Mir Cəlalın
hekayələri: sadə mətnlər, dərin mətləblər
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi
Mir Cəlalın yaradıcılığının çox
mühüm bir hissəsini onun hekayələri təşkil
edir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov və
digər ustadlardan aldığı estafeti müvəffəqiyyətlə
davam etdirən Mir Cəlal ədəbiyyatımızda hekayə
janrının inkişafında müstəsna rol oynayıb,
bu janrın şedevrlərini yaratdı. O, həyat həqiqətlərindən
yazırdı, yaratdığı surətləri qaldırmaq,
ucaltmaq, fetişləşdirmək, ya alçaltmaq məqsədi
daşımırdı, sadəcə, necə varsa, elə
göstərirdi. "Həyat hekayələri" silsiləsindən
olan "Badam ağacları" mənim yadıma həm
Baharı, həm də Cəfər Cabbarlının "Dilarə"
hekayəsini salır. 6 yaşlı Ədalət Dilarəni,
atası Ağarza da Dilarənin atası Bəşiri
xatırladır. Lakin fərq ondadır ki, Ədalətin
taleyi o biri uşaqlar kimi fatal sonluqla bitmir. Sıra ilə ərbab,
kəndxuda, müşavir, amerikan zabiti tərəfindən
döyülsələr də, söyülüb-soyulsalar da,
final ümid verir, müəllif tale qapısını bu
ata-balanın üzünə bağlamır.
Həyat - sayı bilinməyən insan hekayələrindən
ibarətdir. Çexov deyirdi ki, mən nadir hallarda nə isə
uydururam, yazdıqlarım mənə danışılanlar,
eşitdiklərimdir. Mir Cəlalın hekayələri də
bu reallıqla səsləşir. "Mərkəz
adamı" obıvatel Əntərzadə, xörəyin
yağlısını, meyvənin yaxşısını
qonağa saxlayıb, uşağına boyatını,
çürüyünü yedirdən, qonağı
işıqlı otaqda qarşılayıb,
övladlarını qaranlıq damda böyüdən
"Qonaqpərəst", usta
Zeynalın həkim variantı - Cinayətov öz
ağırlıq və neqativləri ilə oxucunun qəlbini
qaraltsa da, həm də gözünü açır,
uyğun situasiyalarda adekvat davranışa
çağırır. Mən "Qonaqpərəst" hekayəsindəki
atanı Abdulla Şaiqin "Yaxşı arxa"
nağılındakı ana leyləklə müqayisə edərdim.
Hərəsi bir cür avam... Və bu avamlıqlarından
balalarını bir-birinin ardınca biri xəstəliyə, o
biri tülküyə təslim edir.
"Kəmtərovlar ailəsi"
yazıçının məşhur hekayələrindəndir.
Hekayədə bir-birini sevən, hörmət edən, lakin
var-dövlətə aşırı hərislik göstərən
cavan ər-arvaddan danışılır. Əslində, onlar
dövlətdən oğurluq etmir, heç kimin də cibinə
girmirlər. Sadəcə, daha yaxşı yaşamaq
üçün bir neçə yerdə işləyir, nə
ev üzü, nə də bir-birinin üzünü
görürlər. Yazıçını narahat edən
bütün problemlərin məcmusu onun hekayələrindədir.
Yəni biz, hətta, bugünkü azərbaycanlılar da
oradayıq. Oxucu orada özünü, yaxınlarını
görür. Hazırda da biz Mir Cəlalın personajları
olaraq qalırıq. Bu gün perfeksionizm (mükəmməlçilik)
deyilən bir termin işlənilir ki, bu da həddindən artıq
çalışqan, hər şeyin ən yaxşısına
çatmaq istəyən insanlara xas olan haldır. Digər
adı da "əlaçı sindromu"dur. Qulam və Leyla
işləmək azarına tutulublar, özlərini daim
uğurlu insanlarla müqayisə edir, "boş
vaxtlarını doldurmağa başlayırlar". Beləliklə,
həm həyatın nəşəsini qaçırır, həm
də bu qədər işləməklə quru düzdə
qalırlar. Əsərdən çıxan nəticə:
"Hər şeyin dəyəri onun qədərindədir".
"Qıyıq Ələkbərin nəyi məndən
artıqdır? Özümüzü oda-közə vursaq da, gərək
bir dəstgahlı ev-eşik düzəldək. Qonşular
baxsın, yana-yana qalsın". Amma təəssüf ki, sonda
yana-yana yenə özləri qalır. Onların həmişə
işdə olduğunu, bir-birlərindən xəbər
tutmadıqlarını bilən, açarlarının yerini
öyrənən Sarıköynək qadın hər gün Kəmtərovların
evinə gəlir, silir-süpürür, həm də "evi
süpürürdü", yəni guya "zəhməthaqqı"
kimi, gözünə nə xoş gəldisə,
götürüb aparır. Ta ki, günlərin bir
günü ev yiyələri xoruza yük olduqlarını
anlayana qədər...
Hekayələr sayca çox, məzmunca müxtəlif
olduğundan yazıçının fikri, ümumiləşdirmələri,
demək istədikləri oxucuya rahat çatır, hekayədən
hekayəyə artır, möhkəmlənir.
Hansı kateqoriyaya aid edilməsindən asılı
olmayaraq, Mir Cəlalın hekayələrinə bir
yığcamlıq hakimdir. Həmin bu konkretlik də hekayələrindəki
dialoqları bənzərsiz edir. "Bu otaqları sənə
verəcəyəm. Əllicə dənə qaragöz
yüzlüyə! Necəsən? - Beş min manat? - Beş! -
Aldım! - Satdım". Belə maraqlı və yuvarlaq
dialoqa, hələ əgər üstəlik sövdələşmədirsə,
daha harada və çoxmu rast gəlmək olar?
Mir Cəlalın miniatür hekayələri bir səhifə,
bəzən bir az da artıq
"sıxılmağına" baxmayaraq, normal həcmli
hekayənin tələblərinə cavab verir və süjetdə
də, məzmunda da "hüquqları" pozulmur.
"Lirika" hekayəsində olduğu kimi. Sadə,
maraqlı süjetdən əlavə, hekayənin daha bir dəyəri
onun humanizmindədir. İnsan! Kaş bu əzəmətli ad
"heç vaxt, heç yerdə bizi tərk etməyə
idi". "Əl xətti", "İki hakim", "Xəcalət",
"Zəhmət, əqil, bəxt" miniatürləri
xüsusilə tərbiyəvi əhəmiyyəti ilə diqqət
çəkir. "Xəzinədar" da kiçik bədii
formanın bir nümunəsidir. Hekayənin qəhrəmanı
Mərkəzi kitabxananın işçisidir.
Yazıçı onu necə tərif və təsvir edir...
"Gözündə çeşmək, döşündə
önlük, qulağında karandaş, əlində zərrəbin
olan" bu kişini şahların xəzinədarı,
loğman həkimlə müqayisə edir. Hekayə kitaba
sevgi, qayğı, mədəni irsi və dövlət əmlakını
qorumaq kimi tərbiyəvi-mənəvi missiya da
daşıyır. "Kəhərin son günləri"
Koroğlunun qocalıqdan şikayətinin daha fəci
varaintıdır. "Titrək bir səs" həyat hekayəsi olub, vətənə
məhəbbət, düşmənə nifrət
aşılayır.
Yazıçının "Ədəb söhbəti",
"Radio qabağında", "Xoşbəxtlik barəsində"
miniatürləri "Mətləb hekayələri" silsiləsindəndir
ki, belə maraqlı başlıq altında toplanması
mündəricəsini məlum edir. Kiçik həcmli əsərlərinin
bir qismi də "Həkim hekayələri" adı
altında təsnif edilib ki, bunlardan "Dost
görüşü"nü xüsusi qeyd etmək istəyirəm.
Yazıçı bu hekayədə, təbabətdən xəbərsiz,
ağır soyuqdəyməni qadın xəstəlikləri
üçün olan dərmanlarla baytarcasına "müalicə"
edən kənd həkimini məhşər ayağına
çəkir. Fətullanın həkim dostu təsadüfən
şəhərdən gəlməsəydi, kişi bir çətən
külfətini başsız qoyub heç nədən
yaxınlıqdakı qəbiristanlığa yerdəyişmə
edəcəkdi. Necə deyərlər, hər şeyin təzəsi,
dostun köhnəsi... Həmin bu köhnə dost, adına qədimsayaq
"Mirzə" deyilən "həkim"i kənar edib, 14
günə kişini ayaq üstə qoyur. Mirzəyə: "Qəbiristanlıqda
yatanların neçə faizindən xəcalətlisiz?"
sualını verəndə yalançı həkim əl-ayağa
düşür, "Siz alan bilik mənə qismət
olmayıb" - filan, - deyə özünü təmizə
çıxarmaq istəyir. Həkim isə "həmkar"ını
ifşa etsə də, hökumətə təslim etmir, ixtisas
kursuna, mühazirələrə göndərir ki, o da, insafən,
yaxşı nəticələrlə sevindirir.
Mir Cəlalın, demək olar, ən şux, pozitiv
hekayələrinin altındakı tarixlər, biz də daxil,
sovet dövləti üçün çox ağır olan
1930-1940-cı illəri göstərir.
Yazıçının müsbət enerjisi sevginin, inamın
edam edildiyi, sabaha ümidin qalmadığı bir zamanda oxucunun
dodağını qaçıra bilir, ağlada-ağlada olsa
da, güldürür. Bu əsərlər ona xidmət edir ki,
"tunelin sonundakı işığa inanan adamlar kor
olmasın", insan yaşamaqdan vaz keçməsin. "Plovdan
sonra" bir ailə-məişət hekayəsidir. 30-cu illərdə
bu süjetdə əsərə, əsərdəki belə təsvirə
rast gəlməzdin: "Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə
hərbi adamlardan, müəllimlərdən, əlvan geyimli
xanımlara qədər çoxlarını görmək
olardı". Naz-nemət içində
böyütdüyü oğlunu böyük bağlamalarla
Moskvaya oxumağa yola salan kabardin paltolu, ağ şlyapa, ağ
əlcək və ağ çəkmə geymiş
qadınlar isə bizim ədəbiyyatda yox qədər idi.
Yavaş-yavaş harınlaşmış personajlar ədəbiyyata
ayaq açmağa başladı. Daha Baharlar küçələrdə
soyuqdan donmur, ədalətlər məktəbə gedirdi.
İndi də yazıçının tənqid hədəfi əntərzadələr,
ərknaz xanımlar, "yanlış tərbiyənin fəsadları"
oldu. Bəlli bir dövrdə yazıçının nəsrindəki
dramatizmi satira və yumor əvəz edirdi ki, müəllif
onun əli ilə cəmiyyəti islah edir,
gülüşü sosial təsir vasitəsinə
çevirirdi. Bu, tam başqa bir Mir Cəlal idi.
Mir Cəlalın əvəzsiz ustalıqla
yazdığı hekayələrində özünü
qabarıq göstərən cəhətlər o qədər
çoxdur ki: dünyanı sezmə qabiliyyəti, millilik, vətəndaşlıq
mövqeyi, orijinal üslub, lətif yumor və sərt satira, həm
də güclü dramatizm, dad-duz... Ən başlıcası
isə - insansevərlik... Onun əsərlərində insan həyatı
zərif materiyadır, qəhrəmanların yeddi canı
yoxdur, zülmə, ağırlığa dözə biləcək
surətlər yaratmır. Çünki istəmir.
İnsanları görmək istədiyi, arzuladığı
kimi yaradır.
Mir Cəlalın heç kimə bənzəməyən
sadə, orijinal dilini, söz ehtiyatını xüsusi qeyd etmək
istəyirəm. Hekayələr "üzünü
qaranlığa çevirmək", "tənumənd
adam", "söz məni yağlı xörək kimi
tutdu", "xoş bir yaz günortasında", "qəlbindən
ixtiyarsız hıçqırıqlar qopdu", "dostumun
silah kimi bərk əlini ovcuma alıb diqqətlə
baxdım", "hakim istədi... mürafiəni istədiyi
kimi həll eləsin", "bütün xanımları
heyrətə salan Əntərzadə indi böyük
restoranların yorulmuş aşpazına
oxşayırdı", "tramvay canavar quzunu qapan kimi, bir məktəbli
uşağı altına aldı" kimi heç yerdə
rast gəlinməyən, saysız-hesabsız idiomatik ifadələrlə,
təbirlərlə, maraqlı tapıntılarla zəngindi.
Mir Cəlal Paşayev böyük alim, böyük
ziyalı idi. Yazıçının həyat yoluna nəzər
salanda müəyyən etmək olmur ki, ədəbiyyatdan elmə
gəlib, ya "həqiqi mürşid olan elm" onu ədəbiyyata
gətirib... Belə ki, yazıçı kimi boy göstərməsi
1928-ci ilə aiddir, ilk tədqiqat əsərini də həmin
ildə yazıb. 1938-ci ildə namizədlik
dissertasiyasını müdafiə edib, iki il sonra isə
şah əsəri olan "Bir gəncin manifesti"ni
yaradıb. O, poeziya, nəsr, satira, yumoreska, publisistika, elm,
pedaqogika, ictimai xadim kimi bir-birinə yaxın və uzaq sahələrdə
fəaliyyət göstərirdi.
Mir Cəlal müəllimi şəxsən tanımaq,
ondan dərs almaq mənə də qismət olub. Mühazirə
ilə bərabər, seminarı da özü
apardığından onu daha çox dinləyə bilir, daha
çox şey öyrənir, yaxından tanıyırdıq.
1-ci kursdan tələbələri tədqiqata cəlb edir, elmə
yönəldirdi. Hamımıza kurs işi vermişdi. Opponentləri
də jurnal üzrə təyin edirdi, yəni adı məndən
əvvəl və sonra olan 2 tələbə işimi oxuyur, rəy
verirdi. Yadımdadır ki, müzakirələrimiz çox
canlı keçirdi. Müəllimimiz diqqətlə qulaq
asır, qeydlərini bildirir, qarşısındakına tələbə
kimi yox, həmkar kimi yanaşırdı. Mir Cəlal müəllimlər
müəllimi idi. Fakültəmizin sayılıb-seçilən,
mötəbər professorları da ondan dərs
almışdılar. Ümumiyyətlə, Mir Cəlal müəllimin
insanlığı, səxavəti barədə hələ
sağlığında əfsanələr
dolaşırdı. Onun dərs dediyi son kurs da elə biz
olmuşduq: Universitetə 1977-ci ildə daxil olanlar. 78-ci ildə
dərslər başlayan kimi fakültəmizi qara xəbər
sardı; böyük ədib, əsl müəllim, xeyirxah
insan Mir Cəlal Paşayev dünyasını dəyişmişdi.
Qoyub getdiyi irsi ədəbi xəzinəmizin sərvəti
sayılan böyük yazıçımızın
işıqlı xatirəsi onu şəxsən
tanıyanların və oxuyub tanıyanların qəlbində
həmişə yaşayacaq!
Dilarə Adilova
525-ci qəzet.- 2024.-26 aprel,№72.-S.11.