Tarixin faciəli və ibrətamiz əhvalatları  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 Sonra Kamill, b.e.ə. IV əsrdə (387-ci ildə) Kapitoli müdafiəçiləri qallarla biabırçı sülh bağlayıb, böyük miqdarda qızılı onlara təhvil verəndə şəhərə hücum etdi və öz həmvətənlərinin dadına çatdı. O, qızılı tərəzidən götürməyi əmr etdi və dedi: "Romalılar vətəni qızılla deyil, dəmirlə xilas etməyə adət etmişlər" və göstərdi ki, bu müqavilənin heç bir hüquqi əsası yoxdur, çünki Senatın qərarı ilə diktator seçildiyinə görə bütün hakimiyyət ona verilmişdir və belə müqavilələri yalnız o, bağlaya bilər. "Mən isə onu bağlamamışam və bağlamayacağam da!" - dedi. Vuruşun özləri üçün uğursuz olduğunu görən qallar şəhəri tərk etdilər və onlara çatan Kamill bir gün davam edən vuruşda qalları tar-mar etdi. Hamı Kamilli "Romanın ikinci banisi" adlandırdı. Sonra bir il ərzində şəhər bərpa edildi. Bir neçə döyüşdə də qocalmış Kamill yeni şöhrət qazandı. Kamillin sərkərdəlik qabiliyyəti ilə alicənablığı, onun igidliyi ilə vətənpərvərliyi hər cür tərifə layiq idi. O, həm quduz düşmənlə vuruşmağı və ona qalib gəlməyi bacarır, həm də xəyanətkarın, satqının xidmətlərindən nəinki istifadə edir, bu rəzalətə özünün nifrətini bildirirdi. O, həqiqi sərkərdə olduğuna görə müdafiəsiz uşaqları girov götürməyi nəinki rədd edir, hətta xəyanətkarı cəzalandırmağı da onlara həvalə edir. Böyük Kamill bu hərəkətləri ilə hamıya alicənablıq dərsi keçir və göstərir ki, ən iyrənc iş olan müharibələrdə də ləyaqət və vicdanlılıq üçün yer qalır, qan tökmək peşəsinə yiyələnmiş vicdanlı adamlara müharibə belə, rəzalət, alçaqlıq, şərəfsizlik yolu ilə addımlamağa imkan vermir.

Kamill həyatın bütün sınaqlarında öz ləyaqətini nümayiş etdirir, şərəf və ləyaqət allahına sadiq qalır. Hətta ona böhtan atanları cəzalandırmaq yolunu tutmur, ona verilmiş səlahiyyətlərdən öz həmvətənlərinin qüsurunu və pis hərəkətlərini cəzalandırmaq yoluna düşmür, əksinə, özü hakimiyyətdən uzaqlaşır, doğma şəhərini tərk edir və özü üçün qəti bir qərar verir: "Vətən təhlükəyə düşdükdə heç bir incikliyə baxmayaraq, o, yenidən öz vətəni uğrunda vuruşacaq, onu müdafiə edənlərin cərgəsində olacaq". Bu qərarına da sadiq qalır və Romanı alçaldıcı sülhdən bütünlüklə xilas edir. Bütün bu qəhrəmanlıqlarına baxmayaraq, o, özünü heç xilaskar da adlandırmırdı, ona xüsusi təzim edilməsinə yol vermirdi. O, uzun sürən bütün həyatını ləyaqətlə yaşamış və ona ləyaqətlə də yekun vurmuşdu. Taleyin bütün döngələrində o, ən yüksək insani hisslərə bir an da olsun biganə qalmamışdır. Ona görə də Mark Kamill tarixdə məhz ləyaqət rəmzi, vətənpərvərlik simvolu kimi yaşayır.

Taleyin istehzas isə igid Mark Manlinin əksliklərlə dolu olan həyatında özünü büruzə verdi. Manli Kapitolinin müdafiəsində igidlik göstərmişdi, sonra isə qaragüruha başçılıq edib, dövləti anarxiya qurbanına çevirmək istəmişdi.

Qallar yeganə bir yolla, böyük çətinliklə işğal etmək istədikləri Kapitoli təpəsinə dırmaşdıqda, bu qalada sakitlik idi, onun müdafiəçiləri yatmışdı, gözətçilər də yuxulamışdılar. Hətta hər bir səsə həssas olan itlər belə heç nə hiss etmirdilər. Təkcə Yunona ilahəsinin məbədində saxlanılan müqəddəs qazlar gecə sakitliyində qəfildən qaqqıldamağa və qanadlarını çırpmağa başladılar. Ac quşlar olduqca narahat idilər və qışqırtı qaldırıb, Roma gözətçilərini oyatdılar. Qallar görəndə ki, onlar aşkar edilə bilər, hücuma keçdilər. O vaxtdan "qazlar Romanı xilas etdi" zərb-məsəli qalmışdır.

Düşmənə tərəf ilk olaraq igid döyüşçü olan Mark Manli cumdu. Qalxanının zərbəsi ilə ən yuxarıya çıxa bilmiş qallı dikdirdən itələyib saldı. İkincisinə o, qılıncı ilə üstün gəldi. Divardan uçan bu qall özü ilə yuxarı dırmaşan bir neçəsini də uçuruma apardı. Sonra romalılar köməyə gəldilər və qızğın əlbəyaxa döyüş başlandı. Tezliklə qayaya dırmaşmış bütün qallar qırıldı, digərləri isə geri çəkildilər və Kapitoli xilas edildi. Cəsarətli Manli mühasirəyə alınmış qaladakı ən yüksək mükafatı aldı - hər bir döyüşçü ona bir günlük çörək və şərab payını verdi. Qarovulun rəisi isə, az qala, düşməni qalaya buraxdığına görə ölüm hökmü ilə cəzalandırıldı və qayadan atıldı. Mark Manli qaragüruha başçılıq edir və məhv olur.

Manli isə sonralar Mark Kamillin ən məşhur əleyhdarına və paxılına çevrildi. Vaxtilə keltləri qayadan atdığına görə Kapitolili ləqəbi almış Manli öz həmvətənləri içərisində birinci yerə iddia edirdi, lakin nəcib vasitələrlə Kamillin şöhrətinə üstün gələ bilmədiyinə görə, tiraniyaya aparan adi və hamar yolla getməyə, yığnağın hörmətini qazanmağa başladı, bunun üçün o, məhkəmədə müdafiə yolu ilə borcluların tərəfini saxladı, digərlərini zorla hakimiyyətin əlindən almaqla və qanuni hökmlərin yerinə yetirilməsinə mane olmaqla öz tərəfinə çəkdi. Beləliklə, onun ətrafında çoxlu özünü dikbaş aparan və iğtişaş toxumu səpən kasıblar yığılmağa başladı. Onlar yaxşı vətəndaşlara da az qorxu təlqin etmirdilər.

Bunlardan qurtarmaq üçün Manli həbs edildi, sonralar isə xalq böyük bədbəxtlik əlaməti adəti kimi paltarını dəyişdikdə, Senat qiyamdan qorxaraq Manlini azad etməyi əmr etdi. Azadlığa buraxılandan sonra o, nəinki düzəldi, əksinə, özünü kütlə qarşısında daha həyasızcasına aparmağa və şəhər sakinlərini hiddətə gətirməyə başladı. Bu vaxt Kamill yenidən hərbi tribun seçildi. Manli məhkəməyə verildi, lakin ittihamçılar üçün dəf edilməyən maneə, Forumdan açılan Kapitolinin görünüşü idi. Bu yer isə Manlinin qəhrəmanlıq məskəni idi və bütün məhkəmə iştirakçılarında mərhəmət hissləri oyadırdı. Müttəhim də hər dəfə əlini o tərəfə uzadıb, gecə döyüşündə öz igidliyindən danışırdı. Hakimlər çətin vəziyyətdə qalmışdılar - həm əsasən, sübut edilmiş cinayətə bəraət vermək istəmirdilər, həm də qanunu tətbiq edə bilmirdilər, çünki onların qarşısında müttəhimin igidliyi dayanmışdı. Bunu anlayan Kamill məhkəməni Peteli meşəliyinə keçirdi, buradan həm Kapitoli görünmürdü, bir də ki, hakimlərdə keçmişin təəssüratı, son dövrlərin iğtişaşlarına qarşı ədalətli qəzəb qarşısında geri çəkilirdi. Manliyə ölüm cəzası hökmü verildi və Kapitoliyə gətirilib orada qayadan atıldı. Eyni yer həm onun ən xoşbəxt uğurunun, həm də ən böyük uğursuzluğunun abidəsinə çevrildi. Romalılar sonra onun evini də uçurdular, "Çiçəkləyən albalıya mədh" şeirində deyildiyi kimi, çiçək tam açılandan sonra yoxa çıxır. Deməli, heç bir qəhrəmanlıq və ya əvvəlki böyük xidmət heç bir cinayətə nəinki haqq qazandıra bilər, hətta ona haqq qazandıran səbəb ola bilməz.

Böyük Aleksandrın ləyaqətli hərəkətləri

Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) da həyatı təzadlar və möcüzəli hadisələrlə doludur. Hələ gənc ikən vəhşi və ram olmayan Butsefal adlı atı ipə-sapa yatırdıb, çapdıqdan sonra heyrətə gələn atası Filipp onu öpərək demişdi: "Özünə başqa məmləkət axtar, başqa çarlıq axtar, Makedoniya sənin üçün olduqca kiçikdir". O, böyük filosof olan müəllimini atasından az sevmirdi və deyirdi ki, Filippə yaşadığına görə, Aristotelə isə ləyaqətlə yaşadığına görə borcludur. Aleksandrın ordu saxlamaq üçün əvvəllər imkanı olduqca məhdud idi və ona görə də borc almışdı. Buna baxmayaraq, öz dostlarının əmlak vəziyyətini öyrəndikdən sonra gəmiyə oturub, Asiyaya yola düşməmişdən əvvəl onların hərəsinə bir şey bağışladı. Çar bütün var-dövlətini paylayıb qurtardıqdan sonra, Perdikka ondan soruşdu: "Çar, özünə nə saxlayırsan?" "Ümidi!" - deyə Aleksandr cavab verdi. Bunun əvəzində dostu dedi: "Belə olduqda biz, səninlə səfərə çıxanlar da onda payımız olmağını istəyirik" və ona düşən əmlak payından imtina etdi. Friqiyada Qordion şəhərini zəbt etdikdə (bura qədim çar Midasın vətəni sayılırdı) məşhur arabanı gördü, onun dişləsi boyunduruğa zoğal qabığı ilə möhkəm bağlanmışdı və belə bir əfsanə yaranmışdı: "Kim bu ilgəyi açsa, bütün Asiyanın hökmranı olacaqdır". Bu ilgək o qədər dolaşıq idi və sonları elə ustalıqla gizlədilmişdi ki, Aleksandr onu aça bilmədi və qılıncı ilə kəsdi. Aleksandra məsələni çox asanlıqla həll etmək nəsib oldu və o, boyunduruğu azad etdi. Elə o vaxtdan hər bir çətin iş üçün "Qordi düyünü" zərb-məsələ çevrilmişdir.

Aleksandra bir dəfə xəbər verdilər ki, İran şahı III Daranın əsir götürülmüş anası, arvadı və iki ərə getməmiş qızı onun arabasını və oxunu gördükdə hönkür çəkib, sinələrinə döyməyə başlamışlar. Güman edirdilər ki, şah həlak olmuşdur. Aleksandr uzun müddət susdu, bu vaxt onu Daranın ailəsinin bədbəxtliyi öz taleyindən daha çox həyəcanlandırırdı. Nəhayət, o, adam göndərdi qadınlara xəbər versin ki, Dara sağdır və onlar Aleksandrdan qorxmamalıdırlar, çünki hökmranlıq üstündə o, yalnız Dara ilə müharibə aparır, əvvəllər qadınlar hansı imtiyazlardan istifadə etmişlərsə, onlara yenə də sahib olacaqlar. Aleksandrın əməllərini qadınlar görməyə bilməzdi, elə bil ki, onlar düşmən düşərgəsində deyil, müqəddəs və təmiz qız otaqlarında idilər. Deyilənlərə görə, Daranın arvadı olduqca gözəl idi, özü isə kişilər arasında ən ucaboylu və qəşəng idi. Qızlar da gözəllikdə valideynlərinə oxşayırdılar. Aleksandr hesab edirdi ki, özünü ələ almaq çar üçün düşmənlərə qalib gəlməkdən daha vacibdir, ona görə də əsir qadınlara toxunmadı. Digər boylu-buxunlu əsir qızlara baxan böyük sərkərdə zarafatla deyirdi ki, Persiya qızlarına baxmaq gözlər üçün olduqca iztirablıdır. Onların cazibədar gözəlliyinə qarşı özünün soyuqqanlığını qoyan çar, onlara heç də diqqət vermirdi, elə bil ki, onlar canlı qadınlar deyil, həyat işığı olmayan heykəllərdir. Aleksandr deyirdi ki, yuxu və qadınlara yaxınlıq hər şeydən çox həyatın fani olduğunu bildirir, çünki yorğunluq və qadından həzz almaq insan təbiətinin zəifliyindən irəli gəlir.

Yaxud, Baktriyadan keçib, Hindistana girdikdə, subkontinentin şimalındakı dövlətin müqavimət göstərəın ordusunu məğlub edib, çarını da əsir götürdü. Por adlı əsir çarı Aleksandr yanına dəvət etdi və ilk sualı bu oldu ki, indi onunla necə davranmalıdır. Por daim adət etdiyi qürur hissi ilə cavab verdi:

- Çar kimi.

Porun cavabı və özünü ləyaqətlə aparması Aleksandra xoş gəldi və o, nəinki onunla hörmətlə davrandı, həm də ona artıq işğal olunmuş keçmiş öz çarlığının ərazisini idarə etməyi tapşırdı. Əslində Por ölkəsinin əhalisi, öz xalqı üzərində ağalığını saxlayırdı. Bütün bunlar qalib sərkərdənin məğrurluqdan uzaq olduğunun və böyük alicənablığının faktiki təzahürləridir. Aleksandr Böyük tituluna təkcə saysız-hesabsız qələbələrinə görə deyil, həm də bəzi istisnalar nəzərə alınmasa, əsl insani keyfiyyətlərinə görə layiq idi.

Aleksandr yemək məsələsində də nəfsini saxlamaqla seçilirdi. O, ləzzətli yeməklərə biganə idi. Ona gətirilən ən seçmə meyvə və balıqları, özünə heç bir şey saxlamadan, dostlarına paylayırdı.

Bir dəfə Aleksandra bir mücrü gətirdilər. Bu, qaliblərin əlinə düşmüş Dara əmlakından ən qiymətlisi idi. Çar dostlarından soruşdu ki, bu mücrüyə nə qoysun. Biri bir şey, digəri başqa şey təklif etdikdə çar dedi ki, onun içində ancaq "İliada"nı saxlayacaq. Homer Aleksandr üçün bütün səfərlərində ən lazımlı və faydalı yol yoldaşı idi. O, Homerin şeirlərini əsas götürərək Faros adasını tapdı və onu torpaq örtüklə materikə birləşdirərək, bu olduqca əlverişli yerdə öz şərəfinə Aleksandriya şəhərini saldı.

Ermənilər tarixin dərslərinə məhəl qoymurlar və kəskin cavab alırlar

Hərb tarixində Karfagen sərkərdəsi Hannibal (b.e.ə. III əsr) 37 döyüş fili ilə Alpı keçib, İtaliya şəhərlərini bir-birinin ardınca məğlubiyyətə uğradırdı. Roma sərkərdəsi Fabi heç bir iri döyüşə girmədən, Hannibalı əldən saldı və o, Romaya hücum etmədi, əvvəlki qələbələrini də əldən verməyə məcbur oldu. Kutuzov rus ordusunu qoruyub saxlamaq naminə Moskvanı döyüşsüz təhvil verdi və qaçan Napoleon ordusu ilə bir dəfə də olsun ciddi döyüşə girmədi və əslində, Napoleonun süqutunu xeyli sürətləndirdi.

Tarix belə faktlarla doludur, bəzən bir bədbəxtlik, bir nəslin acı taleyi başqalarının xoşbəxtliyi üçün əsas rolunu oynayır. Amma yəqin, çox adam arzu edir ki, onun xoşbəxtiyi başqasının bədbəxtliyi üzərində qurulmasın. Qədim Misir faraonlarının dediyi kimi, heç vaxt başqasının piramidasının xarabalığı üstündə öz piramidanı tikmə, başqasının piramidalarının qırıqlarından özünə piramida tikmə, başqasının yarımçıq piramidasını tikib qurtarmadan öz piramidanı tikmə. Doğrudan da, müdrik və xeyirxah vəsiyyət və məsləhətdir. Təəssüf ki, belə vəsiyyətlər dillərdən, yaddaşlardan əməllərə keçmir. Bəzi adamlar ancaq öz əsri haqqında fikirləşir, bircə dəfə qızınmaq üçün başqalarının hər şeyini, hətta arzusunu yandıran tonqal qalamaqdan da çəkinmir. Bir məmnuniyyət, bir ağılsız qələbə, bir tez sönən şöhrət naminə bəzi hökmdarlar və az sayda müasir dövlət rəhbərləri işğalçı müharibəyə başlamaqla, on minlərlə ailələri dərdə, qəmə batırmaq, anaları oğulsuz, bacıları qardaşsız, uşaqları atasız, cavan gəlinləri ərsiz qoymaqdan usanmırlar.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2024.-27 aprel,№73.-S.22.