Araz nəğməsi
Elxan Hürriyət (Məmmədzadə
Elxan Hürriyət Məhəmməd oğlu) 1954-cü il
aprelin 22-də Cəbrayıl rayonunda anadan olub. BDU-nun
jurnalistika fakültəsini bitirib. Müxtəlif illərdə
Cəbrayıl rayonunda nəşr olunan "Xudafərin"
(Kolxozçu) qəzetində xüsusi müxbir, redaktor
müavini, Dövlət Teleradio Verilişləri QSC-də
"Xəbərlər" redaksiyasında redaktor vəzifələrində
işləyib. Qarabağ müharibəsi veteranıdır.
E.Hürriyətin şeirləri 1970-80-ci illərdən
dövri mətbuatda - "Sosial Sumqayıtı", "Xudafərin",
"Bakı", "Sovet kəndi", "Azərbaycan gəncləri",
"Ədəbiyyat və incəsənət", "525-ci
qəzet", "Ədəbiyyat naminə",
"Kredo" qəzetlərində, "Ulduz", "Azərbaycan"
jurnallarında, "Səhər şəfəqləri",
"Çinar pöhrələri", "Xudafərin nəğmələri"
almanaxalarında nəşr olunub. Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildə
müəllifin "Ürəyimdən keçənlər"
kitabı işıq üzü görüb.
Qeyd edək ki, 70 illik yubileyi münasibəti ilə Azərbaycan
Yazıçılar Birliyi Elxan Hürriyətə təbrik məktubu
ünvanlayıb. Biz də bu təbriklərə qoşulur,
onun bu yaxınlarda çapdan çıxan, müxtəlif illərdə
qələmə aldığı şeirlərdən ibarət
"Qəlbimin aynası" kitabından bir silsiləni
oxucuların diqqətinə çatdırırıq.
Axırsan günahkar, müqəssir kimi,
Vətən ayağına döşənib sənin.
Mənim bu ürəyim əzizin kimi,
Gecəli-gündüzlü düşünər səni.
Bu sərhəd boyuna mən niyə gəldim?
Sərhəd dirəkləri düzülüb səfə.
Bir zəlzələ qopa, vulkan püskürə,
O dağlar sürüşə bizim tərəfə.
Yaxşı duy ürəyim, yaxşı duy,
yaxşı,
Gözlərim, hər daşın şəklini
çək sən.
Bir də bu yerlərə düşməz
güzarın,
Bir də bu yerləri görməyəcəksən.
İnad ayaqlarım, bağışlayın ki,
Xarici çəkmələr bezdirib sizi.
Sərhəd dirəkləri qoymur neyləyim,
O tayda doyunca gəzdirim sizi.
Bu sərhəd boyuna mən niyə gəldim,
Araz nəğməsinə bələndim burda.
Bu sahil doğmadır, o sahil əziz,
Ana Vətən kimi bölündüm burda.
Məktub
Salam, Məmməd Araz,
Salam, Əli Kərim.
Ürəyimdə yük olmasın,
Demək istədiklərim.
Dünyada işlər varmış,
Xəbərimiz olmayıb.
Arzuda su sənəyi,
Yüz illərdi dolmayır.
İstəyirəm ev tikəm,
Daşım, qumum Arazdan.
Biz özümüz deyilik,
Heç olmarıq bir azdan.
Dağlar dağımdı mənim,
Düzülüb gör nə səfə.
Bircə sehr oxuyam,
Sürüşə biz tərəfə.
Ağacları boy verməz,
Niyə axı o tayın?
Ürək odum bəs eylər,
Bu sərhəddi odlayım.
Tikanlı məftilə bax,
Toxunub kilim kimi.
Gözlərim də Təbrizdən,
Üzüldü əlim kimi.
Buludların o taya,
Düşən yaşı olaydım.
Bu dərdi çəkəmmirəm,
Araz daşı olaydım.
Dumanlı-çənli dağlar,
Bir balanam yaşınma,
Ay əl-ələ ağaclar,
Sağ əliniz başıma.
Anama
Div dalınca bir quyuda yanam hey,
Duz bağlasam yandıracaq yaram hey,
Səhərəcən oyaq qalan anam hey,
Yatmaz idin bir nağılın əlindən.
Hissim məni, mən hissimi neyləyim,
Yaxşım sənin, bəs pisimi neyləyim,
Şeytanımı, iblisimi neyləyim,
Nələr çəkdin, mən cığalın əlindən.
Dünya səndən, mən də səndən
qopmaram,
Son tikəni ta əlindən qapmaram.
İtirərsəm bir də səni tapmaram,
Yüz çıraqlı min ağılın əlində.
Qoy desinlər balan mətin deyilmiş,
Külfəti də bircə çətən
deyilmiş.
Səndən sonra ölmək çətin
deyilmiş,
Qırx yaşında bir oğulun əlində.
lll
Bir yoxuşa diklənmişəm,
Anam-atam, təklənmişəm.
Qayğılarla yüklənmişəm,
Vaxt yoxdu baş qaşımağa...
Sözüm vardı deyəmmədim,
Qismətimi yeyəmmədim.
Ha çalışdım geyəmmədim,
İki ayaq bir başmağa.
Uzaqlara çatmır əlim,
Bir yol seçdim, olum, ölüm.
Gec barışan, küsən könlüm,
Qoymur məni yaşamağa.
lll
Dostum M.İsmayılova
Əgər baxtın səndən qabaq yatıbsa,
Buna bədən, ya da əza neyləsin.
Həyat özü başdan-başa möcüzə,
Buna çubuq, ya da əsa neyləsin.
Alnımdadı əzabların izləri,
Çağırıram o Rəbbimi, həzrəti,
Yurdum mənə, mən yurduma həsrətik
Buna qədər, ya da qəza neyləsin.
Köçkün ömür tay səbrimi
çatıbdı,
Tale bizi ora-bura atıbdı.
Qara çuxam yaman möhkəm yatıbdı,
Buna İsa, ya da Musa neyləsin.
lll
İçimdə bir ağrı var,
Ağrı məni öldürür.
Onun payı, bunun payı,
Hamı nəsə böldürür.
Çox mətləb qandırmışam,
İnadlar sındırmışam,
Mən işıq yandırmışam,
Mərdiməzar söndürür.
A yaxınım, a yadım,
Olum, ölüm bir addım...Ölməyi
bacarmadım,
Vurun məni öldürün.
xxx
Yetişmiş yetmiş,
Yetmiş yetişmiş.
Varaqladım bu ömrü bir kitab kimi,
Həm də öz-özümə hesabat kimi.
Gün var qızıla bərabər,
Gün də var yanmış, yaşanmış
ömür,
Qısası, uzatmıram söhbəti,
Mənimlə yaşandı,
Ömrüm bu günədək...
Ötən il 69-u - kəlləmayallığı
başa vurdum xətasız,
Göydəki kişi bilər, ona min
şükür...
Bir də bilmək olmaz yaşayacağammı
Sabahkı mümkünədək...
Dərdin rəqsi...
Kasıb ürəkli oğlanam,
Nanay, nay...
Bir qurbanlıq toğlunam,
Nanay, nay...
Kəs başımı qan axsın,
Nanay, nay...
Düşmənlər xına yaxsın,
Nanay, nay...
Dünya bizim deyil ki,
Nanay, nay...
Eləsinə əyil ki,
Daday, day...
Daday, day...
Saqqalli uşaq
Əgər möhlət versə əcəl,
Bizimdir sabah, gələcək.
Hər şey-hər şey düzələcək,
Tökmə dedim göz yaşını.
İtibdi yar-yaraşığım,
Açılmayır qırışığım,
Mən bir saqqallı "uşağam",
Gizlətmirəm öz yaşımı.
Oda düşdüm diri qaldım,
Aydan arı, duru qaldım,
Taydan, tuşdan geri qaldım,
Qarışdırdı söz başımı.
Qar yağarmış...
Sizə də qar yağarmış,
Dağlar belə, dağlar belə.
Görkəmin çəkdi sinəmə,
Dağlar belə, dağlar belə.
Bir kimsəm yox sizdən əziz,
Qoşa çəkdik, nə çəkdik biz,
Əzizlərim qalıb mənsiz,
Ağlar belə, ağlar belə.
Həsrətindən tutdum maya,
Həsrətimə nə daş, qaya,
Gözlərim sığmaz bu taya,
Çağlar belə, çağlar belə.
Murtuza
Adicə bir adamdı,
Daş kimi sakit, ağır.
Adamların üzünə,
Baxardı fağır-fağır.
Hər işə əl uzadıb,
Kimi yarıtmamışdı?
Tanrı onun kimisin,
Bir də yaratmamışdı.
Zəhmətsevər, çalışqan,
Həm də tez küsəndi o.
Üz verməyən qapıdan,
Ayağın kəsəndi o.
Odun yarıb, su daşıyar,
Neçə işi görərdi o.
Çoxunun bacarmadığı,
Gecə işi görərdi o.
Sifətində təbəssüm,
Qamaşardı Murtuza.Bir xanımı görəndə,
Qımışardı Murtuza.
İlin fəsillərində,
Cırıq qaloş geyərdi.
Uşaqlar daş atanda,
Vedrələri döyərdi.
Deyərdilər bəxtəvər,
Nə dərdi, nə səri var.
Bilmədilər yazığın,
Nə boyda kədəri var.
Hərdən heyrət gətirən,
Ağıllı söz deyərdi.
Bizim düşündüyümüzü,
Düşünən də deyildi.
Bir gün qış axşamında,
Köçünü yığdı getdi.
Ağır işlər görərək,
Evini yıxdı, getdi.
Hər bir işin vaxtını,
Cəmini güdürdü o.
Hamı ona gülürdü,
Hamıya gülürdü o.
Ev pişiyi
Qapıdan çıxırsan işə gedirsən,
Ayağına, əlinə sürtülür sənin.
Quyruq bulamaqla, dil çıxarmaqla,
Könlünə, gözünə dürtülür
sənin.
Lap saat neçədə qayıdıb gəlsən,
Qamçılar quyruğun həfkirə başlar.
Bəzən sərəncamlar, əmrlər verər,
Bu çirkin sifətlər, bu kəfkir başlar.
Qapılar təkliyə dözər birtəhər,
Hər küncə, bucağa dəyəsi olar.
Sən işdən qayıdıb gələnə
kimi,
O dörd otaqların yiyəsi olar.
Hədərmi yaşadıq bəlkə,bilmirəm,
Bunlara kimlik də,ad da verdilər.
Axirətin sonumu,yaxındadırmı...?
Xumar məstanlara and da verdilər.
Bir azca uzağa burax onları,
Özündən aralı sərhəddə saxla.
Hər kəsin bəlası,öz
başındadır,
İstək,sevgiləri bir həddə saxla.
Hər şey bizim deyil,bilmək çətinmi...
Dünyamız ilkinə dönmək istəyir.
Günəş də bezibdi nur
saçmağından,
Uzaq ulduzlar da sönmək istəyir.
Onun da dünyası, qəlbi var dedin,
Həmişə tumarla, di sev pişiyi.
Səninçün narahat olan tapılar,
Belə-belə işlər, ay ev pişiyi.öğ
Elxan HÜRRİYƏT
525-ci qəzet.- 2024.- 19
aprel,№67.- S.13.