Anardan Nəsiman
Yaqublunun araşdırmalarına diqqət və təqdir
"Sovet dövründə Azərbaycanda, məsələn,
Moskvada, ya Gürcüstandakı kimi geniş dissident hərəkatı
olmayıb" -fikri qismən doğrudur. Amma bununla belə,
bizim cəmiyyətdə də vaxtaşırı müəyyən
siyasi etiraz hallarının təşkilat şəklini
almasını danmaq olmaz. Tarixçi
Nəsiman Yaqublu "Azərbaycan milli azadlıq hərəkatı
ensiklopediyası" adlı 830 səhifəlik kitabında bu
faktları ardıcıl şəkildə izləyir və
üzə çıxarır.
Kitabda 1943-cü ilin sonları-1944-cü ilin əvvəllərində
Azərbaycan Dövlət Universitetinin tələbələri
Gülhüseyn Abdullayevin (sonralar Gülhüseyn
Hüseynoğlu adı ilə tanınan Xalq
yazıçısı) və İsmixan Rəhimovun təşəbbüsü
ilə "İldırım" təşkilatının
yaradılması barədə məlumat verilir:
"Bu təşkilatın başlıca məqsədi
- Azərbaycan Sovet Respublikasının Konstitusiyasında təsbit
olunmuş Azərbaycan dilinin dövlət dili olması ilə
bağlı mübarizə aparmaqdır".
N.Yaqublu qeyd edir ki, "İldırım"ın təşkilatçıları
Səməd Vurğuna imzasız
gizli məktub yazaraq, azyaşlı uşaq vasitəsilə
şairə çatdırırlar. Onlar
düşünürlərmiş ki, S.Vurğunun
razılığını alıb, onu bu təşkilatın
rəhbərliyinə cəlb edəcəklər.
"Məktub Dövlət Təhlükəsizlik Komitəsi
əməkdaşlarının əlinə
düşür". Ekspertlər məktubun İsmixan Rəhimov
tərəfindən yazıldığını müəyyənləşdirirlər.
İsmixan və təşkilatın digər üzvləri həbs
olunurlar. Təşkilat əksinqilabi təbliğatın
aparılmasında, Sovet Azərbaycanını SSRİ-dən
ayırmaq və milli burjua respublikası yaratmaq cəhdində,
Azərbaycanın görkəmli şairlərindən birinə
antisovet, millətçi məzmunda məktubun
yazılmasında ittiham edilir və təşkilatın əsas
rəhbərləri - İsmixan Rəhimov, Gülhüseyn
Abdullayev və Hacı Zeynalov 25 illik həbs cəzasına,
qalan üzvləri 10 illik həbsə məhkum edilirlər.
Gülhüseyn müəllim S.Vurğuna göndərdikləri
məktub haqqında mənə danışırdı ki, məktubda
belə bir işarə var idi: əgər S.Vurğun təkliflərinə
razıdırsa, yaxın günlərdə qəzetlərdə
Azərbaycanla bağlı yeni bir şeir yazıb çap
etdirsin və o zaman təşkilatçılar onun razı
olduğunu biləcəklər. Gülhüseyn müəllim
(eləcə də tanış olduğun İsmixan Rəhimov)
bu məktubun Dövlət Təhlükəsizliyi
orqanlarının əlinə keçməsinə görə
heç vaxt S.Vurğunu günahlandırmırdılar. Onsuz
da başının üstünü qara buludlar almış
şair bu məktubu elə həmin orqanların onu sınamaq
üçün təxribat xarakterli aksiyası olduğunu zənn
edə bilərdi.
Bu yerdə mənim Nazim Hikmətlə bağlı bir
əhvalat da yadıma düşür. Nazim həbsdən azad
olandan sonra bir gün Əmniyyət işçilərindən
bir cavan zabit onun evinə gəlir və şairin heyranı
olduğunu söyləyir, hansı kitabları oxuması
haqqında məsləhət almaq istəyir. Nazim bu zabiti
xüsusi tapşırıqla göndərilmiş provokator
sayaraq bu barədə polisə məlumat verir ki, məndən
əl çəksin. Şairin həqiqətən pərəstişkarı
olan gənc cəzalandırılır.
N.Yaqublu qeyd edir ki, Dövlət Təhlükəsizlik
Nazirliyi xaricdəki antisovet təşkilatlarını da diqqətlə
izləyirmiş. Nazir Yemelyanov 1951-ci il mayın 7-də
hazırladığı arayışda yazır ki, İranda və
Türkiyədə ingilis - Amerika kəşfiyyat orqanları
SSRİ-yə qarşı dağıdıcı fəaliyyətlərini
gücləndirmişlər. SSRİ-yə qarşı
mübarizədə Sovet İttifaqında yaşayan türk
xalqlarından istifadə edilməsi nəzərdə tutulur.
Yemelyanovun arayışında yazılır:
"Amerikanların və ingilislərin
tapşırığı ilə
müsavatçıların yaratdıqları yeni antisovet təşkilatlar
Sovet İttifaqının ana düşməni (bu, rusca
"materiy vraq" ifadəsini "qarı düşmən"
kimi çevirmək daha düzgündür) olan xarici kəşfiyyatların
agentləri - Məhəmməd Əmin Rəsulzadə, Mir
Yaqub Mehdiyev, Rəfibəyov qardaşları və digərləri
tərəfindən idarə olunur" (Rəfibəyov
qardaşları - Səməd paşa və Eyyub bəy
Sayqınlar nəzərdə tutulur - A.).
N.Yaqublunun kitabında daha bir dissident təşkilatı
- 1963-cü ildə yenə də Azərbaycan Dövlət
Universitetində yaranmış "Qaranquş" təşkilatından
da bəhs olunur. Təşkilatın əsas
yaradıcıları Mövlud Balakişiyev (sonralar Mövlud
Süleymanlı kimi tanınan Xalq yazıçısı),
Tofiq Abdin, Tanrıqulu Əliyev
("Tanqo"), Azər Abdulla, Bağır Ağayev və
başqaları idi.
Təşkilatın əsas məramı -
savadlanıb, bilgilənib, Güney Azərbaycanı xilas etmək
olub. Üzvlərin sayı 80 nəfərə qədərmiş.
N.Yaqublu yazır: "O dövrdə yaradılan digər
bir təşkilata isə Vidadi Paşayev adlı bir gənc
başçılıq edirdi".
Vidadi Paşayev "Qobustan" toplusunun ilk məsul
katibi, Tofiq Abdin (Tofiq Məhərrəmoğlu) toplunun
şöbə müdiri, Azər Abdulla əməkdaşı
idi. "Qobustan" toplusuna təhlükəsizlik xidmətlərinin
belə əlahiddə diqqət yetirmələrinin bir səbəbi
də mənə indi aydın oldu.
Ümumiyyətlə, Nəsiman Yaqublunun bu
kitabından mən çox maraqlı şeylər öyrəndim.
Safruh Atalı (Əliyev Elman Ağa oğlu) adlı
dissident 17,5 mindən çox deyim (aforizm) yazıb. Nəsiman
qeyd edir ki, Safruh 1970-ci illərdə şair Rəsul Rzanın
millətçi şeirlərinə və əsərlərinə
ciddi diqqət yetirib. Xüsusən onun "Qızıl
gül olmayaydı" və "Yer oğlu" poemaları
yeni düşüncəli insanlara ciddi təsir etmişdi. Hətta
həmin dövrdə R.Rzanın millətçi əsərlərini
müdafiə edən bir ziyalılar qrupu da
formalaşmışdı. Vidadi Məmmədov (rəhmətə
gedib, "Ədəbiyyat və incəsənət" qəzetində
çalışıb, Mövlud Süleymanlı (sonralar
tanınmış yazıçı) və digərləri.
N.Yaqublu Rəsul Rzanın Baş redaktorluğu ilə
çıxan ilk Azərbaycan Ensiklopediyası haqqında da
geniş məlumat verir. Bu qadağan olunmuş ensiklopediya ilə
sonralar nəşr olunmuş ensiklopediya arasında müqayisələr
apararaq birincinin milli ruhunu, ikincidə bu ruhun yoxa
çıxmasını əyani misallarla göstərir,
birinci ensiklopediyaya Ermənistan Elmlər Akademiyasının
etiraz məktubu göndərməsini də qeyd edir.
Rəsul Rzanın rəhbərliyi ilə hazırlanan
ilk Azərbaycan Ensiklopediyasının ağır taleyi
haqqında akademik Yaqub Mahmudovun "Özümüz",
şair Teyyub Qurbanın tərtib etdiyi "Yaşıl rəngin
işığı" kitablarında, eləcə də mənim
(Anar) "Sizsiz" və "Mübarizə bu gün də
var" adlı əsərlərimdə geniş bəhs
edildiyi üçün burada bu məsələ barədə
danışmağa ehtiyac ehtiyac duymuram.
P.S. Sözügedən yazı Xalq
yazıçısı Anarın "Yaşamaq haqqı"
kitabından götürülüb.
525-ci qəzet.- 2024.- 19
aprel,№67.- S.11.