"Şeirin taleyi haqqında son hökm oxucunundur..."

Vaqif Səmədoğlu misralarının kölgəsində söhbət

 

Tanınmış ədəbiyyatşünas, publisist, "Sözün o üzündə" kitabının müəllifi, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu ilə Vaqif Səmədoğlu poeziyası barədə həmsöhbət olmuşuq. Görkəmli şairin misralarının kölgəsində apardığımız bu söhbətdə Məti müəllimlə şair sözünün o üzündəki şeir dünyasının mənzərələrini bölüşməyə çalışmışıq...

 

- Kölgəsiz baxtımın boz səhrasında

Sərin yer gəzirəm sığınım deyə.

Belindən gəlsəm də, girə bilmirəm

Ata heykəlindən düşən kölgəyə...

 

Məti müəllim, siz bu misraları V.Səmədoğlunun şeir yaradıcılığının manifesti kimi qiymətləndirmisiniz...

- 1960-cı illərin sonunda yazılan bu misraların bədii düşüncənin keçdiyi yolu əks etdirmək, ədəbiyyatın tarixinə işıq salmaq baxımından dəyərli olduğunu düşünürəm. Səməd Vuğrunun kiçik oğlu Vaqif Vəkilov şeirə gələrkən hər şeydən öncə kölgədə yaranan, kölgəyə sığınan (bu, dosdoğma ata kölgəsi olsa belə) şeirin şairi olmadığını bəyan etmişdi. Azərbaycan ədəbiyyatının qapısını fərqli üslubla döyən gənc Vaqif milli yaddaşımızda Səməd Vurğunun ölümsüz abidəyə çevrildiyinin fərqində idi. Eyni zamanda, onu da bilirdi ki, zaman iyirminci əsrin digər "heykəl şairləri" - Mirzə Ələkbər Sabir və Hüseyn Cavid kimi Səməd Vurğun yaradıcılığına da məhz tarixi abidə kimi yanaşmağı tələb edir. O vaxt Səməd Vurğun xəlqiliyin etalonu kimi qiymətləndirilirdi və etiraf eləmək lazımdır ki, bəzən "xəlqilik", "xalq" anlayışlarının arxasında primitiv ədəbi möhtəkirlik dayanırdı. Bədii sözün zamanı və zəmanəsi ilə təzad təşkil edən bu düşüncəyə münasibət sonradan Vaqif Səmədoğluya dramaturq kimi böyük şöhrət gətirən komik qəhrəman - "zəmanə adamı" olan Şair Moşu Göyəzənli obrazında öz ifadəsini tapacaqdı. Buradaca xüsusi vurğu ilə qeyd etməyi zəruri sayıram ki, o illərdə əldə "yenilikçilik", "novatorluq" şüarını bayraq edib, Səməd Vurğunun heykəli ilə döyüşə girmək, kölgə qılınclamaq da medalın tərs üzü idi: daha ucuz, daha miskin və daha zərərli ədəbi möhtəkirlik idi...

 

- Son gecədir bu gün yenə

Sabah yenə son səhər...

 

Sizcə, şair üçün "son", sözün hərfi mənasında hər şeyin bitdiyi yerdir, yoxsa hər sonun bir başlanğıc olduğuna işarədir?

- Adətən, şair öz ömür yolunu, yaşadıqlarını, başından keçənləri, tale hekayəsini yazır. Kədərlə xoşbəxtliyin, ağla qaranın, işıqla qaranlığın çulğalaşdığı insan taleyindən şeirlər doğulur. Vaqifin yaradıcılığında zamanın sondan başladığını görürük. O, sanki ömrün o biri ucuna qədər gedib, oradan o tərəfi görmək və göstərmək istəyir... 

- V.Səmədoğlu təkliyə qaçan şair idi, yoxsa təklikdən qaçan şair?

- Vaqif Səmədoğlu öz ətrafındakı insanlar və sosial mühitlə ünsiyyətə açıq insan idi. Düşdüyü məclislərdə "təşəbbüsü ələ almağı" bacarır, zarafat etməyi, şənlik yaratmağı xoşlayırdı. Ancaq ən haylı-küylü, təntənəli məclislərdə belə, Vaqifin içindəki təkliyi sezməmək mümkün deyildi. Bir şeirində dediyi kimi, onun gözləri həmişə özünə boylanırdı...

Sovet hakimiyyətinin son illərində,

 

 Azərbaycanda milli azadlıq hərəkatı başlayanda yüz minlərlə insanın bir araya gəldiyi mitinqlərin birində V.Səmədoğlu ibrətamiz bir ifadə işlətmişdi: "Milli tənhalıq"... Bu o vaxt haqq səsini dünyanın eşitmədiyi Azərbaycanın düşdüyü vəziyyəti dəqiq canlandıran bir ifadə idi və sonradan siyasi leksikamıza da keçdi.

"Milli tənhalıq" ifadəsinin içində mən yüz minlərlə insana səslənən Vaqif Səmədoğlunun öz təkliyini də görmüşdüm və indi də görürəm. Ucu-bucağı görünməyən insan selinin yer üzündə təkləndiyini görmək şairin öz içindəki tənhalıq hissindən gəlirdi. Vaqif Səmədoğlunun poetik yozumunda həyat, ömür çoxdan itkin düşmüş tənha bir səsdir...

 

- Ana yurdum, torpağında

Bir ləpir izim qalmadı.

Doğuldu, öldü şairin

Sənin xəbərin olmadı...

 

Sizcə, V.Səmədoğlu fərdi tənhalığın səbəbini xalqın onu tanımamasında və ya qiymətləndirməməsində görürdü?

- XX əsrdə tənhalıq dünya ədəbiyyatının aparıcı mövzularından birinə çevrildi, "Yüz ilin təhhalığı" (Qabriel Qarsia Markes) dünyada ən çox oxunan əsərlərdən biri oldu. Dünya ədəbiyyatında təhhalıq mövzusunun fəallaşması təhlillərdə daha çox başından iki dünya müharibəsi keçmiş XX əsrin ictimai, siyasi, mədəni prosesləri, zamanın xarakteri ilə əlaqələndirilir, əsrin şahidi olduğu fəlakətin nəticələri ilə yazıçı dünyası arasındakı təzadlarla izah edilir.

XX əsrdə ekzistensialist fəlsəfə və estetika diqqəti insanın fərdi dünyası ilə obyektiv dünya arasındakı ziddiyyətə, uçuruma yönəltdi. Bu uçurumun qaşındakı insan isə özünü tək saydı. V.Səmədoğlunun şeirlərini oxuyanda  müasiri və ruhən ona yaxın özbək şairi Rauf Pərfinin bir misrasını xatırlayıram: "Mən yalnızam, səsim də yalnız..."

 

- Çünki damarımdan qan yox, tər axır,

Qorxuyla yüklənmiş ömrümün təri.

İçimdə bərəlib yaşarır hər gün

Özümün özümə baxan gözləri...

 

V.Səmədoğlunun şeirlərində qorxu, sizcə, nə ilə bağlıdır?

- Vaxtilə Vaqifin şeirlərində yüksəklik qorxusunun olduğunu yazmışdım.

Həqiqətən də, Vaqifin şeirlərini oxuyanda adam özünü uçurumun qaşından aşağı baxırmış kimi hiss edir.

 

Mənə elə gəlir ki, V.Səmədoğlu öz şeirlərində zirvədə, dibsiz uçurumun qaşında dayanıb oradan aşağı baxan, baxdıqca gözləri qaralan insanın içindən səslənir. Dərədə dayanıb zirvənin əzəmətindən, möhtəşəmliyindən heyrətlənmək nə qədər təbii hissdirsə, zirvədən, yüksəklikdən aşağı baxanda qorxu keçirmək də o qədər təbiidir. Bu arzuolunmaz hissi təsvir etmək, onun "şəklini çəkmək" mümkünsüzdür, onu yalnız yaşamaq, duymaq, hiss etmək, V.Səmədoğlu demiş, onun "şeirini çəkmək" mümkündür. Ona görə də burada sözün müstəqim və məcazi mənalarından, obrazlı, yaxud obrazsız deyilişindən çox, sözün yaratmış olduğu duyğu, ekspressiya əhəmiyyət daşıyır. V.Səmədoğlunun ilk baxışda qəribə görünən şeirlərindəki duyğu oxucuya da yoluxur... 

 

- Mənə pusqudan baxan

Gözlər öz gözlərimdir.

Tutub sona getdiyim

İzlər öz izlərimdir...

 

İnsan sanki özüylə üz-üzə gəlməkdən qorxur. V.Səmədoğlunun şeirinin fərqli cəhətlərindən biri də "öz"ü ilə üz-üzə gəlmək cəsarətidir. Bu yanaşmaya sizin münasibətiniz maraqlı olardı...

- Biz bu söhbət boyu şeirə münasibətdə şairin mövqeyini əsas götürürük, şeirdə şairin "öz"ünü görməyə çalışırıq. Mənə elə gəlir ki, Vaqifin şeirlərinin, eləcə də böyük ədəbiyyata aid etdiyimiz bütün əsərlərin ən böyük sirri şairin "öz"ü ilə oxucunun "öz"ünün üz-üzə gətirilməsidir. Bu "öz"lərin dialoqu yarananda şairlə oxucunun birgə şeiri yaranır. V.Səmədoğlu, Umberto Ekonun təbiri ilə desək, öz oxucusunu "yaratmış" şairlərdəndir. Yaradıcılığının başlanğıcında Vaqifin yazdıqlarının "şeir olub-olmadığı" müzakirə edilirdi, sonra bunların "necə şeir olduğu" sualına cavab axtarıldı. Oxucu Vaqifi bir şair kimi tədricən, onun üslubuna öyrəşə-öyrəşə qəbul elədi və bu poeziyanın içində oxucunun da üz-üzə gəldiyi qəliblərdən təmizlənmiş "öz"ü oldu...

Sənin sualın kimi mənim cavabımın da bir qədər mücərrəd səsləndiyini hiss edirəm. Demək istədiyim budur ki, şeirin duyğu yükü mətndən oxucuya keçəndə şairlə oxucu dünyası bütövləşir, "bədii aləm" dediyimiz yeni bir dünya yaranır. Bu aləmin içində oxucu həm şairin, həm də özünün "öz"ü ilə üz-zə gəlir...

- "Ölülər ömürlük yadda olanda ömür ölümə dönür..." Bu misraya əsasən demək olarmı ki, şair üçün ömür, həyat insan yaddaşıdır... 

- V.Səmədoğlu şeirlərdən və dram əsərlərindən əlavə, pritçaların da müəllifidir və şairin ölümündən sonra "Gürzəçöl yazıları" adlı pritçalar kitabı nəşr olunub.

Vaqif Səmədoğlunun 1985-ci ildə qələmə aldığı gündəlikdə maraqlı bir qeyd var. O, "Gürzəçöl yazıları"nın konspektini nəzərdən keçirdiyini yazır və bunların hamısını "əsl ürək sözü olan yazılar" adlandıraraq öz pritçalarının nəsr, proza olmadığını vurğulayır. Bunları "böyük dialoqları olan şeirlər" adlandırır və fikrini dəqiqləşdirir: "Yəni poemalardır. Nəsr kimi yazılmış. Qulaqlarım poemalarımın yaxın uğultusuyla, ürəyim? sinəm bu uğultunun bu gün-sabah sözlərə dönəcək yetim həsrətiylə, intizarıyla dolub. Ömürmü başlayır bu işi, ya bu işmi başıma ölüm açır, bilmirəm"...

Belə düşünürəm ki, şair sənin sualına "bilmirəm" cavabını verib.

Şeirin taleyi haqqında son söz və son hökm oxucunundur...

 

Ləman İLKİN

525-ci qəzet.- 2024.-25 aprel,№71.-S.13.