Qarış-qarış Zəfər

Esse

 

 

Bacılar və qardaşlar, məncə, 2020-ci ilin 27 sentyabrından sonra yaşananları ayrı bir tarix dərsliyi halına salıb yeniyetmə və gənclərimizə tədris etməliyik. Vətən müharibəsinin başlanması, torpaqlarımızın işağldan azad olunması ilə qazanılan şanlı zəfər, daha sonra neoimperialist qüvvələrə qarşı siyasət meydanında ortaya qoyduğumuz güc və iradə və sair və ilaxır...

Hər keçən gün ölkənin ictimai-siyasi həyatı ilə bağlı əlamətdar bir tarixə, yeniliyə şahidlik edirik. Yadınızdadır, 2023-cü ilin aprel günləri... Hələ ötən il bu vaxt  Azərbaycan Laçın sərhəd buraxılış məntəqəsində post qurub üçrəngli bayrağımızı əbədi göylərə qaldırmaqla ərazi bütövlüyünü təmin etmişdi. Bütün dünyaya bəyan olunmuşdu ki, 86,6 kvadratkilometrlik ərazidə cənab İlham Əliyevin siyasi iradəsi olmadan daş, daş üstünə qoyula bilməz. O vaxt Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımıza da bu mesaj açıq təlqin olundu ki, yaşadığınız ərazidə Azərbaycanın qanun və qaydaları keçərlidir. Başqasından mədət ummağa dəyməz. Ya Azərbaycan bayrağı altında digər vətəndaşlarımızla birgə yaşayış, ya da Laçın sərhəd buraxılış məntəqəsi üzünüzə açıqdır. Sonrakı proseslərin nə ilə nəticələndiyini yaxşı bildiyimiz üçün mövzunu uzatmıram.

Gələk, 2024-cü ilin aprel ayında yaşananlara. Ötən həftəyə möhürünü vuracaq iki olay: 2025-ci ilin may ayınadək Qarabağda sülhü və təhlükəsizliyi təmin etmək missiyasını öz üzərinə götürən rus hərbi kontingenti Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı razılığı əsasında müddətin bitməsinə 1 il 1 ay qalmış ölkəmizi tərk edir, ardınca Ermənistan may ayının 15-nə kimi Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana təhvil veriləcəyini açıqlayır. Doğrusu, Azərbaycan Prezidentinin siyasi sürətinə, dinamikasına yetişmək olmur. Yuxarıda qeyd etdiyim ilk faktı şərh edib qurtarmamış cənab İlham Əliyev dünya azərbaycanlılarına daha bir müjdə verdi. Bəli, Azərbaycan sevinc içərisəndədir, Qazax bayram ab-havasındadır. Bir güllə belə atılmadan, bir Vətən oğlunun belə burnu qanamadan Qazax mahalının 4 kəndinə geri qayıdırıq. Cənab Əliyevin Vətəndən, torpaqdan pay olmayır mesajıdır, qarış-qarış zəfərdir, addım-addım qələbədir bunun adı. Baş SƏRKƏRDƏnin müharibədən sonra verdiyi siyasi proqnozlar tək-tək özünü doğruldur. Möhtərəm Prezident demişdi ki, Azərbaycan və Ermənistan Cənubi Qafqazın iki qonşu ölkəsi kimi öz məsələlərini özləri həll etmək iqtidarındadır. Bunun üçün uzaq Qərbdən və okeanın o tayından qeyri-səmimi şəkildə bizə ağıl verməyə çalışan hansısa müsyö və madamların məsləhətinə ehtiyacımız yoxdur.

Baxın, Yaxın Şərqə diqqətlə baxın, həmçinin Rusiya-Ukrayna cəbhəsinə. Böyük güclərin yaratdığı mənzərə - müharibə, dağıntı, fəlakət, minlərlə uşaq ölümü, ev -eşiyə, qidaya ehtiyacı olan yüz minlərlə insan, bu da Cənubi Qafqazda sülh və əmin-amanlıq içində Azərbaycan Prezidentinin siyasi qətiyyəti ilə bir nəfərin belə ruhu incimədən geri qaytarılan Qazax mahalının 4 kəndi... Siz yox, nümunə bizik, nümunə cənab İlham Əliyevdir, nümunə AZƏRBAYCANDIR.

İndi həmin o 4 kənddə uzun illərdir qeyri-qanuni məskunlaşan ermənilər guya öz aləmlərində nümayiş təşkil edir, yol bağlayır, bu qərara etiraz edirlər. Amma unudurlar ki, ədalət topaldır, yavaş yeriyir, amma gec-tez ünvana çatır. Sonda bədnam qonşularımıza kiçik bir tövsiyə: ekran başına keçin və Cənab İlham Əliyevin siyasi addımlarını diqqətlə izləyin!

 

Muxtar RZAZADƏ

525-ci qəzet.- 2024.-26 aprel,№72.-S.8.