Təhsildə və
təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin
təbliği
Təhsil sisteminin yeni nəsilə müasir biliklərlə
yanaşı, milli mənlik şüurunu, vətənə,
xalqa bağlılığı, hərbi-vətənpərvərlik
düşüncəsini də layiqincə aşılaması
təqdirəlayiq və arzuolunan xüsusiyyətdir.
Hərbi-vətənpərvərlik tərbiyəsinin
orta məktəblərimizin yuxarı siniflərində,
peşə lisey və kolleclərində, xüsusi orta və
ali məktəblərdə, hərbi liseylərdə, hərbi
ali məktəblərdə, şanlı Azərbaycan Ordusunun
hərbi hissələrində yüksək səviyyədə
aşılanması, bu yöndə işin düzgün
qurulması böyük əhəmiyyət kəsb edir.
Azərbaycan xalqının dünya ədəbiyyatına
bəxş etdiyi ən nadir incilərdən olan "Kitabi-Dədə
Qorqud" dastanında xalqımızın 1300 il bundan əvvəlki
vətənpərvərlik ənənələri, hərbi peşəni
sevməyin və ona yiyələnməyin yolları, eləcə
də döyüş və qəhrəmanlıq tariximiz
geniş əks olunub. Dastandakı vətənpərvər, cəsur
və döyüşkən, eləcə də yenilməz
xalq qəhrəmanları olan Beyrək, Basat, Qazan, Buğac, Dəli
Domrul və başqa obrazların mənəvi gücü,
yurdsevər ruhu bu gün də bizimlədir. Bu cəsur,
qorxmaz, vətənpərvər, hərb sənətinin biliciləri
və yenilməz qəhrəmanların müqəddəs
ruhunun da dəstəyilə, xalq-iqtidar-ordu
üçlüyünün dəmir yumruq kimi birləşməsi
sayəsində qüdrətli ordumuz 30 il işğal altında
olan torpaqlarımızı 44 günlük Vətən
müharibəmizdə yağı düşməndən azad
etdi.
Vətən sevgisi, hərbi-vətənpərvərlik
haqqında istər folklorumuzda, istərsə də
yazılı ədəbiyyatımızda yüzlərlə dəyərli
nümunə vardır. "Ana kimi yar olmaz, vətən kimi
diyar", "Vətən həsrəti çəkdim,
gözlərimə qan gəldi", "Bu dünyada ən
şirin - bir Anadır, bir Vətən", "Vətənin bir
qışı, qürbətin yüz baharından
yaxşıdır", "Vətən daşı olmayandan
olmaz vətəndaşı", "Ac qal, topal qal, kor qal, fəqət
torpaqsız qalma" kimi deyimlər təhsil prosesində, təlim-tərbiyə
işində zaman-zaman öz müsbət təsirini göstərir.
Məktəblərimizdə "Cəsurlar",
"Şahin", "Sərhəd" və digər hərbi
oyunların, yarışların müntəzəm
keçirilməsi, fərqlənən komandaların
mükafatlandırılması yeniyetmələr və gənclər
arasında hərbi vətənpərvərlik şüurunun
inkişafına, belə ülvi anlayışların təbliğinə
geniş meydan açır.
Ümummilli liderimiz Heydər Əliyev dahiyanə
uzaqgörənliklə və böyük çətinliklərə
sinə gərərək yaratdığı, 1970-ci illərin
əvvəlində fəaliyyətə başlayan Cəmşid
Naxçıvanski adına hərbi liseyin də bu sahədə
müstəsna rolu vardır. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra bu məktəb Azərbaycan Ordusu
üçün hərbi kadrların hazırlanması sahəsində
mühüm rol oynadı və bu gün də böyük əhəmiyyət
daşımaqdadır.
Ulu öndər müasir nəsli milli ruhda, milli vətənpərvərlik
şüuru qazandırmaqla yetişdirmək məsələsini
qarşıya çox vacib məqsəd kimi qoyurdu. O, yeni nəsillərin
hərbi vətənpərvərlik ruhunda tərbiyəsi
zamanı tariximizin, milli mədəniyyətimizin, qədim və
müasir adət-ənənələrimizin, eləcə də
digər dəyərlərimizin geniş formada istifadəsini nəzərdə
tuturdu. Təsadüfi deyildi ki, Ümummilli liderimiz hələ
1996-cı ildə bu məsələyə yüksək diqqət
ayıraraq demişdi: "Gənclərimiz bizim tariximizi
yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir,
dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də
yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi
yaxşı bilməyən, tarixi yaxşı bilməyən,
gənc vətənpərvər ola bilməz. Hər bir gənc
vətənpərvər olmalıdır. Vətənpərvərlik
sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni
sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!"
Öz sələflərini əvəzləyən və
gələcəkdə də əvvəlki nəsillərin
yerini alacaq gənclərin təhsil müddətində hərbi-vətənpərvərlik
şüuru kəsb etməsi olduqca mühüm məsələdir.
Təhsildə və təlim-tərbiyədə bu mövzuya
lazımınca diqqət yetirilməsi gənclərin kamil
şəxsiyyətlər kimi formalaşmasına, dövlətçiliyimizin
və ordumuzun möhkəmlənməsinə, cəmiyyətimizin
sabahının daha da işıqlı olmasına böyük
töhfələr verəcək. Məsələyə məhz
bu yöndən yanaşan Ulu öndərimiz bəyan edirdi ki:
"Hər bir vətəndaş vətənpərvər
olmalıdır. Əgər öz vətənini,
torpağını, xalqını sevməsən, öz
xalqının mənəvi dəyərlərinə sadiq
olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə
bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə
vətənpərvərlik ruhunu, milli ruhu, döyüş
ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə
etmək, hər bir gənc üçün müqəddəs
vəzifə olmalıdır".
Ümummilli liderin siyasi kursunu parlaq uğurlarla davam
etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab
İlham Əliyev də respublikaya rəhbərliyə
başladığı ilk vaxtdan hər bir ailədə,
uşaq bağçasında, orta və ali məktəblərdə,
hərbi təhsil müəssisələrində, orduda hərbi-vətənpərvərlik
tərbiyəsinin milli dəyərlərlə yanaşı,
dünyanın ən qabaqcıl tədris texnologiyaları və
dərs üsulları əsasında qurulmasını
qarşıya məqsəd qoydu. Əsas diqqəti ordu
quruculuğunun dünya standardına uyğun sürətli
inkişafına yönəldən dövlət
başçısı, respublikamızdakı təhsil müəssisələrində
hərbi vətənpərvərlik tərbiyəsinin
düzgün və təsirli qurulmasına böyük diqqət
yetirdi.
Hər bir uğurun əsasında yüksək təhsil
dayandığı kimi, hərbi vətənpərvərliyin
də təməli məktəblərdə, təhsil prosesində
qoyulur. Prezident İlham Əliyevin ölkə həyatının
hər sahəsində, o cümlədən, təhsildə və
hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkilində
də qazanılan nailiyyətlərdə misilsiz rolu vardır.
Təhsil prosesində hərbi vətənpərvərliyə
geniş yer ayrılması, bu işin düzgün və
ardıcıl qurulması məhz dövlət
başçısının həmin sahəni vacib sayaraq,
diqqətdə saxlamasının nəticəsidir.
Ölkəmizdə hərbi təhsilin səviyyəsi
və keyfiyyəti yüksəldikcə, bu sahədə
dünyanın ən qabaqcıl texnologiyaları və elmi kəşfləri
əsasında kadr hazırlığı, yeni silah-sursat
istehsalı və təchizatı həyata keçirildikcə
hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində
də cəmiyyətdə, xüsusilə gənclər
arasında, həmçinin orduda böyük təbliğat-təşviqat
işləri həyata keçirilirdi.
Ölkə daxilindəki məruzə və
çıxışlarında, xarici mətbuat agentliklərinə
verdiyi müsahibələrdə cənab Prezident İlham
Əliyev ürəklə və inamla tezliklə torpaqlarımızın
işğaldan azad olunacağını bildirirdi. Dövlətimizin
rəhbərinin illər boyu hərbi vətənpərvərliyin
güclənməsi ilə bağlı söylədiyi nitqlər,
qeyd etdiyi fikirlər orta və ali məktəblərdə,
ümumən təhsil prosesində hərbi vətənpərvərlik
ruhunun daha dərindən aşılanmasına təkan verib.
Heç şübhəsiz, ötən onilliklər ərzində
Azərbaycan təhsilində müntəzəm və geniş
yer verilən hərbi vətənpərvərlik tərbiyəsi
aşılama işinin başlıca hədəfi
böyüməkdə olan nəsillərdir. Gənclərin
bu ruhda yetişərək vətənə layiqincə xidmət
etmələri müasir Azərbaycan üçün həyati
əhəmiyyət daşıyan şərtdir. Təsadüfi
deyil ki, respublikanın ictimai, mədəni, elmi, sosial-iqtisadi və
hərbi həyatında mühüm rola malik görkəmli
şəxsiyyətlərlə yanaşı, gənclərimiz
də hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyə
alaraq yetişmiş gənclərimizin xidmət və fəaliyyətlərinə
Przident İlham Əliyev daima yüksək qiymət verib.
Dövlətimizin rəhbəri bu mövzudakı
çıxışlarının birində sonsuz inam və qətiyyətlə
bildirib: "Biz haqlı olaraq gənclərimizlə fəxr edə
bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən
uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur. Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Bizim gənclərimiz hərbi qələbələrimizi
şərtləndiriblər".
Gəncliyə, yeni nəsillərin məktəbdə
və ondan da əvvəl ailədə yüksək vətənpərvərlik
ruhunda tərbiyə almasının zəruruliyini dəfələrlə
qeyd edən Prezident İlham Əliyev
Azərbaycanı dünyanın iqtisadi və hərbi cəhətdən
ən inkişaf etmiş, qabaqcıl ölkələri
sırasında görmək arzusunu
çıxışlarının birində belə ifadə
edib: "Azərbaycan müasir güclü dövlətə
çevrilməlidir. Bunu etmək üçün bizim
bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi
imkanlar, həm də insanların intellektual səviyyəsi,
dövlət siyasəti, dövlətin iradəsi və
açıq-aydın görünən gələcəyin
üfüqləri".
Digər bir məqamda isə dövlətimizin
başçısı bu fikirləri vurğulayıb:
"...Biz gələcəyə baxmalıyıq, müasir
ölkəyə çevrilməliyik. Həm infrastruktur
baxımından, həm dünyagörüşü baxımından,
həm təhsil baxımından - bütün parametrlər
baxımından biz müasir dövlət olmalıyıq ki,
dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək".
II Qarabağ müharibəsi - Vətən
savaşımız müstəqilliyin ilk illərindən
etibarən uşaq bağçalarında və orta məktəblərdə,
həmçinin ali təhsil ocaqlarında milli hisslər,
güclü hərbi vətənpərvərlik ruhu
aşılanmış Azərbaycan gəncliyi
üçün şərəfli bir sınaq oldu. Çox
sevindirici haldır ki, bütövlükdə dövlətimiz
və xalqımız kimi, ölkə gəncliyi də bu
sınaqdan uğurla, zəfərlə çıxdı. Biz -
şabranlılar qürurlanırıq ki, bu müqəddəs
savaşda qələbəmizi təmin edən vətənpərvər
oğullar sırasında Şabran məktəblərinin,
rayonun pedaqoji-təhsil mühitinin yetirdiyi igidlərin də
adları var.
Heç şübhəsiz, indiyədək
qazanılan möhtəşəm uğurlarla kifayətlənmək
zamanın tələbindən geri qalmaqla nəticələnə
bilər. Ona görə də digər istiqamətlər kimi,
bu sahədə də fəaliyyət ardıcıl davam etməli,
ölkəmizdə vətənpərvərlik və hərbi-vətənpərvərlik
ideyalarının təbliği təkcə təhsil
qurumlarının, uşaq və gənlər təşkilatlarının
və ordunun vəzifəsi olmamalı, bütün cəmiyyətin
gündəlik işinə, həyat tərzinə çevrilməlidir.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.- 2024.-27 aprel,№73.-S.23.