Peşəsinə vurğun

 

Azərbaycanın neft-qaz sektorunun tanınmış simalarından biri, təcrübəli mütəxəssis, ömrünün böyük hissəsini ölkənin neft-qaz sənayesinin tərəqqisinə həsr etmiş, "Tərəqqi" medallı Aydınbay Amanovun 75 yaşı tamam olur. Neft-qaz sektorunda 50 illik iş stajına malik A.Amanov peşəkar fəaliyyəti dövründə əhəmiyyətli xidmətlər göstərib, bu sahənin inkişafına bir çox töhfələr verib.

Aydınbay Amanov 1949-cu ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. Anası Tibb İnstitutunu bitirdikdən sonra Salyana təyinat alıb və orada ailə qurub. Atası 1-ci dərəcəli müharibə əlili olub, 1939-cu il fin, 1941-1945-ci illər alman faşizminə qarşı müharibələrdə iştirak edib. Hər iki valideyni çox savadlı, təhsilli, dövrünün nüfuzlu insanları olub. "Onlardan bizə miras qalan da məhz bu adları, elmə, mədəniyyətə, yaradıcılığa olan həvəs və sevgiləridir" - deyir Aydınbay müəllim.

Səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini fəhlə-gənclər axşam məktəbində davam etdirib: "Axşam məktəbində oxuya-oxuya işləməyə başladım. 15 yaşımdan sovxozda əvvəl elektrik montajçısı, sonra isə maşın hesablama mərkəzində operator kimi 5 il çalışdım. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil oldum. Burada oxuya-oxuya gecə növbəsində işləyirdim. İnstitutun neft və qaz quyularının qazılması üzrə tam kursunu 1974-cü ildə bitirdim. İnstitutu bitirdikdən sonra təyinatla gənc mütəxəssis kimi "Azneft" İstehsalat Birliyinin tərkibindəki  Kürsəngi Qazma İşlər İdarəsinə göndərildim. Orada qazmaçı, mühəndis-texnoloq, böyük mühəndis və sahə rəisi vəzifələrində işlədim. İş rejimim çox ağır idi. 1974-1981-ci illərdə Kürsəngi Qazma İşlər İdarəsi il ərzində 80-100 min metr qazma işləri aparırdı. İldə 28-30 quyu ortaya çıxarırdıq. Həftədə iki gün evə gedirdim, qalan günləri buruqlarda olurdum. Yaxşı işlədiyimə görə məni "Azneft"ə qazma istehsalat departamentinə rəis müavini təyin etdilər. 1987-ci ilə kimi burada işlədim. 100-ə yaxın qazma briqadası var idi. İldə 320 min metrdən artıq istismar və 100 min metrə qədər kəşfiyyat quyuları qazılırdı.

1987-ci ildə Nazirlər Kabinetinin Neft və neft kimyası şöbəsinə işə dəvət olundum, neft-qaz sahəsinə kuratorluq etdim. Orada işlədiyim beş il müddətində Saatlı-İmişli-Beyləqan, Oğuz-Şəki-Qax, Zaqatala-Balakən, Yevlax, Şəmkir-Gədəbəy və digər istiqamətlərdə 400 kilometrdən artıq yüksək təzyiqli magistral qaz boru kəmərlərinin etibarlı, davamlı, təhlükəsiz çəkilişində aparılan tikintiyə nəzarət etdim".

A.Amanov Dövlətin tapşırıqlarına əsasən bir sıra layihələrdə əsas icraçı kimi iştirak edib:

- Azərbaycan-İran-Naxçıvan istiqamətində qazın verilməsinə hazırlıq işlərinə;

- İran qazının yeraltı qaz anbarlarına vurulmasında və təkrarən qaytarılmasında;

- "Azərbaycan qaz sənayesinin reabilitasiya" proqramının hazırlanmasında;

- "Azərbaycan qaz sənayesinin inkişafı" proqramının hazırlanmasında;

- Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində;

- Təbii qazın çatışmadığı 1992-1995-ci illərdə Nazirlər Kabinetinin qərarına əsasən Klirinq üsulu ilə Türkmənistandan və Qazaxıstandan qazın alınmasında.

A.Amanovun xüsusi təşəbbüsü və təklifi ilə 1992-ci ildə qaz təsərrüfatı sahəsi (qaz şəbəkəsi, yüksək təzyiqli magistral qaz sistemi, qəbulu, paylanılması və s.) Dövlət Yanacaq Komitəsinin tərkibindən ayrılır, Nazirlər Kabinetin qərarı ilə onun bazasında müstəqil Azəriqaz Dövlət Şirkəti yaradılır. İstehsalatda və neft-qaz-nəql sahəsindəki təcrübəsi nəzərə alınaraq o, yeni yaradılan şirkətə prezidentin birinci müavini təyin edilir və 1997-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərir. 1997-2006-cı illərdə isə o, qazın qəbulunda, nəqlində, saxlanmasında, respublika üzrə paylanmasında və tranzitində Dispetçer xidmətinə rəhbərlik edir.

2006-cı ildə Dövlət Neft Şirkətinin Qaz Əməliyyat İdarəsinə baş mühəndis təyin olunan A.Amanov 2009-cu ildən bir müddət "Azəriqaz" İB-də direktorun istehsalat üzrə müavini vəzifəsində çalışır, 2011-ci ildə Yüksək təzyiqli boru kəmərləri qaz əməliyyat idarəsinə keçir, orada rəisin əməyin mühafizəsi və təhlükəsiz texnika üzrə müavini, 2013-2017-ci illərdə isə müşavir kimi fəaliyyət göstərir.

 

ZƏNGİN TƏCRÜBƏ

 

Zəhməti, işgüzarlığı və zəngin təcrübəsi sayəsində pillə-pillə yüksələn Aydınbay Amanovun keçib gəldiyi yol rahat və hamar olmayıb - acılı-şirinli günlər yaşayıb, əzab-əziyyətlərə qatlaşıb, çətinliklərlə üzləşib, amma heç vaxt sarsılmayıb, ruhdan düşməyib. Parisdə TASİS proqramı üzrə Biznes, İdarəetmə və Menecment İnstitutunda kurs keçib, MDB, EKO kimi dövlətlərarası neft və qaz üzrə Şuranın iclaslarının iştirakçısı olub, qazandığı bilik və təcrübəni çalışdığı sahədə inamla həyata keçirib, bir sıra mühüm layihələrin reallaşdırılmasında yaxından iştirak edib; Azərbaycan tərəfindən üçüncü ölkəyə tranzit qazının qəbulu, paylanması, nəqli və saxlanması sahəsində aparılan siyasətin ölkədə həyata keçirilməsi üçün vahid orqanın yaradılmasının əlverişliliyinin iqtisadi cəhətdən əsaslandırılması, Türkmənistan, Qazaxıstan və Rusiyadan təbii qazın alınmasının iqtisadi səmərəliliyinin əsaslandırılması, Azərbaycanda qaz sənayesinin bərpası layihələrinin, eləcə də Azərbaycanda illik yanacaq-enerji balansının işlənib hazırlanması və s.

 

ÇƏTİN VƏ ƏHƏMİYYƏTLİ SAHƏ

 

Aydınbay Amanovun sözlərinə görə, neft-qaz sahəsi hər zaman çətin və əhəmiyyətli sahə olub. İqtisadiyyatımız bilavasitə bu sahələrdən asılıdır: "Əvvəllər quyunu 5 metr qazırdılar, daha sonra 500 metr. Hazırda isə 7-8 min metrlik quyular qazılır. Son illərdə həyəcan təbili çalınır ki, Azərbaycanda neft bitir. Əslində isə belə deyil. Bizim neft ehtiyatımızın hələ təxminən yarı hissəsi çıxarılıb. Torpağımız zəngindir. Məsələn, deyək ki, Amerikada 90 və ya 95 faiz nefti çıxarırlar. Bizdə isə hələ neft çoxdur və əminliklə deyə bilərəm ki, daim olacaq. Sadəcə bu nefti yeni texnologiyalarla çıxarmaq lazımdır. O vaxtı quyu sırf neft üçün qazılırdı. Qaz isə heç kimi maraqlandırmırdı. İndi isə neftlə qaz paralel əhəmiyyətdədir. Son zamanlar qaz xüsusilə mühümdür. Hazırda respublika ərazisinin 96 faizi qazlaşdırılıb. Hər sahədə qazdan istifadə edilir. Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür. Zəngin qaz yataqlarımız var və dəqiq yerləri də bilinir. Quruda 100-dən artıq neft-qaz yataqları var. Bundan əlavə, çoxlu hazır köhnə quyular da var ki, onlar bərpa olunmalıdır".

 

"RƏHBƏR VƏZİFƏ HEÇ KİMƏ İŞÇİLƏRLƏ PİS DAVRANMAQ SƏLAHİYYƏTİ VERMİR"

 

Aydınbay Amanov "Azneft" İB-nin İstehsalat qazma şöbəsinin rəis müavini vəzifəsində çalışdığı dövrdə daxili əsasnamə və qaydalara müvafiq olaraq qurudakı 7 qazma və kəşfiyyat idarəsinin - Abşeron, Siyəzən, Neftçala, Əli Bayramlı, Kürsəngə Qaz istismar idarələrinin, habelə Qobustan, Carlı və 15 min metr Saatlı kəşfiyyat idarəsinin işinin etibarlı, təhlükəsiz və davamlı şəkildə aparılması, yataqlardan kolonların buraxılması, sementləşdirilməsi, sınaqdan keçirilməsi və sair işlərin görülməsinə birbaşa məsuliyyət daşıyıb: "Rəhbər vəzifədə çalışmaq çox çətindir. Əgər sən o pilləyə fəhləlikdən gəlmisənsə, çətinlik görmüsənsə, onda fəhləni də, işçini də yaxşı başa düşəcəksən, onlarla insan kimi davranmağı biləcəksən. Yox, əgər sən işi, istiqaməti bilmədən, hardansa, hansı yollasa gəlib vəzifəyə təyin olunmusansa, onda heç zaman işçini anlaya bilməzsən. Prezident İlham Əliyevin də hər zaman məmurlara əsas tapşırığı budur ki, tez-tez rəhbərlik etdikləri obyektlərə çıxsınlar, problemləri yerində həll etsinlər, insanlarla, işçilərlə yaxşı davransınlar, onları incitməsinlər. Rəhbər vəzifə heç kimə işçilərlə pis davranmaq səlahiyyəti vermir. Bunun üçün xarakterin, insanlığın yerində olmalıdır. Bu yerlərə mən lap bünövrədən gəlib çıxmışam. Bu sektorun hər sahəsində işləmişəm. Ən çətini qazma işi idi ki, mən işə oradan başlamışam".

 

SƏMƏRƏLİ TƏKLİFLƏR

 

Yüksək təzyiqli magistral qaz boru kəmərlərinin, onlara daxil olan qurğu və avadanlıqların texnoloji prosesləri təkminləşdirməsini, habelə istər respublika daxilində, istərsə də ondan kənarda etibarlı, davamlı, uzunmüddətli və təhlükəsiz istismarını təmin etmək məqsədilə Aydınbay Amanovun bir neçə texnoloji təklifi onun özünün nəzarəti altında icraya yönəldilib.

- "Qalmaz" və "Qaradağ" yeraltı qazsaxlama anbarlarına hər iki istiqamətdə vurulan qazın həcminin artırılması məqsədilə Sanqaçal terminaldan qəbul edilən yüksək təzyiqli Şahdəniz qazının təzyiqinin Sanqaçal baş qurğusunda 9 Mpa-dan 5.5 Mpa-ya qədər aşağı salınması;

- "Qalmaz" və "Qaradağ" yeraltı qazsaxlama anbarlarına hər iki istiqamətdə vurulan qazın həcminin artırılması məqsədilə Sanqaçal terminaldan qəbul edilən yüksək təzyiqli Şahdəniz qazının təzyiqinin Sanqaçal baş qurğusunda 9 Mpa-dan 5.5 Mpa-ya qədər aşağı salınması üçün tənzimlənmə qurğusunun quraşdırılması;

- Bununla həm də Sanqaçal terminalından Şahdəniz qazını Ərzurum xəttinə vuran kompressor stansiyalarının işində problem yaranacağı zaman platformalardakı qaz quyularının dayandırılması təhlükəsi aradan qaldırılır, qaz axınını tənzimləyərək onun istənilən istiqamətə ötürülməsi mümkün olur;

- Təzyiqi 9 Mpa-dan 5.5 Mpa-ya qədər aşağı salmaqla, qurğuda əlaqələndirici kran (700 mm) quraşdırmaq yolu ilə tənzimlənən qazın "Qalmaz" yeraltı qazsaxlama anbarına vurulması prosesini (48-50 atm) Hacıqabul qaz kəmərini işlətmədən həyata keçirmək mümkün oldu. Bu isə təkcə 2 milyon manat həcmində elektrik enerjisinə qənaət etməyə imkan verdi.

- "Azəri-Çıraq-Günəşli" yataqlarında əvəzssiz hasil olunan qazı Sanqaçal Baş Qurğuları Terminalından "Nərimanov" Ölçü Qovşağınadək 1.2 əlaqələndirici xətt və ölçü qovşağı quraşdırmaqla gün ərzində 4 mln. kubmetrədək əlavə qazın emala verilməsi;

Labaratoriya təhlillərinə görə, "28 May Neft Qaz Çıxarma İdarəsində hasil olunan qaz "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan qaz ilə müqayisədə ağır karbohidrogen (propan-butan) fraksiyası ilə 3-4 dəfə zəngindir. Onu da qeyd edək ki, hər 1000 kubmetr qazdan 60-70 kiloqram ağır fraksiya məhsul alınırdı. Halbuki ondan əvvəl bu rəqəm 20-30 kiloqram idı. İlkin hesabatlara əsasən, alınan ağır karbohidrogen (C3-C5) fraksiyaları ildə 50 min tona qədər artırmaq, 15-20 mln. manat mənfəət əldə etmək olar. Hazırda bu düyünlə "Ümüd" yatağından, eləcə də digər yataqlardan hasil olunan qazın qəbulu təşkil olunub.

Əvvəllər olduğu kimi, indi də Aydınbay Amanov müxtəlif təkliflərlə çıxış edir. O, Avropaya nəql edilən Azərbaycan qazının həcminin artırıldığı bir vaxtda ölkənin yeraltı qazsaxlama anbarının tutumunun artırılmasına zərurət yarandığını əsas gətirərək bununla bağlı təklif  irəli sürüb.

Təcrübəli mütəxəssis hesab edir ki, Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə - 26 mlrd. kubmetrə qədər artırılması, habelə bu qazın yaz-qış mövsümü ilə əlaqədar, istehlakçıların qeyri-bərabər istifadəsi nəzərə alınmaqla uzunmüddətli, etibarlı, davamlı və təhlükəsiz nəqli məsələsi hazırda mövcud olan iki yeraltı qazsaxlama anbarını bu layihənin ayrılmaz hissəsinə çevirə bilər: "Yaz-qış mövsümündə quyulardan hasil olunan yüksək təzyiqli qazın davamlı və təhlükəsiz istismarı məqsədilə həcmin qeyri-bərabər tənzimlənməsi zamanı çıxarılan qazın bir hissəsinin yeraltı qazsaxlama anbarına yönəldilməsi zərurəti yaranır. Bu da öz növbəsində əks təzyiq məsələsi baxımından quyuların mühafizə olunmasına dəlalət edir. Qış mövsümündə tələbatın artırılması ilə əlaqədar yeraltı qazsaxlama anbarındakı ehtiyat qazın yenidən xaricə gedən sistemə qaytarılması lazım gəlir. Bundan əlavə, mədən və quyularda texniki və texnoloji nasazlıqlar və hansısa fövqəladə vəziyyət yarananda, eləcə də digər amillərin təsirindən problemlər ortaya çıxanda yeraltı qazsaxlama anbarları qaz təchizatını öz üzərinə götürə bilir. Yüksək təzyiqli magistral qaz xətlərinin ayrılmaz hissəsi sayılan yeraltı qazsaxlama anbarları respublikamızın Avropanın qaz təchizatında etibarlı tərəfdaş olması baxımından da vacib əhəmiyyət kəsb edir. Ona görə də yeraltı qazsaxlama anbarlarının qaz tutumunun artırılması məsələsinin ümumi Dövlət Proqramında nəzərə alınmasına böyük ehtiyac var.

Azərbaycanın təbii qaz ehtiyatlarının həm öz ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən ölkələrə azı 100 il kifayət edəcəyi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri xatırladan Aydınbay Amanov bildirir ki, Avropa Komissiyası ilə razılaşmaya əsasən, 2022-ci ildən başlayaraq 5 il ərzində xaricə nəql olunacaq qazın həcminin iki dəfə və ya 26 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub: "Xaricə nəql ediləcək əlavə qazın həcminin "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" və yeni açılmış "Abşeron" yataqlarının hesabına artırılması planlaşdırılır. Laboratoriya təhlili göstərir ki, "Azəri-Çıraq-Günəşli" yatağından əldə edilən təbii qaz digər yataqlardan emal zavoduna nəql olunan qazla müqayisədə ağır karbohidrogen (C3-C5) fraksiyaları ilə 3-4 dəfə zəngindir. 2008-ci ildə Azərbaycan Qaz Emal Zavodunda təxminən 3-4 ay ərzində bəzi texniki-texnoloji işlər aparılmaqla Sənqəçal Baş Qurğularından həmin zavoda "Azəri-Çıraq-Günəşli" yatağından gün ərzində 3-4 mln. kubmetr qaz emala verilmişdi".

Bu deyilənləri nəzərə alaraq A.Amanov bir sıra addımların atılmasını məqsədəuyğun hesab edir: "Birinci mərhələdə Sənqəçal terminalından qəbul edilmiş "Azəri-Çıraq-Günəşli" qazının bir hissəsini "Qaradağ" qazpaylama məntəqəsinin ərazisində müvafiq texniki-texnoloji dəyişikliklər aparılmaqla emala istiqamətləndirilməsini, digər tərəfdən daxili qaz nəqli sistemində Sənqəçal terminalının, yaxud da yeraltı qazsaxlama anbarlarının ərazisində mühafizə zonalarını qorumaq şərti ilə kiçik həcmli (3-4 mln.kubmetr/gün) MODUL tipli emal qurğularının quraşdırılmasını təmin etmək lazımdır. İkinci mərhələdə respublikamızın Avropanın qaz təchizatında etibarlı tərəfdaş olması baxımından və əməkdaşlıq çərçivəsində yüksək təzyiqli magistral qaz xətlərinin ayrılmaz hissəsi sayılan yeraltı qazsaxlama anbarları ərazisində konteyner bloklu (böyük həcmli) emal qurğularının təşkili məqsədilə dünyada tanınan və Azərbaycanla əməkdaşlıq edən nüfuzlu şirkətlərlə (məsələn, neft-qaz sahəsində ən nüfuzlu şirkət olan CAMERON şirkəti) görülən işlərə emal qurğularının yerli lokasion çərçivəsində işbirliyinə ehtiyac var.  Fikrimcə, ölkəmizdə qaz hasilatı, emalı və nəqli prosesinin, mövcud qaz cihazlarından və digər avadanlıqlardan istifadənin mövcud infrastrukturunun təhlilini aparmaqla və ən son emal texnologiyalarından bəhrələnməklə geri qaytarılan bu investisiyalara xüsusi diqqət yetirilməsi qısa müddətdə Azərbaycan iqtisadiyyatına xeyir verə, büdcəyə əlavə gəlirlər gətirə bilər".

 

DƏM QAZI TƏHLÜKƏSİNDƏN NECƏ QORUNMALI?

 

Aydınbay Amanovun sözlərinə əsasən, bir çox evlərdə mərkəzləşdirilmiş istilik sisteminin olmaması isinmə üçün əhalinin istifadə etdiyi həm qaz, həm də elektrik enerjisinin istehlak həcminin artmasına səbəb olur. Bununla yanaşı, abunəçilər otağı qızdıran zaman tez-tez standartlara uyğun olmayan qaz cihazlarından istifadə edirlər. Digər tərəfdən, bir çox halda qazdan istifadə və qazın çəkilməsi qaydaları pozulur. Mərkəzləşdirilmiş istilik sistemindən istifadə isinmə üçün istifadə edilən qazın həcmini azaldar və dəm qazından boğulma halları da aradan qalxar. Dəm əsasən qazın natamam yanmadığına görə əmələ gəlir. Bu zəhərli qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir: "Mövcud tələblərə görə hər il soyuqlar düşməzdən əvvəl bütün yaşayış binalarının tüstü bacaları təmizlənməlidir. İndi bu məsələ heç kimi maraqlandırmır. Hazırda tüstü bacalarını kim təmizləməlidir, dəqiq məlum deyil. Dəm qazından qorunmaq üçün havadəyişmə yollarını qış mövsümü başlamazdan əvvəl, tüstü bacalarını isə ən azı ildə iki dəfə təmizlətdirmək vacibdir. Müşahidələr göstərir ki, vaxtilə isti su ilə təchiz olunan binaların vanna otaqlarında hazırda əldəqayırma, standartlara uyğun gəlməyən qaz suqızdırıcıları quraşdırılıb. Belə mənzillərdə qaz samovarlarının tüstü boruları binaların hava təmizləyici borularına birləşdirilib ki, bu da yolverilməz hesab olunur. Əhali evlərdə hamamın havasını dəyişmək üçün qoyulan gözlüklərin əhəmiyyətini bilmədən onu qapayır. Əksəriyyəti bilmir ki, bu, hər an havanı dəyişmək deyil, ən azından bu kimi hallarda təhlükənin qarşısını almaq üçün nəzərdə tutulub".

 

YARATMAQ ŞÖVQÜ

 

Söhbət boyu öz fikirlərinin incəliyinə qədər izah etmək məqsədilə Aydınbay müəllim daha çox öz peşəsinin spesifik nüanslarını qabartmalı olurdu. İş prinsipləri populyar olmayan fəaliyyət sahələrin mütəxəssislərinin dedikləri belə spesifik nüansların oxucular üçün adətən elə də cəlbedici görünmədiyini göz önünə gətirib, bir çox məqamlarda həmin incəlikləri yazmamaq qərarına gəldik. Amma həmsöhbətimizin əvvəldən-axıracan xüsusi şövqlə, bu illər ərzində bağlandığı işindən böyük sevgi ilə danışması onun öz peşəsinin əsl vurğunu olduğunu görmək üçün kifayət edirdi. Elə bu vurğunluğun təzhürü idi ki, illər bir-birini əvəzləsə də, yaş üstə yaş gəlsə də, Aydınbay Amanov bu gün də əzmlə çalışır, fəaliyyətini davam etdirir. Ömrünün müdrik çağında idmanla məşğul olur, hətta gənclərlə birgə futbol oynamağından da qalmır. Necə deyərlər, saçları ağappaq görünsə də, qəlbi cavandır. Bu da əlbəttə, Aydınbay müəllimin xarakterinin bitkinliyindən, mənəviyyatının saflığından və qəlbinin təmizliyindən irəli gəlir. Aydınbay Amanov ömrünü şərəflə yaşamağı hər şeydən üstün tutan insanlardandır. Daşıdığı vəzifəyə hər zaman böyük məsuliyyət hissi ilə yanaşır. Tutduğu vəzifə ilə, gördüyü işlərlə öyünmək onun təbiətinə yaddır.

Aydınbay Amanovu 75 illik  yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, onu möhkəm cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

S.QARAYEVA

525-ci qəzet.-  2024.- 19 aprel,№67.- S.8-9.