Biz rəqs edə bilirikmi?  

 

 

Sərlövhəyə çıxardığım bu sual xeyli vaxt idi məni düşündürürdü və ağlıma gələn fikirlər axır ki, qələm götürüb bu yazını yazmağa sövq elədi. Amma yuxarıdakı sualın dəqiq cavabını vermək üçün bir qədər uzaqdan başlamaq, "Rəqs dedikdə nə başa düşülür və insanlar nəyə görə rəqs etməyə ehtiyac duyurlar" kimi sadə bir suala da cavab axtarmaq heç də pis olmaz.

Rəqs hələ ibtidai icma dövründə qədim insanların ruhu və bədəni, cismi və canı arasında körpü salan, emosiyalarını, duyğularını bədən dili - plastika ilə ifadə edən ritual kimi meydana gəlib. Qədim insanlar ov ərəfəsində onun uğurlu olması üçün əl-ələ verib ocaq başında, yaxud ovlayacaqları heyvanın "maketi" ətrafında ritmik hərəkətlər edə-edə həyəcanlarını bu yolla nizamlayır, ruhlarını mənfi enerjidən təmizləyib müsbət emosiyalara kökləyirdilər. Bu, həm də çətin imtahanda onları uğura aparan həmrəyliyin, birliyin rəmzi  idi. Sonralar insan qruplarının daha mükəmməl birliklərə - millətlərə, xalqlara çevrilməsi fonunda bu ritual da təkmilləşərək ümumi mədəniyyətin tərkib hissəsinə çevrildi, hər bir xalqın geyim, davranış etiketlərindəki özəlliklər, milli ruhun musiqi obrazları ilə ifadəsindəki, rəqs havalarının doğulduğu musiqi ladlarındakı fərli çalarlar bir-birini təkrarlamayan rəqs mədəniyyətlərinin yaranmasına gətirib çıxardı.

    İllər ötdükcə, dövranlar dəyişdikcə hər dövrün məişət xüsusiyyətlərini, yaşam və düşüncə tərzini əks etdirən yeni rəqs havaları yaranır, buna uyğun olaraq rəqs sənətinin tərkib hissələri - müşayiət edən musiqi və bədən dilini zənginləşdirən plastika ustalığı arasında əlaqələr daha rəngarəng və eyni zamanda mürəkkəb xarakter alır. Rəqs sənəti şifahi ənənələrlə bağlı olduğuna görə bu prosesin konkret olaraq nə vaxt başladığı barədə dəqiq fikir söyləmək çətindir. Bizə yalnız qədim rəqs havalarının melodik xüsusiyyətlərindən, səs obrazlarından çıxış edib fərziyyələr irəli sürmək qalır, çünki hələ qədim dövrləri demirəm, heç 200 il əvvəl həmvətənlərimizin hansı rəqs havalarına və necə rəqs etmələri, hansı dövrdə hansı xoreoqrafik jestlərin, rəqs fəlsəfəsinin dəbdə olması barədə dəqiq informasiya almaq şansımız demək olar ki, yox dərəcəsindədir. Amma rəqs sənətinin bugünkü durumundan çıxış edib, məntiqin qanunlarına söykənib müəyyən mülahizələr söyləmək olar. Elə mən də bu imkandan bəhrələnib musiqişünas kimi yox, incəsənətin estetik, fəlsəfi aspektlərini araşdıran bir şəxs kimi bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm.

1. Rəqs sənəti musiqi ilə bədən plastikasının vəhdətində var olan estetik hadisədir. Amma bu tandemdə əsas, aparıcı rol, təbii ki, musiqiyə məxsusdur, çünki istənilən xoreoqrafik etüd plastikanın musiqi obrazı kimi yox, musiqinin bədən dili ilə interpretasiyası, vizual obrazı kimi doğulur. Sadə dildə desək, əvvəl melodiya yaranır, sonra da onun ruhuna uyğun qurulan rəqs. Bu mənada rəqs dedikdə, artıq reallaşmış imkan, yəni göz önündə ifa olunan xoreoqrafik etüd başa düşülür. Ona görə də müxtəlif yazılarda, efirdə, radio dalğalarında və sosial şəbəkələrdə instrumental şəkildə ifa olunan rəqs havalarının rəqs kimi təqdim olunması qətiyyən düzgün deyil.

Rəqs mədəniyyəti, onun estetik səviyyəsi rəqsin quruluşu, kompozisiyası, məzmunu ilə rəqs melodiyası arasında dialoqun hansı səviyyədə baş tutmasından asılıdır. Bu dialoq baş tutur və onlar bir-birini tamamlayırsa, insana zövq verən maraqlı rəqs doğulur. Yox, əgər rəqqas jest və hərəkətləri ilə melodiyanı konkretləşdirə, vizuallaşdıra bilmirsə, yaxşı rəqsdən danışmaq absurddur. Mənə elə gəlir ki, son dövrlərdə rəqs sənətimizdə müşahidə olunan çatışmazlıqlardan biri qurulan rəqslərin jest, mimika ünsürlərinin rəqsi müşayiət edən  melodiyanın zənginliyinə lazımınca reaksiya verə bilməməsidir. Rəqs zamanı edilən əl-qol, sinə, ayaq hərəkətləri palitra zənginliyi baxımından melodiyaya gözgörəsi uduzur, nəticədə onların musiqi ekvivalentləri sönük görkəm alır, rəqqasın hərəkətləri bir-birinin məntiqi davamı kimi sıralanıb hansısa bir süjet yaratmaq əvəzinə sistemsiz, pərakəndə şəkildə təkrarlanır. Bu, istər kişi, istər qadın, istərsə də qrup şəklində ifa olunan rəqslərə eyni dərəcədə aiddir. Şəxsən mən ötən əsrin 70-ci illərindən başlayaraq öz şəxsi müşahidələrimə əsaslanıb belə bir fikir söyləməkdən də çəkinmirəm ki, son 50 ildə bizim rəqs sənətimizin plastika arsenalında heç bir kəmiyyət və keyfiyyət artımı olmayıb. Belə rəqslərə baxıb zövq almaq çətinliyi bir yana, onları sonadək izləməyin özü belə çox vaxt müşkülə dönür - bir-biri ilə əlaqəsiz, təkrar jestlər, mizanlar monotonluq yaradıb adamı əməllicə yorur. Halbuki bizim hər frazası, səsi belə müəyyən bir motivlə bağlı olan "Səməni", "Lalə", "Bahar çağında", "Turacı", "Azərbaycan qızı", "Üçbarmaq", "Leyli Pəri"  kimi lirik, "Cüt bacı", "Kəndir", "Kim-kimə", "Xurcunu" kimi məzəli, "Qoçəli", "Şirvan", "Naz-nazı", "Yaqutu" kimi şıdırğı rəqs melodiyalarımız var. Sadəcə qalır  uyğun süjetlər qurub rəqsləri reallaşdırmaq. Amma baxın: mən "Mirzəyi", "Darçını", "Yaqutu" və "Lalə" rəqslərini son dəfə "O olmasın, bu olsun" filmində Əliağa Ağayevin, Ağasadıq Gəraybəylinin, Safurə İbrahimovanın, Əminə Dilbazinin ifalarında görmüşəm. Bu melodiyalara yeni rəqslər qurub ifa edə bilmiriksə, vay bizim halımıza.

2. Hələ ötən əsrin 70-ci illərində rəqs sənətimizdə qızların, qadınların kişi rəqsləri  etmələri kimi qəribə bir tendensiya yaranmağa başladı. İndi aradan illər keçəndən sonra bunu rəqs sənətimizdə "Gender sindromu" adlandırmaq olar. Azərbaycan qadınlarının yeri gələndə kişilərlə çiyin-çiyinə düşmənə qarşı vuruşduqlarını, bəzi qeyrətsiz "kişilərə" nümunə olduqlarını nəzərə alanda bəlkə də bundan narahat olmağa dəyməzdi. Amma bir şərtlə - bu jest melodiyanın çatdırdığı musiqi obrazlarının xarakterindən irəli gələydi, rəqsin süjetini tamamlayaydı. Əks təqdirdə sözügedən transformasiyaya haqq qazandırmaq elə indinin özündə də  çox çətin, bəlkə də mümkünsüz  görünür və tikanlı suallar bir-birinə calanır - Kişilərin rəqs etmələri üçün nəzərdə tutulan melodiyalara qadınların qol götürüb oynamaları hansı zərurətdən irəli gəlir? Qadın rəqs havalarını o dərəcədəmi mənimsəyib rəqsə çevirdik ki, yaranan boşluğu doldurmaq üçün kişi rəqslərinə ortaq çıxmaq lüzumu yarandı?

Təəssüf ki, o vaxtlar bu suallara cavab axtarılmadı. Nəticəsi isə bu oldu ki, hazırda sosial şəbəkələrdə gənc qız və oğlanların eyni melodiya altında eyni jest və plastika ilə şıdırğı rəqs etmələrini əks etdirən videolar klassik rəqslərə meydan oxumaqdadır.

Mənə etiraz edib deyə bilərlər ki, bunlar yeni dövrün tələblərinə şousayağı reaksiya, yeni rəqs ənənələrinə adaptasiyadır, ciddi sənət hadisəsi deyil, sadəcə əylənməyə xidmət edən sosial şəbəkə məhsullardır. Amma mənim də bu "arqumentlərə" qarşı öz arqumentlərim var: Birincisi, Azərbaycan xalq rəqslərinin təsnifatında sosial şəbəkə rəqsi deyilən rəqs növü yoxdur. İkincisi, əgər bu hadisə müasirliyin, yeniliyin təzahürüdürsə, qoy musiqi folklorunun tədqiqi ilə məşğul olan mütəxəssislər elmi-nəzəri müstəvidə bizi buna inandırsınlar, yeni təsnifat meyarları tapıb yazılarında redaktə işləri aparsınlar. Nəhayət, üçüncüsü, qadın - zətiflik, gözəllik rəmzidir və onun istənilən halda kişi hərəkətlərini, jestlərini imitasiya etməsi zərurətdən çox, spekulyasiya təəssüratı yaradır.

3. Rəqs sənətimizə aid narahatlıq doğuran 3-cü problem bu irsə, onun taleyinə münasibətimizlə bağlıdır. Çox vaxt rəqs havalarına instrumental musiqi əsərləri kimi baxılır ki, bu da həmin melodiyalara rəqs qurulmamasına haqq qazandırmaq deməkdir. Bəli, bizim rəqs havalarımız melodiya zənginliyinə görə eşitmə qavrayışı üçün də əvəzsiz mənbədir. Amma istənilən melodiyanın rəqs havasına çevrilməsini bəlirləyən söz birləşməsinin 1-ci tərəfində "rəqs" sözü dayanırsa, bu, həmin melodiyanın səhnə, plastika, hərəkətlə sıx bağlı olduğunu bildirir. İstənilən gözəl melodiya yalnız xoreoqrafik etüd kimi reallaşdıqdan sonra rəqs havası statusu qazanır. Ona görə də zəhmət çəkib kataloqlarda olan bütün rəqs melodiyalarına rəqs qurmaq barədə fikirləşmək lazımdır. Əgər buna da gücümüz çatmırsa, onda ikinci dəfə vay halımıza.

Mən bu yaxınlarda xalq rəqslərimizlə bağlı internet saytlarını nəzərdən keçirəndə qəribə bir vəziyyətlə qarşılaşdım - rəqs havalarımızın təsnifatına aid vikipediya məlumatlarında bəzi rəqslərin adları göy yox, qırmızı rəngli şriflərlə yazılmışdı. Bu o deməkdir ki, həmin havalar haqqında soraq məlumatlarını, onların ifalarını axtarmayın, heç nə tapmayacaqsınız (?). Belə çıxır ki, bu havalar unudulub gedib, onlardan qalan yeganə əsər-əlamət quruca adlarıdır. Əgər belədirsə, unutqanlığımızın xeyir-duası ilə dəfn olunan bu melodiyaların adlarını musiqi sərvətlərimizin kataloquna salmaq odu söndürüb külü ilə oynamağa bənzəmirmi?

Adamın ağlına qəribə fikirlər gəlir: Bəlkə rəqslərimizin təsnifat siyahısına "unutqanlığımızın güdazına gedən rəqs havaları" adlı bir bənd də əlavə edək ki, hərdən o siyahıya baxanda qızaraq, xəcalət çəkək? Bəlkə onda gec də olsa ayılar, hələ ki, diri olsa da, ağır-ağır nəfəs alan, nəfəslik istəyən bir çox rəqs havalarımıza başqa münasibət sərgiləyərik.

Yeri gəlmişkən bir haşiyə çıxım.

Mənim unudulmuş və unudulmaqda olan rəqs melodiyalarına marağımı görən feysbuk dostlarımdan biri - Oğuzda yaşayan həkim Akif Məmmədov təxminən ilyarım əvvəl mənə bir videoyazı göndərmişdi. Həmin videoda tarçı, Əməkdar artist Səbuhi Cəfərov heç vaxt eşitmədiyim bir rəqs havası ifa edirdi. Sonra Akif müəllimin yazdıqlarlndan belə məlum oldu ki, bu, "Gödəkdərə" (!) rəqsinin melodiyalarıdır, dostum onun not yazısını hardansa tapıb Səbuhi müəllimə göndərib ki, bu "ölmüş" melodiyanı diriltsin. Beləliklə, dostumun cəfakeşliyi, xalq musiqisinə olan məhəbbəti indiyədək çoxlarına məlum olmayan bir melodiyaya yeni nəfəs verib onu xalq musiqisi xəzinəmizə qovuşdurdu.

Amma bu, hamısı deyil.

Bu yaxınlarda xalq musiqimizə aid zəngin biliyə və məlumata malik olan Akif müəllimdən daha 2 naməlum rəqs havasının - ötən əsrin 30-cu illərində buraxılmış qramofon valından yazdığı "Kamal paşa" və "Çanaqqala" adlı rəqslərin audioyazılarını aldım. Naməlum tarçının ifa etdiyi bu melodiyaları dinlədikcə, düzü, əməllicə sarsıldım. Rəqs sənətimizdə də Türkiyə-Azərbaycan dostluğu mövzusunun geniş elmi-nəzəri müstəvidə araşdırılmasına, musiqi folkloru tariximizdə yeni bir səhifənin yazılmasına stimul verə biləcəyi halda bu melodiyaların gözdən-qulaqdan uzaq qalmalarına necə sarsılmayasan axı!

...Xalq musiqisinə dərindən bağlı olan, əsərlərində rəqs melodiyalarımızdan yaradıcılıqla bəhrələnən dahi bəstəkarımız Fikrət Əmirov yazılarının birində oxuculara müraciətlə deyirdi: "Xoşunuza gələn milli rəqs melodiyaları eşidəndə qol götürüb oynamaqdan utanmayın. Bu, sizi gərginlikdən, mənfi enerjidən xilas edəcək, ruhunuzu təzələyəcək".

Çox gözəl deyilib və bu fikrin gözəlliyi təkcə onda deyil ki, rəqs sənətimizin pozitiv aurasını bir daha yada salır. Daha çox ondadır ki, bizi rəqs eləmək mədəniyyətinə yiyələnmək, onu  az qala yaşam tərzimizin bir elementinə çevirmək zərurətinə inandırır.

...Bəsonda nəyi gözləyirik?

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2024.-26 aprel,¹72.-S.13.