Güney ziyası: Sədyar
Vəzifə Eloğlu
Gözlərinin nurunu, qəlbinin odunu sözlərə,
misralara tökən, ömür-gününü doğma
el-oba uğruna ədəbi fəaliyyətə həsr edən
Güney Azərbaycan ədəbiyyatının fədakar
ziyalılarından biri də Sədyar Vəzifə
Eloğludur. Ədəbi fəaliyyət dairəsi geniş
olsa da, daha çox şair kimliyilə tanınan Sədyar Vəzifə
öz missiyasını yazar imzası ilə, sanki daha da bərkişdirmək
istəmiş və özünə "Eloğlu" təxəllüsünü
seçərək yolunu, məramını ta başdan
açıq-aydın bəyan etmişdir.
Sədyar Vəzifə İsmayıl oğlu 1959-cu il
aprelin 2-də Qaradağ mahalının Xudafərin nahiyəsində
yerləşən Katdalı Qulubəyli
qışlağında bir köçəri ailədə
anadan olub. 12 yaşınadək doğma elində
böyüyüb, ibtidai təhsilini Cəfərqulu
Uşağı qışlağında başa
çatdırıb, orta təhsilini Əhər və Təbriz
şəhərlərində bitiribdir. Eloğlu 1978-ci ildən
başlayaraq dörd il Təbriz şəhərinin ətrafında
olan Mayan kəndində müəllimlik etmiş, sonra Tehrana
köçüb bir şirkətdə işləmişdir.
O, gənclik illərindən başlayaraq Azərbaycan ədəbiyyatının
mütaliəsilə məşğul olmuş, həmin illərdə
ilk qələm təcrübələri kimi ana dilimizdə
şeirlər yazmağa başlamışdır. Eloğlunun
şeiri ilk dəfə 1980-ci ilin avqust ayında Təbrizdə
nəşr edilən "Dədə Qorqud" dərgisində
çap olunub. Yaradıcılığa şeirlə
başlayan Eloğlunun indiyədək iki cild şeir kitabı
çap edilib. İlk addımlarından ədəbiyyat aləmində
və xalq arasında rəğbətlə qarşılanan
şairin əsərləri İran və o taylı-bu
taylı Azərbaycan mətbuatında mütəmadi dərc
olunub. Hələ 1981-ci ildə mərhum akademik Mirzə
İbrahimov o zamanlar şairlər və yazıçılar
ittifaqının orqanı olan "Azərbaycan" dərgisində
"Cənub sovqatı" başlıqlı məqaləsində
Eloğlunun ilk dönəm çap olunan şeirlərini dirəniş
ədəbiyyatı kimi dəyərləndirib.
S.V.Eloğlunun "Qoşmalar" adlı ilk şeirlər
məcmuəsi 2002-ci ildə Tehranda "Nəxustin" nəşriyyatında
əski əlifbada çapdan çıxıb. Kitabın
ön söz müəllifi tanınmış ədəbiyyatşunas
alim Dr.Məhəmmədrza Kərimidir. 120 səhifədən
ibarət olan bu kitabda Eloğlunun qoşmaları, gəraylıları
və bir sıra sərbəst şeirləri yer alır. Bu
şeirlərdən bəzilərinə aşıqlar və
xanəndələr tərəfindən musiqi bəstələnib
şənliklərdə oxunur.
S.V.Eloğlunun "Ölülər saqqız
çeynəyir" adlı ikinci şeirlər kitabı dəyərli
ədəbiyyatşünas alim Dr.İbad Məmizadənin
(Ağdaşlı) ön sözü ilə 2009-cu ildə Kərəc
şəhərində, "Pinar" nəşriyyatında əski
əlifbada çap olunub geniş yayılmışdır.
Eloğlunu "Milli duyğular şairi" adlandıran
İ.Məmizadə ön sözündə: "Gözəl
bir bədii əsər öz xəlqiliyi və
orijinallığı ilə seçilir. Xəlqilik xalq
kütləsinə bağlılıq və eləcə də
sənətkarın mənsub olduğu xalqın milli məfkurəsindən
qidalanması deməkdir. Hər bir sənətkarın
yaradıcılıq bacarığını məhz həmin
meyarla ölçmək olar. Təsadüfi deyildir ki, qara
qüvvələr əsrlər boyu sənətkarları
öz həqiqi istiqamətindən yayındırmaq
üçün həmişə onları xalq kütləsindən
və milli duyğulardan uzaqlaşdırmağa
çalışmışlar. Əvvəllər Avropada,
sonralar isə vətənimizdə üzdəniraq
ziyalıların saqqız kimi çeynədiyi "sənət,
sənət üçündür" şüarı da həmin
ideyalara qulluq edirdi. ...Lakin əsl sənətkarlar heç də
bu saxtakarlıqlara uymayıb, realizm yaradıcılıq
metoduna və onun estetik meyarlarına sadiq qalıblar", -
yazır, "Ölülər saqqız çeynəyir"
kitabını yüksək qiymətləndirir və daha sonra
"...Azərbaycan şeirinə gəldikdə isə deməliyik
ki, bu diyarın sənətkarları bütün dövrlərdə
möhkəm addımlar atmış və doğma
poeziyamızı bütün yanlışlıqlardan qoruyub
saxlamışlar. Molla Pənah Vaqif realist şeirimizin əsasını
qoyaraq onu öz xələflərinə
tapşırmışdır. Sonralar onun müxtəlif
qolları, xüsusilə tənqidi realizm Mirzə Ələkbər
Sabir kimi dahilər və digər "Molla Nəsirəddin"çilər
vasitəsilə genişləndirilmiş və öz yüksək
zirvəsinə çatdırılmışdır. Söz
yoxdur ki, Azərbaycan realizmi öz sevgi və gözəllik cəhətini
aşıqlarımıza və ümumiyyətlə,
aşıq ədəbiyyatında fəaliyyət göstərən
şairlərimizə borcludur. Bu yolun ulduzları Aşıq
Ələsgər, Səməd Vurğun, Hüseyn Arif, Zəlimxan
Yaqub kimi sənətkarlardır. İranda rəhmətlik B.Q.Səhəndin
"Sazımın sözü" əsəri və ustad
Şəhriyarın "Heydər baba"sı xalqa
bağlı sənət əsərlərinin yaranmasına
böyük təkan verdi. Bax bizim Eloğlumuz həmin nəslin
davamıdır...", - qənaətilə kitabın müəllifini
qürurla öyür.
Milli ədəbiyyat sevdası və təəssübkeşlik
duyğuları Eloğluda gənc yaşlarından baş
qaldırmışdır. 1980-ci ildən ustad Yəhya
Şeyda, Hilal Nasiri, Abbas Bariz, Abbas Sabiri və başqa qələm
sahibləri ilə birlikdə Təbrizdə yaranan "Azərbaycan
şairlər və yazıçılar cəmiyyəti"nin
fəal və rəsmi üzvlərindən olaraq cəmiyyətdə
çalışmış və iclaslarında iştirak
etmişdir. "Azərbaycan şairlər və
yazıçılar cəmiyyəti" qapanılandan sonra da
Tehran şəhərinə köçüb 1984-cü ilin əvvəlindən
Tehranda şair və yazıçı dostları: Muradəli
Qureyşi Qaflantı, Bürcəli Qureyşi Türkoğlu,
Həsən Riyazi (Həsən
İldirim), Səid Bəzli (Aydın Təbrizli), Məhəmməd
Qasimi (Aqşin Ağkəmərli), Cəbrail Seyfi Heris,
Hüseyn Seyfi Heris (Ağyarlı), Cəmşid Şeybani
Avçı, Qadir Cəfəri Quruçaylı ilə birlikdə
o mühitdə türkdilli şair və yazarlar
üçün yaradılan "Arzu karvanı" adlı ədəbi
dərnəyin banilərindən olmuş və o illərdə
iclasları ancaq evlərdə keçirilə bilən ədəbi
dərnəyi idarə edənlərdən olmuşdur.
S.V.Eloğlu 1994-cü ildən sonra ilk baniləri Müzəffər
Dirəfşi, Səyid Müniri, ustad Behzad Behzadi, Əliqulu
Katibi, Haşım Tərlan, Hüseyn Şəhrək və
digər sairələrin iştirakı ilə yaranan məşhur
"Mirzə Ələkbər Sabir" adına ədəbi
dərnəyin daimi üzvlərindən olmuş və dərnəyin
tədbirlərində yaxından iştirak etmişdir. O,
1998-ci ildə Tehran Bələdiyyəsinin mədəniyyət
saraylarından olan Hünəri Hövzənin mərkəzi
binasında həftədə bir gün keçirilən
"Türkcə şeir tənqidi" axşamları adlanan
ədəbi iclasların təşkilatçılarından
olmuşdur. Bu ağır ədəbi çalışmada
onun şair və yazıçı həmkarları İbad Məmizadə
Ağdaşlı, Bağır Reşadəti, Hüseyn Şəhrək,
Mirzə Rəsul İsmayılzadə, Mehdi Əbdüllahi
olmuşdur. Beş il ərzində ardıcıl olaraq hər
həftənin birinci günləri təşkil edilən o
şeir tənqidi axşamlarının o illərdə Tehran ədəbi
mühitində türk ədəbiyyatı ilə maraqlanan gənc
ədəbi nəslin yetişdirilməsində böyük
rolu olmuşdur.
S.V.Eloğlu eyni zamanda uzun illər mətbuat
orqanlarında çalışmışdır. O, "Azərbaycan
(türk) dili dərnəyi"nin bülleteni, "El dili və
əbəbiyyatı" nəşriyyəsi, "Ərk"
qazeti və "Peyki-Azər", "Xudafərin",
"Azəri", "Dilmac", "El ədəbiyyatı"
kimi dərgilərin redaksiya heyətində fəaliyyət
göstərmiş, bəzilərininsə təsisçi və
ya baş redaktoru olmuşdur.
Fars dilinə hakim olması Eloğlunun
aradırmaçı əzmini və ruhunu daha da gücləndirmiş,
ədəbiyyatşünaslıq fəaliyyətini genişləndirmışdir.
Onun əlyazmalar üzərindəki işləri xüsusilə
diqqətəlayiqdir. Şairin poetik axtarışları
kitabxanalarda küncdə, bucaqda gözdən uzaq qalan hər vərəqdə,
hər sətirdə Vətən axtarışlarına
çevrilmişdir. O, "Divani-Nizami" [Gəncəvi] (Xədiviyyə
əlyazması), "Divani-Vali",
"Divani-Şükri", "Bəxtiyarnamə",
"Oğuznamə" və "Səlcuqnamə",
"Divani-Şeyx Nizami", "Qəzəliyyati-türki",
Məhəmməd Füzulinin indiyədək üzə
çıxmayan bir qəsidə və bir müləmmə qəzəlini,
yeni tapılan bir farsca-türkcə müləmmə qəzəlini
əlyazmalar arasından tapıb ilk dəfə olaraq mətbuatda
yayımlamışdır.
Şairlər haqqında yazdığı ədəbi
baxışları və klassik əlyazmalar haqqında
"Axtarışlar-tapıntılar" başlıqlı
elmi-ədəbi məqalələri İranda yayımlanan
"Dədə Qurqud", "Varlıq",
"Füruği-Azadi", "Məhdi-Azadi", "Fəcri-Azərbaycan",
"Əxtər", "Yol", "Azəri",
"Ümidi-Zəncan", "Bahari-Zəncan",
"Ərk", "Günəş", "Dilmac",
"Peyki-Azər", "Xudafərin", "Bayram",
"Araz", "Aftabi-Azərbaycan" və başqa
türkdilli dərgi və qazetlərdə dərc
edilmişdir.
1946-ci ildə Cənubi Azərbaycanda yaranan Milli
Hökumətin mübarizə yollarını əks etdirən
"Telli Məmi" adlı romanı 2002-ci ilin may ayından
başlayaraq Ərdəbil şəhərində nəşr
olunan "Araz" həftəliyində ardıcıl saylarda
çap edilmişdir. "Xuduş" romanı isə ustad
Behzad Behzadinin Tehranda nəşr etdirdiyi "Azəri" dərgisində
silsilə şəklində dərc olunubdur.
S.V.Eloğlunun "İllərin qanadında" (Cənubi
Azərbaycan şeir antologiyası), türkcə
"Divani-Nizami Gəncəvi" (yeni tapılan "Xədiviyyə"
nüsxəsi), türkcə "Divani-Şeyx Nizami" (Ayətullah
Gulpayqani kitabxanasında olan nüsxə), "Arxada qalan illər"
(Hüseyn Arif ilə şeirləşmələri və xatirələri,
tərtib edəni və naşiri Q.H. Əliyeva) adlı
kitabıları da nəşr edilmişdir.
S.V.Eloğlu Quzey Azərbaycanda yaşayan məsləkdaşlarının
əsərlərini kiril və latın əlifbasından əski
əlifbaya köçürüb çap etdirmişdir:
Mövlud Süleymanlının "Söz içində
söz", Səlahəddin Xəlilovun "Şərq və
Qərb", İsmayıl Vəliyevin "Bilqamış
dastanı" və s.
O, indiyədək çap olunmuş onlarla kitabın
müqəddimə və ön sözlərini yazıbdır
ki, bunlardan Məhəmmədhəsən Yusfinin "El
sözləri", Pərvyəz Yekani Zarenini "Azərbaycan
şifahi el ədəbiyyatına bir baxış", Bəxtiyar
Vahabzadənin "Payız düşüncələri",
türkcə "Hafiz qəzəlləri", Mirzə Ələkbər
Sabirin "Hophopnamə", Vuqar Nemətin "Səni
qayalara çağıracağam" Aşıq Kamandar
Əfəndiyevin "Borçalı laylası",
Qulamhüseyn Saidi "Bəyəl əzalıları",
Hüseyn Seyf Herisin "Günəşə sarı", Bəhruz
İmaninin "Gözlərini aç". Məhərrəm
Fərzanənin "İstək zirvəsi", Cəmşid
Şeybaninin "Bayatı bulağı", Cavad Dərbəndinin
"Aşıqlar dünyası"nı, Aşıq Mərağeyinin
"Qəzəllər"ini, Ramiz Məmmədzadənin
"Həmişə sən gələsən", Əliqulu
Katbi Ağquşun "Təzə bayatılar", Abdullah
Kazımi Qarabulağın "Ata-babalar sözü", Abbas
Dehqaninin "Bayatı boxçası" və s. qeyd etmək
olar.
Fədakar ziyalımız 2005-ci il dekabrın 25-də
Azərbaycan ədəbiyyatının və fəlsəfi
fikrinin təbliğindəki xidmətlərinə və
maarifçilik fəaliyyətinə görə Azərbaycan
Universitetinin "Fəxri Fərmanı"
ilə təltif olunmuşdur.
Bu günlərdə şair, nasir, ədəbiyyatşünas,
mətnşünas və araşdırmaçı Sədyar
Vəzifə Eloğlunun 65 yaşı Cənubi Azərbaycanda
geniş qeyd olunur. Biz də elimizin daim zirvələrə can
atan vətən və millətsevər oğlunu Azərbaycan ədəbi
cameəsi adından təbrik edir, ona cansağlığı
və yeni yaradıcılıq uğurları
arzulayırıq.
Qəndab HAQVERDİ (ƏLİYEVA)
AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.-26 aprel,№72.-S.15.