Mir Cəfər Bağırov kim idi?
Şəxsiyyəti, əməli və taleyi
Mən öz Tanrımla görüşə
hazıram. Ancaq Tanrım mənimlə
əzablı ünsiyyətə hazırdırmı?
- bu, başqa məsələdir.
Uinston Çörçill.
Mən son illərdə yazdığım
"Stalin" pyesinə belə bir kiçik şərh
vermişdim: "Mənim həyatımın böyük bir
hissəsi Sovet İttifaqında keçib.
İllər amansız bir sürətlə bir-birini əvəz
edir və bu nəhəng imperiyanın - Sovet
İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə
həmin sürətlə də suallar bir-birini əvəz
edir: "Mən necə bir ölkədə
yaşamışam?", "Bu ölkəyə kimlər rəhbərlik
edib?", "Rəsmi portretlərinin arxasında o rəhbərlər
kim idi?", "Onlar üçün ölkə, xalq,
kommunizm idealları və hakimiyyət nə demək idi?",
"Əqidə onlar üçün həqiqət idi, yoxsa,
maska?", "Söz ilə əməl arasındakı
uçurumun səbəbi nə idi?" və s. və
i.a."
Bu yazı da eyni düşüncələrin ifadəsidir.
Bu yazı tarixi oçerk, bioqrafiya, siyasi portret deyil,
sadəcə, yaxın tariximizlə bağlı fərdi
düşüncələr, fərdi və olsun ki, subyektiv təhlil
və qiymətləndirmədir və buna görə də
burada tarixi xronologiyaya əməl olunmayıb, əgər belə
demək mümkünsə, assosiativ təəssüratlarla
yazılıb.
Sovet İttifaqının dağılmasından 33 il
keçib və yəqin ki, artıq oxucuların xeyli qismi bu
yazıda adları çəkilən şəxsləri
tanımırlar, bəlkə bəzilərinin heç
adlarını da eşitməyiblər. Mən bəhs etdiyim
şəxslərin hər biri ilə bağlı ayrıca
şərh verməmişəm, ancaq maraqlanan oxucular
onların hamısı haqqında internetdən məlumat tapa
bilərlər.
Beləliklə, Sovet Azərbaycanına uzun müddət
- 1933-1953 - rəhbərlik etmiş Mir Cəfər
Bağırov kim idi?
İosif Stalinin 60 illiyini bütün Azərbaycan təntənə
ilə bayram edirdi, qəzetlər sevimli rəhbərin şəkilləri
və birdən-birə ilhama gəlmiş şairlərin ona həsr
etdikləri şeirlərlə çap olunurdu və Mir Cəfər
Bağırov Bakı Opera Teatrında keçirilən
qızğın və hərarətli yubiley gecəsində
Stalini, əgər səhv etmirəmsə, Sovet
İttifaqında ilk dəfə "canlı Lenin"
adlandırdı.
Müharibədən sonra, ta Sovet İttifaqı
dağılana qədər "KQB"də işləmiş,
bu gün də Rusiya mətbuatında və
sovetşünaslığında "əfsanəvi
"KQB"çi hesab edilən ordu generalı Filipp Bobkov
yazır ki, "Stalindən tutmuş, Qorbaçova qədər
bütün partiya liderləri Leninin bayrağına
bürünür və onun ideyalarına and içərək,
get-gedə artan bir sürətlə Lenin yolundan
uzaqlaşırdılar" (Ôèëèïï Áîáêîâ. ÊÃÁ è âëàñòü, Ìîñêâà,
«ÝÊÑÌλ, 2003, ñòð. 208).
Ancaq "Lenin yolu" - yəni konkret olaraq, nə?
1920-ci illərin əvvəllərindəki inqilabi
coşğunluq, "oxuma tar, oxuma tar,/ istəmir proletar/ səndə
bulunsun "Qatar" romantikasının və yeni həyat
uğrunda mübarizə əzminin dalğaları yalnız
arxada qalmamışdı, yerini qorxuya, daha artıq dərəcədə
yalançı ritorikaya, təmənnalı demoqogiyaya
vermişdi.
"Lenin yolu" - tamamilə ideallaşdırılmış,
daha dəqiq desəm, fetişləşdirilmiş və
tamamilə də ünvansız bir məfhuma
çevrilmişdi.
Sovet İttifaqı dağılandan sonra Lenin
haqqında gizlinlər üzə çıxdıqca, əyani
şəkildə bir daha məlum oldu ki, sovet pionerlərinin
sevimli "Lenin baba"sı savadlı və əqidəli
bir adam olmaqla bərabər, həm də "Min bir gecə"dəki
qırx quldur başçısı kimi əliqanlı bir
zalım imiş.
Mir Cəfər Bağırov da "Yolumuz Lenin
yoludur!" - deyirdi, ancaq məsələ burasında idi ki, bu
deyimin Leninə heç vəchlə dəxliyyatı yox idi.
Bağırov üçün (və yalnız onun
üçün yox!) "Lenin yolu" - yəni Stalinin
tapşırıq və tələbləri,
siyasi-ideoloji-inzibati təkid və təqibləri.
1930-cu illərin gənc yazıçısı Mirzə
İbrahimov həyat yoldaşı Sara xanıma
yazdığı səmimi məktublarda Mir Cəfər
Bağırovun atalıq qayğısından
danışır və bunu mən ona görə yada
salıram ki, Mirzə müəllim iş tapmaq, bir tikə
çörəkpulu qazanmaq üçün Cənubi Azərbaycandan
Bakıya gəlmiş, neft quyularında fəhləlik
etmiş, çox kasıb bir kişinin oğlu idi. Bir müddətdən
sonra atası rəhmətə gedir və Mirzə İbrahimov
uşaq yaşlarından fəhləlik edir, öz fərasəti,
eləcə də yeni sovet quruluşunun yaratdığı
imkanlar nəticəsində təhsil alır, yazı-pozu ilə
məşğul olmağa başlayır, bir sözlə,
ağıllı, dediyim kimi, fərasətli və kimsəsiz
bir gənc olur. Repressiyalardan söz düşəndə, bir
çox məqamlarda Mir Cəfər Bağırovun qəddarlığı
üzə çıxır, ancaq kimsəsiz belə bir gəncə
"atalıq qayğısı" göstərmək, əlbəttə,
adamın yalnız qəddarlığından yox, eyni zamanda,
bu qəddardakı həssaslıqdan, diqqətcillikdən,
qayğıdan xəbər verir.
Bu mənada, Mir Cəfər Bağırovun
qayğıkeşliyi yəqin ki, az olmayıb və burası
da var ki, bu qayğıkeşliyin arxasında sinfi-məfkurəvi
bir əzm də dayanırdı: yeni insan - gənc kommunistlər
nəsli yetişdirmək, yəni bu qayğıkeşliyin
özü də, çox güman ki, yalnız sırf insani
qayğıkeşlik yox, eyni zamanda ideoloji
qayğıkeşlik idi.
Bu yerdə rəhmətlik Mirzə müəllimin dediyi
o qayğıkeşliklə bağlı, başqa bir fakt
yadıma düşür: Mir Cəfər Bağırov Heydər
Hüseynova çox qayğı göstərmişdi, bu cavan
alimin şöhrət qazanması, məşhurlaşması
üçün çox əlverişli şərait
yaratmışdı, onu elə həmin Mirzə müəllimlə
bərabər, Elmlər Akademiyasının təsisçilərindən
biri və vitse-prezidenti, Ensiklopediya və Lüğətlər
İnstitutunun, daha sonralar, sovet vaxtı çox prestijli Partiya
Tarixi İnstitutunun direktoru təyin etmişdi, ona
dördcildlik "Azərbaycanca-Rusca Lüğət"in
Baş redaktoru kimi, Stalin mükafatı verdirmişdi. Heydər
Hüseynov ideoloji cəbhənin stalinsayağı kommunizm
quruculuğunda fəal iştirak edirdi, ancaq Mirzə müəllimdən
fərqli olaraq, onun sonrası necə oldu? Sonra Mir Cəfər
Bağırov onu gözlənilmədən məhv etdi.
1950-cı ildə akademik Heydər Hüseynovun "XIX
əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən"
monoqrafiyasına qarşı bilavasitə Mir Cəfər
Bağırovun tapşırığı ilə böyük
tənqid (əslində isə siyasi-inzibati hücum)
kampaniyası başlamışdı və bu hücumun əsl
səbəbi o idi ki, monoqrafiya Bağırovun
başının üstündən Moskvada Stalin
mükafatına təqdim olunmuş və bu mükafatı
almışdı. Hərçənd Həsən Həsənov
xatirələrində yazır ki, tələsik şəraitdə
də olsa, təqdimat barədə Bağırova məlumat
verilmişdi, ancaq guya onun yadından
çıxmışdı və doğrusu, bu "yaddan
çıxmaq" məsələsi mənə şübhəli
görünür, çünki bütün məxəzlər,
xatirələr onu göstərir ki, Mir Cəfər
Bağırov olduqca iti yaddaşa, güclü hafizəyə
malik olub.
Belə bir söhbət gəzirdi ki, "Pravda" qəzetində
Stalin mükafatı almış əsərlərin
siyahısı çıxır və Mir Cəfər
Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən
xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu
çağırtdırır və Stalin mükafatı
almış kitabı kabinetində zərblə onun
başına çırpır.
Mən bir müddət rəhmətlik şair və tərcüməçi
İmran Seyidovla qonşu olmuşam, bir blokda
yaşamışıq və o, Elmlər Akademiyasında Heydər
Hüseynovun köməkçisi işləmişdi. Bir
gün ondan bu söhbətin həqiqət
olub-olmadığını soruşanda, İmran müəllim
həmin dövrü yenidən yaşayırmış kimi,
acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir:
"- Kitab da qalın və ağır idi..."
1950-ci il iyulun 14-də Mir Cəfər Bağırovun
iştirakı ilə (deyilənə görə, 2 mindən
çox iştirakçı olub) böyük müşavirə
keçirilib və müşavirədə Bağırov
"Azərbaycan ziyalılarının növbəti vəzifələri
haqqında" geniş məruzə edib. Məruzə də,
ən seçmə alimlərin, yazıçı və
şairlərin çıxışları da əslində
Heydər Hüseynovun monoqrafiyasının tənqidinə
("ifşası"na) həsr edilib və Bağırovun məruzəsi
"marksizm-leninizm elmi xəzinəsinə qiymətli bir hədiyyə",
"dedikcə şərəfli" bir əsər kimi qiymətləndirilib.
("İnqilab və mədəniyyət" jurnalı, 1950,
¹ 8, səh. 118-19).
Mir Cəfər Bağırov ədəbi tənqidi,
ictimai fikri ittiham edirdi ki, Heydər Hüseynovun
monoqrafiyasının Şeyx Şamilin timsalında Qafqazda
müridizmi təbliğ edən antiideoloji mahiyyəti nə
üçün kəskin tənqidə məruz qalmayıb, əksinə,
bir sıra hallarda, hətta təriflənib və elmi-ədəbi
ictimaiyyət nümayəndələri də bu ittiham istiqamətini
rəhbərliyə götürərək (Qorxu!), məruzəçinin
"ittihamlarından Cəfər Cəfərov, Məmməd
Cəfər, Mikayıl Rəfili yaxalarını kənara
çəkə bilməyəcəklər" yazır, misal
üçün, Feyzulla Qasımzadəni "realist
olmayan" Bakıxanov və "burjua alimi, monarxist"
Kazım bəy haqqında yazdığına görə
"marksist nəzəriyyatçılığı ilə
heç bir əlaqəsi olmayan təzkirəçi",
"sovet yazıçısı platformasında durmayan bir tənqidçi"
adlandırırdı (Yenə orada, səh. 121).
Mən Bağırovşünaslıqda məşhur
olan, nəhayətdə, Heydər Hüseynovu intihara gətirib
çıxaran bu məsələ barədə təzədən
ətraflı danışmaq istəmirəm, yalnız səciyyəvi
bir məqamı qeyd edirəm: Müşavirədə akademik
Məmməd Arif Dadaşzadə də çıxış
edir, ancaq onun, görünür, bir az liberal əhval-ruhiyyəli
çıxışı Mir Cəfər Bağırovu əsəbiləşdirir
və o Arif müəllimin çıxışını
yarımçıq kəsərək, qışqırır:
"- Sən Türkiyə casususan!" («Òû òóðåöêèé øïèîí!»).
Arif müəllimin oğlu və mənim əziz
dostum, rəhmətlik Araz Dadaşzadə - filologiya elmləri
doktoru, professor - danışırdı ki, atam da, anam da uzun
müddət hürkü-qorxu içində idi ki, gəlib
onu aparacaqlar, gecə küçədən maşın səsi
gələndə, o saat oyanırdıq, nəfəsimizi
qısıb, qulaq asırdıq, görək, bizim mənzilin
pilləkanlarını qalxan var, ya yox.
Böyük və dəhşətli repressiyaların
müqabilində, bəlkə də kiçik epizoddur, ancaq
1937-38-ci illərdən sonrakı dövrün ab-havası və
Mir Cəfər Bağırov kin-küdurətinin, bəzi məqamlarda
isə tamam amansızlığının yaratdığı
şərait barədə müəyyən təsəvvür
yaradır.
Musiqişünas, publisist Firudin Şuşinski
müharibədən sonra indiki BDU-nun tarix fakültəsinə
daxil olur və Nəriman Nərimanova bəslənən qərəzli
siyasi münasibətin yanlış olması barədə
MK-ya məktub yazır. Mən hələ aspirant vaxtlarımda
o dövrün mətbuatını araşdırarkən, belə
bir gözlənilməz hadisəyə rast gəldim ki, Mir Cəfər
Bağırov çıxışında qəzəblə
"hansısa bir tələbə Həsənov"un (rusca:
"nekiy student Qasanov") Nəriman Nərimanov haqqında
ziyanlı məsələ qaldırdığını deyir
(Firudin Şuşinskinin familiyası Həsənov idi) və
çox koloritli bir adam olan rəhmətlik Firudin mənimlə
söhbətində qəlyanını tüstülədə-tüstülədə
deyirdi ki, başıma nə oyun açdılar, bu, öz
yerində, amma universitetdə bizə dərs deyən müəllimlər
mənim oturduğum auditoriyaya girməyə belə cürət
etmirdilər, elə bil cüzamlıydım, məndən kənar
qaçırdılar.
Ancaq bu yerdə mən Mir Cəfər Bağırovla
bağlı tamam fərqli və
Bağırovşünaslıqdakı başqa bir məşhur
və mühüm, hətta taleyüklü hadisə
haqqında bir neçə kəlmə demək istəyirəm:
müharibədən sonra Ermənistanın partiya rəhbəri
Qriqor Arutinov (bu gün erməni sovetoloqlar Martiros Saryanı və
Avetik İsaakyanı güllələnmədən məhz
Arutinovun xilas etdiyini yazırlar) məktubla Siyasi Büroya
müraciət edir və "Dağlıq Qarabağ vilayətinin
bu respublikaya verilməsi" barədə məsələ
qaldırır. Müharibədən sonrakı dövrdə
Stalinin yaxın, o zaman bəlkə də ən yaxın
(İosif Stalindən bəhs edərkən, sırf insani mənada
"yaxın", hətta "ən yaxın" ifadələri
nisbi məfhumlara çevrilir) silahdaşı, səlahiyyətinə
və partiya nüfuzuna görə, faktiki olaraq, Stalindən
sonra ikinci şəxs, Stalinin vəfatından sonra isə
qısa müddət ərzində birinci şəxs olan Georgi
Malenkov o məktubu, şübhəsiz ki, Stalinin göstərişi
ilə, fikir bildirmək üçün Mir Cəfər
Bağırova göndərir.
Təklif belə bir partiya yüksəkliyindən
göndərilirsə, deməli, müqəddərat həll
olunur və Siyasi Büro (Stalin) səviyyəsində bu barədə
düşünürlər, çünki əksinə
olsaydı, məktub Mir Cəfər Bağırova yox, arxivə
göndərilərdi; ikinci bir tərəfdən də,
ağlım kəsmir ki, Qriqor Arutinov belə bir ciddi məktubu
əvvəlcədən Siyasi Büro üzvlərindən kimlərləsə
(ola bilər ki, elə Malenkovun özü ilə)
danışıq aparmadan yazmağa cürət etsin.
Bəs Mir Cəfər Bağırov nə edir?
Bağırov da həmin məktubun ətraflı
cavabını Malenkova (əslində isə Stalinə!)
göndərir və çox ciddi və qəti şəkildə
bildirir ki, bu təklifə ancaq belə bir şərtlə
razıdır ki, Şuşa Azərbaycanda qalır, eyni zamanda
Ermənistan ərazisində azərbaycanlıların
yaşadığı rayonlar (Vedi, Əzizbəyov,
Qarabağlar rayonları), Gürcüstanda Borçalı
mahalı və Rusiya Federasiyasındakı (!!) Dərbənd və
Qasımkənd rayonları bütövlükdə Azərbaycana
verilsin (oxucular hər iki sənədi orijinalda oxuya bilərlər:
Adıgözəl Məmmədov. M.C.Bağırov. Tam məxfi,
Bakı, "Elgün", 2012, səh. 172-177).
Güman edirəm ki, bu "razılıq"dakı
cəsarəti uzun-uzadı izah etməyə ehtiyac yoxdur və
rəhmətlik akademik Tofiq Köçərli yazır ki,
Stalin Siyasi Büronun Bağırovun da iştirak etdiyi
iclasında bu məktubla tanış olduqdan sonra belə dərkənar
qoyur: "Dəli-zad olmamısız ki! Arxivə".
Qriqor Arutinovla bağlı kiçik bir haşiyə
çıxmaq istəyirəm: yuxarıda dedim ki, erməni
müəlliflər 1937-ci ilin əvvəllərindən
İosif Stalinin vəfatınacan Ermənistana rəhbərlik
etmiş bu partiya xadiminin bir sıra məşhur sənətkarları
repressiyalardan xilas etdiyini yazırlar, hətta Anastas
Mikoyanın gəlini (general-leytenant Aleksey Mikoyanın həyat
yoldaşı) və Arutinovun qızlığı Nami
Mikoyanın yazdığına görə, Stalindən sonra
Nikita Xruşşov Qriqor Arutinovun fəaliyyətini yoxlamaq
üçün komissiya göndərir və məlum olur ki,
on yeddi ildə Arutinov bir güllələnmə sənədinə
belə, qol çəkməyib.
Doğrusu, bu, şübhəli bir iddiadır,
çünki Vikipediya göstərir ki, 1937-ci ildə SSRİ
"NKVD"sinin qərarı ilə Ermənistanda fövqəladə
"Üçlük" yaradılıb və Qriqor Arutinov
da bu "üçlüy"ün tərkibində olub.
Yeqişe Çarens, Aksel Bakunts kimi onlarla yazıçı və
şairlər, başqa sənət xadimləri, hətta
katalikos I Xoren Muradbeqyan həbs olunub, güllələnib,
öldürülüb, ancaq Ermənistanın partiya rəhbərinin
bunlardan xəbəri olmayıb?
Biz mövzumuza qayıdaq.
Azərbaycan xalqının taleyi ilə bağlı
başqa bir epoxal (və faciəvi) hadisə - 21 Azərlə
bağlı Mir Cəfər Bağırovun mövqeyi və fəaliyyəti
necə olmuşdur? Görünür, "mövqe"
sözü burada, yəqin yerinə düşmür,
çünki mövqe sahibi Moskva idi - oranın mövqeyi necə
idisə, Mir Cəfər Bağırovun da mövqeyi elə
idi, söhbət qlobal məsələlərdən gedirdisə,
Bağırovun mövqeyinin heç bir əhəmiyyəti
yox idi. Onun mövqeyi o zaman güclü və həlledici idi
ki, söhbət yalnız Azərbaycandaxili məsələlərdən,
hətta Hamletin sözləri ilə desəm, bilavasitə Azərbaycandakı
olum-ölümdən gedir.
Ancaq fəaliyyətin, əməlin, əlbəttə,
müxtəlif nüansları, cizgiləri var ki, sırf milli
mənlikdən doğur və etnik mənsubiyyətin
genetik-insani xüsusiyyətlərindən xəbər verir.
Mir Cəfər Bağırov və 21 Azər,
ümumiyyətlə, İkinci Dünya müharibəsi
zamanı və müharibədən sonrakı 1946-cı ildə
BMT Təhlükəsizlik Şurasınacan gedib
çıxmış Cənubi Azərbaycan hadisələri
mövzusu XX əsr tariximizin çox ciddi və hələ də
geniş, dövrün beynəlxalq geosiyasi konteksti daxilində
elmi tədqiqata ehtiyacı olan bir mövzudur. Bu hadisələr
o zaman ABŞ başda olmaqla, dünyamiqyaslı, mürəkkəb
geosiyasi mahiyyət daşıyırdı və hədəf
böyük dövlətlərin bir-biri ilə toqquşan
siyasi maraqları idi. Azərbaycan tarixçilərinin bu
mövzu ilə bağlı ciddi tədqiqat işləri var,
ancaq mövzunun miqyası o qədər genişdir ki, dediyim
kimi, bir daha araşdırılmalı, açılan arxivlərin
vasitəsilə daha dərindən tədqiq edilməlidir və
yəqin ki, Azərbaycan tarixçilərinin də tədqiqatları
davam edəcək. Mən təfərrüata varmadan yalnız
onu deyə bilərəm ki, Mir Cəfər Bağırov bu
hadisələrin ilk çağlarından etibarən, Cənubi
Azərbaycanla bağlı Stalin siyasətinin
yaratdığı münbit zəmindən istifadə edərək,
sona qədər ciddi milli fədakarlıqla
çalışmış, var gücü ilə əlindən
gələni etmişdır. Doğrusunu deyim ki, arxiv sənədlərilə,
Mir Cəfər Bağırovun Stalinə göndərdiyi məktublarla,
telefon danışıqlarından tutmuş, cürbəcür
iclasların stenoqramları ilə tanış olduqdan sonra məndə
belə bir təəssürat yarandı ki, Cənubi Azərbaycan
hadisələrinin faciəli sonluğu Mir Cəfər
Bağırovun özünün də şəxsi faciəsinə
çevrilmişdi.
İngilis tarixçisi Djeffri Roberts yazır ki, Mir Cəfər
Bağırov 1945-ci ilin aprelində Stalinə göndərdiyi
məktubda Cənubi Azərbaycanın Sovet Azərbaycanına
birləşdirilməsi, yaxud müstəqil Cənubi Azərbaycan
Xalq Respublikası, yaxud da burjua-demokratik quruluşlu Respublika,
bunlar mümkün olmazsa, İran dövləti daxilində mədəni
muxtariyyət yaradılmasını təklif edir. Məsələ
Siyasi Büroda müzakirə olunur və Siyasi Büro iyun ayında
bu məsələnin təşkilati həllini
hazırlamağı Bağırova, Molotova və Sergey
Kavtaradzeyə (SSRİ Xarici İşlər nazirinin - Molotovun
müavini - E.) tapşırır (Äæåôôðè Ðîáåðò. Âÿ÷åñëàâ Ìîëîòîâ –
ñòàëèíñêèé ðûöàðü «õîëîäíîé âîéöíû», Ìîñêâà, ÀÑÒ, 2014, ñòð. 146).
Görünən budur ki, Mir Cəfər
Bağırov İranın şahlığı zamanı
Sovet İttifaqında Cənub məsələsini qaldıran
ilk dövlət xadimlərindən biri (bəlkə birincisi?)
olub və ətrafındakıların (Həsən Seyidov, Həsən
Həsənov) yazdığına və dediyinə görə,
o, 21 Azərin süqutunu daxili və güclü bir
sarsıntı ilə qarşılayıb.
Gecə saat 2-də Stalin telefon açaraq, sovet
qoşunlarının Cənubi Azərbaycandan
çıxarılacağını deyəndə, Mir Cəfər
Bağırov az qala yalvarmağa başlayıb: " - Bunu etməyin!..",
ancaq dediyim kimi, beynəlxalq vəziyyət elə idi ki,
Üçüncü Dünya müharibəsi baş verə
bilərdi, Stalin isə buna hazır deyildi və bunu istəmirdi.
Stalin həmin telefon söhbətini yarımçıq kəsib,
dəstəyi asandan sonra Mir Cəfər Bağırov bir
müddət heç nə demədən, özünə
qapanıb, nəhayət: " - Stalinin göstərişidir!
Partiyanın göstərişidir!" - deyə özündən
asılı olanları həmişəki cidd-cəhdlə
yerinə yetirməyə başlayıb.
1947-ci ildə Seyid Cəfər Pişəvərinin
öldürülməsində isə Mir Cəfər
Bağırov heç vəchlə təşəbbüskar
yox, dolayısı yolla yalnız icraçı (tapşırığı
yerinə yetirən) ola bilərdi, çünki qəsdən
törədilmiş bu avtomobil qəzasını, şübhəsiz
ki, bilavasitə Stalinin tapşırığı ilə o
zamankı Dövlət Təhlükəsizliyi Nazirliyi həyata
keçirmişdi və təsdiq edilmiş faktdır ki,
sürücü Karnik Melixyan DTN-nin agenti, Pişəvərini
(onunla birlikdə general Qulam Yəhyanı da) müşayiət
edən isə bilavasitə DTK katibliyinin rəisi idi (hadisədən
sonra nazir müavini olub). Bağırov özü də məhkəmədə
Pişəvərinin ölümü barədə suala: "
- Bunu Moskvadan soruşun" - demişdi, Moskva isə nə idi
(daha doğrusu, kim idi?) - Stalin.
Mən ona görə əminliklə "şübhəsiz"
deyirəm ki, hədəfə alınmış şəxslərin
yalançı (əvvəldən hazırlanmış)
avtomobil qəzaları vasitəsilə aradan
götürülməsi Sistemin tətbiq etdiyi qətl
formalarından biri idi və belə bir faktı yada salmaq istəyirəm:
1947-ci ildə məşhur teatr rejissoru, Yəhudi Antifaşist
Komitəsinin ilk sədri Solomon Mixoels, guya Minskdə avtomobil qəzasında
həlak olmuş və Moskvada təntənə (!) ilə dəfn
edilmişdi. Ancaq 1954-cü ildə SSRİ-nin keçmiş təhlükəsizlik
naziri Viktor Abakumov (o da, özündən əvvəlki nazirlər
kimi, güllələndi) ifadəsində bildirdi ki, Mixoels
şəxsən Stalinin göstərişi ilə qətlə
yetirilmişdi.
Mir Cəfər Bağırov rus dilini təmiz bilirdi,
bütün rəsmi yazışmaları, iclasları rus
dilində aparırdı və məruzələri,
çıxışları da, əsas etibarilə rus dilində
olurdu, ancaq Azərbaycan dilində az danışsa da, bu, onun əsas
(doğma) dili idi. Onu yaxından tanıyanların dediyinə
görə, ləzgi dilini də təmiz bilirdi və 12-13
yaşlarına qədər ibtidai təhsilini mollaxanada, fars
dilinin tədris olunduğu Azərbaycandilli məktəbdə
aldığını da nəzərə alsaq, yəqin
yaxşı-pis, bu dili də bilirdi. O, bir fərd kimi nə qədər
istedadlı, ağıllı, fərasətli olsa da, belə
görünür ki, onun intellektual hazırlığı
fitri istedadı və bacarığı səviyyəsində
deyildi və bu cəhət Bağırovun müasirləri və
ondan sonrakı sovet rəhbərləri - Xruşşov,
Brejnev, Çernenko, Qorbaçov və başqaları, eləcə
də Stalinətrafı: Molotov, Kaqanoviç, Kalinin,
Voroşilov, Orconikidze, Mikoyan, Şvernik, Andreyev və
başqaları üçün də səciyyəvi idi.
Onunla birlikdə işləyənlər, onunla təmasda
olanlar deyir və yazırlar ki, Mir Cəfər Bağırovun
rus dilini bilən azərbaycanlılardan xoşu gəlirdi və
o dövrü öyrəndikcə hiss edirsən ki, bunun səbəbi,
görünür, ruspərəstlikdən də daha artıq
o idi ki, Azərbaycanda yaşayan ruslarla birlikdə, ermənilər,
ukraynalılalar, başqa xalqların nümayəndələri
təhsillərini rus dilində aldıqları
üçün, partiya və sovet orqanlarında öz
karyeralarını nisbətən asan qura bilirdilər. O
dövrlə bağlı elmi ədəbiyyatla, xatirələrlə,
o dövrün mətbuatı ilə tanış olduqca, yeni
yaradılan zavod və fabrik direktorlarından, müəssisə
rəhbərlərindən tutmuş, respublikamiqyaslı rəhbər
işçilərəcən azərbaycanlı kadrları irəli
çəkmək tendensiyası aydın görünməkdədir
və bu mənada, rus dili ciddi əhəmiyyət
daşıyırdı. Yeri düşmüşkən, deyim
ki, SSRİ-nin sonuna kimi müttəfiq Respublika partiya komitələrinin
ikinci katibi vəzifəsinə Moskvadan milliyyətcə rus
olan partiya funksionerləri təyin edilirdi, yalnız Ermənistanda
ikinci katiblər də yerli kadr, yəni erməni olurdu və
rus milliyyətli ikinci katib, ancaq 1988-ci ildə, Sovet
İttifaqı dağılmağa başlayanda gedib Ermənistana
çıxdı. Nüfuzuna görə, Stalinin tam
etibarını və inamını qazandığı
üçün, müharibədən sonrakı dövrdə
Mir Cəfər Bağırov da bu vəzifəyə azərbaycanlı
kadrların təyin edilməsinə nail olurdu (Ələşrəf
Əlizadə, Mir Teymur Yaqubov, Vitali Səmədov).
Ancaq o da hiss olunur ki, Mir Cəfər Bağırov bu məsələyə
çox ehtiyatla yanaşırdı, milli kadların irəli
çəkilməsini kommunizm ideologiyası və Sistemin
maraqları ilə əsaslandırmağı bacarırdı
(bəlkə də bu, yalnız siyasi manevr deyildi, onun
özü də elə bu cür düşünürdü)
və bəzən də bu ehtiyat hissi əndazədən
çıxırdı. Əndazə hissinin bu cür itirilməsinin
nəticəsiydi ki, Mir Cəfər Bağırov, misal
üçün, Bakının ən uca nöqtəsində
- o yerdə ki, burda ucaldılacaq heykəl Bakının hər
tərəfindən görünsün - Sergey Kirovun heykəlini
ucaltdı.
Sergey Mironoviç Kirov 1920-ci ildə Azərbaycanı
işğal edərək, Azərbaycan Demokratik
Respublikasını dağıdan XI bolşevik ordusu ilə
Bakıya gələn və həmin illərin əvvəllərində
Azərbaycanda partiyaya rəhbərlik edən, sonra Leninqrada
göndərilən, Siyasi Büroya üzv seçilən və
1934-cü ildə Leninqradda da qətlə yetirilən
bolşevik idi. Stalin bu qətldən istifadə edərək,
Sovet İttifaqında gələcək Böyük Terrorun -
1937-38-ci illər repressiyasının ilkin mərhələsinə
başladı və Mir Cəfər Bağırov Sistemə
(Stalinə) sədaqətini nümayiş etdirərək, qədim
Gəncənin adını dəyişib, Kirovabad etdi,
Respublikanın əsas universitetinə, onlarla, bəlkə də
yüzlərlə kolxoza, cürbəcür müəssisələrə,
küçə və prospektlərə onun adını
verdi, Bakıda Kirovun ev-muzeyini yaratdı.
Bakının, dediyim kimi, ən uca nöqtəsində
hündür qırmızı qranit pyedestal üzərində
ucaldılmış bu nəhəng heykəl təmtəraqlı
və təntənəli sosialist realizminin parlaq nümunəsi
idi və bütün Bakı da Sergey Kirovun nəhəng
çuqun ayaqlarının altında idi. Bu sosrealizm nümunəsini
məşhur heykəltaraş Pinxos Sabsay yaratmışdı
və rəsmi ideologiya bu heykəli Bakının
emblemasına çevirmişdi. Sergey Mironoviç Kirov
Bakının başı üzərindən əlini qalib
kommunizmin işıqlı gələcəyinə sarı
uzatmışdı və o zaman kimin ağlına gələrdi
ki, düz 51 ildən sonra ekskavator, elə bil, hərəkətə
gələn nəhəng dar ağacı kimi, trosu o heykəlin
boğazına salıb, onu aşırıb dağıdacaq?
Yazıçı dostlar hərdən zəngləşib,
Dənizkənarı bulvarda gəzişməyə (söhbətləşməyə)
çıxırdılar və İlyas Əfəndiyev deyirdi
ki, bulvarda üzüaşağı gedəndə
başımı yuxarı qaldırmıram ki, Kirovun heykəlini
görməyim. Azərbaycan ziyalılarının o heykələ
nifrətini göstərən bu sözləri yazarkən,
xatırlayıram ki, rəhmətlik professor Firudin Hüseynov
danışırdı ki, aspirant olduğum vaxtlar - 1950-ci illərin
sonlarında (hələ "KQB"nin
qılıncının dalı da, qabağı da kəsdiyi
bir vaxtda!) bir axşam elmi rəhbərim Mir Cəlal müəllimlə
Dənizkənarı bulvarda gəzirdik. Projektorların gur
işığı yenə Kirovun heykəlinə
tuşlanmışdı. Birdən, heç bilmirəm necə
oldu ki: " - Mir Cəlal müəllim, - dedim, - o heykəlin
yerinə kimin heykəlini qoymaq olardı?" Mir Cəlal
müəllim də ayaq saxladı və başını
qaldırıb, o heykələ baxdı: " - Qardaş, kim o
heykəli ordan sala bilsə, - dedi, - onun da heykəlini orda
qoymaq olar!"
O heykəli bir nəfər yox, ayağa qalxmış
Azərbaycan xalqı pyedestalı ilə bərabər yerə
saldı və 1991-ci ildə Bakı sakinləri şəhərin
müxtəlif tərəflərindən mənəvi
rahatlıq və çox pozitiv bir maraq içində o heykəlin
edamına tamaşa edirdi - bu, xalqın hiss-həyəcanını
ifadə edən kütləvi mənəvi-siyasi bir edam idi. Azərbaycan
xalqı o heykələ o qədər nifrət bəsləyirdi
ki, aradan 30 ildən artıq bir vaxt keçib, ancaq o heykəl
hələ də yaddan çıxmayıb və mən bu
günlərdə saytlardan birində Leninin (söhbət,
Bakının mərkəzi meydanında ucaldılmış nəhəng
Lenin heykəlindən gedir) və Kirovun həmin heykəllərinin
əridildiyi İstehsalat Kombinatından yazılmış (və
manşetə çıxarılmış!) reportaja rast gəldim.
Mir Cəfər Bağırov bir tərəfdən,
Marietta Şaqinyanın Ermənistanda nəşr olunmuş və
azərbaycanlılar barədə təhqiramiz mülahizələr
söylədiyi kitabı, eləcə də Nizami Gəncəvi
haqqında yazdığı antiazərbaycan ruhlu əsəri,
yaxud Georgi Xolopovun (məşhur Şamaxı erməniləri
Lalayevlərdən idi, familiyasını dəyişmişdi)
Moskvada çap edilmiş və azərbaycanlılara qarşı
qərəzli münasibət ifadə edən romanı
haqqında bilavasitə Kremlə çox ciddi və cəsarətli
etiraz məktubu yazaraq, həmin kitabları
yığışdırtmağa nail olurdu. Yaxud o zaman partiya
müqəddəsinə çevrilmiş Stepan
Şaumyanın oğlu Lev Şaumyanın "Pravda" qəzetində
dərc etdirdiyi məqalədə "26-lar"dan bəhs
edib, azərbaycanlı komissar Məşədi Əzizbəyovun
adını çəkmədiyi üçün, onun da,
qardaşının da antiazərbaycan mövqeyini partiya
qurultayının tribunasından kəskin tənqid edir və
bununla kifayətlənməyib, bu barədə birbaşa Stalinə
məktub yazırdı. Yaxud da Azərbaycanda
Konservatoriyanın müəllim və tələbələri
arasında azərbaycanlıların sayının az
olmasını aradan qaldırmaq məqsədi ilə xüsusi
(və rəsmi!) Komissiya yaradırdı və bütün
bunlar, əlbəttə, şəxsi cəsarət tələb
edirdi.
"YouTube"də Böyük Sovet Ensiklopediyası
Baş redaktorunun müavini Lev Şaumyanın qızı,
Stepan Şaumyanın nəvəsi, şərqşünas
Tatyana Şaumyanın müsahibəsi var və o deyir ki, Mir Cəfər
Bağırov Stepan Şaumyana və onun ailəsinə
"amansız nifrət bəsləyirdi", "ifşaedici
materiallarla dolu qovluqla" Moskvaya gəlirdi. Əgər, həqiqətən,
beləydisə, güman edirəm ki, bunun səbəbi Mir Cəfər
Bağırovun şəxsi-qərəzliyi yox, siyasi və
milli təəssübkeşliyi olub.
Qısa bir haşiyə
çıxmaq istəyirəm: 1981-ci ildə Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə
Füzulinin 840 illyini keçirməklə bağlı qərar
qəbul edildi və bu, ədəbiyyatımızın təbliği,
ədəbiyyat tariximizin öyrənilməsi baxımından
tarixi bir hadisə, nadir bir qərar idi, çünki ənənə
belə idi ki, yubileylər üçün yalnız yuvarlaq rəqəmlər
əsas götürülməlidir. Yazıçılar
İttifaqında işlədiyim vaxtlar idi və bir gün
MK-nın yeni ideoloji katibi, cavan və enerjili Həsən
Əziz oğlu Həsənov telefonla zəng etdi ki, Leninqrad da
(Sankt-Peterburq) Nizaminin yubileyini keçirmək istəyir.
Qısası, Qabil, Nəriman Nəsənzadə, Araz
Dadaşzadə, Səyavuş Məmmədzadə, jurnalist
Mailə Muradxanlı və məndən ibarət bir heyətlə
Leninqrada getdık və vaxtilə Mir Cəfər
Bağırovun kəskin tələbi ilə kitabı
qadağan edilmiş həmin Georgi Xolopov o zaman Leninqrad
Yazıçılar İttifaqının rəhbərlərindən
biri, ədəbiyyat jurnalı - "Zvezda"nın Baş
redaktoru idi (nə az, nə çox, düz 34 il
"Zvezda"nın Baş redaktoru oldu!).
Doğrusu budur ki, Xolopov bizimlə olduqca mehriban
görüşdü, bizim şərəfimizə evində
ziyafət verdi və həmin ziyafətə SSRİ-nin ən
görkəmli balerinalarından olan Olqa Lepeşinskayanı,
bir sıra başqa məşhur Leninqrad ziyalılarını
da dəvət etmişdi. Səmimi bir məclis idi, mən
Xolopovla yanaşı oturmuşdum, xudmani söhbətləşirdik
və fürsətdən istifadə edib, ondan soruşdum:
" - Siz Bağırovla
görüşmüşdüz?" Xolopov, elə bil,
sualımı eşitmədi, tələsik ayağa qalxıb,
Azərbaycan xalqı haqqında yaxşı bir sağlıq
dedi, sonra da axıra qədər Mir Cəfər Bağırov
barədə bir söz demədi, mən də gördüm
ki, bu söhbətdən qaçır, daha heç nə
soruşmadım.
Bir halda ki, bu haşiyədə Olqa
Lepeşinskayanın adını çəkdim, onu da deyim ki,
Stalinşünaslıqda ara-sıra belə bir məlumatla da
rastlaşırıq: guya Olqa Lepeşinskaya Stalinin sevgilisi olub
və onlar hərarətli bir eşq yaşayıblar.
Lepeşinskaya 1940-cı illərdə dörd dəfə,
dalbadal Stalin mükafatı alıb və çox güman ki,
bu da həmin məlumatın yaranmasına və
yayılmasına səbəb olub.
Ancaq əsas söhbətimizə qayıdaq.
Mir Cəfər Bağırov o biri tərəfdən
də, elə həmin 1951-ci ildə "Kitabi-Dədə
Qorqud"un "mahiyyətinə burjua-millətçilik zəhəri
hopmuş", "irticaçı xarakter daşıyan"
bir abidə olduğunu elan edirdi və bundan sonra anti-"Dədə
Qorqud" kampaniyası başlayırdı. Dünənəcən
bu abidənin həqiqi qiymətini vermiş ən istedadlı
Azərbaycan ədəbiyyatşünasları Mir Cəfər
Bağırovun bu iddiasını təsdiq etmək məcburiyyətində
qalır və əvvəllər bu abidəyə yüksək
qiymət verdikləri üçün üzr istəyirdilər
(bunu da deməyi borc bilirəm ki, yalnız rəhmətlik
akademik Həmid Araslı üzr istəmir). Azərbaycan
Yazıçılar İttifaqı xüsusi iclas keçirir
və görkəmli (eləcə də görkəmsiz)
yazıçı və şairlər Mir Cəfər
Bağırovun (o günlərdə Mir Qəzəbin) "Dədə
Qorqud" qərəzçiliyini qızğın müdaifə
edirdi.
Bir tərəfdən məşum 37-ci ildə bilavasitə
Mir Cəfər Bağırovun təşəbbüsü ilə
Moskvada, SSRİ Yazıçılar İttifaqı İdarə
heyəti qarşısında rus dilində Azərbaycan
poeziyası antologiyasını hazırlayıb nəşr etmək
məsələsi qaldırılır və Vladimir Luqovskoy,
Pavel Antokolski, Pavel Pançenko və Marqarita Aliger kimi məşhur
rus sovet şairləri klassik və müasir Azərbaycan
poeziya nümunələrini tərcümə etmək
üçün Bakıya dəvət olunur. Mir Cəfər
Bağırov onları şəxsən qəbul edir və həqiqət
budur ki, iki saatdan çox çəkən bu qəbul onun məsələyə
nə dərəcədə əhəmiyyət verdiyini
göstərir.
Qəbul zamanı Luqovskoy Vaqifin və Vidadinin,
Pançenko Seyid Əzimin və Sabirin şeirlərini,
Antokolski Füzulinin "Leyli və Məcnun"undan
parçaları öz tərcümələrində Mir Cəfər
Bağırova oxuyurlar və mən istəyirəm, o qəbulun
koloriti haqqında müəyyən təəssürat yaratmaq
üçün rəsmi məlumatdan sitat gətirim: "Tərcümələr
Bağırov yoldaşa təsir
bağışlamışdır. Bağırov yoldaş bir
saata qədər davam edən nitqində antologiyanın
mühüm əhəmiyyətini və xüsusilə,
xalqımızın yaradıcılıq simasını
göstərməkdə onun oynadığı böyük
rolu qeyd etmişdir".
Nizami Gəncəvinin məhz Azərbaycan şairi kimi
təbliğ və təşviq edilməsində, onun əsərlərinin
Azərbaycan, eləcə də rus və başqa sovet
xalqlarının dilinə tərcümə edilməsində,
yalnız Bakıda yox, Moskvada və Sovet İttifaqının
başqa respublikalarında nəşr olunmasında, yalnız
Azərbaycan ədəbiyyatşünaslığında deyil,
rus və sovet ədəbiyyatşünaslığında
akademik Bertelsin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi"
monoqrafiyasınacan Nizami yaradıcılığının tədqiq
edilməsində, bu yaradıcılığın
bütün respublikalarda dərsliklərə
salınmasında, 800 illik yubileyinin ittifaq miqyasında
keçirilməsində, 1947-ci ildə Gəncədəki
(Kirovabaddakı) Nizami Gəncəvi heykəlinə görə
heykəltəraş Fuad Əbdürrəhmanova Stalin
mükafatı verilməsində, 1949-cu ildə Bakıda
Nizaminin nəhəng heykəlinin (müəllifi Fuad
Əbdürrəhmanov, memarlar - Mikayıl Hüseynov və
Sadıq Dadaşov) ucaldılmasında və s. Mir Cəfər
Bağırovun müstəsna rolu olmuşdur. Həmin
dövrdə bizim ədəbiyyatşünaslıqda ayrıca
bir Nizamişünaslıq istiqaməti yarandı və bu
istiqamətin geniş elmi-nəzəri əhatəsi kontekstində,
ümumiyyətlə ilkin orta əsrlər Azərbaycan ədəbiyyatşünaslığının
effektli tədqiqatları nəticəsində Nizaminin azərbaycanlı
müasirləri də öyrənildi, təbliğ edildi,
özümüzə qaytarıldı (Əbülüla Gəncəvi,
Məhsəti Gəncəvi, Əfzələddin Xaqani
Şirvani, Fələki Şirvani və b.)
ABŞ kinorejissoru Ruben Mamulyan (əslən Tiflis ermənilərindən
idi) Hollivudda Üzeyir Hacıbəyovun "Arşın mal
alan"ını erməni operettası kimi ekranlaşdırır
və bu film İran şəhərlərində göstərilməyə
başlayır. Xəbər Üzeyir bəyə çatanda
o, bu barədə Mir Cəfər Bağırova müraciət
edir və Bağırov Üzeyir bəyin birbaşa Stalinə
məktub yazmasının təşəbbüskarı olur.
Beləliklə də, 1945-ci ildə Bakıda
"Arşın mal alan" filmi çəkilir, böyük
uğur qazanır və "Vikipediya"nın
yazdığına görə, dünyanın 86 dilinə tərcümə
edilərək, 136 ölkədə (!) göstərilir,
1946-cı ildə bilavasitə Mir Cəfər Bağırovun
təşəbbüsü ilə filmin yaradıcı
kollektivi Stalin mükafatı alır (Rza Təhmasib, Nikolay
Leşenko, Rəşid Behbudov, Leyla Cavanşirova (Bədirbəyli),
Münəvvər Kələntərli, Ələkbər
Hüseynzadə, Lütfəli Abdullayev).
İndi fikir verin, bu təşəbbüslər və
fikirlər hara, "Dədə Qorqud"u "xalq
düşməni" (!) elan etmək hara - bu ziddiyyət və
paradoks həm şəxsiyyətin xarakterindəki və fəaliyyətindəki
ziddiyyətlərdən, qarmaqarışıqlardan xəbər
verir, həm də dövrün ziddiyyət və
paradokslarını ifadə edir.
Söhbət həmin dövrdən gedir ki,
Bakının mərkəzində, açıq havada
"Doğma Stalini göz bəbəyimiz kimi
qoruyalım!", "Xalq düşmənlərinə
ölüm!", "Alçaq ikiüzlü xalq düşmənlərini
mühakimə etməli!" şüarları ilə mitinq
keçirilir və Mir Cəfər Bağırov o mitinqi
açaraq, "Neft Bakısının əməkçiləri
buraya insanlıq simasını itirmiş xalq düşmənlərinə
cəmiyyətin, alçaq tör-töküntülərinə
qarşı öz dərin nifrətlərini izhar etmək
üçün toplaşmışdır", - deyir,
"quldur dəstəsindən olan banditlər"dən,
"faşist sürüsünün qanlı cəlladları"ndan
danışır, sonra "xalq düşmənlərinə
ölüm!" tələb edən müxtəlif peşə
sahiblərinin, o cümlədən də
yazıçıların nümayəndəsi
çıxış edir. Bu həmin günlərdir ki, ədəbi
orqanlar Maksim Qorkinin məşhur (və deyildiyi zamanın
kontekstində qorxunc!) "Əgər düşmən təslim
olmazsa, onu məhv edərlər!" şüarı
altında tribuna açır və bir çox
yazıçılar həmin tribunadan "İllərlə
Ruhulla Axundov, Hənəfi Zeynallı kibi kontrrevolsion xəyanətkarların
kultura və ədəbiyyat cəbhəsində
çalışmaları biz yazıçılardan daha
artıq sayıqlıq tələb edir", "Əllərində
hələ bizim sevimli Sergey Mironoviç Kirovun, şanlı
qızıl əsgərlərimizin, mühəndislərimizin,
staxanovçularımızın qanı qurumamış,
xalqların müəllimi, atası, dostu, böyük Stalini
öldürməyə çalışırlardı",
"Xalq düşmənləri əziz atamız Stalini əlimizdən
almaq istəyirdilər" və s., deyə vətəndaşları,
ilk növbədə isə, öz həmkarlarını xalq
düşmənlərini aşkar və ifşa etməyə
çağırırdı (Bu və bu tipli
çağırışların müəllifləri ilə
maraqlananlar "Ədəbiyyat qəzeti"nin 1937-ci il
nömrələrinə baxa bilər).
Bu həmin dövrdür ki, əslində donoslar, xəfiyyə
məlumatları məqalə adı ilə mətbuatda dərc
edilirdi: "İfşa edilmiş xalq düşməni
Hacıbaba Nəzərli Yazıçılar
İttifaqının üzvlüyündən kənar
edilmişdir. Lakin bu alçağın həmfikirlərinin, məsələn,
Hüseyn Mehdinin hələ də sovet
yazıçıları sıralarında qalması təəccüblü
deyilmidir?.." "Alçaq və əclaf Mustafa Quliyev,
Hacıbaba Nəzərli, Ə.Trinic, Əli Nazim, Xəlil
İbrahim və başqa nacinslər, həmçinin qəddar
averbaxçı Hüseyn Mehdi..." və s.
("Kommunist" qəzetinin 1937-ci il nömrələri).
Doğrusu, bu nümunələri oxuculara təqdim edəndə
adam xəcalət çəkir, ancaq nə etməli, xəcalət
çəksək də, çəkməsək də, bu
bizim tariximizdir və özümüzü görməməzliyə
vurmaq tariximizi saxtalaşdırmaq deməkdir. Mən bu
çağırış, donos müəlliflərinin
adlarını çəkmirəm (onsuz da, mətbuatda, arxiv sənədlərində
hər şey var - yazıya isə pozu yoxdur!), çünki əsas
müəllif - nəhəng müəllif! - Qorxudur,
özünüqorumaq, yaşamaq instiktini
çırpınladıb-titrədən, səfərbər
edən Qorxu. Mən bu müəlliflərə (o cümlədən,
yazıçılara!) bəraət qazandırmaq fikrindən
uzağam, ancaq səbəb (və həqiqət!) budur - əvvəldə
də yazdığım həmin Qorxu.
Uzun onilliklər repressiyanın məşəqqətlərini
çəkmiş və bu məşəqqətləri
yüksək bədiiliklə təsvir etmiş böyük
rus yazıçısı Varlam Şalamov indiyəcən
saxladığım bir müsahibəsində o dövrdən
bəhs edərkən, deyir: "İnsan özünü dərhal
itirmir. İnsan əvvəlcə gücünü itirir, sonra
da onunla birlikdə əxlaqını (mənəviyyatını)
itirir" («Ñîâåðøåííî ñåêðåòíî», 2007, ¹ 6.)
Siz Qorxunun gücünə baxın ki, Vadim Kojinovun
yazdığı kimi, "Stalinin özündən çox
stalinçi olan", ancaq buna baxmayaraq, güllələnən
Nikolay Buxarin (Âàäèì Êîæèíîâ. Ïðàâäà Còàëèíñêèõ ðåïðåññèè, èëè êîìó íóæíû
áîëüøèå æåðòâû, Ìîñêâà, Àëãîðèòì, 2010, ñòð. 89.) "KQB" zirzəmisindən
Stalinə məktublar yazaraq, sözün əsl mənasında,
yalvarır ki, onu güllələməsinlər, heç
olmasa, zəhərləsinlər, ancaq bu yalvarışlar
Stalinə təsir etmir və Buxarin güllələnməyə
aparılanda da qışqırır: "Stalin bəşəriyyətin
ümididir!" (Àëåêñàíäð Îðëîâ. Òàéíàÿ èñòîðèÿ Ñòàëèíñêîãî âðåìåíè,
Ìîñêâà, Àëãîðèòì, 2014.)
Güllələnməyə məhkum olunmuş
bütün keçmiş siyasi rəhbərlər,
marşallar, inzibati orqan rəisləri istisnasız olaraq ən
son məqamlarına qədər bütün iftiralara,
böhtanlara qol çəkir, özləri haqqında
bütün saxta ittihamları təsdiqləyir və durmadan
Stalini vəsf edirdilər və bütün bu absurd - hökm
sürən həmin böyük Qorxunun şüurlu, ya da təhtəlşüur
ifadəsi idi.
Mən sovet paradoksları barədə artıq
yazmışam və Sistemin yaratdığı Böyük
Terrorun özündə də izahata gəlməyən,
heç bir məntiqə sığmayan qəribə
paradokslar var idi. Mikayıl Rəfili 1937-ci ildə düşmən
kimi "ifşa" olunur, Yazıçılar
İttifaqından xaric edilir - bu, artıq ən azı Sibirdir,
amma ona toxunmurlar, sağ qalır, yaxud da Mehdi Hüseyn
"qatı averbaxçı" kimi "ifşa" olunur,
Yazıçılar İttifaqının üzvlüyündən
namizədliyə keçirilir, ancaq sağ qalır. 1920-ci ildən
əvvəl yazmağa başlamış qələm sahiblərinin
hamısı - Hüseyn Caviddən, Əhməd Cavaddan, Seyid
Hüseyndən (Kazımoğludan), Yusif Vəzir Çəmənzəminlidən,
Sultan Məcid Qənizadədən, Qafur Qantəmirdən
tutmuş, Salman Mümtaz, Xəlil İbrahim və Əli Səbriyəcən
- "ifşa" olunur, güllələnən güllələnir,
Sibirə göndərilən göndərilir, yalnız Abdulla
Şaiq və Məmməd Səid Ordubadi sağ qalır,
yaxud nə "ifşa" məqalələrində, nə
"ifşa" toplantılarındakı məruzə və
çıxışlarda, nə də cürbəcür qərarlarda,
rəsmi sənədlərdə Əliağa Vahidin adına
rast gəlirik, elə bil, bu adda şair yoxdur, Süleyman Sani
Axundov isə 1939-cu ilin əvvəlində öz əcəli
ilə vəfat edir (bəlkə də bu "ifşa"lar dəhşəti
içində ürəyi partlayır). Mikayıl Rzaquluzadə
"pantürkist", "millətçi" kimi zamanın
kontekstində ən ağır (ölümcül!) ittihamlarla
"ifşa" olunur, ancaq sağ qalır, heç həbs də
olunmur. Mən rəhmətlik Mikayıl Rzaquluzadəni
yaxşı tanıyırdım, hələ gənc
yaşlarımdaykən, Yazıçılar İttifaqında
işləyəndə onunla çox təmasda olmuşdum və
o, hər hansı bir satqınlıq edib, sağ qalan, sonra da
başı dik gəzə-gəzə qətlə yetirilənləri
tərifləyən adam deyildi.
Deyirlər ki, Mir Cəfər Bağırov Ordubadi ilə
dost idi, hətta Bağırovun oğlu Cahangirin yas məclisini
də Məmməd Səid aparıb - olsun; Rəfili
Bağırova məktub yazıb, Rəfilini o müdafiə
edib - ola bilər; Şaiq çox təmiz və heç bir
intriqalara qarışmayan, kənarda dayanmış adam idi -
düzdür, belə idi; Vahidi xalq sevirdi, həyat tərzi ilə
xalqın az qala, mifoloji və sevimli qəhrəmanına
çevrilmişdi - bəli, doğrudur və bütün bu
"ifşa"ların, qətllərin, sürgünlərin,
izaholunmaz bu paradoksların müəllifi də Sistem idi - bu da
tamam doğru bir fikirdir. Ancaq məsələ
burasındadır ki, Mir Cəfər Bağırovun, nəinki
1937-38-ci illərdə, ümumiyyətlə 1933-53-cü illərarası
fəaliyyəti onun adını Azərbaycanda Sistemin sinoniminə
çevirmişdi və güllələnənlər
arasında onun özünün keçmiş dostları yox
idi? Hüseyn Cavidi bəyəm, xalq az sevirdi və mənən
də, əməllərində də təmiz insanlar, kənarda
dayanıb siyasətə qarışmayanlar az güllələnmişdi?
Mikayıl Müşfiq ilk şeirlərinin çapından
sonra tanınan, get-gedə sürətlə məşhurlaşan,
oxucuların sevimlisinə çevrilən bir gənc deyildi?
Sistem üçün dost, rəhm, sevilib-sevilməmək
məfhumları yox idi - Stalinin qətlə yetirdiyi
insanların arasında onun Avel Yenukidze, yaxud Nikolay Buxarin kimi
çox yaxın dostları var idi (hələ onun yaxın
qohum-əqrəbasını demirəm!), eynən də Mir Cəfər
Bağırovun təmasda olduğu, birgə işlədiyi,
oturub-durduğu insanların məhv edilməsi.
Şaiqin, Vahidin, Ordubadinin Böyük Terrorun
yaratdığı hərc-mərclik içində salamat
qalması yalnız barmaqla sayılacaq təsadüflər idi
və bu təsadüflər həmin məntiqə
sığmayan paradokslara borclu idi.
Bu yazını işləyərkən, hərdən
içimdən qapqara bir şükranlıq hissiyyatı
keçirdi - 1937-38-ci illər terroru ümumiyyətlə
bütün Azərbaycan mədəniyyətini kökündən
yox edə bilərdi, yəni bu illərin Azərbaycan mədəniyyətinə
vurduğu zərbə yalnız ağır, faciəli, dəhşətli
yox, həlledici ola bilərdi, bu mədəniyyət ibtidai bir
vəziyyətə düşə bilərdi. Baxın, Sistem
Abbas Mirzə Şərifzadə, yaxud Ülvi Rəcəb kimi
böyük aktyorları güllələdi, ancaq
"Kommunist" qəzetində - qorxulu "ifşa"edici
partiya orqanında dərc edilmiş bir məqalədəki
"ifşa"ları oxucuların diqqətinə
çatdırmaq istəyirəm: "Budur, Mirzəağa
Əliyev! Çar kazakının oğlu olan bu adam müsavat
zabiti olmuşdur. Həmişə belində tapança olaraq
qoçuluq edərmiş. Xalqın ifşa edilmiş əclaf
düşmənləri Dadaş Bünyadzadə, Həmid Sultanov,
Ruhulla Axundov, Əhməd Bədi Trinic və başqaları
ilə sıx əlaqə saxlamış, onların keyf məclislərində
təlxəklik etmiş, kontrrevolyusion anekdotlar söyləmiş,
xaricdə yaşayan keçmiş arvadı ilə əlaqə
saxlamışdır..." və s., və i.a. Sonra:
"Budur, Möhsün Sənani!" və Sənaninin
"ifşa"sı, "Budur, Fatma Qədri!" və Qədrinin
"ifşa"sı ("Kommunist" qəzeti, 30 sentyabr
1937) və beləcə də, başqa
aktyorlarımızın ifşası. İndi, bir anlıq təsəvvür
edək ki, Abbas Mirzə ilə, Ülvi Rəcəblə bərabər,
Mirzəağa Əliyev də, Möhsün Sənani də,
Fatma Qədri də, Azərbaycan teatr sənətinin başqa
bu kimi aktyorları da güllələnir, o boşluqdan,
vakuumdan sonra bu gün biz hansı səviyyədəki teatr sənətimizdən
danışa bilərdik?
Bu cür vəziyyət Azərbaycan ədəbiyyatında
da yarana bilərdi və yada salaq ki, az qala, iyirmi il Azərbaycan
oxucuları - məktəb şagirdlərindən tutmuş,
universitet tələbələrinəcən kimsə Cavidi,
Müşfiqi, Çəmənzəminlini, Cavadı,
başqalarını oxuya bilmədi, milli ədəbiyyatın
böyük bir hissəsinin milli şüurun və mənəviyyatın
inkişafında hansı rolu oynaya bilərdisə, bundan məhrum
oldu. Azərbaycan ədəbiyyatşünaslığı bu
mirasdan bəhrələnə bilmədi və tədqiqatlar
natamam istiqamətdə aparıldı, buna görə də
tam elmi-nəzəri mənzərəni yarada bilmədi.
İndi, siz təsəvvür edin, bu 37-38 qırğınından
salamat çıxmış qələm sahibləri -
yazıçılar, şairlər, ədəbiyyatşünaslar,
folklorşünaslar da Sistemin ətçəkən
makinasına düşsəydi, onların da kitabları
yandırılsaydı, o zaman yalnız bizim ədəbiyyatımız,
ədəbiyyatşünaslığımız, ictimai fikrimiz
yox, bizim mənəvi dünyamız nə günə
düşəcəkdi?
Bu gün mətbuatda, saytlarda ara-sıra rast gəldiyimiz
Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev,
Mir Cəlal, Mehdi Hüseyn, Əbülhəsən, Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli,
Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd
Rahim, başqaları, eləcə də həmin nəsildən
olan ədəbiyyatşünaslar - Həmid Araslı, Mirzə
Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov,
Məmməd Arif Dadaşzadə, Mirzəağa Quluzadə, Məmmədhüseyn
Təhmasib, Mikayıl Rəfili, Əli Sultanlı, Əkrəm
Cəfər, Cəfər Cəfərov, Abbas Zamanov, Əkbər
Ağayev, Cəfər Xəndan və başqalarına
"siz nə üçün sağ qalmısız?" -
kimi qərəzli sosial-psixoloji münasibət, yanaşma ədəbiyyatımızın
tarixi və taleyi ilə bağlı yalnız aysberqin
görünən hissəsini görməklə kifayətlənməyin,
yəni alt qata enə bilməməyin, bu iqtidarda
olmamağın, ya da enmək istəməməyin nəticəsidir.
Ona görə də bu gün dövrün ədəbiyyatı
da, ədəbi prosesi də, mühiti də mətbuatdan, arxiv
materiallarından öyrənilməlidir - buna söz yox, onsuz
da, təkrar edirəm, yazıya pozu yoxdur, ancaq olanlarla,
köhnə təbirlə desəm, vaqeələrlə
bağlı ədəbiyyata, sənətə, elmə: "-
Sən nə üçün sağ qalmısan?"
ovqatı ilə hücum etmək heç vəchlə
doğru deyil.
Bəli, o dövrlə bağlı bəzən
ağrılı (və prinsipial!) suallar meydana çıxır
və şübhəsiz ki, bu suallara təmkinlə, hissə
qapılmadan, yüz ölçüb-bir biçməklə
cavab vermək elmi və mənəvi borcdur. Baxın, bu
gün Azərbaycan ədəbiyyatşünaslığı
bu tipli məsələləri qaldırır və cavab tələb
edir: "Məsələn, 1939-cu ildə Əli Nəzmi və
Əmin Abid Mirzə Fətəli Axundzadənin fəlsəfi əsərlərini
toplayıb, çap ediblər. Araşdırın, baxın,
görün, o əsərlər kimin adından çap olunub?
Çobanzadənin Füzuli haqqında əsəri kimin
adı ilə işıq üzü görüb?"
(Professor Nizaməddin Şəmsizadə. "Mənə
Puşkini verin, mən də Belinski olum", "Xalq qəzeti",
20 dekabr 2023.) Təkrar edirəm, cavab impulsiv, kinli-küdurətli,
təşəxxüslü yox, ədəbi, obyektiv və
Cabbarlının qəhrəmanının dediyi kimi,
"subutalnı-dokumentalnı" olmalıdır.
Hələ cavan yaşlarımda, aspirant ikən
kitabxanada 1937-38-ci illərin mətbuatını vərəqlədikcə,
məndə elə bir təəssürat yaranırdı ki,
elə bil, söhbət Azərbaycandan yox, sürrealist bir
dünyadan gedir və elə o cavanlıq
çağlarımda "Kommunist" qəzetindən - rəhbər
partiya orqanından! - dəftərçəmə
köçürtdüyüm bu folklor nümunələrinə
baxın:
Əziz Şmidti göndərdin uzaq ellərə,
Təyyarə ilə uçdu, bələd oldu yollara,
Sancdılar al bayrağı buzlu dağlara,
Xaricilər düşdü haldan-hala, Stalin.
(Aşıq Avak)
Stalin marşurutu, səni min yaşa,
İgidlər planını çatdırdı
başa,
Lenin ordenini taxdılar döşə,
Hər biri korpusa komandir oldu.
(Aşıq Mirzə)
Oxudum qəzetdə, mən oldum hali,
Terrorçu salmış qeyli-qali,
Casus, ziyançı o kəs xəyali
Məhv etdin, dağıtdın, yaşa, Stalin!
(Aşıq
Əsəd).
Əgər siyasi-inzibati nadanlıq və vəhşilik,
hətta xalqın folklorunu cəmi bir-iki ildə bu cür bərbad
hala salmışdısa, bunun axırı nə ola bilərdi?
Həm də bu ədəbi biabırçılıq,
yalnız Azərbaycan deyil, bütün başqa
respublikaların da ədəbiyyatı və folklorunda
yayılan, inkişaf edən xərçəng hüceyrələri
idi.
Və elə bil, bu absurd misralar qrafoman makulaturası
yox, elə həmin sürrealist dünyanın nəğmələridir
və bu sürrealist dünyanın region rəhbəri - Mixail
Bulqakovun Pontiy Pilatı kimi prokurator-hakimi isə Mir Cəfər
Bağırov idi (bəlkə də başqa cür deyək:
bu, Mir Cəfər Bağırovun bəxtinə
yazılmışdı?!).
(Ardı var)
ELÇİN
525-ci qəzet.- 2024.-27 aprel,¹73.-S.18-19-20;21.