Çaparaq notlar
Stalinin arvadı
Nadejda Alliluyevanın faciəli həyatı
Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə
bağlı tarixi-sənədli əsər üzərində
işləyirəm. Personajların
sırasında fəaliyyətinin
mühüm dövrü Bakı ilə bağlı olan
İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva
da var.
Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə
Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç
peşəkar inqilabçı idi.
Nadejdanın damarında gürcü, alman və
qaraçı qanı qarışıb birləşmişdi.
O, çılğın, söz götürməyən, təvazökar,
azadlıqsevən bir qızdı.
Stalinlə Sergey köhnənin tanışları idilər.
Hətta Nadejda uşaq olarkən gənc Koba bir müddət
Bakıda onların evində yaşamışdı. Bir
çox tarixçilər gənc inqilabçı ilə
yaşlı Sergeyin arvadı Olqanın çox yaxın
münasibətdə olduğunu da yazırlar. Onlar
yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin
bu "dostluğuna" xüsusi bir əhəmiyyət
vermirdi.
Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman
Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.
Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi:
Vasili və Svetlana.
Nadejda bir müddət milli münasibətlər
komissarlığında Stalinin yanında, habelə
"İnqilab və mədəniyyət" jurnalında,
"Pravda" qəzetində işləmişdi. Onun fəaliyyətinin
böyük bir qismi Xalq Komissarları Soveti ilə
bağlı olub. Məlumdur ki, XKS-nin sədri Lenin idi. Nadejda
Semyonovna burada Leninin katibliyində
çalışırdı. Hətta deyilənə görə,
Stalin öz arvadı vasitəsilə Leninə gələn
gizli, məxfi məktubları əldə edərək
qarşılayıcı tədbirlər görürmüş.
Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn,
o, 1921-ci ildə bir müddət arvadı ilə
danışmadı. Səbəb də bu idi ki, niyə
arvadı ona "siz" deyə müraciət edir. Hətta həmin
il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa
olunmuşdu. Bütün bu baş verənlərdə Stalinin
rəyi yox deyildi.
Bir dəfə növbəti ailə mübahisəsi
zamanı Nadejda ərinə demişdi: "Sən
başqasına əzab verməkdən həzz alırsan.
Öz oğlunu, öz arvadını, hətta bütün
ölkəni əzməkdən feyziyab olursan".
Nadejda "Promakakdemiya"da oxuyarkən
çoxları, daha doğrusu, rektordan başqa heç kəs,
bu qadının Stalinin advadı olduğunu bilmirdi. Nadejda
öz soyadını da dəyişməmişdi,
qızlıq familiyasını saxlamışdı. İşə
və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
Zəruri qeyd. Sonralar Sov. İKP MK-nın lideri
olmuş Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə
yoldaşı olmuşdu. O zaman gənc Xruşşovu öz ərinə
məhz Nadejda təqdim etmişdi.
Nadejda Alliluyeva təbiətən ürəyiyumşaq,
emosional bir qadındı. O, özünün bir neçə
tələbə və iş yoldaşlarını dəfələrlə repressiyanın cəngindən xilas
edə bilmişdi. Amma bəzən cəza idarələri onu
eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı
OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən
imtina edərək demişdi: "Mən artıq heç nə
edə bilmərəm. Çox şey mənim imkanım
xaricindədir".
O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı
bacısına tez-tez baş çəkirdi. Daim sadə
adamların arasında olurdu. Ölkədə baş verən
faciələrin, yaranan xofun, həyata keçirilən
repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi.
O, yeganə adam idi ki, ərinə öz iradını deyə
bilirdi. Bu "iradlara" görə Stalin onu bir neçə
dəfə təhqir etmişdi.
Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi
vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə
cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina
idi. Bu qadın Stalinin silahdaşı, SSRİ-nin xarici işlər
naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun
arvadı idi.
Zəruri qeyd. Jemçujinanın əsl ad-soyadı
Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində
doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla
ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi
olub. Jemçujina yüksək dövlət postlarında olub.
SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye
naziri vəzifəsində çalışıb.
1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə
"yəhudi millətçiləri ilə uzun illər cinayət
əlaqəsinə görə" maddəsi ilə həbs
olunub. Onunla bərabər, bir sıra yaxın qohumları,
habelə qardaş və bacısı da həbs edilmiş və
məhbəsdə həlak olmuşlar. Stalin ölən
günün səhəri Beriyanın əmri ilə həbsdən
azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan
Stalin ideyalarına sadiq qalıb.1970-ci ildə vəfat edib.
Nadejdanın digər rəfiqəsi Stalinin əvvəlki
arvadının qardaşı Aleksandrın həyat
yoldaşı Mariya idi.
Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna
Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart
ayının üçündə "NKVD"nin
çıxardığı qərara əsasən güllələnib.
Onun bacısı Mariko da "xalq düşməni" kimi
ölümə məhkum olunub.
Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə
Gürcüstanda doğulub. Stalinin birinci arvadının
qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin
(Korona) əri. Stalinin ən yaxın dostlarından biri.
Tanınmış bolşevik, tarixçi və
iqtisadçı. Şota Rustavelinin "Pələng dərizi
geymiş pəhləvan" poemasını gürcü dilindən
ruscaya tərcümə edib. 1937-ci ildə ildə
"yejovçu" və "alman casusu" kimi şərlənərək
həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin
adına əfv məktubu yazsa, qaynı onu
bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək
deyib: "Axı mən Stalindən nə üçün əfv
olunmağımı xahiş etməliyəm? Bəyəm bir
cinayətim olub?" O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra,
1941-ci il avqust ayının 20-də güllələndi. Stalin
qaynının əfv ərizəsi yazmadığını
eşidərkən istehza ilə belə deyib: "Bir buna bax,
gör necə qürurludur, ölümü xahişdən
üstün bilib".
İntihara səbəb kimi bir gün əvvəl -
1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət
zamanı ər-arvad arasındakı kiçik mübahisə
də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment
Varaşılovun evinə toplaşıb inqilabın on beş
illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı
içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi
qabığını arvadının üstünə ataraq
qışqıb: "Ey, sən də iç". Qadın əsəbiləşib
ona sərt cavab vermişdi: "Mən səninçün nə
"ey"əm, nə də "sən"...
Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən
sonra ziyafəti əsəbi halda tərk edərək evə
qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir
neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə
məhəl qoymayıb. Stalin səhərisi gün də evə
gəlib çıxmadı. O, sonralar nəzarətçilərin
dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.
Zəruri qeyd. Həmin xanım məşhur opera
müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı
Mçedlidze idi.
Təbiəti etibarilə çox ailəcanlı və
qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar
idi. Noyabrın səkkizindən doqquzuna keçən gün
gecə saatlarında Alliluyeva vaxtilə ona hədiyyə
olunmuş silahı -"Valter"
tapançasını əlinə götürüb
alnına dirədi. İntihar etdi.
Səhərisi günsə bayram konserti olacaqdı.
Nadejda Alliluyevanın xaç atası görkəmli
partiya və dövlət xadimi Avel Safranoviç Yenukidze olmuşdu. Stalin arvadı dəfn
olunan gün Yenukidzeni çağırıb dedi: "Onu sən
xtistian etmisən, get indi özün dəfn elə".
Zəruri qeyd. Yenukidze 1937-ci ildə "xalq
düşməni" kimi güllələndi.
Nadejda Alliluyevanın intiharı və ya
öldürülməsi ilə bağlı hələ
Stalinin öz sağlığında çoxlu fikir və
şayiələr yayılmışdı.
Rəsmi "Pravda" qəzetində Stalinə verilən
başsağlığında Alliluyevanın kor
bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi
göstərilirdi.
Müəmmalı olümlə bağlı digər
versiyalar da mövcuddur. Hətta deyilir ki, Nadejda Alliluyevanı
elə Stalinin yanında Budyonnı güllələyib.
Bəziləri Alliluyevanın özünü
öldürməsinin səbəbini ərinin törətdiyi
repressiyaların doğurduğu dəhşətlərlə
bağlayırlar.
Nadejdanın, hətta Stalinin birinci nikahdan
doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin
olduğunu və buna görə hiddətlənən Stalinin
özü tərəfindən güllələndiyini deyənlər
də var.
Nadejdanın yaxın rəfiqəsi və Stalinin
qaynı arvadı, bayaq haqqında söhbət
açdığımız Mariya Svanidze öz gündəliyində
yazırdı ki, bu hadisədən - arvadının
özünü öldürməsindən Stalin hədsiz dərəcədə
sarsılmışdı. Həmin xanım onu da yazır ki,
Nadejda son vaxtlar erkən klimaks və kəskin
başağrılarından əziyyət çəkirdi.
Stalinin qızı Svetlananın yazdığına
görə, bu intihara səbəb onun anasının psixoloji halı
- səhhəti ilə bağlı olub.
Həmin məclisdə iştirak edən Molotov öz
gündəliyində bu intiharı qısqanclıqla
bağlayır və yazırdı: "Onun damarından
qaraçı qanı axır".
Stalinin arvadının dəfni noyabrın on birində
baş tutdu. O, Novodeviçye qəbiristanlığında
torpağa tapşırıldı.
Stalinin bioqrafiyasının tədqiqatçısı
Dmitri Volkaqonov yazır ki, Nadejda ərinə
ölümqabağı məktub yazıbmış. Sonralar bu
məktub yoxa çıxdı.
Stalin arvadının atəş
açdığı tapançanı əlinə alaraq
demişdi: "Bu ki, oyuncaq bir tapançadır... Hər halda
mən pis ər olmuşam, onu kinoya aparmağa vaxt
ayırmamışam".
Bir çoxları "ellər atasının" dəfndə
iştirak etmədiyini yazsalar da, bu, yanlış informasiya
sayıla bilər; çünki Baş katibin cangüdəni
yazır ki, Stalin öz arvadının dəfnində sonacan
iştirak etmişdi.
Bir müddət sonra Nadejda Alliluyevanın məzarının
üstündə ağ mərmərdən heykəl qoyuldu.
Orada bu sözlər yazılmışdı: "Nadejda
Sergeyevna Alliluyeva-Stalina / 1901-1932 / ÜK(b)P-nin üzvü.
İ.V.Stalindən xatirə".
Arvadını ölümündən sonra Stalin Nadejda
Sergeyevnanın qardaşı Pavelgilə tez-tez baş çəkməyə
başladı. Çoxları bunu dahi rəhbərin öz
qohumlarına diqqəti kimi qəbul edirdi. Amma əslində bu
get-gəlin səbəbi ayrı şey idi: Stalin öz
qaynı arvadı Yevgeniya Alliluyevaya vurulmuşdu. Əlbəttə,
açıqfikirlı, düzünəqulu Yevgeniya Stalinin bu
arzusuna "yox" cavabı vermiş, onu az qala evdən
qovmuşdu. Bu imtinanın bədəli faciəvi sonluqla ödənildi.
Yevgeniya Alliluyeva və qızı Kira "xalq düşməni"
kimi həbs edildi, əri Pavel Alliluyev isə zəhərlənib
öldürüldü.
"Ellər atasının" ailə dramı haqda
kifayət qədər kitablar yazılmış, filmlər
çəkilmişdir.
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.-25
aprel,№71.-S.14.