Azərbaycan - Rusiya münasibətləri daha yüksək inkişaf səviyyəsinə qədəm qoyub

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri, həmkarı Vladimir Putinlə təkbətək görüşü, həmçinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü ikitərəfli münasibətlərin dostluq, qonşuluq və qarşılıqlı anlaşma kimi möhkəm təmələ əsaslandığını nümayiş etdirdi. Səfər zamanı verilən bəyanatlar onu göstərdi ki, hər iki ölkənin münasibətləri artıq yeni mərhələdə daha yüksək inkişaf səviyyəsinə qədəm qoyub. Bu, eyni zamanda Ulu öndər Heydər Əliyevin xatirəsinə olan hörmətin əlamətidir. Məlumdur ki, BAM-ın tikintisində Ulu öndərin məxsusi rolu olub və Rusiya tərəfi də bunu hər zaman yüksək qiymətləndirir.

Prezident Putin görüşdə bildirdi ki, Heydər Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb: "Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi".

Ötən il də Ulu öndərin 100 illiyi ilə bağlı Rusiyada genişmiqyaslı və mötəbər tədbirlər keçirilib.

Prezident İlham Əliyevin səfərinin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş tutması isə iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyət nümunəsi kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür. Müttəfiqlik haqqında bəyannamə də gələcəkdə ikitərəfli münasibətlərin ardıcıl inkişafını müəyyən edir və tərəflər bu sənəd çərçivəsində işləyirlər.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "525"ə mövzu ilə bağlı bildirib ki, son zamanlar, İkinci Qarabağ müharibəsi də daxil olmaqla və ondan sonra baş verən proseslərdə Rusiyanın fərqli addımlarının şahidi oluruq: "Ermənistan rəhbərliyinin antirusiya siyasəti, antirusiya ritorikası, Qərbə yönəlik siyasəti Moskva ilə münasibətlərinin çox bərbad, pis səviyyəyə düşməsinə gətirib çıxarıb. Həmçinin, Qərb istiqamətində hər hansı bir ciddi addımın atılmaması, nailiyyətin əldə edilməməsi, Ermənistanı Əli aşından da, Vəli aşından da edib. Məntiqsiz siyasət, uğursuz diplomatiya bu şəkildə nəticələnməli idi. Bunun fonunda İkinci Qarabağ müharibəsi, həm də ondan sonrakı proseslərin gedişatı  göstərir ki, Azərbaycanla Rusiya arasında münasibətlər qonşuluq, bərabər əməkdaşlıq, eyni zamanda qarşılıqlı müttəfiqlik əlaqələrinə uyğun şəkildə inkişaf etdirilir. Burda təbii ki, Prezident İlham Əliyevin şəxsi nüfuzunu, şəxsi mövqeyini və Prezident Putinlə şəxsi münasibətlərini unutmaq lazım deyil. Amma hər bir halda dövlətin siyasəti müxtəlif komponentlər, o cümlədən də, bu komponentlər nəzərə alınmaqla, ümummilli maraqlarımızın, dövlətçilik maraqlarımızın inkişaf etdirilməsi istiqamətində aparılır. Düşünürəm ki, Rusiyanın sülhməramlı kontingent kimi İkinci Qarabağ müharibəsindən sonra regiona yerləşməsi zamanı həm bizim cəmiyyətimizdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi suallar var idi ki, Rusiya Azərbaycandan çıxacaqmı? Təbii ki, bunu müxtəlif fikirlərlə əsaslandırmağa çalışırdılar. Rusiyanın Moldovada, Gürcüstanda, Ukraynada, hətta Ermənistanın özündə mövcud olması və bu regionlardan çıxmaması ilə bağlı fikirlər səsləndirirdilər. Amma proseslərin gedişi ona gətirib çıxardı ki, əgər Rusiya, ümumiyyətlə beynəlxalq aləmdə digər aktorlarla münasibətlərdə yürütdüyün siyasətlə dövlətini və xalqını digər oyunçuların, təhlükəli oyun oynayanların alətinə çevirmirsənsə, məkrli siyasətə, hiyləgər oyunlara daxil olmursansa, o halda sənə, xalqına və dövlətinə hörmətlə yanaşırlar. Prezident İlham Əliyev bu siyasəti ortaya qoydu. Azərbaycan dövləti heç kimin oyununa getmədi. Heç bir məkrli planın tərkib hissəsi olmadı. Təbii ki, Rusiya tərəfi də düzgün, səmimi, açıq siyasət yürüdən Azərbaycan dövlətinin regiondakı mövqeyini, gücünü, inkişafını, qələbəsini, ümumiyyətlə dövlətimizin bugünkü reallıqlarını qəbul edir. Və bu proseslərin də nəticələrini qəbul etməlidir. Düşünürəm ki, Rusiya tərəfi məhz ona görədir ki, 10 noyabr 2020-ci il tarixli bəyanatla regiona yerləşdirdiyi sülhməramlı kontingenti vaxtından əvvəl, missiyanın fəaliyyəti üçün zərurət qalmadığı üçün ərazilərimizdən çıxardı. Təbii ki, bu, ayrı-ayrı dövlətlərə bir nümunə, etalon oldu ki, əgər doğru siyasət, düzgün diplomatiya yürüdürsünüzsə, o halda qarşı tərəf sizə hörmətlə yanaşmaq məcburiyyətində qalır. Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bu şəkildə davam edir".

X.Bəşirov əlavə edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri çox önəmli bir hadisə oldu. Xüsusilə də sülhməramlı kontingentin Azərbaycan ərazilərini tərk etdyi bir dönəmdə bunu çoxları fərqli bir formada izah etməyə çalışırdılar: "Rusiya - Azərbaycan münasibətlərinin pozulacağını və qarşılıqlı ittihamların səsləndiriləcəyini, digər xoşagəlməz proseslərin reallaşacağı ilə bağlı fikirlər səsləndirirdilər. Amma görünən o oldu ki, bunlar hamısı əsassızdır, reallıqdan kənardır. Azərbaycanla Rusiya arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur. Biz coğrafiyanı seçmirik, bizim Rusiya ilə böyük, uzun sərhədlərimiz mövcuddur, Xəzər dənizində də sərhədlərimiz var. Azərbaycan Rusiyanın İkinci Qarabağ müharibəsi də daxil olmaqla, ondan sonra baş verən proseslərdəki yanaşmasını yüksək qiymətləndirir. Çünki Rusiya tərəfi həm missiyasını layiqli şəkildə həyata keçirdi, həm də missiyanın aktuallığı itdikdən sonra onu ərazilərimizdən çıxardı. Bütün bunlar düşünürəm ki, hazırkı məqamda həm Rusiya ilə münasibətlərini korlayan, həm də Qərblə münasibətlərini normallaşdırmaq istiqamətində etdiyi cəhdlərin hələ ki, uğur gətirmədiyi Ermənistan üçün də bir nümunə olmaldır. Ermənistan hazırda çox təhlükəli oyunlarda alətə çevrilib. Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gedişatından əldə olunmuş nəticələrdən bir sıra dövlətlər, o cümlədən də, Ermənistan nəticə çıxara, nümunə götürə bilərlər. Çünki Ermənistan rəhbərliyi öz dövlətini və xalqını böyük oyunların alətinə çevirməkdə israrlı görünür. Hesab edirəm ki, bu, həm Ermənistan cəmiyyəti, həm dövləti üçün çox ciddi nəticələrə gətirib çıxaracaq. Bizim regionumuzda yerləşdiyi, qonşu dövlət olduğuna görə biz də bu prosesdən narahatıq. Amma hər bir halda seçim edən tərəf onlardır. Əgər bu məsələdə qərarlıdırlarsa, bunun nəticələrinə də qatlaşmaq məcburiyyətindədirlər".

 

Pərvanə

525-ci qəzet.- 2024.-25 aprel,№71.-S.5.