"Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar

 

2016-cı ildən etibarən ölkənin təhsil sistemində yeni, çox ciddi əhəmiyyət kəsb edən "Məktəblinin dostu" adlı layihə tətbiq olunur. Məqsəd müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Həmçinin, yetişməkdə olan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması da məqsədlərdən biridir. Layihə bu tədris ilindən Gəncə, Lənkəran, Masallı və Cəlilabad şəhərlərində ümumilikdə 12 məktəbdə tətbiq olunur. Beləliklə, layihə Bakı, Sumqayıt, Abşeron da daxil olmaqla hazırda ölkə üzrə 238 məktəbi əhatə edir.

Yetişməkdə olan gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması olduqca vacibdir. Çünki vətənpərvər ruhda böyüdülən, tərbiyə edilən hər bir uşaqda mərhəmət, vicdan hissi olur. Vətənini sevirsə o, ailəsini də, sevəcək, heyvanlara, insanlara, ətrafında olan hər kəsə insani münasibət bəsləyəcək: "Layihə çərçivəsində bu istiqamətdə həyata keçirdiyimiz işlər çoxdur. Məktəblərdə ilboyu kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönələn tədbirlər, məktəblərarası bilik yarışları mütəmadi təşkil olunur.

Elm və təhsil naziri Emin Əmrullayev layihənin uğurlu təşəbbüslərdən biri olduğunu bildirib. Nazirin sözlərinə görə, təhsil müəssisələrində təhlükəsiz mühitin daha da təkmilləşdirilməsində məktəblinin dostlarının dəstəkləyici rolu təqdirəlayiqdir. Ölkənin bütün ümumi təhsil müəssisələrində bu layihənin tətbiqinin arzu edilən olduğunu vurğulayan Emin Əmrullayev diqqətə çatdırıb ki, layihə gənclərin məşğulluğuna da müsbət təsir göstərir: "Xüsusilə pedaqoji ixtisasları bitirən məzunlar üçün bu layihədə işləmək onların məktəb mühitində yaxşı təcrübə toplamaları və təhsil sahəsində karyeralarını qurmalarına şərait yaradır. "Məktəblinin dostu" layihəsinin bütün məktəblərdə olmasını arzu edirik. Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə, hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn uşaqların davranışı digər uşaqların həyatına təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual oluna bilər ki, niyə məktəb özü etmir, "Məktəblinin dostu" layihəsinə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədə, heç Elm və Təhsil Nazirliyinə bildirməməyə və məktəb daxilində həll etməyə çalışılır. Bu tip hadisələrin həllini tapması üçün ört-basdır edilməsi yox, müzakirə edilməsi tərəfdarıyıq".

Nazirin sözlərinə əsasən, bu layihə sadəcə bir alətdir: "Məktəb daxilində hansısa boşluqları sistemli şəkildə qarşılaya bilmiriksə, o zaman müvəqqəti həll yolu tapırıq. Proqnozlara görə, ümumi təhsil müəssisələrində hələ uzun müddət "Məktəblinin dostu"na ehtiyac olacaq. İndiki məktəb modeli köhnədir. Valideynlər işə gedir, bu müddətdə məktəb uşağın qeydinə qalır, ona təhsil verir. Təhsil o qədər müqavimət göstərən sahədir ki, onun dəyişməsi elə də asan deyil. Hər dəfə təhsil məzmununu dəyişmək müəllimlərin əməkhaqlarına dəyişiklik edilməsi deməkdir".

"Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev deyir ki, 2016-cı ildən bu günə qədər "Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib. Layihə çərçivəsində 2 min 586 dəfə təcili tibbi yardım çağırılıb: "Layihə fəaliyyətə başladığı gündən məktəblərdə 22 dəfə yanğının qarşısı alınıb. Həmçinin iki mindən çox uşağa psixoloji yardım göstərilib. 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib".

R.Ağayev qeyd edib ki, "Məktəblinin dostu" layihəsi direktora, məktəb heyətinə bir dəstəkdir: "Məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətləri və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarıqlarının formalaşdırılmasında iştirak edirlər.

Məktəbdə şagirdlər iti və kəsici alətlərdən istifadə edilərək qorxudulduğu zaman məktəbdə ən çox məlumat verdikləri "Məktəblinin dostu"dur. "Məktəblinin dostu"nu şagirdlərin böyük əksəriyyəti tanıyır. Şagirdlərin böyük əksəriyyəti qeyd edib ki, "Məktəblinin dostu"nun gəlişi müsbət fərqlilik yaradır. Məktəbdə daha az dava olur. "Məktəblinin dostu" yanğın hadisələrinə daha tez müdaxilə edir. "Məktəblinin dostu" məktəbdə şagirdlərin kömək istəyəcəyi insan olur. Onlardan  kömək istəmək rahatdır. "Məktəblinin dostu" hər zaman kömək etməyə hazırdır".

Orxan Yusifli 200 nömrəli tam orta məktəbdə çalışan məktəblinin dostlarından biridir və 7 ildir ki, bu layihə üzrə fəaliyyət göstərir.  Sumqayıt Dövlət Universitetini "İqtisadi idarəetmə" ixtisası üzrə bitirən gənc fəaliyyətini tamamilə bu sahəyə yönəldib. Əsas vəzifəsinin məktəbdə təhlükəsiz, sağlam psixoloji mühit yaratmaqdan, valideyn, müəllim və şagirdlər arasında olan əlaqələri gücləndirərək onlara köməklik göstərməkdən ibarət olduğunu deyir: "Şagirdlərə düzgün davranış qaydalarını aşılamaq məqsədilə bizim layihənin əməkdaşları və Psixoloji Mərkəzin psixoloqları tərəfindən mütəmadi olaraq təlimlər keçirilir. Digər iş prinsipimiz odur ki, fövqəladə və ya digər neqativ hal baş verərsə, həmin hadisəyə müdaxilə edərək tez bir zamanda ilkin yardım göstərməyi bacarırıq".

O bildirir ki, mən özüm də valideynəm və şagirdlərlə olan münasibətlərə həm də bir valideyn gözü ilə baxıram: "Övladlarımın məktəbə getməyinə az bir müddət qalıb. Ona görə də çalışıram ki, məktəbdə sağlam psixoloji mühit yaradaq ki, sabah övladlarımız da bu təhsil müəssisələrində təhsil alanda davranış pozuntuları ilə, neqativ hallarla qarşılaşmasın. "Məktəblinin dostu" layihəsinin əməkdaşlarının özləri mütəmadi olaraq təlimlərdə iştirak etdiyi üçün məktəbdə olan psixoloji mühitin, davranış normalarının ən yaxşı vəziyyətdə olmasını təmin etməyə çalışırlar. "Məktəblinin dostu" elə bir obrazdır ki, şagirdlər çox rahat şəkildə öz istəklərini, sevinclərini, narazılıqlarını bizə deyə bilirlər. Çünki biz şagirdlərə yaxınıq".

200 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəblinin dostu Leyla Ağayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix müəllimliyi" ixtisasını bitirib, "Təhsildə sosial-psixoloji xidmət" ixtisası üzrə isə magistr dərəcəsinə yiyələnib. 3 ildən çoxdur ki, "Məktəblinin dostu" layihəsinin əməkdaşı olan Leyla bildirir ki, ibtidai siniflərdən başlayaraq yuxarı siniflərə qədər daim şagirdlərlə ünsiyyətdə olurlar, onların davranışlarını müşahidə edirlər: "Şagirdlərin öz aralarında və ya valideynləri ilə problem yarandıqda müraciət etdikləri birinci şəxs biz oluruq, onlara problemlərində həll yolları axtarmaqda kömək edirik. Biz özümüz çox zaman müxtəlif hadisələr müşahidə edirik və gərəkli məqamlarda ilkin tibbi və psixoloji yardımlar göstəririk. Eyni zamanda şagirdlərə müxtəlif situasiyalarda davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlimlər təşkil edirik. Məktəbdə müxtəlif intellektual və idman yarışlarının, tədbirlərin keçirilməsi də şagirdlərlə onlar arasındakı münasibətlərə çox müsbət təsir göstərir. Uşaqlar belə yarışlara daha çox həvəslidirlər, həmçinin davranış qaydaları ilə bağlı təlimlərdə də çox böyük maraqla iştirak edirlər. "Bu baxımdan şagirdlər hər zaman bizi, sözün əsl mənasında, özlərinə yaxın dost kimi qəbul edirlər".

Bu məktəbdə çalışan Samirə Quliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirib. Həmkarlarının dediklərinə əlavə olaraq Samirə bildirir ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunur, "Uğurlu peşə seçimi", "Məktəblinin sağlam qidası", "Zərərli vərdişlərə son", "İnsan hüquqları", "Sosial şəbəkələrdən faydalı istifadə" və digər mövzularda da təlimlər keçirilir.

"Müşahidələrimizdən və məktəbdə həll etdiyimiz problemlərdən əlavə, biz "Yay məktəbi" təşkil edirik. Məktəblilər yay tətilinə çıxdığı zaman biz onlar üçün yenə də təlimlər, yarışlar keçirir, oyunlar qururuq, film saatları, kitab günləri təşkil edirik. 5, 6, 7 və 8-ci siniflərdə oxuyan şagirdlərin xüsusilə bu yaş dövründə nəzarət altında olması və düzgün yönləndirilməsi üçün həmin məktəblilərin təlimləndirilməsinə daha diqqətlə yanaşırıq.  9, 11-ci siniflərdə imtahan stressi çox böyük olduğundan onlara imtahanlarla, imtahan stressini necə idarə etmələri ilə bağlı layihə psixoloqlarımız mütəmadi şəkildə təlimlər keçirlər".

Samirə Quliyeva hesab edir ki, məktəblinin dostları hər keçən gün məqsədinə daha da yaxınlaşır.  Məktəbli ilə arasındakı məsafə aradan qalxdıqca valideynlərin onlara güvəni artır. Məktəb dəhlizlərində şagirdlərin sevgi dolu baxışlarını hiss etmək isə onları daha da ruhlandırır.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.-25 aprel,№71.-S.15.