“Balıqçılar”
Hekayə
Cavid tilovları maşının üstündəki
dəmirə iplə çəkib möhkəm
bağladı. Əllərini belinə dirəyib arxaya
dartındı. Obaşdan soxulcan yığmaq
üçün əyilib torpağın nəm yerini eşələyəndə
belinin tutacağını bilirdi.
Elxan iri çuğun vedrələri
maşının arxa oturacağının ayaqaltısına
qoyub qardaşına tərəf boylandı:
– Hava əladı, özüm ölüm, bəlkə,
Əliyə də deyək?
Cavid əlini belindən çəkib
qaşlarını çatdı:
– Bizə rahatlıq haramdı? Gəlib baş-beynimizi
aparacaq. Ay nə bilim, dalıma tikan batdı, gözümə
gün düşdü, yuxum gəldi... Özü də
Əlinin qayığı var? Qucağımızda üzəcək?
Elxan heç nə demədi.
Cavid maşını işə salıb havaya
baxdı:
– Elxan, qalx evə, arvada de, ordan mənim
kepkalarımı versin, gün başımıza döyməsin.
Sonra nə fikirləşdisə, qardaşı
yuxarı çıxmaq istəyəndə tez dilləndi:
– Gözlə, gözlə, özüm qalxıram.
Cavidlə Elxanı hamı “balıqçılar”
deyib çağırırdı. Caviddən on yaş balaca
olsa da, atalarından qalma bıçağı belində Elxan
gəzdirirdi. Balıq tutmağa marağı da ona atasından
keçmişdi.
Cavid balıq tutmağa o qədər həvəsli
deyildi. Amma qardaşını gölə tək buraxmaq istəmirdi.
Həmişə balığa bir yerdə gedirdilər. Təkcə
soxulcan çıxarmağı da Elxan özü öyrənsəydi...
Maşın torpaq yolda tozanaq qaldırır,
güzgülərdən görünən mənzərə
kovboy kinolarındakı çöllüyü
xatırladırdı. Cavid qarşıdan gələn
adamın üzünü seçənə qədər
qardaşların da kefi kök idi.
– Pay içinə!.. – Cavid əlini sükana
çırpıb maqnitofonun səsini aldı, –balıq tutmaq
getdi işinin dalınca.
Elxan siqareti damağından götürüb
soruşdu:
– Nooldu, yenə?
– Görmürsən?
– Nəyi?
– Qabağdan gələni də...
Elxan gözlərini qıydı:
– Həsən deyil o?
– Odu, odu, tfu, ləpirinə itin poxu olsun!
Ləpir Həsən qardaşları görüb əl
elədi. Cavid onun yanına çatanda sürəti azaldıb
maşının şüşəsini aşağı
saldı. Həsən salaməleyki tez yola verib soruşdu:
– Balığa gedirsiz? Day denən axşama
yaxşı balıq qızartması var ki!
– Görək də, – Cavid mızıldandı.
– İşiniz avand olsun, bəlkə mən də gəldim
axşam.
– Gəl, Həsən, – Elxan dedi, – gələrsən.
Cavid asta-asta sürdü ki, Ləpir Həsəni toza
basmasın.
Elxanın qardaşının Həsənlə
saymazyana danışmağından xoşu gəlmədi:
– Nə istəyirsiz bu Həsəndən? Əcəb
adını çıxartdız kənddə.
– Kənddə onun əlindən bir iş görmək
olur ki?! Hansı xeyir işin dalınca gedirsən, gəlib
çıxır qabağına. O iş alınsa, mənim
atama lənət!
– Sənə deməmişəm, atama lənət demə?
– Yadımdan çıxdı, – Cavid fikirli-fikirli cavab
verdi.
Elxan qardaşının susduğunu görüb
söhbətinə qayıtdı:
– Axır vaxtlar nə bədliyin görmüsən?
– Həsənin?
– Yox, mənim... Kimdən danışırdıq?
– Həə... Keçən dəfə dal qonşumuz
Aslan təzə bel sapı almışdı. Ocaqda sapın o
üzün, bu üzün közərdirdi ki, qurd
düşüb çürütməsin. Bir də
gördük, Ləpir Həsən pırtdadı. Xoş,
beş, on beş, zalım oğlu sapı aldı əlinə,
dedi ki, nə qəbir qazmalı sapdı?! Səhərisi
Aslanın qəbrini elə həmin sapla qazdılar.
–Aslan xəstə idi də, Cavid...
– Noolsun? Mən də xəstəyəm, – Cavid siqaret
yandırdı, – vallah Ləpir Həsənlikdi... Bəlkə,
dala qayıdaq, onsuz da bundan sonra çətin balıq tutaq.
– Əşi, yola çıxmışıq, bəsdi
görək!
Sarısunun sahilinə çatmışdılar. Hərəsi
bir hava qayığı ilə gölə çıxıb
açıq yerdə tilovlarını suya
atmışdılar. Balıq tutub qutarana kimi nə Caviddən
bir səs çıxırdı, nə də Elxandan.
Balıqlar səsdən qaçırdılar. Tez-tez yerlərini
dəyişir, qarmağa ov keçdiyini hiss edəndə cəld
tilovun ipini çəkib balıqları vedrələrə
atırdılar.
Hələ bugünkü kimi balıq
tutmamışdılar. Vedrələr ağzına kimi dolu
idi. Heç ataları da sağlığında bu qədər
balıqla evə qayıtmamışdı. Sarısudakı
bütün sazanlar, elə bil, qardaşların
qarmağına keçmişdi.
Gölün sahilinə qayıdandan sonra Elxan yerə
palaz sərib termosun dalınca maşına getdi.
Qayıdıb hərəyə bir stəkan çay
süzdü. Cavid bardaş qurub fərəhlə vedrələrə
baxdı. Yorulmuşdu, qayıtmağa tənbəllik etdiyi
üzündən yağırdı. Dikəlib siqaret
yandırdı:
– Sən niyə evlənmək istəmirsən?
– Başladı da yenə, – Elxan dedi.
– Düz demirəm?
– Sən canın, başqa söhbət elə.
– Yox da, yaşın keçir, rəhmətlik
kişinin sən yaşda üç uşağı var idi.
Elxan ağzını büzdü:
– Üçündən də yarımadı...
– Ə, kəs, qanacağın olsun. Noolub bizə?
– Nolacaq, qalmışıq ortalıqda... Hər dəfə
deyirəm, balıq tutub sataq. Onsuz, hər həftə
balığa gəlirik. Köməkləşək,
başımızı hərləyək.
Cavid qaşlarını çatdı:
– Camaatın balığını özünə
satacaqsan?
– Öz balıqları hardan olur? Əziyyət çəkiriyee...
– Kim sənə yalvarır əziyyət çək?
– Cavid dedi.
– Deyirəm, tuturuqsa, sataq, beş-on
manatımızı qazanaq.
– Mən sənə pul qazanmağın yolunu
çoxdan demişəm. Niyə getmirsən Rusiyaya?
Elxan qardaşının gözünün içinə
zilləndi:
– Nə vaxtdı Rusiya, Rusiya deyib başımı
xarab eləmisən.
– Pul qazanmaq istəyən sənsən də.
Çörək dalınca niyə getmirsən?
– Elə yaxşı şeydi, özün get də...
– Mən gedim Rusiyaya, arvadım da yiyəsiz qalsın?
Sənə nə var, subay adamsan, bir hulqumundu, bir də...
Elxan qardaşının sözünü ağzında
qoydu:
– Sən arvadından narahat olma. Mən balqabaq-zadam
burda? Kənddə mənim kimi qardaşın var.
Cavidin gicgahındakı damar qabardı. Siqaretin
tüstüsündən yaşaran gözünü
qıyıb qardaşını süzdü:
– Sən də məni Rusiyaya göndərməyə
meyillisən ha...
– Dəlisən? Sənə görə deyirəm, mənim
nəyimə lazımdı?
– Heç olmasa, mən həyət-bacanı becərib
üçdən-beşdən çıxardıram, sən
işləmirsən. Nə qədər mamanın
pensiyasına siqaret alacaqsan?
Elxan başını aşağı salıb
gözünü telefona dikdi.
Cavid siqaretin kötüyünü gölə atıb
termosdan özünə çay süzdü.
Qardaşının telefonda qurdalanmağı həmişə
onu əsəbiləşdirirdi. Onun sözü ürəyində
qalmışdı:
– Bütün günü avaralanırsan. Haçan da
baxıram bizdəsən.
– Qardaşımın evinə gələ bilmərəm?
– Hər gün? – Cavid çaydan bir qurtum içdi.
– Noolar ki? Mənim sizə gəlməyim səni niyə
özündən çıxardır?
– Mən evdə olmayanda da?
– Yalan danışma!
– Düz demirəm, bəlkə?
– Gəlmişəm, görmüşəm sən evdə
yoxsan, dala qayıtmışam!
Qardaşının sözləri Elxanı diksindirdi:
“Mən evdə olmayanda da...” Sarısunun səssizliyi
başına düşürdü. Birdən əlindəki
telefonu yerə çırpıb ayağa qalxdı. Heç
vaxt üzünə qayıtmadığı
qardaşının üstünə cumdu, yaxasından tutub
ayağa qaldırdı:
– Dəyyus! Sən qardaşından şübhələnirsən?
Sən öz qardaşından şübhələnirsən?
Sən doğma qardaşından şübhələnirsən?
Alçaq! Şərəfsiz! Dəyyus!
Elxan nə edəcəyini bilmirdi. Cibindəki
atasındanqalma bıçağı qardaşının
ürəyinə sancmaq, yerdən iri bir daş
götürüb onun başını yarmaq, əlini-qolunu
bağlayıb suya tullamaq, boğub öldürmək də
onun ürəyini soyutmayacaqdı.
Cavid qəfil hönkürüb ağlamağa
başladı. Bacısı qoşulub qaçan gün
atası da belə hönkürüb ağlayırdı.
Elxanın qarşısında birəbir atası
dayanmışdı. Gözləri, qaşları, burnu,
ağzı atasına bənzəyən, amma alçaq, şərəfsiz,
dəyyus qardaşı...
Elxan qardaşının yaxasını buraxıb
balıqlar dolu vedrələri gölə
vıyıldatdı. O vedrələrin içində hələ
canını tapşırmamış balıqlar var idi.
Doğrudan da, balıqlar səs-küy olan yerdən
qaçırmışlar...
***
Sarısu qürubun şəfəqləri ilə birgə
rəngini itirirdi. Meh əsdikcə tərpənən
qamışların səsi sükutu pozmağa can
atırdı. Üfüqdə get-gedə nazilən
qırmızı xətt görünürdü.
Cavid maşını ehtiyatla, yavaş-yavaş
sürürdü. Maqnitofonu yandırmamışdı.
Maşında ancaq Elxanın fısıltısı
eşidilirdi.
Səhərki əhvaldan əsər-əlamət
qalmamışdı. Balıqlar öz evinə – Sarısuya
qayıdan kimi Cavidlə Elxan da kəndə
qayıdırdılar.
Bu vaxtlar Ləpir Həsən küçənin
başında oturub gələn-gedənlə
üç-beş kəlmə söhbət edərdi.
Maşını uzaqdan görüb yerindən dikəldi.
Qardaşlara əl eləsə də, Cavid onun yanından
keçəndə saxlamadı, əvvəl Elxanı
düşürtdü, sonra öz həyətlərinə
sürdü.
Arvadı siqnal səsinə yüyürüb
darvazanı açdı. Cavid maşını içəri
saldı, çardağın altında oturub siqaret
yandırdı. Arvadı maşına göz gəzdirib
soruşdu:
– Balıq tuta bilmədiz? Əli ətəyindən
uzun qayıtmısan ki...
Cavid başını qaldırıb tilovlara baxdı:
– Nə balıq, əşşi... Gedəndə Ləpir
Həsən çıxdı qabağımıza, balıq nə
gəzir...
Nadir YALÇIN
525-ci qəzet.- 2024.-27 aprel,¹73.-S.17.