Əbədi sevgi,
yoxsa istək?
GÖZƏLLİYİN MİLLİ DÜSTURU
"Yaşıl eynəkli adam" televiziya
tamaşasında rejissorun öz köməkçisinə
verdiyi sarsaq sualları və göstərişləri yəqin
ki, xatırlayırsınız: "Hanı aerobika rəqsi edən
bu yarıçılpaq qızların kəlayağısı?
Get bunların başına kəlayağı bağla,
çiyinlərinə də səhəng alsınlar - guya
bulaqdan gəlirlər. Mən səndən milli xarakterli
aerobika istəyirəm".
Bu sözlər milliliyi, milli geyim akssesuarlarına, qədim
əşyalara sevgini, hörməti belə kəlləmayallaq
başa düşənlərin düşüncə tərzinə
ironiya, onların milli təəssübkeşliyinin qrotesk
gülüşlə ifşası, karikaturası idi.
Çünki milli təəssübkeşlik, milli dəyərlərə
sayğılı münasibət belə olmur.Yaxşı, bəs
necə olur (yaxud olmalıdır)?
Hər dövrün öz geyim mədəniyyəti,
davranış etiketi var və bu mənada, tutaq ki, azərbaycanlıların 2-3 əsr
bundan əvvəlki geyim dəbini yüzə yüz təkrarlamaq
absurddur. Lakin onu bilmərrə unutmaq, ona laqeydlik, biganəlik
göstərmək də olmaz - hansısa ştrixi, hansısa
detalı saxlamaq, müasir dəbə transfer edib müasirliklə
milliliyin sintezinə çalışmaq, etnik kimliyimizin
atributlarından biri kimi hansısa geyim elementini əsrlərin,
illərin o tayından bu günə gətirmək olar və
lazımdır. Amma konyuktura naminə, gözə kül
üfürmək üçün yox.
Özbəklərə fikir vermisinizmi? Milli
araqçınlarını tarixin, milli geyimlərinin nişanəsi
kimi kişili-qadınlı hələ də qoruyub
saxlayırlar, müasir özbək qadınları nənələri
kimi zolaq-zolaq parçadan tikilmiş paltarlar geyinib ictimai yerlərdə,
dövlət tədbirlərində görünməkdən
utanmırlar. Çünki bu, gen yaddaşından, daxildən
gələn bir istəkdir, tələbatdır.
Bizim geyim dəstlərinin içində kəlayağı, çalma,
yığcam bəy papağı kimi gözəl baş geyimləri
olduğu halda nə üçün bunlardan istifadə
edilmir? Qadınların, qızların geyindiyi şalvarlar nə
üçün gündən-günə daralmaqda,
cırıqlarının ölçüləri böyüməkdədir?
Əgər paltar tikiləndə materiala qənaət
üzrə müsabiqə keçirilsəydi,
şalvarların şortikə qədər gödələn
balaqlarına, koftaların, üzr istəyirəm, göbəkdən
yuxarıda dayanan ətəklərinə görə heç
şübhəsiz ki, 1-ci yeri tutardıq.
Budurmu milli dəyərlərə təəssübkeş
münasibət?
Konsertlərdə, müsabiqələrdə təpədən
dırnağa qədər "milliləşdirilən" gənclər
əyinlərindən çıxardıqları paltarlarla birgə
milli ruhlarını da orda qoyurlarsa, kimə lazımdır bu
tragikomediya?
Milli təəssübkeşliyi konyuktura predmetinə
çevirmək - onunla manipulyasiya, spekulyasiya etmək qədər
təklükəlidir və sonda "Yaşıl eynəkli
adam" tamaşasandakı kimi absurda gətirib
çıxarır. Milliliyi qoruyub saxlamaq üçün o,
gündəlik yaşam, geyim tərzinin bir elementinə
çevrilməlidir.
Unutmayaq ki, başdan-ayağa Avropa dəbində geyinmək
hələ müasir, sivil olmağa şəhadət vermədiyi
kimi, bütünlüklə, lakin ürəksiz, xala-xətrin
qalmasın milli libasa bürünmək də milli olmaq demək
deyil.
Milli dəyərlərlə quru-quru öyünmək
yox, onları yaşatmaq, nəsildən-nəsilə
ötürmək lazımdır!!!
Məncə, aşağıdakı fotoda müasirliklə
birləşib gözəl effekt yaradan millilik, yalançı
millilikdən təsirlidir.
Qeydlərimi 2 il əvvəl yazdığım bir
yazıdan kiçik sitatla bitirirəm:
"Biz mənəvi təzyiqdən, həm
coğrafi, həm də mənəvi işğaldan qurtulandan
sonra milli yaddaşın, milli şüurun yenidən ruhumuza
hakim kəsiləcəyinə sadəlövhcəsinə
inanırdıq.
Amma əvəzidə nə gördük?
Cırıq-cırıq, dar-düttək, Habil
Əliyevin sözü olmasın, rajokla geyinilən
şalvarlar.., göbəkdən yuxarı koftalar.., əcaib
beysbolkalar...
Məgər bütün bunlar yeni - daha amansız mənəvi
işğaldan xəbər vermirmi?
Sözümü bitirir, şair Ramiz Rövşənin
"Papaq" şeirinin bir bəndi ilə son nöqtəni
qoyuram:
Fələyin qapazından
Papaq keçsə xirtdəyə,
Vay o gündən papağı
Dikəltməyə başımız.
SEVGİ DOĞURAN İSTƏK
"Hansı qızı istəyirsən, de, elçi
gedək (yaxud sənə alaq").
Yəqin razılaşarsınız ki, bu müraciət
Azərbaycanın nitq-davranış etiketi üçün
tipik bir haldır. Elə cavab da həmçinin: "Filan
qızı istəyirəm (yaxud "Filan qızdan xoşum gəlir").
Nə üçün bu yazıya məhz bu frazalarla
başladım?
Ona görə ki, məni çoxdan düşündürən
bir məsələyə geniş kontekstdə baxmaq
üçün yaxşı şans verir.
İş burasındadır ki, bu cümlələrdə
müxtəlif qrammatik formalarda işlədilən "istəmək"
sözü şüurun yox, şüuraltının dediyidir
və insanın şüura buraxıb ictimailəşdirmədiyi
sirri bir növ faş edir. Bu kiçik mükalimə
şüur müstəvisində baş versəydi, söhbət
istəməkdən yox, sevməkdən getməli idi. Amma necə
deyərlər, dil çaşıb düzünü deyir.
Çünki insanın xisləti, əsl siması
şüurlu şəkildə dediklərində yox,
şüurun altında yığılıb qalan, səsi
boğulub susdurulan təbii instinklərdədir.Sevgi
böyük və qudsal anlayışdır, ilk növbədə
mənəvi bağlılığı,
asılılığı bildirir; şüura tabe deyil; bir dəfə
baş verir və əbədi xarakter daşıyır və
üstəlik, şüurdan dışarıda olduğu
üşün onun izahını vermək çətin, bəlkə
də mümkünsüzdür. Mənə görə 4 belə
sevgi-bağlılıq nümunəsi var: Allaha, Vətənə,
anaya (valideynlərə) və övladlara olan sevgilər.
Analogiya aparsaq, sevgi gözəllik anlayışına
yaxındır, ona görə də ülvi və müqəddəsdir.
Kant gözəlliyi məqsədsiz məqsədəuyğunluq
adlandırırdı. Allaha, Vətənə, anaya, övlada
bağlılıq da elə umacaqsız məqsədəuygunluq
deyilmi?
Qayıdaq söhbətin əvvəlinə.
Yaxşı, əgər sevgi, məhəbbət mənəvi-ruhi
və izahı mümkün olmayan halətdirsə, bəs istəmək,
xoşu gəlmək nəyi bildirir və nə
üçün valideynlər övladlarına "Hansı
qızı sevirsənsə..." yox, "Hansı
qızı istəyirsənsə" - deyə müraciət
edirlər?
Mənim cavabım belədir: Ona görə ki, sevginin
yuxarıdakı 4 ünvanını çıxmaq şərti
ilə yerdə qalan hər şeyə münasibətimiz
umacaqlı, məqsədlidir. Yəni biz bir şeyi ona görə
istəyirik ki, o, hansısa ehtiyacımızı,
umacağımızı ödəmək üçün
lazımdır.
Sevgi isə umacaqsız olduğuna görə umacaq
olan yerdə sevgidən danışmaq absurddur.
İndi isə, zənnimcə, mübahisələrə,
fikir ayrılığına səbəb olacaq 1-ci tezisimi bəyan edirəm:
"Əks cinslər arasındakı münasibətlər məhz
məqsədli məqsədəuyğunluq prinsipi üzərincə
qurulur, yəni istəklərlə (ailə qurmaq, övlad
sahibi plmaq, evdə rahatlıq və s.) idarə olunur. Sadəcə
olaraq, biz hər şeyi öz adı ilə
çağırmaqdan ehtiyat edir, onu bir az estetikləşdirib,
bəzəyib-düzəyib sevgi adlandırırıq".
Bu tezisi əsaslandırmaq, sübut etmək asan olmasa
da, mən müxtəlif mənbələrə, faktlara istifadən
fikrimi arqumentləşdirməyə çalışacam.
Tanınmış teatr xadimi K.Stanislavski "Məhəbbət
nədir" sualına (söhbət kişi-qadın
münasibətlərindən gedir) belə cavab verib: "Məhəbbət
xoşladığın şeyə toxunmaq istəyidir". Məncə,
bu sadə, lakonik cümlə sözügedən kontekstdə
münasibətlərin mahiyyətini çox dəqiq ifadə
edir və bu fikirdən itələnib deyə bilərik ki,
kişi-qadın münasibətləri istək və bir-birinə
ehtiyac zərurətindən yaranıb formalaşır. Bunu fəlsəfi-metafizik
baxımdan da izah etmək olar. Maddi varlığın,
bütövlükdə dünyanın mövcudluğu əksliklərin
mübarizəsi və vəhdəti qanunu əsasında
qurulub: atom ona görə mövcuddur ki, müsbət işarəli
nüvəsi ətrafında mənfi işarəli elektronlar
fırlanır və əks işarələr arasında vəhdət
pozulsa atom, onunla bərabər, dünya da məhv olar. Elə
Günəş sistemi də əslində nəhəng atom
modelidir. Bu atomun nüvəsi (Günəş) planetləri
(elektronları) öz cazibə dairəsində
saxladığına görə sistem pozulmur.
Dünya adlı aləmin yaradıcısı olan Allah
dünyanı da bu qanunauyğunluq əsasında qurub - həmin
aləmdə həyatı 2 əks cins arasındakı
münasibətlərə həvalə edib və beləliklə,
bəşəriyyətə hələ ki sonu görünməyən
mövcudluq şansı verib. Qadın və kişi
"işarələrinə" görə əks, bir-birini
itələyən, lakin mövcudluq, həyat naminə bir-birinə
ehtiyac duyan 2 antoqonist varlıqdır. Ehtiyacın təmin
olunması isə həmişə istək zərurəti
yaradır, yəni ehtiyacı təmin etmək
üçün müsbət mənfini, mənfi isə
müsbəti cəzb edir. Alman filosofu A.Şopenhauer çox
güman, məhz buna görə hesab edirdi ki, insanın
bütün bədən üzvləri müxtəlif istəklərin
həyata keçməsinin təzahürüdür, yəni
ağız - danışmaq, yemək, göz - görmək,
ayaq - yerimək... istəyinin reallaşmasıdır.
Deyilənlərdən alınan 1-ci nəticə:
Kökündə, bünövrəsində ehtiyacı ödəmək
istəyi dayanan əks cinslər arasındakı münasibətləri
sevgi adlandırmaq ona görə düz deyil ki, sevgi istəkdən
yaranmır, heç bir umacağa tabe deyil. İstək
seçim qanununa tabedir - hər kişi öz umacağına,
ehtiyaclna uyğun qadını, eyni qaydada da hər qadın
kişini bəyənir.
Mən söhbətin daha dərin qatlarına enib
boyaları tündləşdirmək istəmirəm. Amma bu
arqumentlərlə razılaşmayan oxuculara bəzi ədəbi-bədii
nümunələrdən misallar gətirəcəm.
"Babək" filmində gənc Babək ustadı
öləndən sonra onun xanımı Zərnisənin
yaxınlıq istəyini əvvəlcə "Gözü
yolda qalanım (yəni sevdiyim) var" - deyərək rədd
edir. Lakin xanımın şirnikləndirici hiyləsinə
yenilib gözü yolda qalanını bircə anın
içindəcə unudur. Çünki həmin anda
içində başqa istək baş qaldırır.
"Arşın mal alan" komediyasının
(filminin yox!) əsas qəhrəmanlarından biri - sonralar boynuna
zorla azad məhəbbətin carçısı missiyası
qoyulan tacir Əsgər evlənmək üçün qız
axtarışına çıxır. Ona görə yox ki,
görüb sevmək istəyir, ona görə ki, tacirdir,
öz dediyi kimi, bilmək istəyir aldığı qız
verdiyi pula dəyərmi. Bu mənada o, gələcək
arvadına elə bəri başdan bir əşya kimi baxır
(Burada mötərizə açıb diqqəti
danışıq leksionumuzda gen-bol işlədilən
"qız alnaq", "qız vermək" ifadələrinə
cəlb etmək istəyirəm).
Gülçöhrə Əsgəri qoca, keçəl,
şikəst olmadığına görə, Asya isə
Süleymanı Gülçöhrənin acığına bəyənir...
Misallar çoxdur. Hansını deyəsən?
Bir misal da gətirmək istəyirəm.
Servantesin məşhur romanının qəhrəmanı
- qəmgin ruhlu Don Kixot qədim cəngavər
romanlarının ənənələrinə uyğun olaraq
özünə sevgili tapmalıdır ki, ona olan məhəbbətdən
güc alsın, daha möhtəşəm qəhrəmanlıqlar
eləsin. Amma o, bu xanımı həyatda, real insanlar
arasında axtarmır, xəyalında onun obrazlnı
yaradır və ömrünün sonuna qədər qudsal məhəbbətin
rəmzi olan sevgilisinə - Dulseneya adı verdiyi gözələ
sadiq qalır. Bilirsiniz niyə? Ona görə ki, yalnız xəyalda
yaradılan ideal sevgi təmənnasız, umacaqsız olur.
Amma elə bilməyin ki, mən bu yazını belə
bədbin notlarla tamamlayacam. Xeyr! İkincisi, daha vacib tezisim
qalıb hələ. O da bundan ibarətdir ki, nə qədər
paradoksal olsa da, ehtiyac, istək
adlı tələbatlar dünyaya yeni əbədi sevgilərin
gəlməsinə rəvac verdiyinə görə elə
sevgi səviyyəsinə yüksəlib urvatlı bir mövqe
qazanır. Əksliklərin yaxınlığından sonra tərəflərdən
biri dünyaya uşaq gətitib ana olur axı! Nəticədə
dünyada qutsal, əbədi sevginin üfüqləri
genişlənir, çünki ana və övlad əbədi
sevginin ünvanlarıdır.
Deməli, istək və sevgi də əslində
bir-birinin mövcudluğunu şərtləndirən əksliklərdir.
Ona görə də bu yazını belə bir
şüarla bitirmək istəyirəm: Yaşasın əbədi
sevgi və bu sevgini doğuran istək!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.- 19
aprel,¹67.- S.12.