Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində

 

 

Müasir dünyada baş verən qloballaşma prosesləri hər bir xalqın elm, təhsil və mədəniyyətinin inişafına ciddi təsir göstərir. Bu təsir millətlərin və müstəqil dövlətlərin milli-mənəvi varlığının təməl amillərindən olan milli təhsil, elm və mədəniyyətdə milli və mədəni dəyərlərinin itirilməsinə, nəticədə dövlətin milli təhlükəsizliyinə təhdid yarada bilən amilə də çevrilə bilər. Bu baxımdan təhsil milli təhlükəsizliyin daha etibarlı meyarı və başlıca prioriteti kimi çıxış edir. O, ölkənin iqtisadi inkişafı və milli müdafiəsi üçün vacib olan peşəkar insan kapitalı hazırlayır. Mükəmməl təhsilli insan resurslarının yeni texnologiyaları tətbiq etmək, yüksək keyfiyyətli xidmətlər göstərmək və ya iqtisadi yüksəlişi təmin etmək imkanları daha da çoxdur. Bu, Azərbaycanın qlobal şəraitdə bilik iqtisadiyyatında rəqabətə davamlılığını qorumaq və dövlət əhəmiyyətli risk və təhlükələrin qarşısını almaq üçün vacib şərtidir.

Təhsil vətəndaşlara öz hüquq və vəzifələrini dərk etməyə, demokratik proseslərdə iştirak etməyə kömək edir. Bu, həm də milli qürur və kimlik hissinin aşılanmasına, vətənpərvərliyin inkişafına stimul yaradan vasitədir. Bu, dövlətin milli təhlükəsizliyi sahəsində xarici təhdidlərə, daxili təxribatlara və dini radikalizmə qarşı dura bilən möhkəm vətəndaş cəmiyyəti qurmaq üçün də prioritet sahələrdən sayılır.

Təsadüfi deyil ki, dövlət başçısının 23.05.2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik Konsepsiyası"nın əsas strateji istiqamətlərindən biri "(4.3-cü bölmə)" də "Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması" adlanır. Konsepsiyada elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti dövlət təhlükəsizliyinin mühüm amili kimi götürülür. Təhsil sahəsində milli təhlükəsizliyin başlıca vəzifəsi kimi, ölkənin davamlı inkişafı üçün adekvat sayda, mükəmməl təhsil almış və təlim keçmiş peşəkar insan kapitalının inkişafı, həmçinin ölkənin elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, yeni innovativ texnologiyalara yiyələnməsi, beynəlxalq rəqabətliliyin möhkəmləndirilməsi hədəf kimi müəyyənləşdirilib.

Milli təhlükəsizliyin qorunmasında təhsilin rolu. Aydındır ki, təhsil hər bir cəmiyyətin və dövlətin ayrılmaz atributlarından biridir. Dövlət və cəmiyyət təhsilsiz yaşaya bilməz. Azərbaycanın təhsil sisteminin milli təhlükəsizliyə bilavasitə necə töhfə verdiyinə dair bəzi konkret nümunələri qeyd etmək vacibdir. Ölkədə təhlükəsizlik sektorunda karyera qurmaq və xüsusi xidmət keçmək üçün insan resursları hazırlayan bir sıra ixtisaslaşmış xüsusi təyinatlı ali təhsil müəssisələri (ATM) var. Məsələn, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Daxili İşlər Nazirliyinin Polis Akademiyası və digər bir sıra təhlükəsizlik, hərbi və hüquq-mühafizə qurumlarının xüsusi təyinatlı tədris müəssisələrində peşəkar kadrlar hazırlanır. Azərbaycan hökuməti terrorizmlə mübarizə və kibertəhlükəsizlik də daxil olmaqla bir sıra mövzularda təhlükəsizlik işçiləri üçün təlimlərin keçirilməsi və peşəkar xüsusi xidmət orqanları üçün kadr hazırlığı məqsədilə NATO ölkələri, xüsusilə qardaş Türkiyə ilə sıx əməkdaşlıq edir.

Azərbaycan təhsil sistemi dövlətin hüquq-mühafizə müdafiə və təhlükəsizlik qurumları üçün peşəkar işçilərin (polis, hərbçi, kəşfiyyat və digər qurumları) hazırlanmasını təmin edir. Bu, ölkənin öz vətəndaşlarını dövlət təhlükəsizliyini və sərhədlərini qoruya bilən peşəkar təhlükəsizlik sisteminə sahib olmasını təmin etmək üçün vacibdir. 44 Günlük Vətən Müharibəsində Milli Ordunun hərbi kadr potensialının və xüsusi xidmət qurumlarının xüsusilə peşəkar zabit heyətinin, yüksək hərbi idarəetməyə malik komandirlərin, xüsusi təyinatlıların bu cür çətin relyefdə - doğma Qarabağda qısa müddətdə qazandıqları zəfərin sirlərindən biri də hərbi sahəsində Vətənimizdə peşəkar təhsil sisteminin tam formalaşması sayıla bilər.

Təhsil sistemi vətəndaş cəmiyyəti institutlarının təməl prinsiplərindən biri kimi. Təhsil həm də təhsilalanlara vətəndaş etikası və vətənpərvərlik tərbiyəsini təbliğ edir. Məsələn, ölkəmizin ümumi, orta ixtisas və ali təhsil üzrə kurikulumlarına Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyəti eləcə də multikulturalizm üzrə bir sıra tədris proqramları daxildir. Hökumət həmçinin müxtəlif dini və etnik qruplar arasında da tolerantlığı və anlaşmanı, multikulturalizmi  təşviq edən bir sıra proqramları dini dəstəkləyir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, burada milli ixtisaslı kadrların yetişdirilməsi, ölkəmizin milli maraqları və multikultural dəyərləri çərçivəsində inkişafına, ölkədə dini ekstermizmə və xarici dini ekspansiyalara qarşı mübarizəyə böyük təkan verməkdədir. Təhsil sistemi milli təhlükəsizlik üçün təhdid olan ekstremizmə və radikalizmə qarşı mübarizədə önəmli silahdır. Təhsil ölkəmizdə tolerantlıq və multikulturalizmi təşviq etməyə, gənclərin ekstremist qrupların çağırışlarına qarşı daha davamlı və mübariz olmasına kömək edə bilir.

Azərbaycanın milli təhsil sisteminin təhlükəsizliyinin əsasları ölkə Konstitusiyasında, "Milli təhlükəsizlik Konsepsiyası"nda və digər qanunvericilik aktlarında təsbit edilmişdir. Bu qanunvericilik aktları maarifləndirmə tədbirləri ilə birgə tətbiq edilərək, vətəndaşlarda milli təhlükəsizlik mədəniyyətinin formalaşmasına, milli təhsil və mədəniyyətimizin qorunmasına böyük ölçüdə dəstək verir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi dünya ölkələri tərəfindən dəstəklənir. Multikulturalizm sahəsində son illərdə qazanılan Azərbaycan təcrübəsi və "Bakı prosesi" adını almış beynəlxalq tədbir bizim milli qürur mənbəyinə çevrilib. Hazırda "Azərbaycan Multikulturalizmi" fənni dünyanın bir çox tanınmış universitetlərində tədris olunur.

Milli təhsil sisteminin təhlükəsizliyinə dövlət dəstəyi: Təhsilin milli təhlükəsizlikdə oynadığı müstəsna rol ilə yanaşı, milli təhsil sisteminin özünün təhlükəsizliyi prizmasına da nəzər salmaq lazımdır. Azərbaycan dövləti dövlət təhsil müəssisələrində ödənişsiz (büdcə hesabına) təhsili təmin edir, cinsindən, irqindən, milliyyətindən, dilindən, dinindən, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq, bütün vətəndaşların təhsil alması üçün bərabər imkanlara təminat verir. Dövlət təhsil sisteminin müasir beynəlxalq tələblərə uyğun inkişafını təmin edir, yeni təhsil texnologiyalarını tətbiq edir, təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Dövlət təhsil sisteminin daxili və xarici təhlükələrdən, o cümlədən, terrorizmdən, ekstremizmdən, zorakılıq və nifrətin təbliğindən qorunmasını təşkil edir. Təhsilin inkişafı üzrə Dövlət Proqramlarının işlənib hazırlanması və icrası çərçivəsində təhsil sisteminin müasirləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, bütün vətəndaşların təhsilə və əlçatanlılığının təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Dövlət təhsil müəssisələrində distant təhsil, e-learning, virtual siniflər kimi yeni təlim texnologiyaları tətbiq edilir. Elmi-pedaqoji heyət onların peşəkar bacarıq və səriştələrinin artırılmasına yönəlmiş təkmilləşdirmə kurs və treninqlərdən keçir. Təhsil sisteminin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin fəaliyyətinə, o cümlədən, onların qanuni tələblərə əməl etməsinə, təhsilalan və təhsilverənlərin təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini həyata keçirilir. Burada digər bir mühüm amil ölkəmizdə təhsil alan əcnəbi tələbələrin yaşam icazəsi ilə bağlıdır. Azərbaycanda müvəqqəti yaşam icazəsi verilən əcnəbi ölkə vətəndaşlarının sırasına ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsilalanlar daxildir. Qanunvericiliklə tənzimlənən bu prosedurlarda təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Belə ki, dövlətçilik əleyhinə bir sıra fəaliyyətlərin həyata keçirilməsi üçün əcnəbi ölkə vətəndaşları daha çox bu müvəqqəti yaşam icazəsi hüququndan sui-istifadə edə bilərlər. Müsbət haldır ki, bu cür proseslər müvafiq dövlət qurumları tərəfindən daim diqqətlə təhlil edilir və baş verə biləcək risklərin qarşısı qətiyyətlə alınır.

Qloballaşma şəraitində milli maraqların qorunması - təhsildə yeni çağırışlar: Müasir dövrdə dövlətlərin və regionların milli təhlükəsizliyinə bu və ya digər şəkildə təhdid yaradan amillərdən biri də qloballaşmadır. Qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, təhlükələri də çoxdur. Qloballaşma təhsil, dil və mədəniyyətin inkişafı və formalaşmasını, xalqların milli identikliyini təhlükə altında qoyur. Eyni zamanda texnoloji amillərə xeyli üstünlük verildiyi qlobal təhsil tendensiyalarında milli kimliyə qarşı gizli təhdidlər də yaranır. Dövlət dili statusu Azərbaycan dilinin təhlükəsizliyi üçün təhdidlər də yaranır, dilimizin funksional inkişaf imkanları daralır, beynəlxalq aləmdə "Dil imperializmi" adlandırılan risklər artır. Bu isə yetişən gənc nəslin dil mədəniyyətinə müəyyən ölçüdə zərər vurur. Qlobal kommunikasiya sistemləri dünya ölkələrində özünü dil ekspansiyasının vasitəçisi kimi də göstərir. Buna görə də qlobal tendensiyaların dilə neqativ təsirini azaltmaq üçün hər bir dövlət konseptual xarakterli kompleks tədbirlər görür. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı 09 aprel 2013-cü il tarixli Sərəncamla "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq olunmuş və icrasına başlanmışdır. Məhz mədəniyyət sahəsində həyata keçirilən bir sıra dövlət proqramları, tədbirlər, festivallar, muğam müsabiqələri milli şüuru və milli təfəkkürü daim ayıq-sayıq saxlamağa yönəldilmişdir. Bütün bu proseslərin təməlində təhsilin dili, milli dildə təhsilə dövlət qayğısı durur. Bütün sadalanan amillər təhsil sisteminin ölkəmizin təhlükəsizliyində nə dərəcədə çoxşaxəli rol oynadığını əyani şəkildə sübut edir. Azərbaycan iqtisadiyyatının strateji yol xəritələrinin hazırlanması, strateji ərzaq ehtiyatlarının təmin olunması, su ehtiyatlarından, yaşıl enerjidən səmərəli istifadə edilməsi yüksək təhsilli peşəkar kadrların hazırlanmasına zərurət yaradır. Bu sadalanan amillər də milli təhlükəsizlik sisteminin tərkib hissəsidir.

Dövlət başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Konseptual sənədində qarşıdakı illərdə dövlətin iqtisadi yüksəlişində, milli-mədəni tərəqqisində, milli təhlükəsizliyin qorunması, müasir texnologiyalardan istifadə olunması sahəsində təhsilin rolu yüksək qiymətləndirilir: "Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir" (3-cü bölmə). Məhz bu məqsədlə milli hədəfə çatmaq üçün təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalı, ömür boyu təhsilə xüsusi önəm verilməli, gənc nəsil gələcək texnologiyalar dövrünə hazır olmalı, insanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, nəhayət, güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ATM-nin beynəlxalq səviyyədə rəqabətədavamlılığı təmin edilməlidir.

Yeni əsrin çağırışlarına uyğun təhsil: Bu bir həqiqətdir ki, beynəlxalq aləmdə artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın davamlı və uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Təsadüfi deyil ki, ATM-nin beynəlxalq rəqabətliliyini artırmaq sahəsində irəliləyişə nail olmaq üçün ölkə Prezidentinin 16 noyabr 2018-ci il tarixli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" təsdiq olunmuş və icrasına başlanmışdır. Bu Proqram çərçivəsində 5 beynəlxalq ikili diplom layihəsinin gerçəkləşdirilməsinə başlanılıb. Eyni zamanda ölkəmiz üçün tanınmış xarici ölkə universitetlərində doktorantların hazırlığına start verilib. Proqram üzrə indiyədək 1004 tələbə və 251 doktorant təhsil hüququ qazanıb. Eyni zamanda, müvafiq Prezident sərəncamı ilə təsdiqlənmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ATM-də təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək gəncin təhsili nəzərdə tutulub.

Ümumilikdə yeni əsrin təhsil çağırışları tələb edir ki, hər bir Azərbaycan gənci demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sahəsində öz yerini tutmalıdır. Bunun üçün təhsil milli təhlükəsizliyin daim yenilənən konseptual təməl elementlərindən biri kimi hər zaman müstəsna önəm daşıyacaq. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi "Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir" müdrik və konseptual kəlamı, müstəqil Azərbaycanın təhsil siyasətində prioritet amil kimi gerçəkliyə çevrilməkdədir. Düşünürəm ki, bu hədəflərə çatmaq, bilik iqtisadiyyatına asan keçidi təmin etmək üçün ATM perspektivdə daha sürətlə "Tədqiqat mərkəzlərinə - innovasiyalar məkanına" çevrilməsi təmin olunmalı, beynəlxalq məkanda rəqaqbətədavamlı milli insan kapitalının yetişdirilməsinə nail olmalıyıq.

Nəhayət, təhsil sistemində qarşıda duran qlobal çağırışlardan biri də dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında XXI əsrin tələblərinə uyğun təhsil məqsədinə nail olunması üçün məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin qurulması, ali təhsildə əlçatanlığın və beynəlxalq rəqabətliliyin təmin edilməsi, elm və təhsilin inteqrasiyanın təmin edilməsi, "ömür boyu təhsil" sisteminin gücləndirilməsi, erkən yaşlardan rəqəmsal bacarıqların artırılması, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə onların icrası uğurla davam etidirilməkdədir.

 

Hümeyir ƏHMƏDOV

ARTİ-nin şöbə müdiri, pedaqogika elmləri doktoru, professor

525-ci qəzet.- 2024.-25 aprel,№71.-S.12;13.