42 illik ömrün ictimai uğurları və şəxsi faciələri  

 

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, görkəmli alim Heydər Hüseynov haqqında düşünərkən gözlərim önündə ilk növbədə onun acı taleyinin son səhifələri canlanır.  ...1950-ci il avqustun 15-də Şüvəlandakı bağ evində ona qarşı olan dözülməz haqsızlıqlara və aparılan qarayaxma kampaniyasına etiraz əlaməti olaraq özünü asan Heydər Hüseynovun ölümü ilə bağlı mətbuatda rəsmi məlumat verilməmişdi. Halbuki Azərbaycanın ilk akademiklərindən biri, dövrün ən yüksək təltifi olan Stalin mükafatına iki dəfə layiq görülmüş, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda İctimai elmlər bölməsinin sədri, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fəlsəfə kafedrasının müdiri, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru kimi çox məşhur olan bu şəxsiyyətin ölüm xəbəri bütün SSRİ-yə yayılmış, hətta ölkə başçısı Stalinə də məruzə edilmişdi.

Burada isə hadisə yerinə tezliklə çoxlu milis (polis), prokurorluq işçisi gəlib adamları sorğu-sual etmiş, onun özünü asdığı yerin qapısını möhürləmişdilər. Sonra da həmin amansız insanlar onun yetim qalmış üç körpə qız uşağını və onların anasını bu ölümün günahkarı kimi uzun-uzadı sorğu-suala tutmuşdular. Atanın faciəsindən hələ özlərinə gəlməmiş uşaqlar da, bədbəxt olmuş ana da bu dəhşətdən sarsılaraq bir tərəfdən də sorğu-suallardan necə yaxa qurtarmaq haqqında düşünürdülər.

Körpələr də, ana da bir-birinə qısılıb ağlaşırdılar. "İstintaq aparanlar" sualları dolu kimi üstlərinə yağdırırdılar: "Hadisə necə oldu? Ola bilməz ki, siz bilməyəsiniz? Nəyi gizlədirsiniz? Niyə vaxtında gəlib xəbər verməmisiniz? Bəlkə özünüz buna şərait yaratmısınız?"

Körpələr isə yalnız ağlaşırdı. Ana da hönkür-hönkür göz yaşı tökürdü. Deyə bilmirdilər ki, bu dəhşəti yaradan sizi bura göndərən "sifarişçilərdir". Yalnız üstündən xeyli vaxt keçdikdən sonra bütün həqiqətlər məlum olacaq, bu böyük şəxsiyyətin tarix qarşısında gördüyü nəhəng işlər həqiqi qiymətini tapacaq, onun dəyəri bilinəcəkdi.

İndi isə sifarişlə "istintaq aparanlar" sorğu-sualdan əl çəkmir,"ağa"larının günahlarını kiminsə boynuna qoymağa, kiməsə "sədaqətlərini" sübut etməyə çalışırdılar. Nəhayət "gərgin" istintaq prosesindən sonra akademik Heydər Hüseynovun uşaqları tərəfindən yox, özünü asdığı müəyyənləşdi, "istintaqı" aparanlar bir kənara çəkildilər, uşaqları da, ananı da sakit buraxdılar.

Onu Fəxri xiyabanda yox, adi şəhər qəbiristanlığında dəfn etdilər. Dəfnə tanınmış adamlar, "dostlar", partiya, dövlət xadimləri gəlmədi...

 

(Əvvəli qəzetin ötən saylarında)

 

Kitabda xalqının böyüklüyünü və dünya mədəniyyətinə əvəzsiz töhfələr verdiyini qabartmaqla Heydər Hüseynov öz böyüklüyünü, milli ruhunun nəhəngliyini nümayiş etdirir. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Mirzə Cəfər Topçubaşov, Həsən bəy Zərdabi kimi XIX əsr mütərəqqi ziyalıların zəngin elmi-bədii yaradıcılığını fəlsəfi aspektdən hərtərəfli təhlil edərək SSRİ məkanında bir millətin ictimai və fəlsəfi fikir tarixinə həsr edilmiş ilk nümunəni yaratmışdır.

Burada Rusiya şərqşünaslıq elminin banilərindən biri, Avropa elmlərinin dərin bilicisi, rus, ərəb, fars, türk, ingilis, fransız dillərini yaxşı bilən və bütün bu altı dildə yazan və əsərlər çap etdirən azərbaycanlı Mirzə Kazım bəyi doğma vətənində tanıtmaq məqsədi ilə arxiv sənədlərinə, onun özünün xatirələrinə, nüfuzlu elm adamlarının yazılarına müraciət edir, onun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları oxuculara çatdırır. Heydər Hüseynov Mirzə Kazım bəyi sadəcə bir alim və mütəfəkkir kimi yox, həm də böyük vətənpərvər ziyalı kimi təqdim etməyə çalışır. Öz taleyi ilə Mirzə Kazım bəyin taleyində paralellər axtararaq yazdığı bu əsərdə ürəyinin diktəsi ilə onun yaradıcılığından özünə ruhən yaxın olan fikirləri epiqraf seçir: "Qərb öz siyasəti ilə Asiyada maarifi bərqərar edə bilməz... Ölkəni dəyişdirənlər həmin ölkədə doğulmuşlar sırasından çıxmalıdır". Dövr üçün çox cəsarətli fikirlər Mirzə Kazım bəyin dilindən səsləndirilir.

Yaxud Mirzə Kazım bəyə məxsus və Heydər Hüseynovun ruhunu oxşayan başqa bir fikir: "Şamilin adında tarixlik və vətənpərvərlik siqlətli fikirlər gizlənir. O, qəhrəmandır - qəhrəmanlar yetişdirən bir qəhrəman!" Mirzə Kazım bəyin yaradıcılığını və ideya dünyasını dərindən araşdıran Heydər Hüseynov onun məhz milli vətənpərvərliklə, milli azadlıq hərəkatı ilə bağlı fikirlərini ön plana çəkir, bununla da, Mirzə Kazım bəyin xristianlığı qəbul edərək çar Rusiyasına xidmət etmiş "obrazına" yeni prizmadan baxır və bu zaman əsl mahiyyəti üzə çıxarır.

Mirzə Kazım bəy öz milli hissiyyatını Şeyx Şamil haqqında yazdığı əsərində büruzə verdiyi kimi, Heydər Hüseynov da özünün aşkar şəkildə deyə bilmədiklərini Mirzə Kazım bəyin yazdıqlarına münasibətdə təqdim edir. Ümumiyyətlə, Mirzə Kazım bəy və Heydər Hüseynovun taleləri arasındakı oxşarlıq diqqəti çəkir. Sinəsinə xaç asmış Mirzə Kazım bəy çar Rusiyasında imperiya siyasəti və senzurası baryerini keçib vətəninə xidmət etdiyi kimi, döş cibində partbilet gəzdirən Heydər Hüseynov da kommunist ideologiyasının və rus şovinizminin qoyduğu məhdudiyyətləri aşaraq lazım olan fikirləri deyir.

Bu məsələ, yəni mövcud siyasətin məhdudiyyətlər yaratması nəticəsində vətənə xidmət etməyin pərdələnmiş forması kitabda Heydər Hüseynovun ən çox düşündüyü problem kimi nəzərə çarpır. O, "XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən" adlı tarixi əsərində haqlarında yazdığı Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov kimi görkəmli şəxsiyyətlərin Rusiya dövlətinə rəsmi xidmətdə olmaq və burada yüksək rütbələr daşımaqla yanaşı, həm də millətinə xidmət etmək təcrübəsini öz həyat yolu üçün nümunə seçmişdir. Siyasi xadim, Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutunun direktoru ola-ola siyasətdən yazmalı olduğu halda daha çox Bəhmənyardan, Nizamidən, Şəbüstəridən, Füzulidən, Mirzə Şəfi Vazehdən yazır, milli-fəlsəfi fikrin və milli ədəbiyyatın inkişafı naminə çalışır.

Azərbaycan SSR Elmlər Akademiyasında ictimai elmlərə marksizm-leninizm təliminin bir nümayəndəsi olaraq rəhbər təyin edildiyi halda, Akademiya üçün açılmış imkanlar çərçivəsində milli tariximizin, ədəbiyyatımızın, dilçiliyin və nəhayət, milli-ictimai fikrin və fəlsəfi fikir tarixinin tədqiqi və təbliği sahəsində misilsiz xidmətlər göstərir. Dövrün tələblərinə görə bəzən marksizm-leninizm klassiklərinin əsərlərinin tərcümə və nəşrində fəal iştirak etsə də, rus inqilabi-demokratik fikrindən, rus dilindən və mədəniyyətindən əsərlər yazsa da, bunları açıq-aşkar öz geniş fəaliyyəti üçün ideoloji səlahiyyət qazanmaq naminə etdiyi məlumdur. Heydər Hüseynovun da Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov kimi əsas məqsədi Azərbaycanda milli özünüdərkin, fəlsəfi və ədəbi-bədii dəyərlər sisteminin inkişafı naminə geniş maarifçilik fəaliyyəti göstərmək idi.

Repressiya illərini, o cümlədən, Heydər Hüseynova qarşı bu amansızlığı təhlil edərkən Kremlin, M.C.Bağırovun, yoxsa yerli ermənilərin daha fəal rol oynaması barədə də cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Əslində, bu tərəflər bütöv bir repressiya maşınının müxtəlif funksiyalarını yerinə yetirən hissələridirlər. Burada hərənin öz vəzifəsi var idi - Kreml ümumi prinsipləri "yuxarıdan" müəyyənləşdirir, Mir Cəfər icraçılıq edir, ermənilər əlavə "effekt" yaradırdılar. Ümumi məqsəd isə bir idi - "ideoloji düşmənlər" adı altında milli ruhun daşıyıcılarını aradan götürmək!  Mikayıl Müşfiqlərin, Hüseyn Cavidlərin, Bəkir Çobanzadələrin acı taleyi bu fikri təsdiq etməyə yetərlidir - onlar heç bir ideoloji "yük" daşımırdılar, günahları yalnız milli ruh idi. Heydər Hüseynov bu tarixi çox gözəl bilirdi, onların həyat yolu və sonluq məlum idi, ancaq böyük şəxsiyyətin vətən qarşısında özünə borc hesab etdiyi məsələlər də var idi, ona görə bu yolu sona kimi getməyə, hətta həyat ilə risk etməyə dəyərdi.

Doğrudur, bəzi tədqiqatçılar Heydər Hüseynovun ikinci dəfə Stalin mükafatına təqdim olunarkən M.C.Bağırovun iradəsindən asılı olmayaraq, bilavasitə Moskvanın himayəsinə istinad etməsi faktını faciənin əsas səbəbi kimi göstərirlər. Onun Moskva ilə birbaşa əlaqədə olması və müstəqil addımlar atması o vaxt Azərbaycanda şəriksiz liderini bərk əsəbiləşdirmişdi. Heydər Hüseynovun həmkarı İmran Seyidov həmin günləri belə xatırlayır: "Heydər Hüseynov 734 səhifəlik monoqrafiyanı götürüb M.C.Bağırova göstərməyə gedirdi. O, həmin gün bir daha akademiyaya qayıtmadı. Ertəsi gün isə çox qanıqara gəlmişdi. Bir gün keçəndən sonra ondan MK-da kitabın necə qarşılandığını soruşdum. O dedi ki, mənə qoşa güllə vursaydı, bundan yaxşı olardı".

Xaraktercə despot olan M.C.Bağırov Heydər Hüseynova qarşı kompromat axtarır və bu məsələdə akademikin axırıncı kitabında Şeyx Şamilə simpatiyasından istifadə edir. Bəzi şahidlər xatırlayır ki, bu qəzəbdən M.C.Bağırov 734 səhifəlik kitabı özü diqqətlə oxuyur. Məsələn, Həsən Məhəmməd oğlu Həsənov xatirələrində yazır: "Mircəfər Bağırov nədənsə Heydər Hüseynovun kitabını oxumağa başladı. Bir gün mənə zəng edib dedi ki, Heydər Hüseynovu, Zevini, Yakov Mixayloviç Kirsanovu götür gəlin mənim yanıma. Mən Heydər Hüseynovu tapa bilmədim, onda o dedi ki, onun müavinini tap, onunla birlikdə gəlin. Mən elə də etdim. Biz Mircəfər Bağırovun kabinetinə daxil olan kimi, o, Yevgeniy Alekseeviç Tokarjevskiyə hücum etdi, bu nə kitabdır, siz nəşr etdirmisiniz. Bu, ziyanlı kitabdır. Şamilin müridizmi burada mütərəqqi hadisə kimi göstərilir. O, Tokarjevskiyə dedi, sabah səhər tezdən gedərsən, oturarsan onun yerində, nə vaxt o, işə gəlsə, deyərsən ki, burada direktor mənəm, sən get Mərkəzi Komitəyə".

Fevralın 15-i Akademiyaya işə gələn Heydər Hüseynov müavini Y.A.Tokarjevskinin onun yerində oturduğunu görür, seyfindən sənədlərin, partiya biletinin götürüldüyünü bilir. Heydər Hüseynov bir kəlmə də danışmadan dönüb kabinetdən çıxır. O, çox yaxşı başa düşürdü ki, "yuxarı"da artıq onun taleyi həll olunmuşdur və onun üçün "artıq hər şey bitmişdir".

M.C.Bağırovun tapşırığı ilə Həsən Həsənov əsərin zəif olması barədə Stalin Mükafatı Komissiyasına məktub yazır. Heydər Hüseynovun zəkasına, hərtərəfli elmi biliyinə heyran olan A.Fadeyevin sədr olduğu Mükafat komissiyası bu məktuba məhəl qoymayaraq ona ədəbi tənqid və sənətşünaslıq üzrə Stalin mükafatının verilməsinə nail olur. Bu qərar Ümumittifaq mətbuatında və "Bakinski raboçi" qəzetinin 8 mart 1950-ci il tarixli nömrəsində dərc olunur. M.C.Bağırov bu məsələdə neqativ məqamların olması qərarına gəlir və alimin ondan xəbərsiz kitabla bağlı resenziyalar və məqalələr toplaması, iclaslar keçirməsi, A.Fadeyevlə əlaqə saxlaması onu bərk əsəbiləşdirir. Mir Cəfərin alimə qarşı qəzəbi son həddə çatır, o, ilk növbədə Lavrenti Beriyaya müraciət edir və onun köməyi ilə bu xəbəri lazımi şəkildə Stalinə ötürür. Bundan sonra ətrafındakıları toplayaraq təcili iclas keçirir və müvafiq tapşırıqlarını verir. Dünən onu ağız dolusu tərifləyən, kitabı haqqında gözəl rəylər yazanlar indi "səhv"lərini etiraf etməyə, bir-birini qabaqlayaraq daha kəskin məqalələr yazmağa, çıxışlar etməyə tələsir, onsuz da psixoloji gərginlik keçirən Heydər Hüseynovu daha dərin, çıxılması mümkün olmayan vəziyyətə salırlar.

M.C.Bağırov ona qarşı "saymazlıq" göstərən alimi axıra qədər təqib etmək qərarına gəlir. Elmlər Akademiyasına, Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutuna göstəriş verir ki, alimin hərəkətlərini müzakirə etsinlər.  Onu partiyadan və Partiya Tarixi İnstitutunun direktoru vəzifəsindən çıxarırlar.

Bu mənəvi və ədalətsiz hücumlara tab gətirə bilməyən alim 1950-ci ilin martında Akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. Onu ölümcül vəziyyətdə xəstəxanaya aparırlar, həkimlərin böyük səyi nəticəsində həyatını xilas etmək mümkün olur.

M.C.Bağırova yarınmaq istəyən yaltaqlar alimin ölümlə üzbəüz qaldığı məqamdan da yararlanır, onun bu addımına partiyaya qarşı protest kimi rəng verirlər. Yavaş-yavaş hamı onun ətrafından çəkilir, Heydər Hüseynovun yanında təkcə ən doğmaları və bir-iki yaxını qalır.

Xəstəxanada olarkən və sonralar ruhdan düşmüş, sındırılmış, ancaq üç körpə qızının taleyini gözlərinin önünə gətirərək dəfələrlə M.C.Bağırova rəsmi müraciət göndərir, "səhv"lərinin bağışlamasını xahiş edir. Dostu İmran Seyidov yazır: "Bir gün mənə dedi ki, İmran, mənim dilimdən Bağırova bir ərizə yaz. Mən yaza bilmirəm, əsəblərim tab gətirmir. Yaz ki, deyirsən, Şamil Türkiyə casusudu. Bəlkə də, mən səhv eləmişəm. Amma bu səhv mənim səhvim deyil. Şamil haqqında olan bütün materiallarda o, milli qəhrəman kimi təsvir olunub. Mən təzə heç nə icad eləməmişəm". İki-üç dəfə onun dilindən Bağırova ərizə yazıb göndərdim. Çalışırdım, ərizəni elə yazım ki, Heydər Hüseynovu Bağırovun qarşısında aciz kimi göstərməyim. Yazıb sonra özünə oxuyurdum. O da qulaq asıb deyirdi ki, yaxşı eləyib belə yazmısan..." Ancaq artıq gec idi, nə belə müraciətləri həssaslıqla qarşılayan kimsə var idi, nə də  onun məktublarını Bağırova çatdıran etibarlı dostlar, müraciətlər ünvanına çatmadan yoxa çıxırdı.

M.C.Bağırov bununla kifayətlənmir, Moskvaya gedir və orada keçirilən müzakirələrdə Şamil müridizminin xalqa zidd, mürtəce xarakter daşıdığını sübut etməyə çalışır. Şamil hərəkatının mütərəqqi xarakterini müdafiə etmiş moskvalı alimlər də Stalinin bu məsələdəki mövqeyinin dəyişdiyini bilərək səhv etdiklərini etiraf etməyə, Bağırovu dəstəkləməyə başlayırlar. Beləliklə, o, Heydər Hüseynovun kitabına Stalin mükafatı vermiş Komitənin qərarının ləğv olunmasına nail olur. Bu barədə "Pravda" qəzetində kitabda olan kobud səhvlərə görə mükafatın ləğv olunması barədə rəsmi məlumat dərc olunur.

Bağırov qərara gəlir ki, son zərbəni endirmək üçün böyük bir yığıncaq da keçirmək lazımdır. 1950-ci il iyulun 14-də Filarmoniyanın yay salonunda 2000 nəfərin iştirakı ilə Azərbaycan ziyalılarının yığıncağı keçirilir. Yığıncaqda M.C.Bağırov "Azərbaycan ziyalılarının növbəti vəzifələri" mövzusunda geniş bir məruzə edir. Alimin dostu İmran Seyidov müsahibələrinin birində həmin iclasla bağlı yazır: "1950-ci ilin yayıydı. Bağırov Filarmoniyada ziyalıların yığıncağını keçirirdi. Mövzu Heydər Hüseynov idi. Hamıya bir-bir söz verilirdi ki, durub onun haqqında tənqidi fikirlərini söyləsin. Həmin gün Heydər Hüseynovun dostları da düşmən olmuşdular. Yadımdadı, o vaxt Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Məmməd Arif Dadaşzadəyə söz verildi. O, institutun problemlərindən, planlardan danışdı. İstəyirdi ki, mətləbdən astaca yayınsın. Bağırov onun üstünə çığırdı: "Dastan danışma! Mənə Hüseynovdan danış". Sonra dedi ki, sən Türkiyə casusuna tərəfdar çıxırsan?! Onda özün də xalq düşmənisən! Dadaşzadə kağız-kuğuzunu yığışdırıb pərt halda kürsüdən düşdü. Yerinə qayıdanda yan-yörəsində oturanlardan biri də qalmamışdı..."

Bu iclasdan sonra Heydər Hüseynov 1950-ci il iyulun 18-də Akademiyanın, iyulun 31-də isə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır.

Beləliklə, M.C.Bağırov istədiyinə nail olur. O, Heydər Hüseynovla bərabər, SSRİ İttifaqının sədri A.Fadeyevə də "bacarığını" və "qüdrətini" nümayiş etdirir.

Heydər Hüseynovun əsərlərinə qadağa qoyulur, onunla bağlı materiallar məhv edilir, şəxsi işi yandırılır, "ziyanlı" kitabın redaktoru A.O.Makovelski ittiham olunur, kitaba rəy yazmış Məmməd Arif Dadaşzadə Yazıçılar İttifaqı sıralarından, Mehdi Hüseyn Yazıçılar İttifaqı idarə heyəti üzvlüyündən xaric edilir.   

Haqsız tənqid və təqiblərdən, təhqirlərdən sarsılmış, ciddi əsəb gərginliyi keçirmiş Heydər Hüseynov hələ də ümidini itirmir və həyatını davam etdirmək üçün son ümid kimi 1950-ci iyulun 15-də yenidən M.C.Bağırova teleqram göndərir: "Özümdə cəsarət taparaq sizdən xahiş edirəm ki, mənim işlə təmin olunmağım barədə göstəriş verəsiniz". Alimin qızı Leyla xanımın xatirələrindən aydın olur ki, M.C.Bağırov atasının işlə təmin olunmasına dair guya göstəriş verir. Hətta alimin bəraət alması haqqında söhbətlər gedir. Evinə gələnlərin sayı artır. Lakin sonradan məlum olur ki, bu xəbərlər doğru deyilmiş, ancaq böyük alimin əsəbləri ilə oynamaq üçün bir üsul imiş.

Bu, Heydər Hüseynova vurulan sonuncu zərbə olur. Alimin psixoloji durumu o həddə çatır ki, ona heç bir dərman kömək etmir. Bunları görən həyat yoldaşı Tale xanım yeganə çıxış yolunu ərini mövcud mühitdən uzaqlaşdırmaqda görür. Bu məqsədlə ailə bağa köçməli olur. Əfsuslar olsun ki, o, burada da rahatlıq tapa bilmir.

Həmin günlər həyat yoldaşı Tale xanım özünə qəsd edəcəyindən ehtiyat edərək onu bir dəqiqə də gözdən qoymur, onlar hamısı bir otaqda yatırlar. Avqustun 15-i günü səhər tezdən yorulub əldən düşmüş, ağır streslər keçirmiş Tale xanımı bir anlıq yuxu aparır. Bundan istifadə edən Heydər Hüseynov ehtiyatla çarpayıdan qalxıb axırıncı dəfə balalarının üzünə baxır, xeyli fikrə dalır, Tale xanımım tərpəndiyini görəndə tələsir, qərarını həyata keçirməyə imkan tapa bilməyəcəyindən qorxur və həyətə çıxır.

Tale xanım Heydərin ayıq olduğunu hiss etsə də, son günlərin gərginliyi onu bərk yormuşdu. Oyananda isə artıq gec idi, iş işdən keçmişdi. Bağın ortasındakı tikilinin qapısının arxasında faciə baş vermişdi.

Qızı Sara xanım müsahibələrinin birində həmin günü xatırlayaraq deyir: "O, iradəli, nikbin adam idi. Amma ölümündən bir qədər əvvəl çox narahat görünürdü. Qaradinməz olmuşdu. Hər şeyi içində çəkirdi. Heç kəsə bir kəlmə də demirdi. Sən demə..."

...16 avqust 1950-ci il. Dəfnində yaxın dostları belə, gözə dəymədi. Tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan elədilər. Yoxluğun, itkinin bütün ağrılarını Tale xanım öz balalarıyla tək çəkməli oldu.

"Həmin gün qapımıza möhür vurdular. Gedəsi yerimiz yoxuydu. Heç kəs bizi evinə buraxmırdı. Axırda qonşuluqda yaşayan rus qadın bizi evinə gətirdi. Saat 3-də beş hərbçi gəlib evimizi alt-üst elədi. Atamın sənədlərini, məktublarını, kitablarını yığıb apardılar".

Dəfn mərasimində çox az adam iştirak etdi. Burada iştirak etdiklərinə görə tələbələri Firudin Köçərlini Universitet Həmkarlar komitəsinin sədrliyindən, Ziyəddin Göyüşovu isə Universitet komsomol komitəsinin rəhbərliyindən azad etdilər. Tələbələrindən İrşad Əliyev yazır: "Eşitdim ki, özünü öldürüb. Evlərinə getdim, gördüm meyit ortadadır. "Yuxarı"dan tez-tez zəng vururdular. Deyirdilər, tez olun, camaat işdən çıxmamış meyiti basdırın. Dəfn saat 5-ə təyin edilsə də, məcbur etdilər cənazəni saat 3-də götürək. Haradansa bir yük maşını da göndərdilər. İndiki Xalq Təsərrüfatı İnstitutunun tinindən burulanda 10-15 tələbə bizə qoşuldu. Qəbiristanlıqda tələbələrdən biri mənə yaxınlaşdı ki, bizə göz qoyurlar. Doğrudan da, həndəvərimizdə yad adamlar vardı. Ancaq onsuz da, iş-işdən keçmişdi. Onun dəfnində iştirak elədiyimə görə ertəsi gün məni aspiranturadan qovdular".

Beləliklə, sovet cəmiyyətinin yetirməsi olan, kommunist ideologiyasının, marksist-leninçi fəlsəfənin mərkəzində dayanan, lakin milli varlığına bağlılığı qəlbindən çıxarıb ata bilməyən, sosialist cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xalq üçün istifadə etməyə çalışan, milli mənəviyyatımız, mədəni-mənəvi dəyərlərimiz, ədəbi-bədii və fəlsəfi abidələrimizi kommunist ideologiyasının labirintlərindən keçirib yaşatmaq uğrunda çalışan və bu sahədə böyük uğurlar qazanan Heydər Hüseynov 1950-ci il avqustun 15-də 42 yaşında həyatla vidalaşdı.

Təəssüf ki, bu odlu-alovlu vətəndaş alimin yerini tutanların bəziləri bu kursu davam etdirmək əzmində olmadı, lakin Elmlər Akademiyasında və bütün ölkədə sağlam düşüncəli, xalqını sevən şəxsiyyətlərin varlığı bu alovun sönməsinə imkan vermədi.

Cəmiyyətdə böyük nüfuz sahibi olan bir insanın ölümü barədə heç bir rəsmi məlumat verilməsə də, xəbər tez bir zamanda Azərbaycandan çox-çox kənara yayılır. Bir saat sonra Türkiyə radiosu Heydər Hüseynovun ölüm xəbərini dünyaya bəyan edir.

Ailəsini, övladlarını təzyiqlərdən, qınaqlardan müdafiə etmək üçün özünə qəsd edən Heydər Hüseynov cəmiyyətin nə dərəcədə sərt üzü olduğunu təsəvvürünə belə gətirə bilməzdi. Alimin ölümündən sonra ailəsinə qarşı təpgilər başlayır, evlərinə yad ailə yerləşdirilir, telefonları kəsilir, bağları əllərindən alınır, "ifşa" kampaniyası daha da genişlənir. Mətbuat səhifələrində, təhsil müəssisələrində, fabrik və zavodlarda əsərlərinin, şəxsiyyətinin müzakirəsi davam edir. Qızı Sara xanım yazır: "Bu hadisədən sonra başımız çox bəlalar çəkdi. Müəllimlərimin mənə münasibəti dəyişdi. Bütün uşaqlara təbliğ eləyirdilər ki, Heydər Hüseynov sovet hökumətinə qarşı zərərli kitablar yazıb. Rəfiqələrim də məndən qaçırdılar. Bircə Solmaz adlı rəfiqəm mənə dönük çıxmadı. Birdən-birə bütün qiymətlərim beşdən üçə endirildi. 17 yaşımda Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNSU) sənəd verdim. İmtahanda məni qəsdən çölə çıxardılar ki, köçürürsən. İmtahanın qurtarmasına 15 dəqiqə qalmış içəri çağırdılar. Tələm-tələsik bir şey yaza bildim, "3" verdilər. Amma üç ay get-gələ saldılar. İnstitutun rektoru Saleh Qocayev atamla 10 il bir yerdə işləmişdi. Hər il məni get-gələ saldıqca ləzzət alırdı. Nəhayət, mənə dedilər ki, bizdə gizli neft yataqlarının xəritələri var, onları xalq düşməninin qızına etibar eləyə bilmərik. Kor-peşman evə qayıtdım. Üz tutmalı bir kimsəm qalmamışdı. Hara gedirdimsə, "xalq düşməninin qızıdı" - deyib işə götürmürdülər".

1953-cü ildə Stalinin ölümü, M.C.Bağırovun həbsi ilə Hüseynovlar ailəsinin iztirablarına son qoyulur. 1954-cü ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş İmam Mustafayev Heydər Hüseynovun ailəsini diqqətdə saxlayır, Tale xanıma akademikin həyat yoldaşı kimi xüsusi təqaüd verir, onunla telefon əlaqəsi saxlayır, əllərindən alınan dərin psixoloji sarsıntının izləri  qalan otaqları özlərinə qaytarır, evlərinə telefon çəkdirir.

1956-cı ildə yaxın dostları Əlövsət Quliyev, İrşad Əliyev, Mütəllib Babayev Heydər Hüseynovun "bəraət almış cəsədini" Fəxri xiyabana köçürdülər. 1958-ci ildə yaşadığı binaya xatirə lövhəsi vurulur, 1965-ci ildə isə biblioqrafiyası çapdan çıxır. Azərbaycan EA-nın həqiqi üzvlüyündən çıxarılması haqqında qərar ləğv edilir. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Heydər Hüseynovun adı yüksək tribunadan çəkilir. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev akademik Heydər Hüseynovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayır. Yubiley ölkəmizdə təntənə ilə qeyd edilir. Prezident İlham Əliyev 2008-ci il iyulun 11-də Heydər Hüseynovun 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayır. Akademikin yubileyi respublikada geniş qeyd edilir. Onun kitabları yenidən çap olunur.

Düşünürəm ki, XIX əsrdə də, XX əsrdə də xalqımız Heydər Hüseynov kimi çox dühalar yetişdirib. Bizim bir xalq olaraq həmin insanların qədrini bilmək, onlara layiq olduğu dəyəri vermək, onları qorumaq, əzizləmək borcumuz lazımi səviyyədə olubmu?! "Sağlığında qiymət verin insanlara!", - demişik, ancaq etmişikmi? Mirzə Fətəlinin dinsiz kimi ləkələnməsi, Mirzə Cəlilin düşmən hesab edilməsi, Sabirin acından ölməsi, Mirzə Kazım bəyin vətənindən didərgin düşməsi yalnız dövrün tələbi, güclülərin istəyi, səlahiyyətlilərin hökmü iləmi reallaşmışdı? Bəs donosbazlar, onların mühakiməsində "yaxa yırtanlar", odlu-alovlu çıxış edənlər, yaxud onlardan da təhlükəli sakitcə bu faciələri müşahidə edənlər, xısın-xısın gülənlər, razılıqla başlarını tərpədənlər bizlərdən deyildimi? XX əsrdə Cavidi, Müşfiqi, Bəkir Çobanzadəni, Əli bəy Hüseynzadəni bizim laqeydliyimizlə sıralarımızdan çıxarmadılarmı?

Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən biri, 42 illik ömründə xalqı və vətəni üçün nəhəng işlər görməyi bacarmış, Azərbaycanda tərcümə məktəbinin əsasını qoymuş, tarix və fəlsəfə elminin inkişafında mühüm xidmətlər göstərmiş akademik Heydər Hüseynov öz adını elm tariximizə qızıl hərflərlə yazmışdır, bu hərflərin parlaqlığını qorumaq, onların daim yollarımıza nur saçmasını təmin etmək isə bizim vəzifəmizdir.

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet.- 2024.-25 aprel,№71.-S.10-11.