...Gözlük
gözlərimin əl ağacıdır, Gözlüyüm
qoymur ki, yıxıla gözüm
GİDİ DÜNYA BİR KÖRPÜDÜR
Taxtımızdan salmaz bizi mülk azlığı,
var azlığı,
Gərəkdir tək ayaqla da saxlayasan
tarazlığı.
Bir də heç vaxt əldə silah etməyəsən
arsızlığı,
Onda dönüb geri baxsan, ləkəsiz bir iz görərsən,
Alnı açıq, başı uca, vicdanı təmiz
görərsən.
Əslim, nəslim, soyum, zatım torpaqdan güc alan
olub,
Zəhmət ilə ev-eşiyin qayğısına
qalan olub.
Əməlimdə nə bir riya, sözümdə nə
yalan olub,
Ataların dediyitək kökü üstə bitən
otam,
Əl uzatsan süfrəm açıq, əl
qaldırsan qarsan odam.
Gidi dünya bir körpüdür - karvan ömrü
yaşayırıq,
Hər anımız yük doludur, başdan sona
daşıyırıq.
Keçmiş qaysaq tutan yara, bizlərsə hey
qaşıyırıq,
Bu gedişlə gələcəyin
ilğımında azar insan,
Öz qəbrini öz əliylə, öz beynində
qazar insan.
ANİ BİR ÖLÜM GƏLƏ
Ani bir ölüm gələ,
Sevgilin kimi gülə.
Yapışasan əl-ələ
Xoşbəxtliyə gedəsən,
Dünyanı tərk edəsən.
Bir cənnət yaradasan,
Eşqlə gülə hər insan.
Səhərdən axşamacan
Söz deyib, söz qoşasan,
Şeirlərlə coşasan.
Məni çağıran adam,
Danış - bağrı qan adam.
Ruhu yorulan adam,
Qaç cəhənnəm dünyadan,
Hər günü qəm dünyadan.
Xəyal qurub axtardım,
Ömrü yorub axtardım,
Hər gün durub axtardım,
Çıxış yolu ölümdür,
Qalan hər şey zülümdür.
Ani bir ölüm gələ,
Sevgilin kimi gülə.
Yapışasan əl-ələ
Xoşbəxtliyə gedəsən,
Dünyanı tərk edəsən.
BİR GÜN ÇIXIB GETSƏN...
Sən mənim ömrümə hayandan gəldin,
Dünyamı fəth etdin, hər yandan gəldin.
Dərdimə, sərimə hey yanan gəldin,
Bir gün çıxıb getsən, can
çıxıb gedər,
Bil ki, çıxıb getsən, can
çıxıb gedər.
Sevgiyə açılan pəncərəm sənsən,
Hər fəsil ən gözəl mənzərəm sənsən.
Şeir həyatıma nəzirəm sənsən,
Bir gün çıxıb getsən, can
çıxıb gedər,
Bil ki, çıxıb getsən, can
çıxıb gedər.
Günəş qoparmışdın, Ay gətirmişdin,
Şaxtalı bir qışda yay gətirmişdin.
Ömrünü ömrümə pay gətirmişdin,
Bir gün çıxıb getsən, can
çıxıb gedər,
Bil ki, çıxıb getsən, can
çıxıb gedər.
Dünyamı cənnətə döndərənimsən,
Səhrayam, yağışlar göndərənimsən.
Canımsan, canıma can verənimsən,
Bir gün çıxıb getsən, can
çıxıb gedər,
Bil ki, çıxıb getsən, can
çıxıb gedər.
YENƏ YADA DÜŞMÜSƏN
Gecə beşdi, səhər beş,
Yenə yada düşmüsən.
Hər gün gəl ağlımdan keç,
Onsuz yanımdan keçib
Yenə yada düşmüsən.
Sənə gələn yollarım
Yenə düyünə düşdü.
Gəlib toyuna çatdım,
Oğrun-oğrun baxışmaq
Yenə düyünə düşdü.
Sən Tanrısan, dünyana
Yenə bəndə düşərəm.
Ürəyi ağrıyana
Elə qıyqacı baxma,
Yenə bəndə düşərəm.
Həsrətdən saçlarıma
Yenə hey dən düşəcək.
Məni sənsiz buraxma,
Varlığım yoxluğunla
Yenə heydən düşəcək.
GÖZÜM VƏ GÖZLÜYÜM
Son vaxtlar sağ gözüm incidir məni,
Acı su dayanmır, axır, hey axır.
Sol gözüm ikiqat əziyyət çəkir,
Sağın da yerinə sağ-sola baxır.
Yaxın adamların uzaqlığını
Yaxşı görmək üçün
gözlük almışam.
Uzaq adamların yaxınlığına
Təəccüb edirəm, çaşıb
qalmışam.
Gözüm torlandıqca sevinirəm ki,
Əyri adamları düz görməyəcəm.
Daha topuğuma daş atanları,
Daha maskalanmış üz görməyəcəm.
Gözümün əlindən tutan
gözlüyüm,
Kiçik adamları böyük göstərmə.
Gözümə yük etmə hər görünəni,
Yaltaqlıqçün əl ayaqdan gedəni,
Çox bilən, iş bilən, ütük göstərmə.
Gözlük gözlərimin əl
ağacıdır,
Gözlüyüm qoymur ki, yıxıla gözüm.
Gözlük də dadına çata bilməsə,
Yumul, əbədilik yuxula, gözüm!
ŞƏHİD QIZI
Ləman
üçün
Şəhid qızlarının baxışlarında
Qürur heykəlidir igid atalar.
Ömrü alnı açıq yaşamaq yazdı
Qızların alnına şəhid atalar.
Gecə xəyalına qısılıb yatar,
Gündüz şəkilləri basar bağrına.
Dilində yaşından böyük bir cümlə:
Atam şəhid oldu vətən uğruna.
Nə qədər desək də, biz yanındayıq,
Nə qədər desək də, "Vətən
sağ olsun"...
Bir gün incidəndə həyat o qızı
Arzusu dillənər: Atam sağ olsun.
Çox tez böyüyərlər şəhid
qızları,
Səslər buz bağlayar ata sözündə.
Təbəssüm qonsa da, dodaqlarına,
Gözləri ağlayar ata sözündə.
Başını uca tut, ey şəhid qızı,
Həyatın önündə şəst ilə
dayan.
Atan bayraqlaşan qeyrətimizdir,
Sənsə bayraqlaşan namusumuzsan.
Naxçıvan,
25-10-2023
İYİRMİ YAŞLI ŞƏKLİM
Baxdığım yerdə iyirmi il əvvəlim var,
Kim bilir, indi susqun hüznümdə kim var?!
Tellərim dalğa-dalğa boy göstərir şəkildən,
Bir əlamət qalmayıb indi həmin kəkildən.
Qız qaytaran baxışım, dodağımda təbəssüm,
Baxdıqca kövrəlirəm, baxdıqca dolur
gözüm.
Sevdiyim, bu şəkili çəkdirdiyim həmin
gün
Çıxıb kəndə getmişdin,
darıxırdım səninçün.
Könül istər bu günlər dönüb olsun
o vaxtlar,
Bu arzuya çatmağa nə tilsim var, nə sirr var.
Baxıram ayaqqabım süzlüb, əldən
düşüb,
Pencəyimin ətəyi qırışıb və
büzüşüb.
Dəftərçəm o pencəyin sol cibində
olardı,
Hər gün bir səhifəsi şeirlərə
dolardı.
Şəkil donmuş zamandır - keçmiş buz dənizidir,
Baxdıqca xatirələr donan anı isidir.
Əlimdəki şəkil də iyirmi illik buz
qatı,
Xatirələr oyanır, buz layları çat
atır.
Acıq çıxır elə bil qırx
üçlü yaşlı şairdən
Bir şəkildən boylanan iyirmi yaşındakı
mən.
Örtüb yerinə qoydum albomu gülə-gülə,
Hələ sağollaşdım da şəkillə:
- Gülə-gülə.
Otağın işığını söndürməkdən
çəkindim,
Qaranlıqda keçmişlə tənha qalmaq çətindir...
Bu gecə yuxum qaçaq, keçmişdə qalıb
gözüm,
Qızım duyuq düşübdü: - Dədə,
bir kofe süzüm?
Bir söz deyə bilmirəm, başımı tərpədirəm,
Xatirələr altında qalmışam - budu dəprəm...
ŞAİR, YAĞIŞ, QUŞ BALALARI
Yağış pəncərəmdə quş
balasıdır,
Hələ alışmayıb qanad
çırpmağa.
Açıram ovcumda atılıb-düşür
Sevincdən ürəyim dönür bir dağa.
Yağış dimdikləyir ovuclarımı
Uşaqtək sevinib çölə qaçıram.
Quş balalarına uçmaq öyrədir,
Qoşulub onlara mən də uçuram.
Elə bil çoxdandır bir küncdə küsən
İçimdən uşaqlıq inadım
çıxır.
Hər tində, döngədə xatirələrim
Tutur əllərimdən - qanadım
çıxır.
Sərçələr sevincək uçur
yanımca,
Qopur qanadımdan bir lələk qələm.
Göylərə xoşbəxtlik şeiri yazıram,
Enirəm aprelin üzündən öpəm.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet.- 2024.-26 aprel,¹72.-S.14.