əli bəy Hüseynzadə", "Mərhum
Sabir" və başqa materiallar var. A.Şaiqin Əli bəy
Hüseynzadənin adını cəsarətlə yuxarıda
adları sadalanan korifeylərlə birlikdə çəkməsi,
tərcümeyi-halını verməsi diqqətəlayiqdir.
O, Cümhuriyyət dövründə təşkil
edilmiş Bakı Dövlət Universitetində və yenicə
fəaliyyətə başlamış Ali Pedaqoji
İnstitutunda tədris olunan Azərbaycan ədəbiyyatı
tarixi üzrə mühazirələr aparmışdı. Ana
dilində proqram və dərsliklərin azlığı, hətta
yoxluğu dərsliklərin yazılmasını zəruri
etmişdi. A.Şaiq qısa müddət ərzində H.Cavidlə
birlikdə dərs vəsaiti hazırladı. Ardınca H.Cavidlə
birgə hazırladığı "Ədəbiyyat dərsləri"
adlı dərsliyi təkrar çapdan çıxdı. Dərsliklərin
hazırlanmasında var qüvvəsi ilə
çalışan A.Şaiq "Xatirələrim"də
bu dövrü xarakterizə edərək yazır: "Zəif
vücudumla gecə-gündüz çalışaraq
yoxluqlardan bir varlıq yaratmalı idim. Bir tərəfdən
müxtəlif proqramlar yazıb Maarif Komissarlığında
təsdiq etdirir, bir tərəfdən ədəbiyyata məxsus
dərsliklər tərtib edir, bir tərəfdən ədəbiyyat
və ədəbiyyat nəzəriyyəsinə dair elmi
materiallar hazırlayırdım".
A.Şaiqin bütün dərslikləri əhəmiyyətli
və qiymətlidir, bunların ikisi - Azərbaycan Xalq
Cümhuriyyəti Maarif Nazirliyinin nəşr etdirdiyi
"Ədəbiyyat dərsləri" (H.Cavidlə birgə,
1919) və "Türk çələngi" (1919) siyasi və
elmi müstəvidə xüsusi əhəmiyyətə
malikdir, çünki bu dərsliklər AXC-nin
yürütdüyü siyasəti özündə əks
etdirir.
Cümhuriyyət dövründə nəşr olunan
ilk milli dərsliklər, o cümlədən, Abdulla Şaiqin
"Türk çələngi" və "Ədəbiyyat
dərsləri", "Ortaq türk dili", "Ortaq
türk ədəbiyyatı" və "Ortaq türk
kültürü" ideologiyasına xidmətə köklənmişdi.
A.Şaiqin 1919-cu ildə tərtib və çap etdirdiyi
"Türk çələngi" dərsliyində
Əlabbas Müznib, Bürhanəddin, Əhməd Hikmət, Məhəmməd
Əmin Yurdaqul, Hüseyn Cavid, Ziya Göyalp, S.P.Sezai,
Ə.Qanib bəy,
A.Gündüz, S.Nihal, X.Ədib, Ə.Müznib,
S.Ə.Şirvani, M.P.Vaqif, eləcə də digər
türk-Azərbaycan şair və
yazıçılarının şeirləri, hekayələri
verilib. Burada toplanan əsərlərdə ("Vətən
torpağı", "Altun ordu", "Sancaqdar",
"Qanın üsyanı", "Azərbaycan",
"Bayrağım", "Vətən
yanğısı", "Yeni ay doğarkən" və
s.) türk qəhrəmanlığı tərənnüm
olunur və türk yurdunun başına gələn fəlakətlər
anladılırdı.
A.Şaiqin H.Cavidlə birlikdə
hazırladığı "Ədəbiyyat dərsləri"
kitabı Azərbaycanda ədəbiyyat nəzəriyyəsi
sahəsində məlum olan ilk dərslik kimi əhəmiyyətlidir.
Dərsliyə, adları göstərilən türk
şair və yazıçılarının əsərlərindən
ayrıca nümunələr və parçalar
salınmışdı: Şinasi ("Minacat"), Ziya
Paşa ("Tərkibbənd"dən), Tevfiq Fikrət
("Əskər keçərkən"), Cəlal Sahir
("Ənin"), Şairzadə ("Qürub"),
Hüseyn Cahid ("Yarpaq"), Əbdülhəqq Hamid
("Tariq"dən monoloq və "Duxtəri-hindi"dan
bir parça), ("Zeynəb"dən bir parça), Sami
Paşazadə Sezayi ("İki yüz əlli quruşa bir əsr").
Dərslikdə, nəzəri mövzular daxilində izah və
nümunə məqsədilə Osman Qazinin, Nəfinin, Nədimin,
Şinasinin, Qoca Raqib Paşanın, Ziya Paşanın, Ali
Canibin, Əbdülhəqq Hamidin, Məhəmməd Əmin Bəyin,
Tevfiq Fikrətin, Rza Tevfiqin şeirlərindən nümunələr
verilmiş, Mövlana Cəlaləddin Ruminin, Əşrəfin,
Xalid Ziyanın, Hüseyn Rəhminin, Xalidə Ədibin isə
özlərinin və əsərlərinin adları çəkilmiş,
"Mavi və siyah" (Xalid Ziya Uşaqlıgil), "Mətrəs"
(Hüseyn Rəhmi), "Mövlud həkim" (Xalidə
Ədib) romanlarının qəhrəmanları haqqında məlumat
verilmiş, Məhəmməd Əmin bəylə Tevfiq Fikrətin
yaradıcılığına istinad olunmuşdu. "Ədəbiyyat
dərsləri"ndə Azərbaycan şair və
yazıçılarından Füzulinin, Seyid Əzim
Şirvaninin, Mirzə Fətəli Axundzadənin, Hüseyn
Cavidin və Sabirin adı çəkilsə də, yalnız
Füzulinin şeirlərinə istinad olunmuş, komediyadan bəhs
edilərkən janra nümunə olaraq M.F.Axundzadənin
"Hacı Qara" əsəri göstərilmiş, yeni ədəbiyyat
məsələlərindən bəhs edilərkən qərbli
müəlliflərin də adı çəkilmişdi.
XX əsr Azərbaycan pedaqoji fikir tarixində aydın
xətti və imzası olan şəxsiyyətlərdən
biri olan A.Şaiq türkçülük əhvali-ruhiyyəsi
ilə xalqına böyük xidmətlər göstərib.
Yaradıcılığının müxtəlif mərhələlərində
ədəbiyyata dair 11, Azərbaycan dilinin qrammatikasına dair
4 adda dərslik hazırlayıb. Dərsliklər Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə yüksək dəyərləndirilmiş,
"Gülzar", "Uşaq gözlüyü",
"Türk çələngi", H.Cavidlə birgə
yazdığı "Ədəbiyyat dərsləri"
kitabları Maarif Komissarlığının
komissiyasının qərarı ilə ikinci dəfə
çapdan çıxmış,
məktəblərdə istifadə olunmuşdu.
Bu baxımdan filologiya üzrə fəlsəfə
doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi Arzu Əhməd
Hacıyevanın böyük əziyyət bahasına Abdulla
Şaiqin transfoneliterasiya edərək nəşr etdirdiyi
"Türk çələngi" dərsliyi əhəmiyyətlidir
və günümüzdə aktuallıq kəsb edir.
A.Hacıyeva "Türk çələngi" dərsliyini
transfoneliterasiya edərək elmi ictimaiyyətə təqdim
etməklə, Şaiqşünaslara dəyərli töhfə
verib.
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet.- 2024.- 19
aprel,№67.- S.14.