Şair həyatla ölümün
gizli görüş yeridir!
Salam Sarvanmı yazım, ŞAİRmi yazım?
Əminəm ki, biri insanı, o biri sənəti ifadə edən
bu iki adın mənim kimi bir çoxları üçün
heç bir fərqi yoxdur. Odur ki, mən ŞAİR yazım,
siz Salam Sarvan oxuyun.
Kimdir Şair? İnsanın mutasiyaya uğramış
halımı? Allahla təbiətin bir yerdə
yaratdığı xüsusi varlıqmı?Bilmirəm!
Bütün hallarda şair, bir növ, bir-birinə
düşmən olan iki psixiatrın, Freydlə Adlerin
oğludur, fitri miras olaraq birindən "Edip kompleksi"ni
alıb, o birindən "Şəfqət
ehtiyacı"nı. Bir əlində xəncər var, bir əlində
qələm. Bir yandan öldürmək istəyir, bir yandan
diriltmək, qorumaq.
Sağa çevirsən komediyadır, sola çevirsən
tragediya. Şair xoşbəxtliyin və bədbəxtliyin bir
bədəndə kürək-kürəyə
yapışdığı siam əkizidir. Şair
başlanğıcı və sonu, gələcəyi və
keçmiş, sevgini və xatirəni, gəncliyi və
qocalığı özündə birləşdirən
ikiüzlü Roma tanrısı Yanusdur. O, həmişə
buradır, indidir. Sonsuzluğun mərkəzindəki
heçliyi ifadə edən sıfır nöqtəsidir.
Yəhudilərin "Kabbala"sını
xatırlayın; tanrı varlığın materiyası olan
yoxluğu yaratmaq üçün əvvəlcə
heçliyi yaradır. Şair bir heçdir! Yoxluğun
başlanğıcı, varlığın sonudur. O, hər
iki tərəfə açılıb-örtülən bir
qapıdır, gələnin də üzünə
açıqdır, gedənin də. Şair həyatla
ölümün gizli görüş yeridir!
Mən ŞAİR yazdım, siz Salam Sarvan oxuyun...
Aqşin YENİSEY
lll
Pəncərədən baxıram payızın son
ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən
yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.
Mənaların hamısı cəfəng imiş, rəng
imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının
qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.
Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə
tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.
Ürəyimdən nə keçir, deyim sən də
biləsən:
hər yerdən çıxıb getmək və hər
kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb
Günəşlə birgə batmaq.
CAN DUASI
Dünyada başqa heç nə yox, hər şey elə
qabdı, qab...
Haçan dolar bu çuxurlar, bu çalalar, ey cavab?
Ey hamının hamisi,
Kimin ömrü uzun oldu, kimin ömrü lap gödək
-
nə vaxt boy-boya duracaq axırların hamısı?
İtilənə-itilənə yeyilib çıxsam
yoxa...
Bir gözəlin qırağında ağac əkib
böyütsəm...
Bir də görsəm ürəyimdə
çürümüş bir meyitsən,
bir qızılgül göndər çəkim
qoxusunu içimə.
Kəsən çoxdu - balta, bıçaq,
qayçı, qılınc... day nədi?
Tikən təkdi bu dünyada - tikən təkcə
iynədi.
Amma Qızım, elə bilmə çox genişdi
Göy və Yer:
əlini ver, qoy qaldırım, qoy dikəldim mən səni
-
Sənin deyil yıxılanda tutduğun əlavə
yer.
Yolun səmti bəllidisə - həqiqət yolu deyil.
Boğulanda əl-qol atmaq lalların dili deyil.
Bu mənim vətənim deyil, bu mənim elim deyil -
mənə bir yer göstər gedim gecə qar
işığında...
Qara külək qaldıranda pəncərənin ətəyin
görəcəksən qamışlıqda o bakirə
tütəyi.
Bir gün axır tapacaqsan öz qoxunu bitkidə.
Tanrı səni ayırmasın itirdiyin itkidən...
Bu əyilmiş qəddimizdə yay dartılır
tarıma:
sancılırıq bir ox kimi hörümçəklər
toruna...
Bir zamanlar adan idim, indi sənin qurunam.
Bir zamanlar adam idim, indi sənin qulunam.
Mənə bir yer göstər gəzim adamlar
işığında.
Daş dəyən bir yerin çatı sanma gün
şüasıdı.
Hələ çox su aparacaq halal ət kötükləri.
Gör ki sənə necə açır
ucalığın sirrini
kötüklərin dibindəki siqaret kötükləri.
Açıq darvaza üstündə əl dəyməyən
qapılar,
gün gələr ki, Günəş gələr -
qara gözlər tapılar...
İndi sən də günəş kimi... küləş
kimi sarısan,
bir də görsəm elə gündən
qaralıbsan - qarısan,
mənə bir can göstər alım ilk bahar
işığında...
Sənsə qayıt qabağına qara pişik
çıxanda...
Sənsə qayıt həmin pişik dalınca da
baxanda...
Sənsə qayıt başın üstdə
ildırımlar çaxanda...
Sənsə qayıt kürəyinə boz
yağışlar yağanda...
Sənsə qayıt o yağışın
sularıyla axanda...
Tanrı səni ayırmasın itirdiyin itkidən.
QOCALAR ÜÇÜN TARİX DƏRSİ
Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:
vaxt var idi, yox idi qulun ağlamaq haqqı.
Nəysə... ruhu şad olsun aldığımız
canların.
Heç çoxu içilmədi axıdılan
qanların...
Ey bizim əsrimizin gözəllik salonları,
savaşda Janna Darkın saç düzümü necəydi?
Beyrəyin köynəyinin vardı yuyulmaq haqqı?
Döşünə döymədilər qürrələnən
igidlər,
döydülər qaragözlü atlarının
döşünə...
Sürtülməkdən zay oldu Pikassonun
fırçası
Fəzlullah Nəiminin otuz iki dişinə.
Dünyanı anlamaqçün bax o topal Teymurun
axsaq ayaqlarıyla möhtəşəm yerişinə.
Və bu boyda can atma nəvazişə, tumara:
sığal haqqı boydadı bədənin
şallağ haqqı.
Göy üzü ərşə qalxan əzablarla
doludu.
Yer kəsilib atılmış əzalarla doludu:
Nil çayının sol qolu Babəkin sağ qoludu.
Tökür Kleopatra Ümid burnunun suyun
Lüdovikin üzülmüş Dardanel
boğazına.
Bu dünyanın gərdişi pioner şeypuruyla
gör nə gözəl züy tutub Dədə Qorqud
sazına.
Bəs oğlum Tural hanı... Qazılıq
dağındadı,
gün gələr enər ordan Qazilik dağın
tutar.
Savaşların mənası: bu qəsbkar vətənlər
öz oğlun basdırmağa özgə
torpağın tutar.
Və tutar bulaq gözün tutulmuş torpağ
haqqı.
O hansı ölüm idi - qapısı arxasında
bir kişini atının yəhərində gözlədən?
O hansı çılpaq idi - natəmiz əlləriylə
müqəddəs yerlərini ayıb sayıb gizlədən?
O təkgözlü əncirin necoldu yarpağ
haqqı?!
BAĞIŞLA, OTAĞIM TÖR-TÖKÜNTÜDÜ
Yuvam dimdiyimdə gəzirəm hələ...
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa
düşmüş
o qol budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim
hansı halını -
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb
cırıram,
cırıb tullayıram... poçt qutusuna.
Gözləməkdən gözüm çuxura
düşüb,
gör heç soruşursan, nə
çöküntüdü?
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım
tör-toküntüdü.
DEYİRƏM QÜRBƏTDƏNƏM
Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.
Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən...
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.
Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda -
Kimi maşın altda qaldı,
kimi Allahın altda.
BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM
Yaranın üstü tək açıldı
gözün -
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.
Səni necə atım, necə, bilmirəm -
bir zərsən düşmürsən heç
üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.
İki tərəfin var - gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən...
Gələ bilməyəcəm sənnən
görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.
YAŞ YORĞUN GÖZLƏRİN TƏRİDİ...
Yuxu dərmanıymış içimdə qəhər
-
udub bu günü də yatdım bir təhər...
Gün döydü, qapı tək açıldı
səhər,
gördüm gecə çıxır işıq
içindən.
Üzü dönük baxtın üzü bəridi...
Yaş - yorğun gözlərin axan təridi...
Dünya - altı sümük üstü dəridi,
biz də bu bədənin boşuq içində.
Qələm - barmaqların altında tətik...
Ömrün daxılında hər gün bir qəpik...
Torpaq yeyir bizi bişdik - bişmədik,
gedirik bir taxta qaşıq içində.
MƏN AĞI DEMƏYİN BOŞBOĞAZIYAM
İlahi, ağzımın dadımı qaçıb
–
yağışın duzludu, qarın şit
düşür?!.
Bir açar da düşməz aça qapını,
amma bağlamağa hər kilid düşür.
Elə nazilmişəm, quş boğazıyam...
Büstün qəhər tutmuş daş
boğazıyam...
Mən ağı deməyin boşboğazıyam,
çənəmin altına yüz meyid
düşüb.
Dil öyrən vəsiyyət deməyə, qağa...
Götür qulluğuna məni "ağ"
ağam...
Gedirəm çürüyüb sümük
olmağa,
gör ha, dalımca da bir ac it düşüb.
Salam Sarvan
525-ci qəzet.- 2024.-27 aprel,¹73.-S.16.